XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2016 - 16:51

Diplomatiya nədir:Sülh diplomatiyasının əsasları

 

elshen-2

Elşən NƏSİBOV,

Siyasətşünas-alim 

 

Dövlət varsa, onun xarici əlaqələri də var. Xarici əlaqələr (ikitərəfli və çoxtərəfli formatda) beynəlxalq sistemi və müstəvini yaradır. Bu əlaqələrdən şəbəkələr meydana gəlir. Beynəlxalq münasibətlərin aktlar istiqamətləri formalaşır. Beynəlxalq əlaqələrdə normalar və qaydalar yaranır. 

Xarici əlaqələr dövlətin təsdiq fəaliyyətidir və sübut amilidir. Xarici fəaliyyət dövlətin bir tərəfdən mövcudluğunu təsdiq edir, beynəlxalq aləmdə dövlət tərəf kimi qəbul olunur, onunla hesablaşılır, digər tərəfdən də öz varlığına xidmət edir, müvafiq resursların təminatını həyata keçirir.

Beynəlxalq münasibətlərin fəlsəfəsi odur ki, dünyanın dəyərlərindən bərabər şəkildə istifadə olunsun. Hər bir fərd hansı ölkədə yaşamasından asılı olmayaraq, baza insani hüquqlarla təmin olunmalıdır. Beynəlxalq münasibətlər fəlsəfəsində insan amili mərkəzi yeri tutur.

Dövlətlər cəm halda ümumdünya sosial rifahına çalışır. Beynəlxalıq münasibətlər təhlükəsizliyə də xidmət edir. Regionda olan qüvvələrin fəaliyyətini tənzim edir. Dövlət özü belə güc mərkəzi kimi təhlükəsizliyin təminatını həyata keçirir. Dövlət regionda sabitliyin zəmanətçisi rolunda çıxış edir. Dövlət xarici əlaqələrin zəruri daxili istiqamətlərini özündə ehtiva edir.

Xarici əlaqələr təminat (resurslarla təminat) və müdafiə olunmaq (dövlətin bir subyekt kimi beynəlxalq münasibətlərdə mövcudluğuna xidmət edən özünümüdafiə fəaliyyəti)  prinsiplərinə, konsepsiyalarına söykənir. Diplomatiya dövlət siyasətinə aiddir, onun beynəlxalq münasibətlərini həyata keçirən xarici (ölkəxaric) vasitədir. Diplomatiyanın ölkədaxil və ölkəxarici vasitəsi, qurumu xarici siyasət fəaliyyəti ilə məşğul olan təsisatdır (nazirlikdir, dövlət departamenti, xarici siyasət idarəsi və s. kimi qurumlar, təsisatlardır). Diplomatiya dövlətin daxili  qurumları ilə xarici ölkələrin qurumları arasında əlaqə yaradan universal və məxsusi (konkret) fəaliyyət sahəsidir.

Ölkənin baş diplomatı dövlət rəhbəri hesab olunur. O, ölkə daxilində və xaricində diplomatiyanı müəyyən edir və həyata keçirmək üçün istiqamətlər verir, müvafiq normalar yaradır və normaları təsdiqləyir.

Diplomatiyanı müəyyən edən digər bir qurum ölkə parlamentidir ki, burada da diplomatiyanın  hüquqi əsasları, qanunvericilik əsasları formalaşır. Diplomatiya qanunvericiliklə hüquqi status əldə edir. Dövlətin xarici siyasətinin icrasını həyata keçirən ümumiləşdirici qurum isə xarici işlər nazirlikləri və xarici siyasət ofisləridir. 

Diplomatiyanın bir peşə sahəsi kimi tarixi qədimdir. Dövlətlər yaranandan indiyə qədər beynəlxalq münasibətlər olub. Diplomatiya tarixən dövlətlər arasında əlaqələri yaradan vasitə kimi əhəmiyyət kəsb edib. Diplomatiya dövlət siyasətinin tərkibini özündə cəmləşdirən aktlardan ibarətdir.

Hər bir anlayış kimi, diplomatiyanın da tərkib anlayışları, elementləri mövcuddur. Diplomatiya anlayışının konseptuallığı bundan meydana gəlir. Diplomatiya anlayışı özündə dövlətçilik konsepsiyalarını, qanunvericilik sistemini, beynəlxalq münasibətlərdə subyekt və obyekt kimi anlayışları, beynəlxalq hüquq anlayışını, o cümlədən beynəlxalq müqavilələr, danışıqlar anlayışlarını cəmləşdirən universal anlayışdır. Eyni zamanda məxsusi anlayışları da vardır: səfir, elçi, konsul, nunsi, internunsi, aqreman, ekzekvatura, göndərən ölkə, təyinat ölkə, immunitetlik, toxunulmazlıq kimi anlayışları da özündə cəmləşdirir.

Diplomatiya bir anlayış olaraq özündə: siyasət, bu baxımdan təmsilçilik, (ölkəsinin və təşkilatın təmsil olunması), missiyaçılıq (sülh missiyasının, digər siyasi missiyaların həyata keçirilməsi), vasitəçilik (münaqişəli tərəflərin barışdırılması), əlaqələndiricilik (dövlətlərin strukturlarının əlaqələndirilməsi), barışdırıcılıq (sülh missiyası), icraçılıq (dövlət siyasətinin icrası) kimi strateji və taktiki məsələləri ehtiva edir. Diplomatiyanın tərkibi olan konsulluq fəaliyyəti də siyasət aktlarından ibarətdir. Konsulluq mülkü sahədə dövlət siyasətinin əsaslarını həyata keçirir. Təyinat ölkədə yaşayan vətəndaşların mülki maraqlarını təmin edir, gediş-gəliş (viza)  məsələlərini tənzimləyir. Mülki aktlar da dövlət siyasətinin tərkibini təşkil edir.

Diplomatiya danışıqlar aparmaq məharətini özündə əks etdirən bir sahədir. Diplomatiya etiketləri, beynəlxalq mənəvi məsələləri özündə cəmləşdirir. Diplomatiya dövlətin nümayəndəliyi məsələsini  özündə ehtiva edir. Diplomatiya beynəlxalq əlaqələrdə dövlətin identifikliyini yaradan bir sahədir. Diplomatik gedişlər taktiki uduşlara və strateji nailiyyətlərə yönəlir. Diplomatiya etika və estetika məsələlərini özündə əks etdirir.  Diplomatiya təyinat ölkədə şəraiti öyrənmək, vəziyyəti öyrənmək funksiyasını həyata keçirir.

Diplomatiya dövlət qulluğunun xüsusi bir sahəsidir. Diplomatlar dövlətçiliyə və dövlətin milli təhlükəsizliyinə, dövlətin beynəlxalq münasibətlərdə mənafeyinin qorunmasına xidmət edirlər.

Diplomatiya (burada xarici işlər qurumları və səfirliklər, elçiliklər, diplomatik müşavirlər,  konsulluqlar)  öz fəaliyyətini milli qanunvericilik normaları (diplomatiya və konsul xidmətləri haqqında göndərən ölkənin  qanunvericilik normaları ilə), təyinat ölkənin müvafiq qanunvericilik normaları  və beynəlxalq hüquqla müəyyən edir. Diplomatiya beynəlxalq normaların  hazırlanmasında iştirak edir (müqavilə və sazişlərin hazırlanmasında xarici işlər qurumları iştirak edirlər) və şəraitə uyğun təkliflərlə çıxış edir. Diplomatiya dövlətin beynəlxalq hüquqa  (məsələn, konvensiyalar və onların protokollarına qoşulma)  qoşulmasını təmin edir.

Diplomatiya təmsilçilik sahəsi olduğundan, burada dövlətin (təmsil olunan dövlətin) bütün elementləri əks olunmalıdır. Diplomatiya dövlətin (göndərən ölkənin) xarakterik xüsusiyyətlərini və xalqın mental cizgilərini özündə ehtiva edir. Diplomatiya həm beynəlxalq, həm də milli elementləri özündə daşıyır. Milli mədəniyyət modelini təqdim edir və digər tərəfdən də beynəlxalq normalara əməl etməklə beynəlxalq etiketi əks etdirir. 

Diplomatiya milli elementlərin təqdimatını həyata keçirən bir etik və estetik fəaliyyət sahəsidir. Diplomatiya milli mədəniyyəti və dünya mədəniyyətini tərənnüm edən bir sahədir. Hər bir xalqın mədəniyyətini dünyada həm də onun dövlətinin diplomatiyası həyata keçirir. Deməli, diplomatiya tanıtım vasitəsidir. Xalqın həyata keçirdiyi diplomatiyanın məzmunu ilə həmin xalqın xarakterini müəyyən etmək olar.

Diplomatiya bir elm obyekti kimi, öyrənmə sahəsi olaraq beynəlxalq münasibətlərə aiddir. Beynəlxalq münasibətlər dövlətlərin xarici siyasət fəaliyyətləri olduğundan diplomatiya da dövlətə aiddir. Bu baxımdan bir siyasət fəaliyyəti kimi diplomatiyanı politologiya öyrənir. Beynəlxalq hüquq da hüquqşünaslıqla yanaşı, poltologiya elminin tərkibində öyrənilir.

Diplomatiyanın tarixi beynəlxalq münasibətlərdə sülh tarixini özündə ehtiva edir. Bu baxımdan da bu elm obyekti tarixşünaslıq tərəfindən də öyrənilir. Diplomatiya həm də fəlsəfi məzmundur. Burada etika və estetika, dövlət maraqları, diplomata beynəlxalq səviyyədə hörmət olunması kimi məsələlər bu sahənin fəlsəfi məzmununu yaradır.

Diplomatiya sahəsi özündə diplomatik vəzifələri (səfir, elçi, konsul, müşavir, katib, attaşe) və diplomatik rütbələri əks etdirən bir strukturdur. Diplomatiya özündə protokol qaydalarını (nümayəndələrin qəbulu və yola salınması qaydaları), diplomatik korpusun  (təyinat ölkədə xarici ölkələrin diplomatlarının məcmusu) əsaslarını müəyyən edir.

Hər bir anlayış kimi diplomatiyanın da tərifi mövcuddur. Diplomatiyanın tərifi onun konsepsiyasından, əhatəliliyindən və strateji və taktiki məzmunundan formalaşır.  

Diplomatiyanın tərifi:

Diplomatiyanın universal (geniş məzmunlu) və konkret (tərkibli) tərifi mövcuddur.

– Diplomatiya dövləti başqa dövlətlərdə və təşkilatlarda təmsil edən nümayəndəli bir siyasət sahəsidir;

– Diplomatiya xüsusi dövlət qulluğu sahəsi olmaqla, bir dövləti başqa bir dövlətdə və təşkilatda təmsil etmək sahəsi və vasitəsidir;

– Diplomatiya dövlət başçısının başqa dövlətlər başçıları yanında  təmsil edən əsas nümayəndəli və hüquqi statuslu bir  vasitədir;

– Diplomatiya göndərən ölkənin hökumətini başqa dövlətlərin hökumətləri yanında (məsələn, konsulluqlar) təmsil edən siyasət vasitəsidir. Qeyd: mülki işlər, iqtisadi işlər, sosial və mədəni məsələlərin tənzim olunması siyasət fəaliyyətinin obyektidir. 

– Diplomatiya bir dövlətin daxili qurumları (hakimiyyət qolları və onların aparatları) ilə digər dövlətin daxili qurumları arasında əlaqələrin imkanlarını öyrənən və öz dövlətinə məlumat verən bir vasitədir. Dövlətin təyinat ölkəyə qarşı siyasətinin konturlarının müəyyən olunmasında diplomatiya müəyyən təkliflərlə çıxış edir;

– Diplomatiya (burada xarici siyasətdə iştirak edən və onu ümumiləşdirən, koordinasiya edən qurumlar)  dövlətin xarici siyasətini sistemli olaraq həyata keçirən bir akt sahəsidir;

– Diplomatiya səlahiyyətli, fövqəladə statuslu, vəzifəli, öhdəlikli olmaqla, immunitet (şəxsi toxunulmazlıq, əmlak və əşyaların toxunulmazlığı, diplomatik poçtun toxunulmazlığı)  və imtiyaz imkanlarına  malik olan siyasət sahəsidir;

– Diplomatiya dövlətin mənafeyini qoruyan və onun maraqlarını beynəlxalq aləmdə, başqa dövlətlərdə və təşkilatlarda müdafiə edən siyasət vasitəsidir;

– Diplomatiya öz dövlətinin və təşkilatın elementlərini özündə cəmləşdirməklə, beynəlxalq aləmdə hərəkət edən və dövlətin və xalqın xaraktertik xüsusiyyətlərini özündə daşıyan bir vasitədir;

– Diplomatiya dövlətin başqa dövlətlərdə  əmlakını müdafiə edən, qoruyan və mülki məsələləri tənzim edən bir fəaliyyət sahəsidir;

– Diplomatiya milli maraqları beynəlxalq hüquq əsasında digər milli maraqlarla sintez edən fəaliyyət sahəsidir;

– Diplomatiya göndərən və təyinat ölkədə siyasi prosesləri analiz edən və proseslər arasında uyğunluğu öyrənən və proseslər axarına təsir edən proseslər barədə ölkəsinə təkilf verən siyasət fəaliyyətidir;

– Diplomatiya öz ölkəsinin və xalqının mental dəyərlərini nümayiş etdirən bir mədəniyyət modelidir və vasitəsidir;

– Diplomatiya missiyaçılıq məqsədini təmin edən bir vasitədir;

– Diplomatiya vasitəçilik funksiyasını yerinə yetirən bir vasitədir;

– Diplomatiya öz ölkəsi ilə təyinat ölkədə fəaliyyət göstərən diplomatik qurumlarla əlaqələndirən bir vasitədir. Diplomatik korpus daxilində diplomatiya öz ölkəsinin maraqlarını genişləndirir və müdafiə edir. 

 

 




Yuxarı Əvvələ Ana Səhifə