Andrey Rezçikov, Mixail Moşkin
Vz.ru, 18.08.2016
Avropa KİV-lərində məlumat yayılıb ki, ABŞ Türkiyənin İncirlik aviabazasında yerləşən nüvə silahlarını Rumıniyanın bu yaxınlarda Amerikanın Avropadakı RƏM ünsüründən biri olmuş Deveselu bazasına köçürməyə başlayıb. “Rumıniya marşrutu” haqda versiya nə dərəcədə həqiqətə bənzərdir? Nüvə silahının yerinin dəyişdirilməsi Vaşinqtonla Ankaranın münasibətlərindəki soyuqluqla bağlı ola bilərmi?
Sözügedən məlumatla bağlı "EurActiv" portalı bu gün öz qaynaqlarına istinadən çıxış edib. Rumıniya XİN təmsilçisi Amerika nüvə silahının ölkə ərazisinə gətirilməsi haqda məlumatı təkzib etməyə tələsib. Lakin bu təkzib Buxarestin mümkün əməliyyat faktını car çəkmək istəksizliyi ilə bağlı ola bilər.
"EurActiv" Amerika Stimson mərkəzinin bu günlərdəki araşdırmasına istinad edir. Araşdırmaya görə, soyuq müharibə dönəmində Amerikanin 50 ədədə yaxın taktiki nüvə silahı Türkiyənin ABŞ və Türkiyə HHQ-nin birgə istifadə etdiyi İncirlik aviabazasında yerləşdirilmişdi.
"EurActiv" portalının məlumatına görə, mayın 12-də Rumıniyanın güneyindəki Deveselu bazasında NATO-nun Şərqi Avropadakı raket əleyhinə müdafiə sisteminin ilk obyekti işə düşüb.
Türkiyə-Suriya sərhədinə nisbətən yaxın yerləşən İncirlik aviabazası isə, məlum olduğu kimi, ABŞ və koalisiya üzrə tərəfdaşlarının aviasiyası tərəfindən Suriya və İraqdakı terrorçuların mövqelərinə hücum uçun istifadə olunurdu.
“Lotereya oynamaq kimi bir şeydir”
Qeyd edək ki, Stimson mərkəzinin sözügedən məruzəsində deyilir: “Türkiyənin Suriya sərhədinin yaxınlığındakı İncirlik bazasında saxlanan Amerika nüvə silahı terrorçuların və yaxud digər düşmən qoşunların əlinə düşə bilər. ABŞ-ın sürəkli vətəndaş müharibəsi şəraitində, təxminən, 50 vahid nüvə bombası (B61 hidrogen bombası) üzərində nəzarəti saxlaya bilib-biməyəcəyi cavabı mümkünsüz sualdır”.
Hesabat müəlliflərindən biri Leysi Hilinin fikrincə, Amerika nüvə silahının Suriya sərhədindən 100 km-dən bir az artıq məsafədə Türkiyənin İncirlik aviabazasında saxlamaq təhlükəsizlik baxımından “lotereya oynamaq” kimi bir şeydir.
Hili hesab edir: “Bu silahın Avropa döyüş meydanında praktik dəyəri yoxdur və bu gün NATO-dakı müttəfiqlərimizin aktivlərindən daha çox öhdəliklərə dəxli var”.
Baza ətrafında oyunlar
Türkiyədə baş tutmamış çevriliş zamanı Türkiyə hökuməti iyulda Amerika təyyarələrinin İncirlik bazasına və oradan uçuşunu qadağan etdi. Aviabazanın rəisi general Bəkir Ərcan Vanu hakimiyyəti ələ keçirmək cəhdində iştirak ittihamı ilə həbs edildi.
"New York Times"ın məlumat verdiyi kimi, general ABŞ-da sığınacaq almaq xahişi ilə Amerika məmurlarına müraciət edib, lakin ona rədd cavabı verilib.
Türkiyədə sürəkli vətəndaş münaqişəsi halında ABŞ-ın bu silahlar üzərində nəzarəti saxlaya bilib-bilməyəcəyi sualı cavabsız qalır.
KİV-də məlumat yayılıb ki, türk müxalifi və İslam vaizi Fətulla Gülənin ekstradisiyasına Vaşinqtonun imtinasına cavab Amerikanın İncirlik bazasına çıxışının bağlanması ola bilər.
İsveçrə nəşri "L'Hebdo" bu günlərdə qeyd edib: Ərdoğanın qatı düşməni, baş tutmamış çevrilişin təşkilatçısı Fətullla Gülənin gizləndiyi Amerika türk liderlə münasibətlərin gərginləşməsindən yayınmalıdır.
“Türkiyə ABŞ-ın Suriya siyasətindən son dərəcə narazıdır”
Ekspert-türkoloq Aleksandr Sotniçenko qeyd edir ki, silahın Türkiyədən Rumıniyaya daşınması haqda məlumata tam inanmağına dəyməz. Lakin o, həqiqətə uyğundursa, onda səbəb Türkiyənin son bir neçə ayda kəskincəsinə antiamerika olmuş xarici siyasətindədir. ABŞ-ın Türkiyədə nüvə silahı hələ ölkə hökumətinin ABŞ-la əməkdaşlıq və NATO-ya girməyə bel bağladığı 50-ci illərdə peyda olub.
“Münasibətlərin bu cür soyuması son dəfə Kipr böhranının gedişində 1974-cü ildə baş verib. Türkiyə Amerikanın Suriya siyasətindən son dərəcə narazıdır, çünki amerikalılar orada əsas müttəfiq kimi siyasi baxımdan PKK-ya çox yaxın olan Suriya kürdlərini seçiblər. Bu, bütövlükdə Türkiyənin güney-şərq bölgələrindəki təhlükəsizliyə mənfi təsir edir” – deyə Sotniçenko "Vzqlyad"a bildirib.
Ekspert xatırladır ki, türklər belə də kürdlərə dəstəklə bağlı ABŞ-la dil tapa bilməyib, buna görə də hazırda münasibətlər olduqca aşağı səviyyədədir. Əlavə olaraq, duruma hərbi çevriliş cəhdi amili təsir edir. Türkiyə hökuməti ABŞ-ı, az qala, buna dəxli olmaqda ittiham edir.
Ekspert hesab edir: “Nüvə silahının daşınması haqda məlumat düzdürsə, bu bildirir ki, Amerikanın bir sıra məmur və hərbçiləri Türkiyənin hansısa qaydada ABŞ və NATO ilə əməkdaşlığın profilini endirə biləcəyi haqda ciddi həyəcan qaldırıblar”.
Sotniçenko bu arada qeyd edir ki, “Amerika silahının ölkə ərazisindən çıxarılması Türkiyəyə sərfəli olsaydı, hökumət silsilə piketlər təşkil edər və bu suala mətbuatda cavab verərdi. Lakin bu xüsusda hələlik sükut var. ABŞ-la münasibətlərin soyuması Türkiyə üçün təhlükəsizlik sahəsində ciddi problemlər təhdidi yaradır, çünki silah və hərbi texnologiyaların böyük əksəriyyəti məhz Amerikadan gəlir. Və Türkiyə Vaşinqtonla qarşıdurma yoluna keçibsə, həqiqətən də alternativlər haqda düşünmək gərəkdir”.
“Rumıniyada özəl təchiz edilmiş baza yoxdur”
Hərbi ekspert, ehtiyatdakı polkovnik Viktor Muraxovski öz növbəsində nüvə silahının Rumıniyanın Deveselu bazasına keçirilməsi haqda məlumatı aşkar tullantı sayır.
Ekspert "Vzqlyad" qəzetinə danışır: “Bu məlumata inanmaq üçün nüvə silahının saxlanması, daşınması və ona nəzarət haqda heç nə bilməmək lazımdır. ABŞ həqiqətən də bu cür qərar qəbul etsəydi, köçürmə artıq bunun üçün hazırlanmış bazalara, məsələn, Almaniya, İtaliya, Belçikaya olardı”.
Bununla belə, Muraxovski hesab edir ki, Birləşmiş Ştatlar ən yaxın vaxtlarda nüvə silahının köçürülməsi haqda qərar qəbul edə bilər: “Türkiyə son zamanlar çox narahat ölkə olub”.
Tərcümə Strateq.az-ındır.