XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

09 İyul 2015 - 11:05

İran alimlərindən Qarabağla bağlı sensasion sənəd:"Azərbaycana təcavüz edilib, beynəlxalq cinayətlərə yol verilib” - I HİSSƏ

Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq səviyyədə aparılan təhlillər ölkəmizin üzləşdiyi problemin işıqlandırılması və ictimai diqqətdə saxlanılması baxımından mühümdür. Xüsusən də xarici ölkə alimlərinin bu istiqamətdə apardığı elmi tədqiqatlar real faktlara əsaslanırsa, bu, Dağlıq Qarabağ münaqişəsinin obyektiv mənzərəsini üzə çıxarmaqda ölkəmizə əlavə dəstək deməkdir.

Bu baxımdan, İran İslam Respublikasının Tehran Universitetinin alimlərinin Qarabağ münaqişəsi ilə bağlı apardığı tədqiqat xüsusilə diqqət çəkir.

Qarabağ konfliktinin hüquqi və siyasi aspektlərinin geopolitik təhlili” adlı bu elmi araşdırmada İran alimləri Dağlıq Qarabağ probleminə hüquqi və siyai qiymət verməyə çalışıblar.

Tehran Universitetinin 5 aliminin – Doktor Həsən Kamran Dəstcerdi, Doktor Mahmud Vasiq, Seyid Məhəmməd İsanejad Atəşgah, Fatimə Bəşiriyan və Zahid Mərdaninin hazırladığı bu tədqiqat işində İranın münaqişəyə baxışı öz əksini tapb.

Nufuzlu alimlər bu monoqrafiyada Dağlıq Qarabağ münaqişəsinin tarixinə obyektiv yanaşaraq, problemin səbəblərini aydın surətdə oxuculara izah ediblər. İranlı alimlər birmənalı olaraq Dağlıq Qarabağın Azərbaycanın tarixi torpağı olduğunu vurğulayaraq, Ermənistanın işğalçılıq siyasətini konkret subutlar və hüquqi dəlillərlə göstəriblər.

Strateq.az tədqiqatın maraq doğuracağını nəzərə alıb, onu müəyyən ixtisarlarla oxucularına təqdim edir:

***

“Qarabağ münaqişəsi ərazi, etnik və dini bir münaqişə olaraq, zaman keçdikcə onun dairə və nəticələri genişlənib. Hazırkı təhqiqdə Qarabağ münaqişəsinin siyasi və hüquqi aspektlərinin gepolitik təhlili aparılmışdır. Bu münaqişə iki siyasi və hüquqi aspektdə tamamilə iki ayrı proses yolu keçmişdir. Hüquqi aspektdə ümumi beynəlxalq və humanitar hüquqların müddəalarını izləyən, daxili və beynəlxalq münaqişələrlə bağlı hüquqi prosesdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycan Respublikasının hakimiyyətini və ərazi bütövlüyünü pozan və beynəlxalq cinayətlərə mürtəkib olduğu bir münaqişədir. Xocalı soyqrımı və Kəlbəcər hadisələri ermənilərin bu münaqişədə beynəlxalq səviyyədə ən tanınmış cinayətlərindən hesab edilir. Digər tərəfdən, bu münaqişənin siyasi aspektində ermənilərin tərəfsiz və qeyri-obyektiv mövzularının şahidiyik ki, bu da Rusiyanın Azərbaycan Respublikasına qarşı erməniləri hərtərəfli himayəsi ilədir. Bu münaqişədə geopolitik amil böhran üçün zəmin yaratmaq, onu uzatmaq, sülh yolu ilə həll edilməsinə mane olmaq və tərəflərə uyğun olmayan ölçülər götürməkdir. Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dünya ölkələrinin 23 illik çalışmaları indiyə kimi heç bir nəticə verməmişdir. Bu təhqiqatda təsvir, təhlil, təhqiq metodundan istifadə etməklə araşdırma aparılır və “Qarabağ münaqişəsinin siyasi və hüquqi aspektləri bir-birinə uyğundurmu?” sualına cavab verməyə çalışılır .

Təhqiqin nəticələri göstərir ki, beynəlxalq və humanitar hüquq baxışlarından Qarabağ Azərbaycan Respublikasına aiddir və erməni tərəfi Azərbaycan Respublikasının hakimiyyətini və ərazi bütövlüyünü pozmuşdur.

Bundan əlavə, Qarabağ münaqişəsinin həll olunmamasının ən önəmli dəlili onun siyasi və hüquqi aspektlərinin bir-birilə uyğun olmamasıdır və beynəlxalq səviyyədə münaqişənin həll edilməsində əsas şərt olan təcavüzkar tərəfin tanınması, faktiki olaraq, yekdil surətdə baş tutmamışdır.

1. Giriş

Qarabağ konfliktinin aspektlərini bu regionun çox qədim tarixində, onun durumunda, təbii-coğrafi özəlliklərində, ermənilərin Qafqaz sakinləri ilə xüsusi münasibətlərində və Rusiyanın tamahlarında aramaq olar.

Qarabağ Vilayəti 1923-cü il 7 iyunda təşkil olunub və onun ərazisi 4388 kvadrat kilometr olaraq Azərbaycan Respublikasının ümumi ərazisinin 5,1 faizini təşkil edir. Qarabağ, Azərbaycan Respublikasının qərb ərazilərinin daxilində yerləşir və nəticədə Ermənistanla kiçik də olsa belə ortaq quru, yaxud su sərhəddi yoxdur. Buranın Ermənistan sərhəddinə ən yaxın nöqtəsi yeddi kilometr məsafədə olan Laçın keçid yoludur.

Qarabağ, kommunistlərin hakimiyyəti dövründə çoxlu dəyişikllikləri təcrübə etdi, Rusiyanın təfriqəçillik və hökmranlıq siyasətinin qurbanı olaraq onun dağlıq ərazisi muxtar vilayət şəklini aldı. Baxmayaraq ki, cəmiyyət tərkibi çox aşkar, coğrafi və tarixi kimliyinə görə Qarabağı Azərbaycandan ayırmaq cəhdləri heç vaxt gerçəkləşmədi. 1923-cü ildə ermənilər rusların təhrik və dəstəyi ilə ilk dəfə olaraq Qarabağ və Azərbaycanın digər ərazilərinə, Gürcüstan və Dağıstana qarşı hakimiyyət iddiaları qaldırdılar. (Aydın, 1380:64.)

Kommunistlərin hakimiyyəti dövründə Qarabağ məsələsi çox da özünü büruzə verə bilmədi və Moskvanın tələblərinə uyğun olaraq mövcud durum tam həll olunmamış qaldı. Sovet İttifaqının sonuncu başçısı Mixayıl Qorbaçovun dövründə siyasi-iqtisadi islahatlar gündəmə gəldikdən sonra Qarabağ böhranı da baş qaldırdı və yatmış kinlər yenidən oyanmağa macal tapdı. (Zare Şahmərsi, 1389: 1.)

Çox çəkmədi ki, Qarabağda azərbaycanlılarla ermənilər arasındakı gərginlik tam miqyaslı bir müharibəyə çevrildi və Ermənistan ordusu xaricdən dəstək almaqla Azərbaycan ərazisində soyqırım törətdi. 1988-ci ildən bərkiməyə başlayan bu münaqişə Sovetlər birliyinin dağılması və qarşı-qarşıya dayanmış hər iki tərəfin müstəqillik əldə etməsi ilə 1991-ci ildə artıq beynəlxalq bir münaqişəyə döndü. Bu prosesin davamında ermənilər Qarabağ və onun ətraf ərazilərini işğal etdilər.

SSRİ-nin dağılması ilə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları iki ölkə arasında silahlı münaqişəyə gətirib çıxartdı. 1992-ci ildə Ermənistan Azərbaycana qarşı genişmiqyaslı əməliyyatlara başladı. Ermənistanın bu hərəkəti beynəlxalq hüquq və qayda-qanunların, beynəlxalq humanitar hüquqların ciddi pozulmasına və çoxlu sayda azərbaycanlının həlak olması və yaralanmasına səbəb oldu. Bu müharibə Qarabağ və ona bitişik rayonlar daxil olmaqla Azərbaycanın 20% ərazilərinin işğal olması və 1 milyondan yuxarı insanın öz ata-baba yurdlarını tərk edərək köçkün düşmələri ilə nəticələndi.

1988-1994-cü illər arasında baş verən münaqişələr zamanı Qarabağın yerli azərbaycanlı əhalisi ermənilər tərəfindən ya öldürüldü, ya da silah gücünə öz ata-baba yurdlarından qovuldular. Bu müharibə boyunca ermənilər bir neçə dəfə soyqırıma əl atdılar: Xocalı şəhərində vəhşi və zalımcasına törədilən soyqırım erməni daşnaklarının qeyri-insani hərəkətlərinin acılı nümunələrindən biridir. (Əmir Əhmədiyan, 1382:95.)

Bu araşdırma nəzəri-tətbiqi tədqiqatlar sırasındadır və tədqiqdə deduktiv yanaşma, fikri yaradıcılıq və qabaqkı biliyə əsaslanmaqla təhlilin ilkin mövzu və məlumatları kitabxana metodu ilə toplanır, məntiqi təhlil, induktiv faktlar metodundan istifadə etməklə yeni nəzəri təklif və mülahizələr yaradılaraq irəli sürülür. Bu mülahizə və müddəalar eksperimental tədqiqatlar üçün yeni bazalar ola bilər. (Hafizniya, 1389:59.)

 

2. Təhqiqin məlumatı

2.1. Münaqişəyə baxış

1805-ci ildə Qarabağ xanı və Rusiya İmperatorluğu arasında Kürəkçay müqaviləsinin imzalanması ilə Rusiya İmperiyasının bu regionda hakimiyyəti başladı. Rusiya bütün Qafqazı öz hakimiyyəti altına gətirməyə nail olduqdan sonra imperatorluğu bölgələrə ayırmaq siyasətini həyata keçirmək qərarına gəldi. Bu siyasət bir çox məqsəd daşıyırdı və onlardan da ən önəmlisi Rusiyanın bu əraziyə nəzarətini stabilləşdirmək idi. Qeyd olunan siyasət çərçivəsində Qafqaz regionunun cəmiyyətinin tərkibini dəyişdirmək məqsədilə İran və Osmanlı Türkiyəsindən erməniləri toplayaraq bu regiona köçürtdülər. Belə ki, 1806-1813 və 1826-1828-ci illərdə Rusiya-İran müharibələrindən, həmçinin, 1828-1829-cu illərdə Rusiya-Osmanlı müharibələrindən sonra Qarabağın etnik tərkibi tamamilə dəyişildi. Təkcə 1828-ci ildən 1830-cu ilə kimi 40.000 nəfərdən çox erməni İrandan və 84.600 nəfərdən çox erməni Osmanlı İmperiyasından gətirilərək Qarabağda yerləşdirildi. 1828-ci ildə Rusiya imperatorunun göstərişi ilə işğal edilmiş Azərbaycan ərazilərində erməni xanlıqları yaradıldı ki, türkdilli bölgələri bir-birindən ayrı bir neçə bölgəyə ayırmaqla Osmanlı İmperiyasının “xəlvət həyəti”ndə maneə yaransın. 1836-cı ildə rus çarlığı tərəfindən Albaniya kilsəsinin ləğv edilməsi bu regionda ermənilərin qriqoryanlaşdırılması və ya xristian əhalisinin erməniləşdirilməsinə səbəb oldu.

1918-ci ildə Rusiyada bolşeviklərin inqilabının və bu ölkənin işğal etdiyi ərazilərə nəzarətinin zəifləməsinin ardınca eyni gündə Azərbaycan Demokratik Respublikası və Ermənistan Müstəqil Respublikası yarandı.

Osmanlı İmperiyası Cənubi Qafqaz ölkələrinin müstəqilliyini tanıyan ilk ölkə oldu və Batumi sülh müqaviləsini imzalamaq addımı atdı. Müqavilədə bu ölkələrin sərhədləri də müəyyən olmuşdu. Bu müqavilədə Ermənistan ölkəsinin ərazisi 10,000 kvadrat kilometr göstərilirdi.

Sözsüz ki, Qarabağ Azərbaycan Demokratik Respublikasının bir hissəsi hesab edilirdi. Lakin 1920-ci ildə Qırmızı ordunun Bakıya hücum etməsi nəticəsində Azərbaycan Demokratik Respublikası öz müstəqilliyini itirdi. 1921-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Qafqaz Bürosu müsəlmanlar və ermənilər arasında sülhü qorumaq məqsədilə Qarabağı Azərbaycan ərazisi kimi tanıdı, lakin bu regiona geniş muxtariyyət verməsini nəzərdə saxladı. Azərbaycanlıların çoxluq təşkil etdiyi bəzi bölgələr, o cümlədən əraziləri 9000 kvadrat kilometr olan Zəngəzur və Göyçə Ermənistana verildi. Ümumiyyətlə, keçmiş Sovet İttifaqının dövründə Azərbaycanın ərazisindən 20.000 kv.km-i Ermənistana verildi. 1923-cü ildə Kommunist Partiyasının Mərkəzi Komitəsi Xankəndi mərkəz olmaqla Qarabağ Muxtar Vilayəti yaratdı.

Uzun sürən soyuq müharibə illərində Ermənistanda yaşayan azərbaycanlılar təzyiq altında idilər. Bu üzdən onların çoxu öz yurdlarını tərk etməyə məcbur olmuşdu. Rəsmi statistikaya görə, 1948-1953-cü illər arasında 50.000 azərbaycanlı Ermənistanı tərk edərək Azərbaycana köçüb. 1987-ci ilin noyabrında Qarabağın Ermənistana birləşdirilməsinə aid olan Aqanbeqyan Bəyannaməsi Ermənistan və Azərbaycan arasında bir-birlərinə qarşı ümumi nifrəti artırdı.

Bu məsələ İrəvanda Qarabağın Ermənistana birləşməsini istəyən mitinqə səbəb oldu. 1989-cu ildə Ermənistanın Ali Soveti DQMV-nin Ermənistan SSR-in tərkibinə “daxil edilməsinə razılıq” verən qanun qəbul etdi. Bu qanun bütün beynəlxalq qayda-qanunlarla zidd idi və aşkar olaraq qonşu ölkə olan Azərbaycanın ərazi bütövlüyünü təhdid edirdi. 1990-cı il 20 yanvarda sovet qoşunları Bakıya hücuma keçdi və dinc əhalini qətliam etdi. 1991-ci ildə ermənilər Qarabağın dağlıq hissəsində “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini elan etdilər. Bu da Qarabağı Azərbaycanın ayrılmaz parçası bilən Azərbaycan Respubllikası dövləti və xalqının geniş müxalifət və etirazı ilə qarşılandı. Erməni qüvvələrinin Azərbaycan ərazisinin daxilinə doğru irəliləməsi Azərbaycanın xalq qüvvələrinin müqaviməti ilə qarşılaşdı və bu qarşıdurma hər gün genişlənməyə və bərkiməyə başladı. Bu hadisələr artıq 1992-ci ildə erməni və azərbaycanlı qüvvələr arasında tam bir müharibəyə çevrildi və erməni qüvvələrinin uğurları ilə yanaşı oldu. Beləliklə, ermənilərin Qarabağı işğalı davam etdi. Bu gün də bu münaqişə davam etməkdədir və münaqişənin həlli üçün hələ də regional və beynəlxalq cəhdlər səmərəsiz qalmışdır.

2.2. Qarşıdurma tərəflərinin hüquqi aspekt və iddiaları

2.2.1. Ermənistan Respublikasının əsas iddiaları

Ermənistan Respublikasının Qarabağla bağlı ən mühüm hüquqi iddiaları bu ərazinin heç vaxt Azərbaycana aid olmaması oxu ətrafındadır. Onlar 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının təşkil olunması və bu respublikanın Sovet İttifaqına qoşulması tarixini əsas tutaraq belə düşünürlər ki, bu ölkənin ərazisi Qarabağı əhatə etmirdi. Hətta bu ölkənin Qarabağa şamil olan qərb sərhədlərində Qafqaz erməniləri ilə ərazi ixtilafı olması üzündən o vaxtın Millətlər Liqası Azərbaycanın müstəqilliyini tanımamışdı.

Bundan əlavə, ermənilər 1991-ci ildə Sovet İttifaqının parçalanma prosesində Qarabağın Azərbaycandan ayrılmasına və Dağlıq Qarabağ Respublikasının yaranmasına təkidlə işarə edirlər. Bu çərçivədə Sovet İttifaqına üzv olan ölkələrin bu ittifaqdan ayrılması barədə qanunları üzərində xüsusi diqqət edirlər. Rəsmi Yerevanın fikrincə, Dağlıq Qarabağın 1991-ci ildə SSRİ-nin parçalanması prosesində Azərbaycandan ayrılması və “Dağlıq Qarabağ Respublikası”nın yaradılması qanuni şəkildə baş vermişdir. Mövqelərini əsaslandırmaq üçün onlar əsasən “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli SSRİ Qanununun müddəalarına istinad edir. Qeyd edilən qanuna əsasən, müttəfiq respublika tərəfindən qanunla nəzərdə tutulmuş ayrılma proseduru həyata keçiriləcəyi təqdirdə, muxtar qurumlar SSRİ və ya ayrılan respublika tərkibində qalıb-qalmama barədə müstəqil qərar qəbul etmək, eləcə də öz hüquqi statusu məsələsini qaldırmaq hüququ əldə edir. Beləliklə, Ermənistan hazırkı Azərbaycan Respublikasını Sovet İttifaqının tərkibində olan qabaqkı Azərbaycan SSR-nin varisi hesab etmir. (İsanejad və Yəzdanpənah, 1389:4.)

Bu baxımdan, Sovet İttifaqının yaxşı idarə edilməsi üçün bu ittifaqın daxilində formalaşmış qabaqkı sərhədlərin hələ də öz qüvvəsində qalmasına heç bir dəlil yoxdur.

2.2.2. Azərbaycan Respublikasının iddiaları

“Millətlər Liqası” (Millətlər Cəmiyyəti) məsələsinə Azərbaycan tərəfinin cavabı budur ki, 1918-ci ildə ingilis qüvvələri Bakıya daxil olanda Koalisiya qüvvələrinin nümayəndəsi Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanımışdı. Həmçinin, bu nümayəndənin Qarabağın general-qubernatoru
Xosrov Sultanovla görüşü də bu məsələni bir daha təsdiqləyir. Eləcə də, 1919-cu ildə Ermənistan məclisi rəsmi olaraq Azərbaycanın Dağlıq Qarabağ üzərində hakimiyyətini qəbul edib. (Swietochowski,1995: 75.)

1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının bir sıra qonşu ölkələrlə diplomatik münasibətləri olmuşdur və bu ölkələrlə ikitərəfli razılaşmalar imzalanmışdır. 6 ölkə Azərbaycanda nümayəndəlik yaratmışdı. 1920-ci il 12 yanvarda Paris konfransının ali şurasında Azərbaycanın istiqlalını de-fakto tanımaq haqqında yekdilliklə qərar qəbul olundu. Paris Sülh Konfransında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin başçısı 1920-ci ilin noyabrın əvvəlində Millətlər Cəmiyyətinin Baş katibinə məktubla müraciət edərək, Azərbaycan Respublikasının Təşkilata üzv qəbul edilməsi ilə bağlı ərizəsinin Cəmiyyətin Assambleyasına təqdim edilməsini xahiş etmişdir.

Baş katib 24 noyabr 1920-ci il tarixli Memorandumunda Paris Sülh Konfransındakı Azərbaycan nümayəndə heyətinə mandatın Bakıda 1920-ci ilin aprel ayına kimi hakimiyyətdə olmuş hökumət tərəfindən verildiyini qeyd etmişdir. Bununla belə, Memorandumda Azərbaycan nümayəndə heyətinin müraciət etdiyi (1 noyabr 1920-ci il) və Memorandumun dərc olundugu tarixdə (24 noyabr 1920-ci il) Azərbaycan nümayəndə heyətinə mandat vermiş Azərbaycan Respublikası hökumətinin artıq 1920-ci ilin aprel ayından de-fakto hakimiyyətdə olmamasına xüsusi diqqət yetirilir. Daha sonra memorandumda bu hökumətin ölkənin bütün ərazisinə nəzarət etmədiyi göstərilirdi. Həmçinin, o məktubda aşkar qeyd edilmişdir ki, bu dövlətin öz ərazilərinə tam nəzarət etmək gücü yoxdur. (Malcolm, 2003: 7.)

Bu konteksdə qeyd olunan Millətlər Cəmiyyəti Baş katibinin Memorandumunun ən mühüm hissəsi “Hüquqi mülahizələr” fəslidir. Həmin fəsildə dövlətlərin tamamilə özünüidarə edən olması tələbi də daxil olmaqla, təşkilata yeni üzvlərin qəbul edilməsi ilə bağlı Millətlər Cəmiyyəti Nizamnaməsinin 1-ci maddəsində təsbit edilmiş şərtlər xatırladılır. (İbid.) Bu sənədlər erməni tərəfinin Millətlər Cəmiyyətinin Azərbaycanı üzvlüyə qəbul etməməsini onun Azərbaycanın Dağlıq Qarabağ üzərində hakimiyyətini tanımaması və guya ermənilər məskunlaşmış ərazilərə iddia etməsilə əlaqələndirməsi fikrini tamamilə təkzib edir. Aydındır ki, ərazisinin mühüm bir hissəsi ərizəsi Millətlər Cəmiyyətində baxıldığı bir dövrdə işğal altında olan, ərizəni təqdim edən hökuməti isə devrilmiş olan bir dövlət Millətlər Cəmiyyəti Nizamnaməsinin 1-ci maddəsinin tələblərinə əsasən, tam özünüidarəetmə qabiliyyətinə malik subyekt kimi nəzərdən keçirilə bilməzdi. (Musayev, 2007: 14.)

Eyni zamanda Millətlər Cəmiyyəti aydın və tanınmış sərhədlərə, status və konstitusiyaya, sabit hökumətə sahib olmadığı üçün Ermənistanın özünü dövlət kimi tanımırdı. Nəticədə, 16 dekabr 1920-ci il tarixində Ermənistanın Millətlər Cəmiyyətinə üzvlüyə qəbul edilməsi rədd edilmişdi. (League of Nations. Armenia. Assembly, 251: 3.)

Ermənilərin Sovet İttifaqı tərkibinə qatılarkən Qarabağın müstəqil Azərbaycanın yurisdiksiyası altında olmaması ilə bağlı tezisi həmçinin Ermənistanın ərazi iddiları ilə əlaqədar olaraq bu məsələyə bir neçə dəfə baxmış RK(b)P MK Qafqaz Bürosunun qərarları ilə də təkzib edilmiş və özünün 5 iyul 1921-ci il tarixində keçirilmiş iclasında Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində saxlanılması barədə qərar vermişdir. Eyni zamanda, Azərbaycan SSR-ə Dağlıq Qarabağa geniş muxtariyyət vermək təklif olunmuşdur. (Swietochowski,1995: 40).

13 oktyabr 1921-ci il tarixində Qarsda RSFSR-in iştirakı ilə bir tərəfdən Ermənistan SSR, Azərbaycan SSR və Gürcüstan SSR, digər tərəfdən isə Türkiyə olmaqla bu ölkələr arasında Dostluq haqqında müqavilə imzalandı. Bu müqavilənin 5-ci maddəsinə əsasən, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır. (Anonymous,1960: 423.)

Bundan əlavə, varislik ardıcıllığı sərhəd və ərazi ilə bağlı heç bir dəyişiklik yaratmır. Ona görə də Azərbaycanın Sovet İttifaqının tərkibindən çıxaraq yenidən müstəqilliyini bərpa etməsi beynəlxalq hüquqlara uyğun olub, onun keçmiş əraziləri qanunidir və hörmətlə yanaşılmalıdır. “Uti possidetis juris” doktrinasına görə, Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdiyi andan etibarən hüdudlarına Dağlıq Qarabağın də daxil olduğu keçmiş Azərbaycan SSR-in inzibati sərhədləri beynəlxalq sərhəd hesab olunur və beynəlxalq hüquq tərəfindən qorunur. Qeyd olunan fikir BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi məlum qətnamələrdə də öz əksini tapmışdır. (Security Council Resolution 822: 70.)

Üstəlik, “Müqavilələrə münasibətdə dövlətlərin hüquqi varisliyi haqqında” Vyana Konvensiyasının 11-ci maddəsinə yönəldilməlidir. Belə ki, bu maddəyə əsasən, “dövlətlərin hüquqi varisliyi qabaqkı sərhədlərin dəyişməsinə şamil edilmir”. (Malcolm, 2003: 48.) Başqa sözlə, qeyd olunan müddəa özündə, faktiki olaraq, hüquqi varislikdən asılı olmayaraq, mövcud sərhədlərin olduğu kimi saxlanılmasına münasibətdə konseptual beynəlxalq-hüquqi yanaşmanı ehtiva edir. Bu isə o deməkdir ki, suverenliyin dəyişməsi daimi xarakter daşıyan sərhədləri sarsıtmağa qadir deyildir. (Malcolm,1977: 90.)

Yuxarıda qeyd olunanlardan aydın olur ki, Azərbaycan Respublikasının torpaqlarının 21%-i işğal altındadır. BMT TŞ-nın 822 saylı 30 aprel 1993-cü il tarixli , 853 saylı 29 iyul 1993-cü il tarixli, 874 saylı 14 oktyabr 1993-cü il tarixli və 884 saylı 11 noyabr 1993-cü il tarixli Qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünə təkid olunmuşdur və erməni qüvvələrinin heç bir qeyd və şərt olmadan bu ölkənin ərazilərindən dərhal çıxması tələb olunmuşdur. Buna baxmayaraq, indiyə kimi bu qətnamələrin heç biri icra olunmamış qalır.

2.2.3. İcra oluna bilən beynəlxalq hüquqlar

Silahlı münaqişələr hüququ kimi tanınan Beynəlxalq Humanitar Hüquq və Beynəlxalq Cəza Hüququnun Qarabağ konfliktində icra edilməsinə cəhd edilir.

2.2.3.1. İcra oluna bilən Beynəlxalq Humanitar Hüquq

Azərbaycan ölkəsi 1949-cu ildən Cenevrə Konvensiyasına qoşulmuşdur, lakin ona əlavə edilmiş protokolu ratifikasiya etməmişdir. Ermənistan isə qeyd edilən hər iki sənədin iştirakçısıdır. 2-ci maddədə deyilir ki, 1949-cu il Konvensiyası müqaviləni qəbul etmiş tərəflərdən hər birinin ərazisinin hamısı, yaxud bir hissəsi işğal olduğu surətdə icra oluna bilər. Azərbaycan Respublikasının ərazilərinin təqribən 21%-i Ermənistan tərəfindən işğal olunub. İşğal olunmuş ərazilər Qarabağ və onun ətrafında olan 7 rayondan ibarətdir. Ermənistanın hərəkəti beynəlxalq silahlı münaqişələrə şamil olan birinci protokola aid olur. Halbuki Azərbaycan birinci protokolu ratifikasiya etməyib, lakin bu ölkənin hərəkətləri birinci protokola aid olur. Birinci protokolun maddələri konvensiyanın bütün üzvlərinə aid olan və icra olan ümumi və ortaq beynəlxalq hüquqlardır. Qarabağ regionu Azərbaycan Respublikasının bir hissəsi olub və bu ölkənin Sovet İttifaqından ayrılması ilə eyni zamanda öz müstəqilliyini rəsmi surətdə elan edib. Bu region hər cəhətdən Azərbaycanla əha
tə olunmuşdur, başqa sözlə tamamilə Azərbaycanın daxilində yerləşir.

Qarabağ öz müstəqilliyini elan etdikdən sonra beynəlxalq ictimaiyyət tərəfindən rəsmi olaraq tanınmadı. Müharibənin başlamasından qabaq bu bölgədə 180 min nəfər əhali yaşayırdı. Bu silahlı münaqişə qeyri-beynəlxalq, yaxud beynəlxalq daxili müharibənin bir nümunəsidir. Sözügedən münaqişə əvvəl daxilli bir müharibə olub və digər ölkələrin silahlı qüvvələri seperatçılara kömək məqsədilə bu müharibəyə müdaxilə ediblər. (Gasser,1983:145.)

Ermənistan bu müharibədə Azərbaycanın silahlı qüvvələri ilə mübarizə etmək üçün müdaxilə edib və seperatçılara əsaslı köməklər göstərib. (Azerbaijan. Seven Years of Conflict in Nagorno-Karabakh, 1994: 118.) Hər bir münaqişənin qanunları o münaqişənin beynəlxalq silahlı, yaxud qeyri-beynəlxalq silahlı olmasından asılı olaraq fərqlidir. Habelə, bu qanunlar qarşıdurma tərəflərinin dövlət, yaxud qiyamçı fərdlər olması baxımından da fərqlidir. Qarabağda Azərbaycan və Ermənistan arasında baş vermiş müharibə 1949-cu il IV Cenevrə Konvensiyasının ortaq 3-cü maddəsinə əsasən, daxili bir müharibə hesab olunur. 3-cü ortaq maddə müharibə edən düşmən tərəflərin hər birindən (o cümlədən Qarabağ seperatçılarından) müharibə ilə bağlı qayda-qanunları əməl etməyi tələb edir. Həmçinin, qeyd edir ki, onların heç birinin 1949-cu il Cenevrə Konvensiyasını imzalamağa haqqı yoxdur. Seperatçılar da bu Konvensiyaya üzv ölkələrin hər birinin daxilində olursa-olsun, konvensiyanın öhdəliklərinə əməl etməlidirlər. (Commentary on the Additional Protocols of 1977: 1345.)

3-cü maddədən Qarabağın istiqlalını, yaxud seperatçı məqsədlə başlanan müharibəni nəticə olaraq çıxarmaq mümkün deyil və lazım deyil ki, hər hansı bir ölkə 3-cü maddəyə əsasən, onun müstəqilliyini, yaxud seperatçıların müharibəsini tanısın.

Azərbaycan və Ermənistan arasında baş verən silahlı münaqişəyə beynəlxalq müharibə adı vermək üçün bu iki ölkə arasında de-fakto düşmənçiliyin olması gərəkdi. Konvensiyaya qoşulumş ölkə tərəfindən hər bir silahlı müdaxilə 2-ci maddəyə şamil olur. Hətta, əgər iştirakçılardan biri müharibə edən dövləti inkar etsə də –müharibənin nə qədər uzanımasından və nə qədər təlafat verməsindən asılı olmayaraq. Burada neçə nəfərin öləcəyi deyil, insanın mövcudluğuna hörmət irəli sürülür. (Commentary on IV Geneva Convention: 1958: 21.

Bu, Qarabağ müharibəsi barədə icra oluna biləcək Beynəlxalq Humanitar Hüquqları ilə qısa tanışlıq idi. İndi isə Qarabağ müharibəsində dəstəklənən mükli şəxslər, hərbçi və qeyri-hərbçilər, habelə bu hüquqlara aid olan bir sıra adət qanunlarını nəzərə almaqla Beynəlxalq Humanitar Hüquqların xüsusi məsələlərinə toxunuruq.

2.2.3.2. Hərbi şəxslərin hüquqları

Beynəlxalq və daxili silahlı müharibələr arasında fərqli olan üsullardan biri də hərbi əsirlərə tibbi yardım göstərilməsidir. Hərbi əsirlərin beynəlxalq silahlı müharibələrdə bir sıra üstünlükləri vardır. (Solf,1953: 59.) Beynəlxalq silahlı müharibələrdə əsir düşmüş hərbçilər müharibə əsirləri sayılır. Ən azından, onlara tibbi xidmətlər göstərilməsi barədə III Cenevrə Konvensiyasında qeyd olunmuşdur.

Müharibə əsirləri müharibədə döyüşən bir ölkənin düşmənə əsir düşmüş silahlı qüvvələrinə, həmçinin, silahlı yaraqlılarına, milli müdafiə hərəkatlarına və könüllü şəxslərə şamil olur (IIICenevrə Konvensiyası). (Gasser,1983:15.2.) Buna əsasən, Azərbaycan Respubllikası qüvvələri tərəfindən əsir düşmüş erməni qüvvələri müharibə əsirləri hesab olunur. Bu məsələ Ermənistan qüvvələri tərəfindən əsir düşmüş Azərbaycan qüvvələri haqqında da belədir. Lakin III Cenevrə Konvensiyasının müharibə əsirləri haqqında qanunları Qarabağ seperatçıları tərəfindən əsir düşmüş Azərbaycan qüvvələrinə şamil olmur. Qarabağ seperatçıları da müharibə əsirləri hesab olunmur və müharibə əsirləri barədəki üstünlüklər onlara aid deyil. Azərbaycan dövləti onlarla adi cinayətkarlar kimi rəftar edə bilər. Azərbaycan dövləti həbs edilmiş Qarabağ seperatçılarına müharibə əsiri statusu verməyə məcbur deyil. Baxmayaraq ki, bu ölkə həbs edilmiş Qarabağ seperatçıları ilə müharibə əsirləri kimi rəftar etmişdir.

2.2.3.3. Mülki şəxslərin hüquqları

Azərbaycanın Respublikasının işğal edilmiş bölgələrinin sakinləri olan və Ermənistan qüvvələri tərəfindən əsir götürülmüş azərbaycanlı mülki şəxslər IV Cenevrə Konvensiyasının müdafiəsinə haqlıdırlar. Sözügedən konvensiyanın 4-cü maddəsində mülki şəxslərə qarşı fiziki cəza, işgəncə, qətl və rəhimsizlik qadağan edilmişdir. (Gasser,1983:125.) IV Cenevrə Konvensiyası müddəaları işğal edilmiş ərazilərdə rəftara aiddir. Onun 3-cü bölməsində insanı hər bir şəraitdə mərhumetmənin bütün formalarını qadağan etməklə başlayır (maddə 47). Mülki əhalininin istər fərdi, istərsə də qrup halında hər növ köçürülməsinə yol verilmir, baxmayaraq ki, bəzi bölgələrin müvəqqəti boşaldılmasına icazə verilir, lakin o da hərbi zərurət və təhlükəsizlik lazım gəldiyi şəraitdədir (maddə 49).

Bir sıra məhdudiyyətlər də işçi qüvvələri barədə qoyulmuşdur. 18 yaşınadək şəxsləri işğal olunmuş ərazilərdə işləməyə məcbur etmək olmaz. Təkcə 18 yaşından yuxarı işləmək qabliyyəti olan şəxsləri işlətmək mümkündür və bu iş də işğal edilmiş ərazinin ümumi ehtiyaclarını, yaxud ordunun ehtiyaclarını ödəmək məqsədilə olmalıdır. Habelə, iş təkcə işğal edilmiş ərazidə olmalıdır və mülki şəxsləri işğalçı orduya xidmət etməyə məcbur etmək olmaz (maddə 51). İşğalçı tərəfin işağal etdiyi ərazilərdə mülki əhalinin əmlakını məhv etmək haqqı yoxdur. Yalnız dağıdılması qaçılmaz olduğu surət istisnadır və zəruri hərbi əməliyyat məqsədilə baş tuta bilər (maddə 53). İşğalçı tərəf ümumi idarələrin durumunu və məhkəmə hakimlərini dəyişə bilməz (maddə 54). İşğalçı tərəf işğal olmuş ərazilərdə yaşayan uşaqlara qarşı xüsusi diqqət göstərməlidir (maddə50), həmçinin qeyd edilən cəmiyyətin təhsil, qida və səhiyyə xidmətlərini təmin etməlidir (maddə 55-56).

Erməni qüvvələri Qarabağ müharibəsi boyunca qeyd edilən bütün qayda-qanunları pozmuşlar. İşğal edilmiş ərazilərdə mülki şəxslərə işgəncələr verilmiş, dəstəliklə qətliam edilmiş, təhqiramiz rəftarlara məruz qalmışlar. Təqribən 20 min mülki şəxs öldürülüb, 50 min adam erməni qüvvələrinin IV Cenevrə Konvensiyasının qaydalarına əməl etməməyi üzündən müxtəlif dərəcəli xəsarət alaraq əlil olub, habelə erməni tərəfinin sözügedən konvensiyanın 49-cu maddəsini pozmaları səbəbindən etnik təmizləmə çərçivəsində 100 mindən yuxarı insan öz yurdlarını tərk etməyə məcbur olmuşdur. Mülki şəxslərin bir çoxu ölüm təhlükəsi olan işlərdə işlədilmiş və bu da 51-ci maddənin pozulmasıdır.

2.3.3.5. Münaqişələrdə müharibə cinayəti

Qeyd olunduğu kimi, Qarabağ müharibəsində bu beynəlxalq humanitar hüquqlar əsaslı və ciddi surətdə pozulmuşdur, hətta bu qanun pozuntularından bəziləri hər gün davam etməkdə və artmaqdadır. Qeyd o
lunan qanun pozuntuları Beynəlxalq Cinayət Məhkəməsini tənzimləyən Roma Nizamnaməsinə əsasən, müharibə cinayəti hesab olunur. Bu müharibə boyu baş verən cinayətlər o qədər çox və dairəsi genişdir ki, onların hamısından burda söz açmaq mümkün deyil. Ona görə də burada müharibə boyu dəfələrlə təkrarlanan cinayətləri tanıdılmağa cəhd edilir.

Qarabağ müharibəsində baş verən ciddi cinayətlərdən biri qəsdən adamöldürmədir. Qəsdən adamöldürməyin müharibə cinayəti olmasına Roma Nizamnaməsində işarə olunmuşdur. Bu, hansısa işin edilməsi, ya edilməməsi səbəbindən baş tuta bilər. Etmənistanın Azərbaycana hücumu nəticəsində beynəlxalq humanitar hüquqların qadağan etməsinə baxmayaraq, saysız-hesabsız insan öldürüldü. Erməni qüvvələrinin Azərbaycanın Kəlbəcər, Ağdam, Qubadlı, Cəbrayıl, Füzuli, Zəngilan və digər bölgələrinə hücumları zamanı çoxlu məhbus və mülki şəxslərin qəsdən öldürülməsi barədə sənədlər mövcuddur. Qəsdən adam öldürmək erməni tərəfinin geniş törətdiyi cinayətdir və çox ağır müharibə cinayətlərindən hesab olunur, həmçinin mülki şəxslərin müdafiəsi haqqında beynəlxalq humanitar hüquqlarının əsaslarını zəiflədir.

Qarabağ müharibəsində etmənilərin geniş şəkildə mürtəkib olduğu digər bir cinayət girov götürməkdir. Mülki şəxslərin girov götürülməsi də Roma Nizamnaməsinə əsasən, müharibə cinayəti hesab edilir. Girov götürülənlər mülki şəxslərdir və qeyri-qanuni olaraq azadlıqdan məhrum edilirlər. Bu girovlardan siyasi məqsədlə və üstünlük qazanmaq üçün istifadə edilir. (Gasser,1983: 145.)

Qarabağ müharibəsində Roma Nizamnaməsinə əsasən, ermənilər tərəfindən baş vermiş müharibə cinayətlərindən biri də qəsdən hücumdur. Bu hücumlar qəsdən olduğu surətdə müharibə cinayəti hesab olunur. Qarabağ müharibəsində dinc əhaliyə qarşı hücum və hər tərəfi atəşə tutmaq, qeyri-hərbi obyektləri dağıtmaq adət halını almış bir məsələ idi və hələ də bu günə kimi davam etməkdədir. Mülki əhaliyə ciddi zərər vuran bu cinayət tərkibli hücum ermənilərin Kəlbəcər, Ağdam, Qubadlı, Cəbrayıl, Füzuli, Zəngilan və digər bölgələrə hücumları zamanı dəfələrlə baş tutmuşdur. (Henckaerts & DoswaldBeck,2005:201.)

Roma Nizamnaməsində cinayət kimi tanınan və ermənilərin Azərbaycan ərazilərini işğalı zamanı baş vermiş digər bir cinayət birbaşa və ya dolayısı ilə ermənilərin işğal bölgələrinə köçürülməsidir. IV Cenevrə Konvensiyasının 49-cu maddəsində işğalçı tərəf, yaxud hər hansı bir dövlət tərəfindən onun məqsəd və marağından asılı olmayaraq işğal edilmiş ərazilərə fərdi, ya toplum şəkilində əhali köçürülməsi qadağan olunur.

Qarabağ müharibəsində baş verən cinayətlərdən biri də ermənilər tərəfindən şəhərlərin yandırılması və vəhşiliklər törətmələridir. Sabiq Yuqoslaviya Beynəlxalq Cəza Məhkəməsi “selbisi” terminini od vurmaq, yandırmaq mənasında işlədərək müharibə cinayəti hesab edir və bu əməlin yolverilməz olduğunu bildirir. Bu yasaq silahlı münaqişədə əhalinin şəxsi əmlakını dağıtmaq və paylamağa da şamil olur. Ermənilərin Azərbaycan torpaqlarına hər bir hücumunda mülki əhalinin əmlakını yağmalamaları, qarət etmələri və ona od vurmaları adi bir hal idi. Qarət edilmiş şəxsi əmlakın dəyəri 100 minlərlə Amerika dollarından çoxdur. Müharibənin əvvəlindən indiyə kimi, bu, ermənilər tərəfindən mütəmadi surətdə təkrarlanan cinayətlərdən biridir.

2.2.3.6. Soyqırım

Qarabağ münaqişəsi boyunca ermənilər işğal edilmiş Azərbaycan ərazilərində, həmçinin Ermənistanda məskunlaşmış azərbaycanlılara qarşı müxtəlif cinayətlər törədiblər. Bütün bunları soyqırım adlandırmaq mümkündür. Bu rəftar həmin ərazilərdə yaşayan azərbaycanlı cəmiyyətin bir hissəsini məhv etmək məqsədilə həyata keçirilib. Ona görə də Cenevrə Konvensiyasının soyqırımla bağlı maddələrinə və yuxarıda qeyd edilən Roma Nizamnaməsinə əsasən, bunu etnik qrupların məhv edilməsi məqsədilə həyata keçiriliən soyqırım kimi tanımaq olar. Etnik qruplar o qruplara deyilir ki, onların üzvləri ortaq dil və mədəniyyətə malik olsunlar. Bir etnik qrup özünü yuxarıda qeyd edilən üsullar əsasında tanıda bilər, yaxud onları çıxmaqla və digər qrupların qarşılığında öz kimliyini ayırd edə bilər. (Hermann,1969: 210.)

Məqalənin davamında Qarabağ münaqişəsinin başlamasının ilk dövrlərindən baş verən soyqırım barədə söz açacağıq. 1988-ci ilin yanvarından etibarən “türksüz Ermənistan” siyasəti planlı şəkildə həyata keçirilməyə başlanmışdır. Ermənistan hökuməti, “Qarabağ” və “Krunk” komitələri, Eçmiədzin kilsəsinin azərbaycanlıların Ermənistandan zorla çıxarılması prosesində ermənilər minlərlə qanlı aksiyalar törətdilər. Bunun davamı kimi, 1988-89 cu illərdə etnik təmizləmə nəticəsində Ermənistanın 185 yaşayış məntəqəsi boşaldılmış, 250 mindən artıq azərbaycanlı öz eveşiyindən zorla qovulmuş, 217 azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdir. Bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda donmuş, 41 nəfər qəddarlıqla döyülərək qətlə yetirilmiş, 35 nəfər işgəncələrlə qətlə yetirilmiş, 115 nəfər yandırılmış, 16-sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək infarktdan ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərayanına verilərək, başları kəsilərək qətlə yetirilmişdir.(Oliker & Szayna, 2003: 80.)

Qarabağ müharibəsinin ən dəhşətli hadisəsi Xocalı soyqırımı olmuşdur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdilər və soyqırım cinayətinə əl atdılar. Qabaqcadan hazırlanmış bu plan əsasında Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir. (Ibid: 86.)

Bu hadisələr göstərir ki, ermənilər qəsdən Xocalı azərbaycanlılarını nəyin bahasına olursa olsun, məhv etməyə çalışmışdılar. (Ramezanzadeh,1996: 32.) Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir.

Ermənilər tərəfindən azərbaycanlılara qarışı digər bir soyqırım hadisəsi 1993-cü il aprel ayının əvvəllərində Kəlbəcərə qarşı hərbi əməliyyatlar zamanı baş verdi. Bu əməliyyatlar zamanı ermənilər əməliyyatı nəzarətdə saxlamaq üçün 6721 kHz radio tezliyindən istifadə etmişdilər. Əldə olunan dəlil-sübutlar bunu göstərir ki, Kəlbəcərə qarşı hərbi əməliyyatlara Ermənistanın Vardenis rayonunda işləmiş qərargah radiostansiyası tərəfindən “Uraqan” döyüş zonasında işləmiş baş radiostansiyaya göstəriş verilmişdir. Bununla da əməliyata ümumi rəhbərlik və Yerevanla əlaqə həyata keçirilmişdi. Əsir düşmüş əhali qocalardan, qadın və uşaqlardan ibarət idi. Elə ona görə də ermənilər tərəfindən Kəlbəcərdə həyata keçirilən qırğınlar və etnik təmizləmə beynəlxalq təşkilatların nümayəndələrinin, həmçinin beynəlxalq jurnalistlərin gözündən uzaq qaldı. Digər tərəfdən isə ermənilərin hərb maşınının azərbaycanlıları məhv etməsi üçün ən yaxşı və ən mümkün şərait yaratmışdır. (Ibid.) Xocalı və Kəlbəcər hadisələrində heç bir erməni fərdin öldürülməməsi cinayətə mürtəkib olanların etnik, milliyyətçi və dini niyyətini açıq-aydın sübut edir.

Soyqırım üçün seçilənlər azərbaycanlılar idi. Bir cinayətin soyqırım kimi tanınmasının digər bir şərti müəyyən bir millətin geniş bir hissəsinin məhv edilməsidir. Bu məsələ də qeyd edilən hadisələrdə aydın olaraq görünməkdədir. Azərbaycanlılar Qarabağ regionunun əhalisinin diqqəti çəkən cəmiyyətini təşkil edirdi. Lakin bu hadisələrdən sonra artıq Dağlıq Qarabağda bir nəfər də olsun azərbaycanlı yaşamır. (Sabanadze, 2002: 29.)

Birləşmiş Millətlərin Soyqırım Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyası və Ruanda Beynəlxalq Cəza Məhkəməsində yer almış cinayətlərdən biri olan soyqırım, bir millətin qrup şəklində öldürülməsi üçün məhvetmə əməlinin qabaqcadan planlaşdırılmasıdır…

(ardı var)

Hazırladı: Strateq.az