XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

22 Avqust 2016 - 21:16

Barak Obama:8 illik dönəmin qısa xülasəsi...

obama-222

Respublikaçı Donald Tramp və demokrat Hillari Klinton Ağ Evə sahiblik uğrunda iddialarını sərgilədiyi vaxt ABŞ-ın 44-cü prezidenti iqtidar müddətinin son aylarına qədəm qoyur.

Artıq indidən onun hakimiyyətdə olduğu dövrün təhlilləri aparılır. “Barak Obama 8 il ərzində nələrə nail oldu və nələrin öhdəsindən gəlmədi” sualına cavablar verilərkən prezidentin 2008-ci ildə ilk seçki kampaniyasında verdiyi vədləri yada salırlar.

Bu vədlər sırasında ilk yeri Quantanamodakı həbs düşərgəsi tutur. Quantanamo həbsxanasının ləğvi seçki kampaniyası dövründə B.Obamanın əsas vədlərindən biri idi. 8 illik müddətdə Amerikanın ilk zənci prezidenti ABŞ demokratiyası üçün ləkə olan və Kubadakı hərbi bazada yaradılan həbs düşərgəsinin varlığını tamamilə unutdu.

Məhbusları – sabiq “əl-Qaidə” və “Taliban” döyüşçülərini ədalət məhkəməsi qarşısına çıxaracağına dəfələrlə söz verən B.Obama sonradan müxtəlif bəhanələrlə vədinə sahib çıxmadı. Əvvəlcə Konqres və Pentaqonun təpkilərinə qulaq kəsilən 44-cü prezident 2015-ci ilin dekabrında bildirdi ki, həbsxananın ləğvi maliyyə baxımından böyük məsrəf tələb edir. Sonra B.Obama məhbusların ABŞ ərazisindəki digər həbsxanalara ekstradisiyasını təklif etdi. Lakin vəziyyət hələ də dəyişməyib. Amerikalılar üçün isə Quantanamodan daha vacib olan mətləblər vardı: iqtisadi böhrandan çıxış, işgüzar mühitin dirçəlişi, ümumi tibbi sığorta, seksual azlıqlar üçün hüquq bərabərliyi və s.

2008-də “Biz səhiyyənin keyfiyyətini artıracaq və bu xidmətin xərclərini endirəcəyik” deyən B.Obama prezident seçildikdən, demək olar ki, dərhal sonra ümumi tibb sığortaya keçidə başladı. 1960-lardan qalma köhnə sistemin dağıdılması ağrılı bir proses oldu. Seksual azlıqlar istəklərinə çatdı. Lakin iqtisadi mühitin sağlamlaşdırılması çox ləng getdi. Qlobal böhranın təsiri hələ də özünü hiss etdirməkdədir. Amerikalıların böyük əksəriyyəti qənaət rejimində yaşayır. Xarici siyasətdə İran, Venesuela, Kuba və Şimali Koreya ilə olan ixtilaflar hələ də qalmaqdadır.

ABŞ qoşunlarının Əfqanıstan və İraqdan təxliyəsi fonunda Şərqlə, xüsusilə “bahar”ı yaşamış Ərəb Dünyası ilə bağlı problemlər kəskinliyini itirməyib. Suriya böhranında hakim mövqe tutan Birləşmiş Ştatlar tədricən Kremlə güzəştə getmək məcburiyyətində qalıb. İranla imzalanan “5+1” sazişi isə birtərəfli nəticələr ucbatından rəsmi Tehranın daimi tənqid atəşinə tutulur. Yəqin ki, B.Obamanın Kubaya tarixi səfəri onun yürütdüyü xarici siyasətdə yeganə parlaq səhifə oldu.

Bununla bərabər, neqativlər çoxdur. Məsələn, Ukraynadakı “narıncı inqilab”la Rusiya ilə münasibətlər kəskin forma aldı. NATO-da dirijorluq edən ABŞ-ın və müttəfiqlərinin Rusiya sərhədlərinə yaxınlaşması Kremli ard-arda cavab tədbirlərinə vadar edir. Sadalanası mətləblər çoxdur. Lakin diqqəti ABŞ-ın daxilindəki bir məsələyə yönəltməyə dəyər. Bu, Birləşmiş Ştatlar tarixində ilk zənci prezidentin dönəmində polis özbaşınalığı, zənci gənclərin qətli və qaradərililərin geniş iğtişaşlardır.

B.Obama dönəminə ləkə salan bu faktlar ABŞ-da kimin kim olduğuna dair tezisə yeni köhnə möhürü vurdu. Bir daha sübut olundu ki, Birləşmiş Ştatların hakimiyyət olimpi – prezident institutu aysberqin yalnız görünən hissəsidir. Aysberqin üst qatında hakim mövqe tutan neokon (yeni konservatizm) sütunlarının möhkəm alt dayaqları var.

M.Rzasoy

Strateq.az