XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

28 İyul 2016 - 04:24

İŞİD-in təbliğat videosundakı azərbaycanlı kimdir? –"Qafqazlı Abdulla"nı kəndlərində yaxşı tanıyırlar - Araşdırma

abdulla-qusar

Qusarın Urva kəndindən olan İŞİD-çi bu yaxınlarda Azərbaycan rəsmilərini və dini liderlərini ölümlə hədələmişdi.

O, özünü Abdulla kimi təqdim edir. Qırmızı saçlı, uzun saqqallı və qızıl dişli Abdulla hərbi geyimdədir və silahını ürəklə qucaqlayır. O, İŞİD terror qruplaşmasının yarım saatlıq propaqanda videosunda Azərbaycan dilində danışır. Abdullanın monoloqu videodakı subtitrlərdə kiril əlifbası ilə rus dilinə də tərcümə edilib. O, Azərbaycan hökumətinə və İŞİD-ə əleyhinə olan müsəlman liderlərə bu dünyada cəhənnəm vəd edir.

Bu video İŞİD-in rusdilli propaqanda komandasının hazırladığı cihadçı videolarından fərqlənir. Tanınmış fiqurun müraciəti və ya nüfuzlu cihadçı qrupun prezentasiyasından fərqli olaraq, bu video vizual görüntülərlə fərdi hekayəni əks etdirir.

 

İŞİD-in sıralarına cəlbetmə

 

Bir çox cihadçı təbliğat videolarında olduğu kimi, "Qafqazlı Abdulla" da Qafqazdakı gənc müsəlmanlara müraciət etsə də, onun söhbəti müraciətdən çox, öz hekayəsindən bəhs edir və asanlıqla radikallaşmağa meylli olan gənclərin cilad uğrunda döyüşmək üçün bütün xəyallarının gerçəkləşməsinə yönəlik hər bir şeylə təmin olunacaqlarını deyir.

Görüntülərdə o, düşmən mövqelərinə müxtəlif avtomat silahlardan atəş açır, motosikletlə müharibənin cənginə aldığı məhəllələrdə, İŞİD qurbanlarının cəsədləri arasından keçir, yerli yaşlı sakinə baş çəkir və İŞİD-ə qoşulanlara cənnət vəd edir.

Ustalıqla seçilmiş görüntülər və ifadələrdə bu sadə mesaj çatdırılır: "Mən evimdə heç kim idim, burada isə qəhrəman sərkərdəyəm".

Görüntülərin dəfələrlə ictimai platformalardan silinməsi cəhdlərinə baxmayaraq, video cihadçı forumlarda və sosial şəbəkə qruplarında yenidən peydə olunmaqdadır. Bu, İŞİD-in rusdilli komandasının indiyədək hazırladığı ən populyar propaqanda videolarından biri hesab edilir.

Belə təbliğatların təsirlərini statistik baxımdan müəyyənləşdirmək mümkün olmasa da, vurğulamalıyıq ki, iyunun 28-də İstanbul Atatürk hava limanında bomba hücumlarını həyata keçirənlərdən biri Qafqazlı Abdulla kimi, ləzgi etnik qrupuna mənsubdur.

İŞİD-in hazırladığı sözügedən videoda Abdulla Azərbaycan dili ilə yanaşı, Ləzgi dilində də danışaraq, etnik qardaşlarını İŞİD-ə qoşulmaq üçün İraq və Suriya səfər edə bilmədikləri təqdirdə, olduqları yerlərdə hücumlar törətməyə çağırır.

Abdullanın çağırışına cavab verildiyinə dair sübut olmasa da, müəyyən etnik qruplara mənsub əvvəlki xarizmatik fiqurlar öz millətləri arasında çoxsaylı insan cəlb edə bilib ki, onlar da sonradan cihadçı şəbəkə daxilində yarımqruplar formalaşdırıb.

Qafqazlı Abdullanın videosunun sədaları əvvəllər Azərbaycanda yaşadığı kəndə də gedib çıxıb.

“Urva kəndində hamı bu videodan xəbərdardır,” – deyə Urva kəndinin bələdiyyə sədri Səvləddin İsgəndərov "Amerikanın Səsi"nə telefonla müsahibəsində bildirib.

 

Sərkərdəyə çevrilən əsgər

 

3 minə yaxın sakini olan Urva kəndi Rusiyanın Dağıstan Respublikası ilə sərhəddəki Qusar rayonunda “böyük” kənd hesab edilir.

Urvanın Dağıstanla bağlılığı yalnız coğrafi deyil: sakinləri də ləzgidir. Azərbaycan-Dağıstan sərhədinin hər iki tərəfindəki ləzgilər aralarında qan bağlılığı olduğunu hesab edir və bu bağlılıq evlilik və klan-ailə əlaqələri ilə əldə olunur.

İsgəndərov "Qafqazlı Abdulla"nın urvalı olduğunu bildirir.

“Bəli, mən onu tanıyıram. Onun əsl adı Yurik Xasiyev Gülmirzə oğludur” – deyə bildirən İsgəndərov onun Urvada doğulduğunu və boya-başa çatdığını vurğulayır.

Maraqlı məqamlardan biri onun Suriyaya getməmişdən öncə kəndi yalnız bir dəfə – Azərbaycan Ordusunda əsgər kimi xidmət etmək üçün tərk etməsidir: “O, Suriyaya getməmişdən əvvəl də problemli idi, qırmızı saqqal saxlayar və məscidə getməzdi. Bir vəhhabi”.

Rusiya və başqa post-sovet ölkələrində adətən “Vəhabi” ifadəsi İslamın Sudiyyə Ərəbistanı tərəfindən idarə olunan ultra-mühafizəkar cərəyanının davamçılarına şamil edilir.

İsgəndərov əlavə edir ki, kənddə cəmi 4 “vəhabi” olub və onların hamısı bir neçə il əvvəl İŞİD sıralarına qoşulmaq üçün kəndi tərk edib: “Hazırda Urva kəndinin ekstremizm və ya radikal İslam kimi problemi yoxdur”.

İsgəndərovun sözlərinə görə, Xasıyevın valideynləri və qardaş-bacıları hələ də Urvada yaşayır və onun harada olması barədə məlumatlıdırlar. “O, ailəsini silməyib, vaxtaşırı internet vasitəsilə danışırlar. Urvada hamı onu tanıyır və ailəsi də daxil olmaqla, heç kəs onun etdiklərini bəyənmir” – deyə o bildirib.

Azərbaycan hökuməti Xasıyevin videodakı hədələrinə rəsmi bəyanatla cavab verərək bildirib ki, bu hədələr dövlətin təhlükəsizliyi üçün ciddi hesab edilə bilməz. Azərbaycan rəsmiləri "Amerikanın Səsi"nin məsələyə dair rəy almaq sorğusuna cavab verməyib.

ABŞ-ın Nyu-York şəhərində qərargahlanan "Sufan" təhlükəsizliyə dair konsaltinq şirkəti hesab edir ki, 2014-cü ilin məlumatlarına görə İŞİD-ə qoşulan azərbaycanlıların sayı 126 nəfərdir. Bu ilin əvvəlində isə "Heritage" Fondu bu rəqəmin 300-ə yaxın olduğunu bildirib və 2014-cü ildə döyüşlər zamanı Azərbaycanın güləş üzrə çempionunun da öldürüldüyünü vurğulayıb.

 

"Amerikanın Səsi"




Yuxarı Əvvələ Ana Səhifə