XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 July 2015 - 22:06

İnsan Hüquqları Komitəsinin tərkibinin seçilməsi və fəaliyyət mexanizmi – Elmi məqalə

sefter-esas.jpg

Səftər Rəhimli

[email protected]

II yazı

… 18-ci Qaydaya uyğun olaraq, vəzifə səlahiyyətlərinə Komitədə üzvlük müddətinin bitməsi ilə xitam verilir.

Paktın 33-cü maddəsinin 1-ci hissəsində deyilir ki, müvəqqəti olaraq iştirak edə bilməmək səbəbi istisna olmaqla, hər hansı bir digər səbəblərdən Komitə üzvünün funksiyası kəsilmişsə, digər üzvlərin yekun mövqeyi üzrə Komitə Sədri Baş Katibi bu haqda məlumatlandırır, o da öz növbəsində, yerin vakant olmasını bəyan edir.

İfadə etdiyimiz halda sədr Komitə üzvlərinin yekdil mövqeyini əsas götürürsə, maddənin 2-ci hissəsində isə sədr üzvün ölümü və istefaya çıxması səbəbi ilə vakant yerin açılması ilə bağlı birbaşa Baş Katibi də ölüm və ya istefaya çıxma günündən həmin yerin vakant olmasını bildirir.

İfadə etdiyimiz maddə eynilə 13-cü Prosedur qayda ilə təkrarlanır. Halbuki, Prosedur qaydada “üzvün hansı səbəblərdən funksiyasının kəsilməsi” məsələsi tənzimlənməlidir. Funksiyanın obyektiv səbəblər üzündən kəsilməsinin iki səbəbi Paktın qeyd etdiyimiz maddəsinin 2-ci hissəsində ifadə edilməsi, digər səbəblərin də təsbit edilməsini zəruri edir. Prosedur qaydada Komitə üzvünün üzrlü səbəblər kimi digər üzvlər tərəfindən funksiyasına xitam edilməsi səbəbləri konkret göstərilməsidir. Belə səbəblərə:

– üzvün bilərəkdən Komitənin iclaslarında iştirak etməməsi;

– Komtə üzvlüyü ilə bir araya sığmayan fəaliyyətdə olması;

– Davamlı olaraq tərəfsizliyini itirməsi və s. göstərilə bilər.

Baş Katib tərəfindən vakansiyanın açılması üzrə bəyan verilməsi və müvafiq vakansiyanın tutulması Paktın 34-cü maddəsi və 14-15-ci Qaydalarla tənzimlənir. Komitənin sədri öz səlahiyyətlərini yerinə yetirərkən Paktın və Prosedur qaydaların müəyyən etdiyi prinsiplərə uyğun fəaliyyət göstərir. Sədr üzrlü səbəblərdən Komitənin işlərində iştirak edə bilmədikdə, özünün müavinlərindən birini bu vəzifəyə təyin edir.

Komitə sədrinin səlahiyyətləri funksional xarakter kəsb edir. Komitənin hər hansı seçilmiş səlahiyyətli şəxsi vaxtından qabaq öz funksiyasını yerinə yetirə bilmədikdə, bu zaman onun səlahiyyət müddəti üçün yeni səlahiyyətli şəxs seçilir. Bu məsələ də Paktin 34-cü maddəsinə uyğun olaraq Baş Katib tərəfindən həll edilir.

Komitənin iclaslarını sədr açır, müzakirələri yönəldir, prosedur qaydalara riayət edilməsini təmin edilr, məsələləri səsverməyə qoyur və qərarları bəyan edir. Sədr iclasların gedişatını təmin edərkən müzakirələrdə iştirak edən şəxslər üçün müəyyən məhdudiyyətlər qoya bilər, iclasların, fasilələrin vaxtını müəyyən etmək səlahiyyətinə və bu kimi digər hüquqlara malikdir. Bu və ya digər məsələ ilə bağlı müzakirələr Komitənin gündəliyi ilə şərtləndirilir. Kənar məsələlərin müzakirəyə gətirilməsi istənildikdə, Sədr ekspertin çıxışını dayandırmaq səlahiyyətinə malikdir.

Komitədə ciddi demokratik idarəçilik mexanizmi mövcüddur. Sədrin qərar və mövqeyinə qarşı hər hansı bir etiraz dərhal səs-verməyə qoyulur. Komitə üzvlərinin səs çoxluğu ilə məsələ həll edilir. Komitədə iştirakçı dövlətlərin baxışına uyğun qarşılıqlı iddialar yer ala bildiyi üçün hər hansı bir təklifə qarşı əks təklifin irəli sürülməsi istisna deyil. Bu halda təkliflərin aqibəti səsvermə ilə həll edilir.

Komitənin fəaliyyətinin yönləndirilməsində Katiblik də mühüm rol oynayır. Prosedurun 35-ci qaydasına görə, Komitənin açıq və bağlı iclasları haqqında qısa hesabatlar Katiblik tərəfindən hazırlanır. Həmin hesabatlar Katiblik tərəfindən Komitə üzvləri və iclaslarda iştirak edən digər şəxslər arasında yayımlanır. üç gün müddətində iştirakçılar əldə edilmiş hesabatlar haqqında düzəlişlər verə bilirlər. Bundan sonra bu düzəlişlərlə birlikdə hesabatlar Katibliyə verilir. Bununla da müzakirələrin səmərəliliyi təmin edilir, tərəflərin prosessual hüquqları maksimum qorunmağa çalışılır.

Meydana çıxa biləcək istənilən fikir ayrılığı Komitənin sədri tərəfindən həll edilir. Əgər sədrin mövqeyi edilmiş düzəliş müəllifini qane etməzsə, bu halda həmin düzəlişlə bağlı fikir ayrılığı Komitənin qərarı ilə həll edilir. Katiblik eyni zamanda təklif və düzəlişlərin saxlanma yeri kimi çıxış edir. Təklif və düzəlişlər növbəti müzakirəyə qədər Katiblikdə yazılı formada saxlanılır.

öncə ifadə etdiyimiz kimi, Komitənin fəaliyyətinin təmin edilməsində BMT mühüm rol oynayır. Paktın 36-cı maddəsinə, Prosedurun isə 23-cü Qaydasına müvafiq olaraq maddi resurslar, həmçinin Komitənin Katiblik funksiyasını yerinə yetirən heyət BMT Baş Katibliyi tərəfindən təmin edilir . Yalnız Komitənin Katibliyi deyil, Komitə tərəfindən zərurət duyulan köməkçi, yardımçı orqanlar da Baş Katiblik tərəfindən təmin edilir.

Qeyd etdiyimiz kimi, 39-cu Qaydanın tələblərini gözləməklə (yəni Komitənin iclasının aparılması qaydası üzrə çıxış edən üzvün eyni zamanda müzakirə edilən məsələnin mahiyyəti üzrə çıxış edə bilməməsi) iclasların aparılmasında ciddi bir ardıcıllıq nəzərdə tutulur. Məsələn, iclaslara fasilə verilmədən bağlanması, müzakirə edilən məsələ üzrə çıxışlar dayandırılmadan müzakirə üzrə çıxışlar kəsilə bilməz. Bu məsələlər Prosedurun 45-ci qaydası ilə tənzimlənir və Komitənin səlahiyyətliliyi ilə birbaşa bağlıdır.

Komitənin BMT–nin dövlətlərin hesabat mexanizmində yer alması onun sessiyalarının da BMT- nin mərkəzi strukturlarında , eləcə də BMT-nin Nyu-York və Cenevrə mənzil qərargahında keçirilməsinə şərait yaradır. Komitənin BMT sistemi ilə six bağlılığı Baş Katibin Komitənin bütün sessiyalarında iştirakında da ifadə edilir. Baş Katib Komitənin işində sadəcə olaraq iştirak etmir, eyni zamanda müəyyən təklif və qeydlərlə çıxış etmək imkanına malikdir.

Baş Katibin Komitənin fəaliyyətində iştirakı sonuncunun normal mövcudluğunu təmin edir. Baş Katib Komitənin növbəti sessiyasının ilk iclasının vaxtı və yeri haqqında üzvləri məlumatlandırır. Sessiyalardan öncə, zəruri müddətdə Baş Katib məlumatlandırmanı təmin edir.

Komitə üzvlərinin maddi təminatı da BMT büdcəsindən təmin edilir. Paktın 35-ci maddəsinə uyğun olaraq, Baş Məclisin müəyyən etdiyi qaydada və şərtlərdə Komitə üzvləri həyata keçirdikləri funksiyanın əhəmiyyətindən asılı olaraq, əmək haqqı alırlar.

(Ardı var)