Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq səviyyədə aparılan təhlillər ölkəmizin üzləşdiyi problemin işıqlandırılması və ictimai diqqətdə saxlanılması baxımından mühümdür. Xüsusən də xarici ölkə alimlərinin bu istiqamətdə apardığı elmi tədqiqatlar real faktlara əsaslanırsa, bu, Dağlıq Qarabağ münaqişəsinin obyektiv mənzərəsini üzə çıxarmaqda ölkəmizə əlavə dəstək deməkdir.
Bu baxımdan, İran İslam Respublikasının Tehran Universitetinin alimlərinin Qarabağ münaqişəsi ilə bağlı apardığı tədqiqat xüsusilə diqqət çəkir.
“Qarabağ konfliktinin hüquqi və siyasi aspektlərinin geopolitik təhlili” adlı bu elmi araşdırmada İran alimləri Dağlıq Qarabağ probleminə hüquqi və siyai qiymət verməyə çalışıblar.
Tehran Universitetinin 5 aliminin – Doktor Həsən Kamran Dəstcerdi, Doktor Mahmud Vasiq, Seyid Məhəmməd İsanejad Atəşgah, Fatimə Bəşiriyan və Zahid Mərdaninin hazırladığı bu tədqiqat işində İranın münaqişəyə baxışı öz əksini tapıb.
(əvvəli bu linkdə: İran alimlərindən Qarabağla bağlı sensasion sənəd: “Azərbaycana təcavüz edilib, beynəlxalq cinayətlərə yol verilib” – I HİSSƏ )
3.2. Qarabağ konfliktinin siyasi aspektləri
Qarabağ konfliktinin hərbi-təhlükəsizllik aspektlərinin səngiməsi ilə eyni zamanda siyasiləşməsi onun həllinin uzanmasına səbəb oldu. Mühüm beynəlxalq güclərin rəqabət səhnəsində geopolitik amilin əsas rol oynaması və Cənubi Qafqazın geopolitik əhmiyyətinə diqqət etməklə Qarabağ konfliktinin siyasi özəlliklərindən söz açmaq zərurət doğurur. Bu çərçivədə sözügedən konfliktin başlanğıcından bir tərəfdən Rusiya, Türkiyə və İran kimi regional səviyyədə oyunçuların, digər tərəfdən də transregional səviyyədə Rusiya, Amerika və İsrail kimi oyunçuların maraqlarının qarşılaşdığının şahidi olduq.
3.2.1. Qarabağ konfliktinin uzanmasında Rusiyanın rolu
Rusiyanın Qafqaz regionu ilə bağlı xarici siyasəti müxtəlif amillərdən qaynaqlanır. Onlardan regionun geopolitik, geostrateji əhəmiyyətinə, çoxlu etnik və dini mənsibiyyətli millətlərin burada məskunlaşmasına, böyük iqtisadi imkanlarına işarə etmək olar. Ona görə də SSRİ-nın dağılmasının ardınca rus siyasətçiləri Qafqaz regionunun Azərbaycan, Gürcüstan və Ermənistana aid olan böyük bir hissəsinin itirilməsinə baxmayaraq yaxın xarici siyasət çərçivəsində öz siyasi və hərbi nüfuzlarını bu regionda icra etməyə cəhd edirlər.
Qarabağ münaqişəsi Rusiyanın sərhədlərində etnik-dini bir böhran olaraq Qafqaz regionunun əhəmiyyətini Moskvanın xarici siyasətində bir neçə dəfə artırır. çünki Qarabağ münaqişəsinin təhlükəsizlik, kimlik və iqtisadi aspektlərinin Rusiyanın milli təhlükəsizliyi və milli maraqları ilə çox sıx bağlılığı var. (Əmir Əhmədyan, 1375: 189.)
SSRİ-nin dağılmasından sonra Rusiyanın Qafqazdakı iqtisadi mövqeləri laxlasa da, siyasi və təhlükəsizlik baxımdan hələ də bu regionin ən mühüm oyunçusu kimi qalmaqdadır. Rusiyanın qonşu ölkələrlə münasibəti bu regionda iştirakının tarixindən bəlli olduğu kimi, hərbi güc üstünlüyü formasındadır. Bu da səbəb olmuşdur ki, Rusiyanın hərbi və iqtisadi gücü zəiflədikdə region ölkələri siyasi müstəqilliyə, yaxud muxtariyyətə yönəlsinlər. (Qobel: 1372,234.)
Lakin Rusiyanın Qafqazdakı qonşuları ilə hərbi gücünün aşkar fərqinə diqqət etdikdə, rusların bu regionda əsas narahatlığının xarici qüvvələrə görə olduğu aydınlaşır. çünki bir sıra regional və beynəlxalq güclər Qafqazın geopolitik və geostrateji əhəmiyyətinə görə bu regiona nüfuz etməyə fürsət axtarırlar. (Səccadpur, 1373: 77.) Qafqazın əhəmiyyətini Rusiya üçün önəmli edən digər bir səbəb bu regionun Rusiya üçün tranzit rolu oynamasıdır. (Haşimi, 1384: 129.) Qafqazın quru yolları Rusiyanı İran və Fars Körfəzi sularına birləşdirir. Dəniz yolları baxımından da Rusiyanın beynəlxalq sulara çıxış yolu Qara dəniz, Bosfor və Dardanel boğazları vasitəsilədir. üstəlik, Qafqaz Rusiyanın mühüm və təlatümlü Qərbi Asiyaya nüfuzu üçün şah yoldur. (Haşimi, 1384: 129.)
Təhlükəsizlik aspektlərindən əlavə, Qafqaz iqtisadi baxımdan da Rusiya üçün əhəmiyyətlidir. Bununla bağlı enerji və enerjinin bu regiondan Avropaya ötürülməsi məsələsinə işarə etmək olar. Neft və qaz yataqlarının kəşfi və istismarı məqsədilə qərb ölkələrinin Azərbaycana axışması Rusiyanı iqtisadi və təhlükəsizlik problemləri ilə üzləşdirir. Başqa sözlə desək, 2002- ci ildə Bakı-Tiflis-Ceyhan neft kəmərinin açılışı oldu
. Əgər “Nabukko“ adlanan bu layihənin tamamlanması ilə Azərbaycan və Türkmənistanın qazı Avropaya ötürülsə, istehlakçı Avropa bazarlarında Rusiya üçün ciddi rəqib yaranacaq. (Ghorban,1993: 20.) İqtisadi və təhlükəsizlik kimi maddi amillərlə yanaşı, etnik ideoloji və dini hərəkatların da Qafqaz vasitəsilə Rusiyaya daxil olması bu ölkəni ciddi narahat edir.
Bu arada pantürkizmi qeyd olunan ideoloji hərəkadan biri kimi göstərmək olar. SSRİ-nin dağılması və beş türkdilli ölkənin Rusiyadan ayrılaraq müstəqillik əldə etmələri ilə bu hərəkat da yenidən dirçəldi. Rusiya üçün pantürkizmin digər ideoloji hərəkatlardan fərqi bu fikrin ilkin qaynaqlarının Rusiyada yaşayan tatarlar tərəfindən zühur etməsidir. Daha açıq desək, bu ideologiya ilk dəfə Qara dəniz hövzəsində və Krım yarımadasında İsmayıl Qaspiriniski (sonralar İsmayıl Qaspiralı kimi tanınmışdır) tərəfindən irəli sürülmüşdür və Birinci Dünya Müharibəsində Rus çarlığının qoşunlarına ağır zərbələr vurmuşdur. (Landau, 1382: 132.)
Bu üzdən pantürkizm ideoloji hərəkatı Rusiyanın milli təhlükəsizliyini həm daxildən, həm də xaricdən təhdid edir. Sözügedən ideologiya Rusiyanın daxilində türksoylu xalqların mərkəzə tabe olmamaq meylinin güclənməsinə səbəb olur, xarici aspektdə isə müstəqillik qazanmış türksoylu xalqlar tərəfindən Rusiyanın yaxın siyasət nüfuzuna məhdudiyyətlər yaradır. ümumiyyətlə desək, bu məsələ Rusiyanı regionda Azərbaycan Respublikası mərkəz olmaqla etnik və mədəni oxşarlıq ardınca olan Türkiyə ilə qarşılaşdırır. (Fəllah, 1386: 214.) Ən mühüm dini ideoloji hərəkat kimi, Qafqaz və Yaxın Şərq regionları ilə sıx əlaqəsi olan islamçılığın Rusiyanın müxtəlif xalqları arasında yayılmasını qeyd etmək olar. Nəzərə çarpacaq həddə müsəlman cəmiyyətinin Rusiyanın ərazisində məskunlaşmasına diqqət yetirməklə islamçı hərəkatlar onları özlərindən xəbərdar etməklə Rusiyanın milli kimliyi üçün problemlər yarada bilərlər. Rusiyanın milli təhlükəsizliyi üçün ən mühüm daxili təhdid sayılan çeçen böhranı bu mövzunun eyni nümunəsidir. (Berzinski,1994: 235.)
Rusiya Federasiyasının Qarabağ konflikti ilə bağlı xarici siyasəti aşağıdakı beş amildən təsirlənmişdir:
– Qafqazda sərhəd təhlükəsizliyinin qorunması;
– Güclü erməni lobbisinin Rusiyada mövcudluğu;
– Silah-sursat satmaq üçün bazar;
– ABŞ, Avropa ölkələri və İsrail kimi beynəlxalq güclərin nüfuzu ilə rəqabət;
– İran və Türkiyə kimi regional güclərin nüfuzunun qarşısını almaq (Vaizi, 1387:188.).
3.2.2. Qarabağ konflikti hadisələri prosesində Türkiyənin rolu və rəftarı
1991-ci ildə SSRİ-nin dağılması və Cənubi Qafqaz ölkələrinin müstəqillik qazanmasının ardınca Rusiyanın bu regionda siyasi, iqtisadi və mədəni inhisarçılığı digər regional güclər tərəfindən problemlə üzləşdi. Region oyunçularının ən önəmlisi Türkiyə idi və Azərbaycanla soy, dil və din ortaqlıqları olmasından yararlanaraq, özünü regionun mühüm oyunçusu kimi irəli verməyə cəhd edirdi. Sekulyar siyasi quruluşun olması və inkişafa doğru gedən iqtisadiyyat təzə müstəqillik qazanmış ölkələri öz səmtinə çəkmək üçün şərait yaradırdı.
Bundan əlavə, Türkiyənin NATO-da iştirakı, ABŞ və Avropa Birliyi ilə geniş iqtisadi və siyasi sahələrdə əməkdaşlığı təzə müstəqillik əldə edən ölkələrdə öz nüfuz dairəsini artırmaq üçün bu ölkələri dəstəkləməyə imkan verirdi. (Calali, 1373:28.) Avropa Birliyinə qoşulmaqdan nakam qalmış Türkiyə, Qafqazda və Orta Asiyada özünə münasib mövqe tapmağa cəhdini daha da artırıb. Daha doğrusu, bu ölkə Qafqazda Rusiyanın ən mühüm rəqibi sayılır. Türkiyənin Orta Asiya və Qafqazın türkdilli ölkələrinə marağı Osmanlı İmperiyasının son dövrlərinə təsadüf edir. Lakin o zaman Osmanlı İmperiyasının Birinci Dünya Müharibəsində məğlubiyyəti səbəbindən Türkiyənin başçıları bir-birinin ardınca mövcud reallıqlarla barışmağa məcbur oldular və özlərinin bütün güclərini yeni Türkiyə ölkəsinin yaranmasına sərf etdilər. Qafqaz və Orta Asiya ölkələrinə qarşı yatmış maraq SSRİ-nin dağılması ilə yenidən canlandı və Türkiyəyə öz qədim arzusunu gerçəkləşdirmək üçün qızıl fürsət yaratdı. (Əbduləhəd, 1372: 84.)
Türkiyə qeyd olunan məqsədi ilə yanaşı, bu regionda öz iqtisadi maraqlarını da güdür və qarşılıqlı iqtisadi münasibətlərə xüsusi təkid edir. Ona görə də Türkiyənin regionda marağı çoxölçülü sayılır və mədəni, siyasi, iqtisadi kimi aspektləri vardır. Türkiyə dövlət başçıları son iyirmi ildə bu nəticəyə çatıblar ki, bu üç aspekt arasında paralel balans yaratmaqla öz nüfuzlarını artıra bilərlər.
Türkiyə üçün Cənubi Qafqazın əhəmiyyəti aşağıdakı üç səbəbdən qaynaqlanır:
– Azərbaycan Respublikası və bu ölkədə daha çox nüfuz qazanmağa cəhd;
– Ermənistan Respublikası, türklər və ermənilərin tarixi ixtilafları;
– Gürcüstan Respublikası və bu ölkə ilə iqtisadi əməkdaşlığı genişləndirməyə cəhd.
3.2.3. Qarabağ konfliktində Amerikanın rolu və rəftarı
Sovetlər birliyinin dağılmasının ardınca ABŞ-ın postsovet məkanında yeni müstəqillik əldə etmiş ölkələrə qarşı xarici siyasəti Rusiyanın gələcəyi barədə narahatlıq və bu ölkənin nüvə silahları anbarlarına nəzarət edə bilmək kimi amillərdən təsirləndi. Ona görə də nüvə silahları olan ölkələr ABŞ üçün xüsusi əhəmiyyət kəsb etdi. Qafqaz ölkələrinin heç birində nüvə silahı olmadığı üçün unuduldu. Bundan əlavə, amerikalıların bu regionun xalqlarının problemlərindən məlumatları olduqca az idi və elm adamlarını çıxmaq şərtilə onun elitasının çoxu bu regionun ABŞ-ın xarici siyasəti üçün əhəmiyyətli olmasından xəbərsiz idi. (Cornell, 1998: 95.)
Xəzər dənizinin zəngin neft və qaz ehtiyatları, nəhayət, Amerikanın neft-qaz şirkətlərinin diqqətini özünə cəlb etdi və bu ölkənin dövlət adamlarını Qafqaz regionunun məsələləri ilə məşğul olmağa məcbur etdi. Sözügedən şirkətlərin Azərbaycan Respublikasının neft-qaz sənayesində iştirakı İran və Rusiya üçün yeni təhlükəsizik mülahizələri yaratdı. Lakin regiondakı hadisələr formalaşdığı zamandan ABŞ, çeçenistan böhranına qarşı tərəfsiz siyasət seçməklə Qafqazda Rusiyanın gücünü qəbul etməsini göstərdi. Qafqaz ölkələrinin müstəqilliyindən 20 il ötməsinə baxmayaraq, ABŞ hələ də bu regionda əsaslı strategiya qurmamışdır. (Ibid.)
ABŞ, Qafqazda nüfuz və iştirakını artırmaqla yanaşı, Qarabağ məsələsinin həllinə dair cəhdlərini də sürətləndirmişdir. Azərbaycan Respublikasının ABŞ-a yaxınlaşması bu məsələdə təsirsiz olmamışdır. Azərbaycan Respublikasının iqtisadi inkişafa doğru hərəkəti ABŞ şirkətlərinin məqsədi ilə uyğundur və onlar bu faydalı bazarı Avropa rəqiblərinə vermək istəmirlər. (Murtəzəviyan və Məliki, 1375: 11.)
Bununla belə, ABŞ-ın Ermənistanla da münasibətləri diqqəti çəkəndir və ABŞ, Qarabağ məsələsində tərəfsiz mövqe tutduğunu göstərməyə çalışır. Həmçinin, ABŞ və Təhlükəsizlik Şurasının iştirakçısı olan ölkələr regiona sülhməramlı qüvvələr göndərmək niyyətində deyillər. çünki bu hərəkət Vaşinqton-Moskva arasında gərginliyi artıra və onlar üçün ağır xərclərə başa gələ bilər.
Qarabağın Rusiyanın təhlükəsizlik hövzəsi sayılan Qafqazda yerləşməsi, qərb ölkələrini, o cümlədən ABŞ-ı xüsusi mülahizələrə məcbur edir. Ona görə də ABŞ, Qarabağ məsələsinə birbaşa qarışmağın əvəzinə, dolayı yolla müdaxilə etməyə üstünlük verir. Bu proqram çərçivəsində Türkiyə vasitəsindən istifadə edir. çünki belə olduqda beynəlxalq aləmdə ABŞ-ın tərəfsizliyinə zərər dəymir, eyni halda Rusiya və İranın nüfuzunun qarşısını da almış olur. (Əmir Əhmədiyan, 1373: 133.)
Lakin Qarabağ konfliktində Türkiyə həmişə Azərbaycan Respublikasının dəstəkləyicisi hesab olduğundan, vasitəçilik missiyasını təsirli surətdə yerinə yetirə bilmir. Həmçinin, ABŞ-ın regionda Türkiyəni dəstəkləməsi Ermənistanın ABŞ-dan soyumasına, Rusiya və İrana yaxınlaşmasına səbəb olub. Bu da ABŞ-ın xoşuna gəlmir. Ona görə də ABŞ, Qarabağ məsələsində iki yol ayrıcında qalıb və digər böhranlardan fərqli olaraq, sözügedən məsələdə passiv rol oynayır. (İsanijad, 1391: 48.)
ümumi olaraq demək olar ki, ABŞ-ın Qarabağ məsələsinə yanaşması daha çox bu ölkənin Rusiya ilə münasibətlərindən təsirlənir. ABŞ-ın Rusiyaya yaxınlaşması qəflətə, uzaqlaşması isə Qarabağ konfliktinin həllinin sürətlənməsinə səbəb olacaq.
3.2.4. Qarabağ konfliktində Fransanın rolu və rəftarı
Fransanın siyasi və iqtisadi yönümdən Qafqaza baxışı bu regionda olan digər təsirli qərb ölkələrinin yanaşmasından fərqlidir. Fransa müstəqil surətdə rol oynamağa çalışır. Fransa və Ermənistan arasında yaxşı və qarşılıqlı münasibətlər mövcuddur. Erməni azlıqlarının Fransanın dövlətində və parlamentində yer tutması bu münasibətlərin bərkiməsinə səbəb olmuşdur. Bununla yanaşı Fransa, Azərbaycan Respublikasının bir neçə neft konsorsiumunda iştirak edir. Xəzər dənizində neft və qaz ehtiyatları və onun Avropaya daşınması mövzusu Fransa dövlətinin gələcək siyasəti üçün çox əhəmiyyət daşıyır. Ona görə də Fransa Qafqaz hadisələrində mühüm rol oynamağa cəhd edir.
Fransa, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunda həmsədrlərdən biri olmaqla regionda nüfuz qazanmağa maraqlı olduğunu göstərdi və hal-hazırda Minsk Qrupunun ən fəal və əsas iştirakçılarından biridir. Fransa dövləti ötən 10 ildə qarşıdurma tərəfləri, həmçinin Rusiya, Türkiyə və İran kimi region ölkələri ilə danşıqlar aparmaq üçün nümayəndələr göndərməklə Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həlli üçün aktiv rol ifa etmişdir. Sabiq prezident Jak Şirakın dövründə Fransanın vasitəçilik rolu Parisdə ən yüksək həddə çatmışdı. 2001-ci il yanvarın 25-də Azərbaycan və Ermənistan ölkələrinin Avropa Şurasına üzv olmalarından bir gün sonra Jak Şirakın iştirakı ilə iki ölkə başçılarının birbaşa görüşü baş tutdu. Müzakirələrin bu turu mərhum Heydər Əliyev və Robert Köçəryanın iki il müddətində 15-ci müzakirəsi olmuşdur. Lakin bu müzakirə də ondan öncəki müzakirələr kimi, hiss olunan bir nəticə əldə olunmadan başa çatdı. (Vaizi, 1388: 188.)
“Fransa Erməni Təşkilatları Şurası”nın roluna diqqət etməklə Fransua Olland prezident seçkilərindəki qələbəsindən sonra erməniləri hərtərəfli dəstəkləyəcəyinə söz verdi, hətta Ankara-Paris gərginliyi yaranması təhlükəsi də buna mane ola bilmədi. 2012-ci ilin oktyabrında Qarabağ konfliktinin dinc yolla çözümü üçün Fransanın vasitəçiliyi ilə Parisdə İlham Əliyev, Serj Sarkisyan və Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə görüş baş tutdu. Bu görüşün yekun bəyanatında da digər qabaqkı görüşlərin yekununda verilən bəyanatlar kimi, Qarabağ məsələsinin 20 ildən artıqdır ki, həll olunmaması, humanitar münasibətlərin yaranmasının lüzmu, atəşkəsin pozulmasına mane ola biləcək mexanizmin hazırlanması kimi həmişəki ifadələrdən istifadə olundu.
4. Nəticə
Qarabağ münaqişəsi Rusiyanın Qafqazda hakimiyyəti və onun nəticəsi olaraq hələ də davam etməkdədir. Bu münaqişə geopolitik tələblərinə görə bir düyün olaraq qalmaqdadır. Sözügedən münaqişədə Azərbaycan Respublikasının ərazi bütövlüyü, vətəndaşlarının canı və əmlakına qarşı hörmətsizlik olunmuşdur. Qarabağ konfliktinin hüquqi və siyasi aspektlərinə diqqət etməklə münaqişədəki bu iki aspekitin proseslərinin bir-birinə zidd olduğunu başa düşmək olar. Başqa sözlə, münaqişənin hüquqi aspektini təhlil etməklə heç bir şişirtməyə yol vermədən demək olar ki, bu münaqişə bəşər tarixinin ən acılı bir səhnələrini yaşamışdır. Ermənilərin Qarabağda törətdikləri cinayət və hərəkətlər bütün beynəlxalq insan hüquqlarının qayda-qanunları ilə ziddir. Münaqişənin siyasi aspektlərinin təhlilindən isə belə nəticəyə gəlmək olar ki, bu böhranın geopolitik tələblərinə uyğun olaraq, münaqişə prosesinə aidiyyəti olan ölkələr, habelə səlahiyyətli beynəlxalq və regional təşkilatlar faktiki olaraq sükut ediblər. Ona görə də Qafqaz Rusiyanın “xəlvət həyəti” kimi tanınır və bu regionda son sözü Rusiya deyir. Bundan əlavə, Rusiyanın ermənilərə qarşı xüsusi bağlılığı və marağı var.
Cəsarətlə demək olar ki, Qarabağ münaqişəsinin hüquqi və siyasi aspektləri arasında heç bir uyğunluq yoxdur. Münaqişə hüquqi və siyasi cəhətdən tamamilə ayrı-ayrı proses keçmişdir və hüquqi aspektdə beynəlxalq ümumi hüquqlara, humanitar hüquqlara, daxili və beynəlxalq konfliktlərə hakim proseslərə tabe olub, məcburi qaldırılmış bir münaqişədir. Bu münaqişədə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü pozulmuş, ərazisinə təcavüz edilmiş və çoxlu beynəlxalq cinayətlərə yol verilmişdir. Münaqişədə ermənilərin törətdiyi ən çox tanınan beynəlxalq cinayətlər kimi Xocalı və Kəlbəcər soyqırımlarını nümunə göstərmək olar.
Digər tərəfdən, bu münaqişənin siyasi aspektində tərəfsiz, yaxud qərəzli surətdə ermənilərin dəstəklənməsinin şahidi oluruq. Münaqişəyə aidiyyəti olan ölkələr və beynəlxalq təşkilatlar həmişə ya açıq-aşkar ermənilərin mövqelərini dəstəkləyiblər, ya da sukut etməklə ermənilərin cinayətlərini təsdiq və himayə ediblər. Münaqişəyə aidiyyəti olan beynəlxalq təşkilatlar və ölkələrin siyasi rəsmiləri təcavüzkar və cinayətkar tərəfin adını çəkmədən köçkünlərin durumu barədə və Qarabağda baş verən cinayət və soyqırım barədə ən yaxşı şəkildə narahatlıqlarını bildiriblər.
Hazırladı: Strateq.az