XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 September 2016 - 13:16

Türkiyə ordusunu YPG və İŞİD-lə qanlı döyüşə çəkən şəhər –Əl Babın strateji əhəmiyyəti və savaş planı

el-bab-xerite-suriya

Suriyada Türkiyənin liderliyi ilə Azad Suriya Ordusu (ASO) ilə ABŞ-ın "çətiri" altında olan YPG gücləri arasında təkcə Fırat çayının qərb sahillərindəki İŞİD-in işğalındakı ərazilər deyil, həm də strateji əhəmiyyətə malik olan Əl Bab şəhəri uğrunda ciddi qarşıdurma var.

Strateq.az xarici mediaya istinadən xəbər verir ki, hazırda İŞİD-in nəzarətində olan Əl Babı da ələ keçirərək, YPG-nin İŞİD-dən 2 aylıq savaşdan sonra geri aldığı Menbiçə doğru irəliləmək istəyən ASO bununla hədəfini genişləndirmək istəyir:

"Burada nəzərə almaq lazımdır ki, Menbiç Türkiyənin "qırmızı xətt" saydığı Fırat çayının qərb sahilində yerləşir ki, 2 həftə əvvəl bu şəhəri YPG gücləri türk rəsmilərin sərt bəyanat və təhdidlərinə baxmayaraq, ələ keçirdi. ABŞ isə bu yöndə Türkiyəyə verdiyi sözü tutmadı. Məhz bu fakt da türk birliklərinin ASO-ya açıq dəstək verməsi ilə yanaşı, sərhədi keçməsinə əsas oldu.

İndisə ASO türk birlikləri ilə şimaldan Cerablus, qərbdən isə El Bab tərəfdən, yəni iki istiqamətdən həm də YPG-nin nəzarətində olan Menbiçə doğru həmləyə də hazırlaşır. Bununla da həm də YPG/PYD güclərini Türkiyənin "qırmız xətt"i sayılan Fıratın şərqinə çəkilmələrini təmin etməyə çalışacaqlar".

Məlumata görə, hazırda ASO-nun qarşısındakı ən çətin sədd Əl Bab şəhəridir:

"İŞİD 2 həftə əvvəl 2 aylıq savaşdan sonra Menbiçi YPG-yə təslim etdi. Ardınca isə ASO Cerablusu türk birliklərinin dəstəyi ilə İŞİD-dən təmizlədi. Maraqlıdır ki, Türkiyənin sərt etirazlarına baxmayaraq, YPG gücləri geri çəkilmək əvəzinə, onlar da ASO kimi Əl Baba da sahiblənmək istəyirlər.

Bəli, bu şəhər artıq bölgədə vuruşan bütün güclər üçün kritik önəmə sahib hala gəlib. Menbiç və Cerablusdan qaçan IŞİD-çilər isə paytaxt elan etdikləri Rakka ilə əlaqələrini təmin edən Əl Babda möhkəmləniblər. O üzdən hamı düşünür ki, Menbiç və Cerablusdan geri çəkilən IŞİD bu şəhəri bütün gücüylə qoruyacaq. Çünki İŞİD bu şəhəri itirərsə, o zaman Hələb və Türkiyə sərhədi ilə bağlantısı kəsiləcək, eyni zamanda, nəzarətlərində olan Rakka, Deyrizor ve Humus bölgəsində də sıxışmaları da fakta çevriləcək. Ona görə də, terroristlərin Əl Bab uğrunda daha şiddətli müqavimət göstərəcəyinə şübhə edilmir.

Məsələ burasıdır ki, Türkiyə öncüllüyündəki ASO ilə YPG güclərinin arasındakı "soyuq savaş" da Əl Babın üzərinə effektli hücuma təsir edə bilər. Ona görə də ASO Cerablusdan 32 km aralıda yerləşən YPG nəzərətindəki Menbiçlə Əl Baba  eyni anda hücum etməyi planlayır. Yəqin məhz bu səbəbdəndir ki, türk qoşunları əraziyə yeni hərbi texnika və canlı qüvvələr cəlb edir".

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bir neçə cəbhədən Əl Baba hücum etməyi hədəfləyən ASO hələlik yaxın günlər üçün Türkiyənin sərhədindəki Rai (Çobanbey) – Cerablus arasındaki bölgəni IŞİD-dən təmizləmək üçün ildırım sürətli hücuma keçəcək:

"Artıq bu istiqamətdə əməliyyat genişlənib, 90 km-lik ərazinin 50 km-i təmizlənib. Qalan 40 km-lik sərhəd zolağın da yaxın günlərdə İŞİD-dən təmizlənəcəyi gözlənilir. Və bu əməliyyatın uğurla başa çatdırılmasından sonra isə türk qoşunları ilə birgə hərəkət edən ASO daha güclü formada Əl Baba doğru hədəfini gerçəkləşdirəcək…".

F.ƏHMƏD,

Strateq.az