XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

02 Avqust 2016 - 01:07

Türkiyədəki hərbi çevrilişlərin altında yatan müəmma:Haradan haraya qədər? - II hissə

darbe 007

 

“27 maydan günümüzə ordunun yenidən qurulması və professional əsgərlilk"

 

Sinan Tavukçu, 17 noyabr 2011-ci il 

 

(əvvəli bu linkdə: strateq.az/manshet/81353/turkiyədəki-hərbi-cevrilislərin-altindaki-muəmma.html)

 

… İrəliləyən dövrlərdə 12 mart bəyannaməsini hazırlayan qrupların kontr-gerillalıq etdiyi bildirilir. Kontr-gerilla Varşava Paktının NATO üzvü ölkələri işğalı ehtimalına qarşı arxa cəbhədə müqavimət başlamaq məqsədilə NATO tərəfindən qurulan gizli təşkilatlardır. İddialara görə, Türkiyənin NATO-ya qəbul olunmasından sonra bu təşkilat Türkiyədə də qurulmuşdu. 1952-ci ildə Səfərbərlik Tədqiq Heyəti adıyla qurulan bu təşkilat daha sonra 1956-ci ildə Xüsusi Hərb Dairəsi adını almışdır.

Xüsusi Hərb Dairəsinin ilk lojistik şöbə müdiri olan, səkkiz il eyni vəzifəni yerinə yetirən polkovnik İsmayıl Tansu 09.10.2007-ci il tarixində “Sabah” qəzetinə verdiyi müsahibəsində qurumu amerikalıların təklifilə qurduqlarını, onsuz da Amerikanın Toroslarda öz qərargahlarının olduğunu, burada MKİ (CİA) mənsublarının qulluq etdiyini açıqlamışdı.

Tansunun ifadəsinə görə, baş verəcəyi düşünülən rus işğalı sırasında Türkiyə hökumətinin xaricdə qurulacağı yer belə, məlum idi. Xüsusi Hərb Dairəsinə cəlb olunan mülki vətəndaşlar qərargahla əlaqəli qulluq edirdilər.

Tansu silah anbarlarına amerikalılarla birlikdə nəzarət etdiklərini, bir-birilərinin binasına gedib-gəldiklərini açıqlayırdı. İsmail Tansu "Görüşdüyümüz amerikalıların hamısı MKİ mənsubuydu. Başlarında polkovnik vardı. Bütün hərəkat fəaliyyətimiz ortaqdı"  -deyirdi.

12 martla birlikdə ordu içərisində ikitərəfli bir Atatürkçü quruluş ortaya çıxmışdı. Həmişə solculuğu Atatürkçü olmanın vacib ünsürü olaraq görən seqmentlərə qarşı kommunist düşməni olan respublikaçı-mühafizəkar/dövlətçi bir Atatürkçülük də ortaya çıxmışdı. Son Atatürkçülük görüşünün tərəfdarları 12 mart Bəyannaməsini hazırlamaqdan başqa 12 sentyabr 1980-ci ildə növbəti hərbi çevriliş edəcəkdilər. Atatürkçülük bir-birinə zidd seqmentlərin düşüncə və fəaliyyətlərini legitimləşdirmək vasitəsinə çevrilmişdi.

 

Amerika ilə ziqzaqlı əlaqələr və 12 sentyabr çevrilişi

 

15 iyul 1974-cü il tarixində Kipr prezidenti Makariosun yunanıstanlı zabitlər tərəfindən devrilməsi və çevrilişçilərin Kipr Elen Respublikasını elan etmələri Türkiyənin 20 iyul 1974 günü Kiprə hərbi müdaxiləsini şərtləndirdi. İki mərhələdə həyata keçirilən hərəkatın sonunda adanın 38%-i türklərin idarəsinə keçdi. CHP-MSP hökuməti Kipr hərəkatından əvvəl də 1971-ci ildə xuntacıların qurduğu Nihat Erim hökumətinin Amerika tələblərinə boyun əyərək qoyduğu xaşxaş əkmək qadağasını 1 iyul 1974-cü ildən etibarən ləğv etmişdi. ABŞ Türkiyənin xaşxaş əkilməsini sərbəst buraxmasına və Kiprə müdaxiləsinə silah embarqosu qoyaraq, olduqca sərt reaksiya vermişdi. 1975-ci ilin fevralından 1978-ci ilin sentyabrına qədər davam edən embarqo iki ölkə əlaqələrində yeni bir qırılma nöqtəsi yaratmışdı. Türkiyənin embarqonun ləğvi tələbini rədd edən Amerika Nümayəndələr Palatasının qərarına reaksiya olaraq Türk hökuməti verdiyi bir nota ilə 3 iyul 1969-ci il tarixli Türk Amerikan Müdafiə Əməkdaşlıq Sazişini (Defense Cooperation Agreement-DCA) 26 iyul 1975 tarixindən etibarən dondurduğunu və Türkiyədəki bütün Amerika baza və hərbi müəssisələrinin Türk Silahlı Qüvvələrinin nəzarəti altına girəcəyini bildirmişdi. 1976-ci ildə yumşalan əlaqələr nəticəsində 26 mart 1976-ci ildə hərbi bazalarla bağlı yeni bir müdafiə əməkdaşlıq sazişi imzalanmışdı.

Xarici siyasətdə Amerika və Yunanıstanla gərgin əlaqələr sürərkən yurd içində anarxiya və terror hadisələri artmış, iqtisadi böhran başlamışdı. 1970-ci illərin sonuna doğru cəmiyyətdəki parçalanmalar sağ-sol şəklində ideoloji fərqliliklərə, məzhəb və etnik mənşə ətrafındakı bölünmələrə və qarşıdurmalara çevrilmişdi. Elan edilən fövqəladə vəziyyətə baxmayaraq, gündə ortalama 35 insanımız ölürdü. Xalq bu qanlı qarşıdurmaların bitirilməsi üçün az qala çevriliş müsəllasına çıxacaq hala gəlmişdi. Ancaq bu müsəllanın qəbulu üçün bir qədər gözləmək lazım olacaqdı. Dövrün Hərb Akademiyaları komandiri Bedrettin Demirel "Çevriliş şərtlərinin yetkinləşməsi üçün bir il gözlədik" sözləriylə pusquda dayandıqlarını etiraf edəcəkdi.

Bu sırada beynəlxalq münasibətlərdə çox əhəmiyyətli dəyişikliklər yaşanırdı. 1979-ci ildə Asiyada yaşanan iki əhəmiyyətli hadisə ABŞ-ın bu qitədəki mənfəətlərini alt-üst etmişdi. Bunlardan biri Əfqanıstanda həyata keçirilən kommunist çevrilişinin ardınca 1979-cu ilin dekabr ayında Sovet Qızıl Ordusunun bu ölkəni işğalıydı. Əfqanıstanın işğalı Sovetlərə Bəsrə körfəzinə, Yaxın Şərqin təbii sərvətlərinə və Hind okeanına çıxış yollarını açırdı.

Digər əhəmiyyətli hadisə İranda ABŞ-ın böyük müttəfiqi sayılan şahlıq rejimini sona çatdıran Xomeyni inqilabıydı.

Hər iki hadisə də Qərb dünyasının enerji təhlükəsizliyini təhlükə altına salacaq, Qərbin Asiya və Orta Şərq strategiyasında mühüm dəyişikliklərə getməsinə səbəb olacaqdı.

ABŞ istər Əfqanıstanda ruslara qarşı mücadilələrin aparıldığı döyüşlərə dəstək vermək, istərsə də İran şiə inqilabının əhatə dairəsini daraltmaq baxımından iki sünni ölkədə – Türkiyə və Pakistanda "Yaşıl qurşaq" proyektini tətbiq edəcəkdi.

Türkiyədə “Yaşıl qurşaq” layihəsi anarxiya və terrora qarşı hökuməti devirən 12 sentyabr xuntası tərəfindən həyata keçirildi. ABŞ Dövlət Deptamentinin Türkiyə masası şefi Paul Henze çevrilişi "Our boys have done …" ("Bizim oğlan işi bacardı") sözləriylə Vaşinqtona bildirmiş, "our boys" çevriliş edənlərin təxəllüsü kimi istifadə olmuşdu.

"Yaşıl qurşaq" layihəsini həyata keçirən Kenan Evren çevriliş sonrası söhbətlərində davamlı din üzərində dayanır, danışıqlarını ayə və hədislərlə rövnəqləndirirdi. 1982-ci il Çevriliş Konstitusiyasının 24-cü maddəsiylə orta təhsil müəssisələrində din mədəniyyəti və əxlaq tədrisi zəruri hala gətirilmişdi. Olduqca maraqlı bir vəziyyət yaranmışdı. Dini tələblər qarşısında "irticaya cəhd" refleksi ilə dərhal “ayıq ol” vəziyyətinə keçən əsgərlərin məktəblərdə din və əxlaq dərsini vacib hala gətirməsi əslində onun təmsil etməkdə olduğu pozitivist dünya görüşünə daban-dabana zidd idi.

Xunta "Yaşıl Qurşaq" layihəsinə yaşıl işıq yandırmış, amma qarşılığında mülki vətəndaşların iyerarxik bir şəkildə əsgərlərə bağlandığı və bu vəziyyətin 1982-ci il Konstitusiyasıyla hüquqi bir zəminə qovuşdurulduğu yeni bir "hərbi qəyyumluq rejimi" qurmuşdu. Bu yeni rejim mərkəzinə milli təhlükəsizlik anlayışının və siyasətinin oturdulduğu bir "təhlükəsizlik dövləti" şəklində formalaşdırılmışdı.

 

Turqut Özal və status-kvoyla qarşıdurma

 

Çevrilişdən sonrakı 1983-1993-cü illər Türk siyasi tarixinə "Özallı İllər" olaraq keçmişdi. Turqut Özalın 12 sentyabr xuntasının hələ iş başında olduğu Baş nazirlik dövründə ordu ilə əlaqələri qeyri-adi şəkildə cərəyan etmişdi.

2 iyul 1987-ci ildə dövrün Baş qərargah rəisi general Necdet Urukun öz həmkarı Necdet Öztorunun xeyrinə erkən təqaüdə ayrılmasını hökuməti fakt qarşısında qoymaq kimi qiymətləndirən Baş nazir Özal, Necdet Öztorunu deyil, onun yerinə Org. Nəcib Torumtayı bu vəzifəyə təyin etmişdi. Həmin təyinat 2000-ci illərin hərbi iyerarxiyasının planlarını pozmuşdu.

Baş nazir Özal 18 iyun 1988 günü ANAP-ın 2 Qurultayında kontr-gerilla üzvü olan Kartal Demirağın hücumuna uğramış, bu hadisə ilə əlaqəli görülən dövrün Milli Təhlükəsizlik Şurasının baş katibi general Səbri Yirmibeşoğlu 1990-ci ildə təqaüdə göndərilmişdi.

1990-cı ilin avqustunda İraqın Küveyti işğal etməsiylə körfəz böhranı baş vermiş, Yaxın Şərqdə vəziyyət əməlli-başlı gərginləşmişdi. Turqut Özal İraqa müdaxilə məsələsində ABŞ-a tam dəstək vermiş, "bir verib üç alacağıq" sözləriylə öz siyasətini qiymətləndirmiş, milli ərazilər (Misaki-Milli) içində olan Mosul və Kərkükə Türk ordusunun da girməsini və bu bölgənin Türkiyəyə federal şəkildə bağlanmasıyla kürd probleminin regional olaraq həll edilməsini planlaşdırmışdı. Ənənəvi xarici siyasətə zidd olan bu layihəyə qarşı çıxan Baş qərargah rəisi Nəcib Torumtay vəzifə müddəti sona çatmadan 3 dekabr 1990-cı il tarixində öz istəyi ilə vəzifəsindən ayrılmışdı. Beləcə, Özalın bu layihəsi də reallaşmamışdı.

Körfəz müharibəsi sonrasında Şimali İraq kürdlərinin Mərkəzi İraq hücumlarından qorumaq üçün qurulan və "Çəkic güc" adı verilən beynəlxalq hava qüvvələrinin Türkiyədə yerləşdirilməsi bölgədə avtoritar boşluğa səbəb olmuşdu.

Prezident Turqut Özal kürd probleminin silahla deyil, demokratik üsullarla həll edilməsi lazım olduğuna inanırdı. Özal öz sözçüsü Kaya Toper və baş yavəri podpolkovnik Arslan Günerə hazırlatdığı 10 səhifəlik “Kürd hesabatı”nı 13 mart 1992-ci il tarixli MGQ-nun (Milli Güvənlik Qurumu) gündəminə gətirmişdir. ANAP millət vəkili Adnan Kahvecinin hazırlayıb 1992-ci ilin mayında Prezidentə təqdim etdiyi "Kürd problemi necə həll edilməz" başlıqlı hesabat da 27 avqust 1992-ci il tarixli MTŞ toplantısında müzakirəyə çıxarılmışdı. Kürdlərə demokratik hüquqların verilməsi məsələsinin dövlət nəzdində müzakirəyə başlanmasından sonra Abdullah Öcalan 16 mart 1993 tarixində Livanın Bar Elias qəsəbəsində bir mətbuat konfransı keçirərək, təktərəfli bir aylıq atəşkəs elan etmişdi. Atışmasız keçən bir aydan sonra Öcalan 15 aprel 1993 tarixində Cəlal Talabani ilə birlikdə Livanda keçirdiyi mətbuat konfransında atəşkəsin müddətini iki ay daha uzatdığını açıqlamışdı. Ancaq iki gün sonra prezident Özal ölmüşdü.  Ardından 24 may 1993-cü ildə Əlazığ-Bingöl yolunda silahsız 33 əsgərin PKK-çı Şemdin Sakıka bağlı qrup tərəfindən şəhid edilməsi kürd probleminin silahsız həlli siyasətinin təxirə salınmasına səbəb olmuşdu.

1993-ci il tam bir xaos və ölüm ili idi. PKK-Dövlət əlaqəsini araşdıran bir kitab üzərində çalışmaqda olan “Cümhuriyet” qəzeti yazarı Uğur Mumcu 24 yanvar 1993-cü ildə sui-qəsdə məruz qalmış, JİTEM-in qanunsuz fəaliyyətlərinə qarşı çıxan Jandarma Komandiri Əşrəf Bitlis 17 fevral 1993-cü ildə mindiyi təyyarəyə qarşı törədilən hücum nəticəsində şəhid edilmişdi.

Kürd probleminin demokratik yolla həll edilməsi layihələrinin aktyorlarından olan Adnan Kahveci 5 fevral 1993-cü ildə bir yol qəzasında, prezident Özal 17 aprel 1993-cü ildə şübhəli şəkildə ölmüşdülər.

Bu ölümləri 22 oktyabr 1993-cü ildə Diyarbəkirin Jandarma komandiri general Bəxtiyar Aydının öldürülməsi, 4 noyabr 1993-cü ildə PKK ilə mübarizə adına edilən qanunsuzluqları və narkotika ticarəti kimi qeyri-qanuni fəaliyyətləri məhkəmədə açıqlayacağını söyləyən sabiq Diyarbəkir JİTEM qrup komandiri mayor Əhməd Cem Erseverin məhkəmə üçün getdiyi Ankarada terrora məruz qalması izləmişdi.

Həmin il məzhəb qarşıdurması çıxarmaq məqsədli təxribatların da törədildiyi il idi. 2 iyul 1993-cü ildə Sivasda Madımak hotelinin atəşə verilməsi nəticəsində 37 ələvi yanaraq can verir, sanki bunun qisası alınırmış kimi, üç gün sonra Başbağlar kəndində 33 sünni qətlə yetirilirdi.

1993-1997-ci illərdə Türkiyə üstü açılmamış cinayətlər qəbiristanlığına dönmüşdü. Bu cinayətlərin 17.500-ü keçdiyi deyilirdi. Sabiq Şimali Dəniz Sahə komandiri, təqaüdçü admiral Atilla Kıyat 1993-1997 illəri arasında terrorla mübarizə adı altında işlənən bu cinayətlərin bir dövlət siyasəti olduğunu, o dövrdə kapitan və baş leytenant rütbəsində olan kəslərin yuxarıdan gələn əmrlə bu cinayətləri işlədiklərini söyləyirdi.

Türkiyədə xaosun sürətlə artdığı 1990-cı illər eyni zamanda köhnə dünya nizamının sona çatdığı, yeni bir dünya nizamı axtarışlarının başladığı illər olmuşdu. 29 avqust 1991-ci ildə SSRİ-də Ali Məclisin qərarı ilə Sovet Kommunist Partiyası rəsmi olaraq ləğv olunmuş və soyuq müharibə dövrü bitmiş, Sovetlər Birliyi dağılma prosesinə qədəm qoymuşdu. Digər Sovet respublikaları kimi, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Qazaxıstan da 1991-ci ildə müstəqilliklərini elan etmişdilər. Soyuq müharibənin bitməsi Türkiyəyə yeni əməkdaşlıq və strateji genişləmə imkanları vermişdi. Özalın "Adriatikdən Çin Səddinə Türk Dünyası" şüarı çərçivəsində 1992-ci ilin əvvəllərində Türkiyə, Orta Asiya respublikalarının hamısında səfirliklər açmış, Türk Dünyası ilə qucaqlaşma dövrü başlamışdı. Prezident Turqut Özal 17 aprel 1993-cü ildə 5 ölkəni əhatə edən 12 günlük Türk dünyası gəzintisinə çıxmış, səfərdən dərhal sonra vəfat etmişdi. Təəssüf ki, Özalın ölümüylə Türkiyə təkrar öz qınına çəkiləcəkdi…


(ardı var)

Sinan Tavukçu