XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 August 2016 - 14:22

Putindən Suriya üçün “Vaqner simfoniyası” –Peşəkarlardan ibarət rus qrupu ilə bağlı sensasion iddialar

rus-ordusu-vaqner-qrupu

"Bu hərbi birləşmələrdə Rusiya ordusundan tərxis olunmuş şəxslərin varlığını inkar etməyəcəyik".

Bu sözləri Ukraynanın şərqində hökumət qüvvələrinə müqavimət göstərən silahlılarla bağlı sualı cavablandıran Rusiya prezidenti Putin deyib.

O zaman bu cavabı şübhəyə alanlar indi tam arxayın ola bilərlər ki, Kreml öz hərbi əməliyyatlarında həqiqətən də tərxis olunmuş sabiq hərbiçilərdən geniş istifadə edir. Əslində, bu təcrübə özü-özlüyündə yeni deyil.

Üstəlik, 2008-ci ilin payızında 17 ölkənin imzaladığı “Montrö” sənədi” dövlət qulluğunda olmayan şəxslərin hərbi sahədə xidmətinə icazə verir. BMT-nin 2011-ci ildə açıqlanan məruzəsində də sabiq hərbiçilərin müxtəlif analitik xidmətlər, mühafizə təşkilatları və s. adlar ilə fəaliyyət göstərərək,  ildə 20-100 milyard $ gəlir əldə etdiyi qeyd olunur. Muzdlu hərbiçilərin Əfqanıstan və İraqdakı hərbi kampaniyalarda geniş istifadə olunduğu da sirr deyil.

Onlardan biri olan “Academi” (köhnə adı “Blackwater”) döyüşçüləri, “Washington Post”un iddiasına görə gündəlik 600-1,000 $, “Associated Press”in fərziyyəsinə görə isə, 750 $ qazanırdı. Daha sonralar Yaxın Şərqdə barıt qoxusu kəskinləşdikdə bu gəlirlərin gündəlik 16 min $ olması barədə (“Guardian”ın iddiası ilə) vardı.

Bəxtini müharibə meydanında sınamağa alışmış əsgərlərin Suriyada varlığı da heç vaxt inkar edilməyib. 2016-cı ilin martında Rusiya ordusunun Suriyadakı qruplaşmasının komandanı general Aleksandr Dvornikov bəzi əməliyyatların xüsusi hərbi qruplar tərəfindən yerinə yetirildiyini bildirmişdi.

Rusiya KİV-ləri bu qrupların sabiq hərbiçilərdən, tərxis olunmuş peşəkar zabitlərdən ibarət olduğunu qeyd edir. Yüksək hərbi hazırlığa malik bu şəxslər təbii ki, muzdlu əsgərlərdir. Onlar müxtəlif qeyri-kommersiya təşkilatlarının qanadı altında fəaliyyət göstərirlər.

Bu təşkilatlar arasında son vaxtlar “Vaqner qrupu” deyilən bir qeyri-rəsmi qrupun adı daha tez-tez hallanır. Adolf Hitlerin pərəstiş etdiyi məşhur alman bəstəkarının adını daşıyan bu qrupun fəaliyyəti qalın sirr pərdəsi ilə örtülüb. Lakin ara-sıra mediaya onun barəsində bəzi məlumatlar sızır.

Hələ 2015-ci ildə “The Wall Street Journal” Ukraynanın şərqindəki qondarma xalq respublikalarında “Vaqner qrupu”nun varlığı barədə məlumat vermişdi. Rusiya Müdafiə Nazirliyi o zaman bu xəbəri təkzib etmişdi. İddialara görə, daxili qoşunların keçmiş əməkdaşları olan bu muzdlu əsgərlər iki Çeçenistan müharibəsində iştirak ediblər.

Qrupun başçısı isə “Vaqner” çağırış siqnalı ilə əlaqəyə girən sabiq QRU zabiti Dmitri Utkindir. Onun hələ 2013-cü ildən “Slavyanskiy korpus” adlı muzdlular briqadasının tərkibində Yaxın Şərqdə olduğu söylənilir. “Korpus”un Honq-Konqda “Slavonic Corps Limited” törəmə müəssisəsinin olduğu da məlumdur. “Slavyanskiy korpus”un rəhbərləri Yevgeni Sidorov və Vadim Qusevin bir vaxtlar Suriyanın Deyr-əz-Zor şəhərindəki neft kəmərinin mühafizəsində iştirakı barədə məlumatlar mövcuddur. 267 döyüşçüsü olan “Korpus”un hazırda Suriyada olmadığı bildirilsə də, Latakiya və Hələb yaxınlığında iki min beş yüz rus muzdlu əsgərinin olması barədə informasiyalar var.

İddialara görə, tarixi Palmira şəhərinin İŞİD-dən azad edilməsində “Vaqner qrupu” aparıcı rol oynayıb. Bu döyüşçülərin Şimali Qafqazda, əsasən Krasnodar vilayətindəki qapalı qəsəbələrdə xüsusi hazırlıq keçməsi barədə məlumatlar var.

Muzdluların xərclərinin ödənişində isə xüsusi metoddan istifadə olunur. Belə ki, Rusiya Müdafiə Nazirliyi müxtəlif məişət xidmətləri və dövlət satınalmaları barədə müqavilələrlə Suriyada və başqa qaynar nöqtələrdə “çirkli işi” yerinə yetirən şəxslərin rəsmi əməkdaşı olduğu qeyri-kommersiya şirkətlərinə vəsait köçürür. Tender qalibi elan edilən həmin şirkətlərin, əslində, hansı vəzifəni yerinə yetirdiyi də beləliklə malalanmış olur.

Rusiya KİV-lərinin iddiasına əsasən, təkcə “Vaqner qrupu”nun xidmətləri 5,1-10,3 milyard rubla başa gəlir. 2011-ci ildən bəri gizli əməliyyatlarda həlak olanların sayı 39 nəfər, yaralanan döyüşçülərin sayı isə 5206 nəfədir…

M.Rzasoy