XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 August 2016 - 20:06

İŞİD-in ölüm dəftəri:Bu qədər itkiylə “xilafət ordusu” niyə hələ də mövcuddur?

isid-1

Suriya və İraq ərazilərində İŞİD-lə mübarizə aparan tərəflər daim qara bayraqlı “cihadçılar”ın itkiləri barədə məlumatlar yayımlayır.

İstər Rusiya, istərsə də ABŞ və müttəfiqlərinin açıqladıqları say müəyyən şübhələr doğurur. Hələ 2002-ci ilin martında Əfqanıstanda ABŞ-ın hava hücumları zamanı talibançıların itkiləri barədə suala cavab verərkən Birləşmiş Ştatlar Mərkəzi Komandanlığının rəisi Tommi Franks bildirmişdi ki, “biz öldürülən düşmənləri saymırıq”.

“Foreign Policy” jurnalı xatırladır ki, 2009-cu ilin iyulunda Pentaqon bu məsələ ilə bağlı öz mövqeyini dəyişib. Generalların statistikaya öz münasibətini dəyişdirməsinin səbəbləri aydındır: düşmənin itkiləri barədə rəqəmlər ictimaiyyətə manipulyasiya etmək üçün çox yararlıdır.

2006-cı ildə Şimali Karolina Universitetinin alimləri apardıqları tədqiqatla bu qənaətə gəliblər ki, nə qədər çox düşmən öldürülürsə, amerikalıların Pentaqonun əməliyyatlarına münasibəti də bir o qədər dəyişir və cəmiyyətdə igid Amerika əsgərinin yenilməzliyi obrazı güclənir.

“İslam dövləti”nin itkilərinə gəlincə, ilk dəfə “Əl-Ərəbiyyə” televiziya kanalında ABŞ-ın İraqdakı səfiri Stüart Cons 2015-ci ilin yanvarında Suriya və İraqda artıq 6 min İŞİD-çinin öldürüldüyünü bəyan etmişdi. Bu rəqəm 2014-cü ilin sentyabrından başlayan ABŞ-ın hava hücumları nəticəsində (ümumən koalisiyada 60 dövlət təmsil olunur) zərərsizləşdirilən terrorçuların sayını ehtiva edirdi. Bundan sonra ABŞ-ın Prezident Administrasiyası və Pentaqon müntəzəm surətdə Amerika ictimaiyyətini “cihadçılar”ın itkiləri barədə məlumatlandırmağa başladı. Təbii ki, bu say tədricən artırılırdı.

Məsələn, ötən ilin mart ayında general Lloyd Ostinin açıqladığı statistikaya görə, itki 8,5 min nəfərə çatmışdı. Üç ay sonra, 2015-ci il iyunun 1-də “İslam dövləti”nin itkisi 13 min nəfər təşkil edirdi. Elə həmin il iyulun 29-da bu rəqəm 15 min nəfərə çatdırılıb. Sonra bu rəqəm 20 min nəfər oldu. 2015-cı ilin 12 oktyabrında elan edilən rəqəm 25,5 min idi.

Maraqlıdır ki, “The New York Times” Pentaqona istinadla həmin tarixlərdə 25 min, CNN eyni mənbəyə dayaqlanmaqla 26 min rəqəmini açıqlamışdı.

Bu il avqustun 10-da general-leytenant Şon MakFarland 11 ay ərzində 25 min düşmən əsgərinin öldürüldüyü bildirib. Pentaqon generalı hərbi kampaniyanın başladığı andan bu günədək ümumən 15 min raket-bomba zərbəsi endirilməsi və 45 min nəfər terrorçunun öldürüldüyü elan edilib.

Rusiyanın Suriyada İŞİD və digər terrorçu qruplaşmalara qarşı mübarizəsində başqa taktika gözlənilir. Kreml mənbələri heç zaman düşmənin məhv edilən canlı qüvvəsi barədə statistika açıqlamır. Rəqəmlər yalnız komanda məntəqələri, qərargahlar, silah-sursat və s.-lə bağlı olur.

Qeyd edək ki, Suriya və İraq hökumət mənbələri də keçirdikləri əməliyyatlarla əlaqədar statistika açıqlayırlar.

Sual doğuran budur: əgər itkilər barədə məlumatların heç olmasa yarısı doğrudursa, İŞİD-in yaratdığı “dövlət” niyə hələ də yer üzündən silinməyib?

M.Rzasoy

Strateq.az