Elşən Nəsibov,
Siyasətşünas-alim
İnqilablar miqyasca, həcmcə (müəyyən məkanda şaquli və üfiqi trayektoriya üzrə genişlənən) elə bir proseslərdir ki, bu proseslərdən (ilkin mərhələ olaraq, etiraz hərəkatları olan yürüşlərdən, tətillərdən, mitiniqlərdən, küçə və meydan hərəkatlarından) öncə cəmiyyət sabit vəziyyətlə idarə olunur. Sabit vəziyyətlər müxtəlif resursların dövriyyəli hərəkəti ilə formalaşdırılır. İnqilablar öncəsi maraqlar bəlli səviyyədə təmin olunur. Hakimiyyət sistemi, iyerarxik struktur cəmiyyətlə normal əlaqələr qura bilir. Cəmiyyətdə maraqların nisbi bərabərliyini qismən də olsa təmin edə bilir.
İnqilab öncəsi sosial və siyasi vəziyyətləri iki cür xarakterizə etmək olur.
Birincisi, əslində hakimiyyət xalqla yaxşı münasibətlərdədir. Hakimiyyət öz üzərinə düşən vəzifələri müəyyən qədər yerinə yetirə bilir. Cəmiyyətin inkişafı digər cəmiyyətlərlə ayaqlaşa bilir. Xalq öz mental ruhunun tələblərinə müvafiq hakimiyyət formalaşdırıb. Dövlət quruluşu yaradıb. Mədəni ruh siyasi və sosial ruhla kompozisiya olunub. Əhalinin sosial vəziyyəti heç də pis deyil. Əmək münasibətləri müəyyən səviyyədə mövcuddur. Əmək hüquqları təmin edilir. Xalqın hüquqları qorunur və təmin olunur. İdarəetmə rejimi yumşaqdır. Totalitar və avtoritarlıqdan bir qədər uzaqlıq var. Yaxud da inkişafa və sosial ədalətə bu kimi rejimlərin uğurlu fəaliyyəti sayəsində nail olunur. Sosial inkişaf konsepsiyaları uğurla icra olunur. Bu anda inqilablar daha çox ölkədə maraqları olan xarici qüvvələr tərəfindən meydana gətirilməyə çalışılır.
İkincisi, hakimiyyətin səriştəsiz fəaliyyəti mövcuddur. Cəmiyyət üzərinə basqılar güclüdür. İdarəçilik və normal siyasi sistem üçün resurs çatışmır. Siyasi sistemin iyerarxik strukturu bir-birinin tələblərinə cavab vermir. Piramidal strukturun forma və məzmunu iflic vəziyyətindədir. Sosial vəziyyət gərgindir. İnsanların sosial ruhu sarsılır. Kəskin diktatura hökm sürür. Bərk idarəetmə rejimləri formalaşır. Dövlət hakimiyyətinin xalqdan qorxusu mövcuddur. Xalq öz etiraz ruhunu gizli də olsa bildirir. Siyasi sistemdə resurs çatışmır. Dövlətlə xalq arasında səmimi münasibətlər mövcud deyil. Siyasi sistem cəmiyyət bütövlüyünü qoruyub saxlaya bilmir. Belə halda etirazlar əsasən daxildən yetişir və xarici ünsürlər də təkanverici qüvvələr qismində çıxış edir.
İnqilabın (onun tərkibi olan elementlərin meydana gəlməsi) başlaması artıq mövcud əlaqələr və münasibətlər sisteminin dağılmasını şərtləndirir. İnqilabın səbəbləri müxtəlif olur və adətən, daha çox sosial-siyasi məzmun kəsb edir. Gərgin mərhələdə siyasi fəaliyyətlə sosial elementlər arasında uyğunsuzluq yaşanır. Bu uyğunsuzluq partlayışa səbəb olur. İdarəolunmaz hallar yaşanır.
İnqilabi proseslərin öz mərhələsi var: cəmiyyətdə, siyasi qüvvələrdə yaranmış etiraz müqabilində inqilabın yetişməsi mərhələsi; proseslərin baş verməsi, etirazın partlaması, dalğaların genişlənməsi və proseslərin nəticələnməsi. Burada kiçik etirazlardan böyük dalğalara keçidlər yaşanır. Sonra xarici təsirlərin gücü sayəsində ya böyümə prosesləri davam edir, ya da yeni sabit sistemə keçidlər baş verir. İnqilabların kəskin və xroniki vəziyyətləri formalaşmış olur. İnqilablar uğurlu nəticələr verə bilir və eləcə də uğurlu olmayan, yəni əvvəlki vəziyyətləri müsbət axara doğru dəyişdirə bilməyən əsaslarda müəyyən müddətlər üçün davamedici olur. Hətta uğursuz olaraq vətəndaş müharibələri ilə də nəticələnir. Ölkəni ayrı-ayrı siyasi qruplar öz nüfuz dairələrinə bölür. Gürcüstanda, Ukraynada baş vermiş rəngli inqilabları kəskin məzmunlu kimi xarakterizə etmək olar. Suriyada isə 2011-ci ildən bu yana xroniki vəziyyət mövcuddur. Xroniki vəziyyətlərdə kənar qüvvələrin rolu həlledicidir.
Tarix inqilablarla, hakimiyyətə, qarşı yönəlmiş kütləvi xalq hərəkatları ilə tez-tez rastlaşıb. Tarix bu inqilabların səbəb və nəticələrinə öz qiymətini verib. XX əsrin əvvəllərində və ortalarında ayrı-ayrı ölkələrdə (Rusiyada, Şərqi Avropada, Amerika qitəsində və Asiya ölkələrində, Afrikada) baş verən inqilablar dövlət quruluşunun və idarəetmə rejiminin dəyişməsi ilə nəticələnib. İnqilab özü ilə çevrilişi doğurub və yeni nəticələr meydana gətirib. Hətta bir ölkədə baş verən inqilab (məsələn, Rusiyada əsrin əvvələrində olan fəhlə hərəkatları) dalğa formasında bir çox ölkələri əhatə edib.
İnqilablar imperiya əsarətlərinə (XX əsrin ortalarında və sonlarında sovet məkanında, sosialist düşərgəsində baş verən inqilabi hərəkatlar) qarşı da yönəlib və etiraz hərəkatları kəskin qarşıdurmalarla, hətta silahlı münaqişələrlə müşahidə olunub. XX əsrin sonları (Şərqi Avropa) və XXI əsrin əvvəllərinin inqilabları (postsovet məkanında rəngli inqilablar) da hakimiyyətə qarşı yönəlib. Dövlətlə cəmiyyət arasında yeni münasibətlərin formalaşması ilə nəticələnib.
Dünyada ideoloji inqilablar xüsusi yer tutub. Daha doğrusu, XX əsr boyu baş verən inqilabların bir qismi kommunist, sosialist ideyalarına söykənib və kənar rejim tərəfindən (məsələn, SSRİ tərəfindən Çində, Vyetnamda, Koreyada, Mərkəzi Amerika ölkələrində inqilablar dəstəklənirdi) dəstəklənib.
İnqilablar öz yüksəliş mərhələsi etibarilə əhalinin bir qisminin kiçik etirazlarından başlayaraq, dalğalanan hərəkatlarına qədər böyüyən dalğalı bir proses olub. Bu baxımdan bu kimi proseslərə bir çox hallarda tibbin dili ilə “metastaz vermiş xərçəng” adını da vermək olar. Bəzi inqilablar cəmiyyətdə olan əksər dəyərləri məhv edib.
Hər bir proses kimi, inqilabların da tərkib elementləri mövcuddur. Bu tərkib elementlərdə tərəflər və alətlər, vasitələr çıxış edir. İnqilab özü təfəkkürdə bir anlayış kimi formalaşdığından, anlayışın tərkib elementləri mövcud olub. Tərkib elementlərinə sistemi dağıdan və xaos yaradan etiraz hərəkətlər daxildir. İnqilablar məcmu məzmunlu olur və tərkib elementlərin birliyi və vəhdəti ilə xassələnir.
İnqilabların məzmunu daha çox sosial elementlər üzərində köklənir. Sosial ünsürlərin siyasi maraqları da xüsusi əhəmiyyət daşıyır. İnqilabın sosial bazası onun sosial ünsürlərindən ibarət olur. Sosial ünsürlər etirazçı qüvvələr, xalq kütlələri hesab olunur. Sosial məzmun böyüyüb siyasi məzmuna keçidlər edib.
İnqilab maraqlar naminə idarə olunan bir proses kimi də əhəmiyyət kəsb edir. Bu prosesləri həyata keçirən başlanğıc qüvvələr və etiraz dalğalarından meydana gələn və maraqlarını təmin edən qüvvələr-aparıcı və yan qüvvələr formalaşır.
İnqilabın səbəbləri:
Siyasi sistemlər (idarəetmə mexanizmlərinin strukturu) və siyasi rejimlər (idarəetmənin məzmunu) xalqa xidmət edir. Bu, onların pozitiv nəzəri əsaslarıdır. Siyasi sistemlər dövlət formasını müəyyən edən əsas vasitələr məcmusudur. Siyasi sistemin yuxarı, yəni ali siyasi təbəqəsi idarəetmə məqsədilə öz iradəsini ortaya qoyur. İradənin əsas hədəfi dövlətçilikdən və dövlətçiliyi təmin etməkdən ibarət olur. Hakimiyyətin iradəsi xalqın iradəsi ilə uzlaşanda siyasi sistem sabit formada fəaliyyət göstərir. Bu baxımdan da siyasi sistemlə xalq arasında, eləcə də siyasi sistemin ünsürləri arasında simmetrik münasibətlər mütləq və zəruri amilə çevrilir. Simmetrik münasibətlər cəmiyyətdə sabitliyin zəmanətçisi vasitəsi kimi çıxış edir.
Dövlət ideal məzmunlu bir qurumdur. Əsas məqsədi xalqın firavanlığına xidmətlər üçündür. Buna görə də dövlət hakimiyyətində təmsil olunanların vəzifələri və amalları xalqa xidmətlərə yönəlir. Burada ideallıq meydana gəlir. İdeallıq özündə ədaləti tərənnüm və tələb edir. İdeallıq ideal hüquq normalarının yaranmasını özündə əks etdirir.
Dövlətin ideal məzmunu ilə yanaşı, bir praktik real məzmunu da var. Bu məzmun artıq özündə hakimiyyətdə təmsil olunanların maraqlarını (şəxsi maraqlarını) ifadə edir. Hakimiyyət vəzifələri burada onları tutan (vəzifələrə yiyələnən) şəxslərin maraqlarını ifadə edir. Ümumiyyətlə, cəmiyyətin ünsürlərini hakimiyyətə olan münasibətlərinə görə iki qrupa bölmək olar: hakimiyyətə can atanlar və hakimiyyəti sevənlər. Hakimiyyətə can atanlar daha çox qiyamçı, etirazçı, münaqişə və böhran ruhunda olurlar. Onlar xalq hərəkatlarından istifadə edərək öz maraqlarını təmin etmək uğrunda fəaliyyətə keçirlər və inqilabların aparıcı qüvvələrinə keçməyə çalışırlar. Ümumiyyətlə, cəmiyyətdə əksər şəxslər yüksək mənafə, populyar həyat, ali nüfuz və şəxsi maraqlar naminə hakimiyyətə can atırlar. Hakimiyyətə gəlmənin sivil, dinc və qəbul edilmiş, razılaşdırılmış normalar və qaydalar yolu və anarxik, qiyam yolu mövcud olur. İnqilablar daha çox qiyam yoluna xidmət edir. Çünki əksər hallarda dağıdıcı olur.
Hər bir anlayış kimi, inqilabın da öz konseptual tərifi mövcuddur. Bu tərifi onun tərkib elementləri meydana gətirir:
İnqilab nədir?
-inqilab forma etibarilə xalqın hərəkatıdır, müəyyən məkanlarda hərəkət axınlarıdır, hərəkət müstəvidir;
-inqilab kütlənin etirazlarını ifadə edən və tələblərini əks etdirən bir müstəvidir;
-inqilab özündə küçə nümayişlərini, meydan mitinqlərini əks etdirən bir etiraz müstəvisidir;
-inqilab sabit siyasi sistemi pozan ünsürlərin kütləsidir və kütləli axınıdır;
-inqilab bir qrup şəxsin siyasi maraqlarını təmin etmək üçün kütlənin toplu mübarizəsidir;
-inqilab siyasi hakimiyyətin çevrilməsi məqsədinə yönəlmiş fəaliyyətdir;
-inqilab siyasi idarəçilik rejimini dəyişmək üsulu və vasitəsidir;
-inqilab siyasi sistemin dəyişməsi məqsədilə kütlənin rasional və kortəbii fəaliyyətidir;
-inqilab sistemli əlaqələri və strukturları yeni şərtlərlə formalaşdıran vasitədir;
-inqilab siyasi sistemin anarxik nəticələrini formalaşdıran bir vasitədir;
-inqilab yeni siyasi sistemləri meydana gətirən dəyişikliklərə nəticələr verən bir ümümxalq hərəkat vasitəsidir;
-inqilab siyasi sistemlərin əvvəlki və yeni ünsürləri arasında əlaqələr yaradan sistemli şəbəkədir;
İnqilabların baş verməməsi üçün hakimiyyət bu kimi addımları atmalıdır:
-demokratiya yolu (azad seçim və insan hüquqlarının təminatı variantları) ilə hakimiyyətin qollarını formalaşdırmalıdır;
-özünü xalqın azad və sərbəst seçimi ilə formalaşdırmalıdır;
-cəmiyyətin nəbzini tutmalıdır;
-cəmiyyətin sifarişlərini yerinə yetirməlidir;
-cəmiyyətlə öz arasında uzlaşmış məzmunlu struktur formalaşdırmalıdır;
-özü ilə xalq arasındakı münasibətlərdə “güzgü simmetriyası”na uyğun əlaqələr yaratmalıdır;
-xalqın resurs təminatını tarazlı şəkildə həyata keçirməlidir;
-cəmiyyətdə “hərənin öz payı” prinsiplərini tətbiq etməlidir;
-cəmiyyətdə sosial yükü yumşaltmalıdır və əmək münasibətlərini yüksək səviyyədə təmin etməlidir;
-xarici siyasəti beynəlxalq hüquqa uyğun qurmalıdır ki, öz xalqının dünya resurslarından istifadəsi üçün imkanlarını genişləndirsin;
-dövlətin piramidal pikini onun ətrafı ilə rəngarəng, lakin etik və estetik ruhda formalaşdırmalıdır;
-idarəçilik ruhunu zənginləşdirməli və radikal münasibətlərdən əl çəkməlidir;
-cəmiyyətin daxili məkan boşluğunu (yer baxımından) şaquli və üfiqi olaraq genişləndirməlidir;
-cəmiyyətə qarşı rəhmli, insanpərvər ruhda mövqe nümayiş etdirməlidir;
-cəmiyyətin potensialından səmərəli istifadə üçün şərait yaratmalıdır;
-siyasi qüvvələrlə daimi dialoqlar qurmalı və müzakirələr aparmalıdır;
-ayrı-ayrı qrupların maraqlarını nəzərə almalıdır;
-cəmiyyətin avanqard qüvvələrini diqqətdə saxlamalıdır;
-öz tərkibini müxtəlif mövqeli elementlərdən formalaşdırmalıdır və s.