Elşən Nəsibov,
Siyasətşünas alim
Dövlət olmadan demokratiya ola bilməz. Dövlət demokratiyanın təsbiti və ifadə olunması, genişlənməsi və sistemləşməsi üçün həm əhatələndirici müstəvidir, sistemləşdirici tərəfdir, həm də qoruyucu, varlığı təmin edən bütövləşdirici elementdir. Dövlət elementi məhz tərəflərə – hakimiyyət və qeyri-hakimiyyət tərəflərinə qarşılıqlı şərtləndiricilik verir. Buna görə də dövlət hakimiyyəti yaşadır, onu zəruri edir. Dövlət öz idarəçilik funksiyasını demokratiya ilə yerinə yetirir. Deməli, hakimiyyət şərtləndirici tərəfdir. Dövlət xalqın daxili və beynəlxalq hakimiyyəti üçün haqq verir. Xalqın özünü özünə idarəçi edir və tənzimləyici tərəf kimi çıxış edir. Dövlət hakimiyyət mənbəyindən özünü idarə edən demokratiya tərəfi meydana gətirir. Dövlətlə xalqın ortasında təmsilçi, nümayəndəli tərəf kimi hakimiyyət çıxış edir. Hakimiyyət dövlət idarəçiliyinin həm subyektini, həm də obyektini müəyyən edir. Özünün tənzimləmə funksiyası obyektlərini sistemləşdirir. Hakimiyyət piramidası dövlətin idarəçilik mexanizminin şaxəli əsaslarını meydana gətirir. Hakimiyyət məfhumu, kriteriyası dövlətin iyerarxik nərdivanını yaradır.
Hakimiyyət dövlətə və vətəndaşlara bağlıdır. Hakimiyyət xalqın dövlətdə olan siyasi tənzimləyici tərəfidir, qrupudur. Hakimiyyət özü xalqla birlikdə demokratiya anlayışını ifadə və təsbit edir. Hakimiyyət xalqla dövlət arasında bağlayıcılığı yaratmaqla özünü hər iki tərəfin mərkəzində qərarlaşdırır. Demokratiya dövlətçilik və dövlət anlayışlarının tərkibini ifadə edir. Demokratiya dövlətlə xalq arasında koordinasiyaedici məfhum rolunu oynayır və keçiricilik, bağlayıcılıq funksiyasını yerinə yetirir. Hakimiyyət dövlət idarəçiliyini sübuta yetirən kriteriya rolunu oynayır.
Dövlət demokratiyanı yaradır, ənənəvi olaraq nəsillərdən-nəsillərə ötürür. Dövlət daxilində demokratiyanın tərkib elementləri tez-tez dəyişir. Bununla da dövlətin varlığına bağlı olan irsi, ənənəvi şəkildə davamedici hakimiyyət formalaşır. Dövlət fenomeni hakimiyyətin rəvan şəkildə irsən əvəzlənməsini təmin edir. Hakimiyyətə zaman ardıcıllığı ilə xalqdan nümayəndələr qəbul edir. Xalqın daimi idarəçiliyi meydana gəlmiş olur. Demokratiyanın qurucu nəticəsi dövlətdir, eləcə də dövlət demokratiyanı təmin edən fenomendir.
Demokratiya cəmiyyəti də dövlətdə təmsil edən dəyərdir, məfhumdur. Bu baxımdan dövlət xalqdan, xalqın yaratdığı əlaqələr forması olan cəmiyyətdən və hakim təbəqədən, idarəetmə qrupundan ibarətdir. Dövlətin, hakimiyyətin, cəmiyyətin mənbəyi xalqdır, insanlardır. Bu kimi qurumlar insanların düşüncələrinin və əməllərinin zəruri şərtləri ilə yaranan fenomenlərdir. Xalq, ayrıca fərd hakimiyyət yolu ilə özünün siyasi statusunu meydana gətirmiş olur. Hakimiyyət və dövlət kriteriyaları cəmiyyətin təşkilatlanması üçün əsasları ortaya qoymuş olur. Hakimiyyət insan maraqlarını özündə daşıyan hüququnun ifadəedici tərəfi və vasitəsidir.
Dövlət cəmiyyət tərəfindən yaradılmış və cəmiyyətin sahələr üzrə maraqlarına cavab verən bir təsisatdır. Dövlət cəmiyyəti əhatə etdiyindən ali bir təsisatdır. Cəmiyyətin sahələrini tənzim edən, cəmiyyətin sahələrini genişləndirən və sahələr üzrə maraqlara cavab verən bir qurumdur. Cəmiyyətin sahələrini uzlaşdıran və bu baxımdan da sosial maraqları qruplaşdıran kompleksiyadır. Dövlət cəmiyyətin telləri arasında harmoniya və simmetiya yaradan universallaşdırıcı və məxsusiləşdirici bir kompleksiyadır. Dövlət cəmiyyətin öz üzərində nəzarətini və müşahidəsini yerinə yetirən siyasi bir kompleksiyadır, modeldir. Dövlət və onun hakimiyyəti insanların bütün sahələrdə hüquqlarının təminatını həyata keçirən bir qurumdur. Dövlət həm də hüquq müəyyənedici, hüquqları tərkibə ayıran, ayırd edən və normalara salan fenomendir. Dövlət insan maraqları sferalarını yaradır, bu baxımdan ayrı-ayrı sahələrdə əmək və istehsal münasibətlərini, istehlak münasibətlərini meydana gətirir. Dövlət insanların cəmiyyətdə yaranan mədəni, siyasi, iqtisadi, inzibati, humanitar maraqlarını nizamlayan (zaman və məkan kriteriyası üzrə) bir təsisatdır. Cəmiyyətin sosial təbəqələrinin məxsusi maraqlarını və qarşılıqlı maraqlarını təmin edən siyasi formasiyadır. Hakimiyyət və dövlət fenomeni maraqları çərçivələrə salan elementlər və sahələrdir. Hakimiyyət və dövlət insan hüquqlarını himayə edən əsas güc tərəfləridir.
Dövlətin mövcudluğu xalqın demokratik hüquqlarının formalaşmasına və təminatına əsas verir. Dövlət ictimai hüququn nəticəsidir. Burada fərdin hüquqları da əks olunur. Dövlət kollektiv hüququn təmin olunması fenomenidir. Kollektiv hüququn ifadə olunmasında meydana gəlib. Dövlət demokratiyanın ifadəsi üçün ən mühüm təsisatdır. Dövlət xalqın hakimiyyət hüququnu və idarəçilik hüquqlarını tanıyır və yerinə yetirir.
Demokratiya – öz qədim tərifinə görə, "xalqın hakimiyyəti" deməkdir. Dövlətə sahib olan xalq siyasi baxımdan təşkilatlanmışdır. Monoetnik dövlətlərdə hakimiyyətdə yalnız həmin xalqın nümayəndəsi təmsil olunur. Lakin çoxxalqlı dövlətlərdə isə vətəndaş amilinə görə hakimiyyət də rəngarəng və multikultural olur. Bu baxımdan da demək olar ki, hər bir xalq təşkilatlanıb, digər xalqla birlikdə öz dövlətlərini qurublar. Multisivilizasiya əsaslı hakimiyyət yaranıb.
Qeyd edək ki, insan hüquqları təbiidir. Dövlət forması da təbiidir. Onda demokratiya, yəni xalqın öz hakimiyyətində təmsil olunması da təbii bir haldır. Dövlət hüququ, hakimiyyət hüququ xalqın təbii hüquqlarının tərkib hissəsidir.
Bütün sahələrdə olan hüquqlar dövlət tərəfindən müəyyən olunur, normalara salınır. Dövləti də bir tərəf kimi hakimiyyət təmsil edir. Hakimiyyət normalar müəyyən edir. Buna görə də insanların siyasi hüquqları demokratik hüquqlar adlanır. Demokratiya xalqın azad şəkildə, sərbəst seçim ilə öz hakimiyyətində təmsil olunmasıdır. Burada azadlıq hüququ demokratiya hüququnun tərkibini təşkil edir. Hakimiyyət xalqın azad seçimi ilə yaranmış iradəli tərəf olmaqla, xalqın azadlı q hüququnu müdafiə edən tərəf və mexanizm rolunu da ifadə edir.
Xalqın hakimiyyət hüquqları dövlətin konstitusion hüquqlarında öz əksini tapır. Hakimiyyət baza və baza hüquqları genişləndirən əsas mexanizm və struktur rolunu oynayır. Dövlət xalqın özünün özü üzərində hüquqları təmin etmək üçün nəzarət mexanizmisini yaradan bir strukturdur. Dövlətin idarəçilik hüququnun obyekti də məhz özüdür. Demokratiya xalqın özü tərəfindən özü üzərində nəzarət yaradan sistemli və mexanizmli bir fenomendir.
Demokratiya vətəndaşlıq (hüquqlara malik olmaq statusu) vəziyyətini təsdiq etmək üçün hüquqlar müəyyən edir. Demokratiya bir düşüncə obyekti olaraq, xalqla onun özü arasında yaradılmış əlaqələrin hüquqi-siyasi məzmununu müəyyən edən ifadədir. Demokratiya fəlsəfəsi dövlətçilik fəlsəfəsinin tərkibi olmaqla hüquq düşüncələinin siyasi və mədəni əsaslarını meydana gətirir. Demokratiya dövlət idarəçiliyinin sahələr üzrə genişlənməsini təmin edən məfhumdur, təkanverici və haqq qazandırıcı vasitədir. Demokratiya hakimiyyət hüququnu verir və bu da özlüyündə çoxluğun yaratdığı bir qrupa çoxluq üzərində nəzarət və idarəçilik hüququnu verir. Deməli, demokratiya xalqın özü tərəfindən özünə siyasi nəzarət fenomenidir. Demokratiya həm də müdafiə fenomenidir. Xalq öz hakimiyyəti vasitəsilə özünün hüquqlarını təmin edir və özünü qoruyur. Özünü qorumaq üçün güc vasitələri yaradır, istehsal əlaqələrini təşkil edir. Maraqların təmin olunmasını həyata keçirir. Xalqın iqtisadi, mədəni və siyasi maraqlarının təmin olunması hüququ məhz demokratik hüquqların əsaslarını meydana gətirmiş olur. Demokratik hüquqlar idarəetməni təşkil hüququndan və idarəçilikdə iştirak hüququndan ibarətdir. Bu hüquqlar da insanların baza hüquqlarının təminatını şərtləndirir.
Demokratiya xalqın siyasi məsələlərdə və hakimiyyətin formalaşdırılmasında azad şəkildə seçimidir, təyinatıdır, nümayəndələr göndərməsidir və bu proseslərə haqq vermək vasitəsidir. Buna görə də strukturlu və sistemlidir. Xalq hakimiyyətdə təmsil olunmaqla dövləti məxsusiləşdirir və ictimailəşdirir. Dövlət buna görə də fərdi, sosial və siyasi (ali) mənsubiyyətli olur. Demokratiya xalqın hüquq mənsubiyyətini meydana gətirir.
Dövlətin fəaliyyəti həm daxili, həm də xarici məzmunludur. Buna görə də beynəlxalq münasibətlər hüququ xalqın demokratiya hüququna aid olur. Dövlət beynəlxalq münasibətlərə qoşulur və bununla da öz vətəndaşlarının demokratiya hüquqlarını ifadə etmiş olur.
Demokratik hüquqlar
Müasir zamanda fərd dövlətsiz və cəmiyyətsiz yaşaya bilməz. Sivil yaşayış tərzi və vərdişləri dövlətə məxsusdur. Sivil yaşayış kənd, qəsəbə, şəhər tipli yaşayış formalarıdır. Bu yerlərdə insanların kollektiv istehsalat münasibətləri və digər məişət-sosial münasibətləri meydana gəlir. Dövlət və cəmiyyət insan həyatının bütün sferalarını əhatə edir, sərhədləyir və digər tərəfdən də genişləndirir. Cəmiyyətdə əxlaq tələb olunur. Dövlət və cəmiyyət mədəniyyət fenomenidir. Sivil yaşayış forması da siyasi və etno-milli mədəniyyət nümunəsidir. Hansı ki, məkanda mövcud olan elementlər insanların sosial, siyasi elementləridir. Hakimiyyət, yəni demokratiya insanların sivil statuslarını müəyyən edən elementlər cəmindən ibarət olan anlayışdır. Demokratiyanın konseptuallığı onda olan şaxəli elementlərlə və insan həyatını bürüyən sahələrlə ifadə olunur. Demokratiya insanların sivil münasibətlərindən yaranan və sivil münasibətlərini tənzim edən məfhumdur, kriteriyadır. Sivil (kollektiv mülki yaşayış tərzi) həyat normaları, zərurətlər və ictimai münasibətlər özlüyündə demokratiyanın əsaslarını formalaşdırır. Sivil yaşayış tərzinin tələblərinin həll edilməsi zərurətləri demokratiyanın prinsiplərini formalaşdırır. Demokratiya haqlar verir və demokratiya haqq qazanır.
İnsan həyatda, cəmiyyətdə normalarla, ölçülərlə, qaydalarla yaşayır. İnsan maraqlarının, ehtiyac və tələbatının ölçüləri, meyarları mövcuddur. İnsan istəklərinin də ölçüləri var. Cəmiyyətdə insan maraqları ölçülərə bölünüb və şaquli və üfiqi olaraq tərkib hədlərdən ibarətdir. Sistemlər və onların elementləri ölçülərdən irəli gələrək əlaqələr strukturunu yaradıb. Tərkib kəmiyyətlərdən, elementlərdən formalaşan sistemdir. Məkan, resurs, zaman və insan həyatının bütün fəlsəfi ölçüləri, kriteriyalar və kateqoriyalar ölçülərə tabe olur. Bu kriteriyalar hədləri meydana gətirir. Hakimiyyət və onda təmsil olunma da ölçülərlə müəyyən olunur.
Dövlət özü normaların, hədlərin, ölçülərin, qaydaların nəticəsidir. Dövlət tərəflərin yaranması zərurətidir. Dövlət maraqları, ölçüləri, hədləri müəyyən etmək üçün yaradılan bir formadır. Buna görə də demokratiya hüquqları da ölçülərə tabedir. Dövlət universal və məxsusi norma və qaydalar yaradır. Dövlət demokratik hüquqları ölçülərlə müəyyənləşdirir. Demokratiya varsa, onun hədləri də var. Demokratiya tərkibi sərhədlərdən ibarət olan elementlər kompleksindən meydana gəlir.
Demokratiya genişlənən bir məfhumdur. İnsanlar arasında münasibətlər və əlaqələr genişləndikcə, böyüdükcə hüquqlar da resurslara müvafiq olaraq böyüyür. Vəsaitlər və onların idarə olunması ilə əlaqədar vəzifələr genişlənir. Demokratiyanın yerinə yetirilməsi prosesləri və elementlərin trayektoriyaları çoxalmış, genişlənmiş olur. Demokratiya zamanı hərəkət məkanları və hərəkət sferaları böyüyür. Böyümüş məkanlar vəzifəni genişləndirir. Bu baxımdan da demokratiya genişlənir. Hüquqların genişlənməsi fonunda haqlar böyüyür.
Demokratiya həm məhdudların tətbiq edilməsi zərurətini ortaya qoyan (norma və qaydalar özü kəmiyyəti meydana gətirir), həm də normaları aşan, yəni, yeni normalar yaradan bir kateqoriya və kriteriyadır. Demokratiya kateqoriyası hüquqları üfiqi və şaquli əsaslarla artırır, eləcə də qeyri-müəyyənliyi müəyyənliyə çevirərək təsdiqləyir. Bu genişlənən müstəvi çərçivəsində normalar sistemini yaradır. Demokratiyanın, yəni hakimiyyətin daxili strukturlu və mexanizmli müstəvisi meydana gəlir. Sistemlər arasında olan hüquqi məsələlər demokratiyanın tənzim amilini zəruri edir. Demokratiya kriteriyası, meyarı idarəetməni yaradan, idarəetmənin prinsiplərini müəyyən edən kriteriyadır.
Demokratiya varsa, qanun da var, hüquq da mövcuddur. Demokratiya insan haqlarının məhsuludur. İnsanlar öz haqlarını ifadə etmək məqsədilə konstitusiyalar, qanunlar, qaydalar yaradırlar. Bununla da öz demokratik hüquqların təsbit etmiş olurlar. Hüquqları qeyri-müəyyənlikdən müəyyənliyə çevirirlər. Hüquqi mexanizmlər hakimiyyət və dövlətin əsaslarını meydana gətirir.
İnsanların demokratiya, yəni, hakimiyyət hüquqları konstitusiyalarda və digər qanunvericilik aktlarında öz əksini tapır. Konstitusiya demokratik hüquqların bazasını, mərkəzi hissəsini təşkil edir. Digər demokratik hüquqların şaxələnməsini, kompleksləşməsini zəruriləşdirir. Konstitusion hüquqlar mənşə hüquqları toplusudur. Bu sənəddən meydana gələn törəmə sistem demokratiyanın törəmə xassələrinin əsaslarını yaratmış olur. Baza hüquq və azadlıqlar konstitusiyaların ilk hissələrində daha da geniş şəkildə öz nəzəri konsepsiyasını əks etdirir.
Dövlətin də demokratik hüquqları, demokratiyadan şaxələnən hüquqları mövcud olur. Belə ki, beynəlxalq əlaqələr dövlətə dünyada hakimiyyət hüquqları bəxş etmiş olur. Ölkə daxilində demokratik hüquqları hakimiyyət tanıyırsa, beynəlxalq münasibətlərdə də dövlət həyata keçrir. Dövlətin bütövlüyü və hərəkəti (hakimiyyətin aktları formasında) xalqların dünya demokratiyası təmin olunur. Dövlətlər öz beynəlxalq demokratik hüquqlarını əlaqələr yaratmaqla təmin etmiş olurlar.
Demokratiya prinsiplərinə görə, hər kəs eyni hüquqlara malik olur. Hər bir təbəqənin öz hüququ mövcud olur. Təbəqələrin potensialına, imkan və ehtiyaclarına müvafiq olaraq hüquqları normalara salınır. Deməli, demokratiya hüquq normaları ilə yerinə yetirilən anlayışdır, aktlar məcmusudur. Hakimiyyət və idarəetmə aparatı vahid normalar və qaydalara tabe olur. Hakimiyyət və onun qollarının formalaşması insanların demokratik hüquqlarının təsbiti, ifadəsi və tətbiqi olaraq meydana gəlir. Demokratiya hər kəsə “pay verən”, bölücü bir məfhumdur. Bu baxımdan da universallıqdan məxsusilik yaradan konkret anlayışdır.
Demokratik hüquqlar insanların dövlətlərini təşkil etmək, dövlətlərinin işində fəal iştirak etmək və dövlət hakimiyyətini formalaşdırmaq hüquqlarıdır. Dövlət hakimiyyətini formalaşdırmaqla insanlar öz hüquq sahələrini böyütmüş və strukturların sayını çoxaltmış olurlar. Demokratik hüquqlar insanların təşkilatçılıq və yaradıcılıq, icraedicilik hüquqlarıdır. Demokratik hüquqlar sayəsində vətəndaşlıq statusları əldə olunur. Vətəndaşlıq məsələləri insanlara öz dövlətlərində və hakimiyyətlərində iştirak hüquqlarını qazandırmış olur. Demokratik hüquqlar insanların konstitusion hüquqlarıdır. Konstitusiyalarda dövlət quruluşlarının əsasları, idarəçilik formaları, səlahiyyət bölgüləri nəzərdə tutulur. Bu baxımdan da demokratiyanın tərkibinbi təşkil edirlər. Demokratik hüquqlar ictimai nəzarət hüquqlarıdır. Hər kəsə ictimai status verən kriteriyadır. Hüquq normalarının sifarişi özlüyündə demokratik səlahiyyətlərin əsaslarını meydana gətirir. Demokratik hüquqlar ictimaiyyətin hakimiyyət və dövlət üzərində nəzarətini təmin edən hüquqlardır.
Demokratik hüquqlar məzmunca azadlıq hüquqlarıdır. Azad seçim və təyinat hüquqları insanların baza demokratik hüquqlarının əsaslarını formalaşdırır, eləcə də bazadan meydana gəlir.
Demokratik hüquqlar insanların seçki və referendumu təşkil etmək və seçmək, seçilmək, istənilən siyasi məsələni referenduma çıxarmaq hüquqlarıdır. Demokratik hüquqlar dövlət rəhbərini seçmək və ona konstitusion səlahiyyətlər vermək hüquqlarıdır. Demokratik hüquqları vəzifə səlahiyyətlərini müəyyən etmək və onu icra etmək hüquqlarıdır. Dövlət rəhbəri və hakimiyyət rəhbərləri ilə bağlı vəzifə və səlahiyyətlər müəyyən olunur və onlara demokratik hüquqlar verilir. Demokratik hüquqlardan yeni demokratik hüquqlu tərəflər formalaşır. Belə ki, dövlət hakimiyyəti öz vəzifə səlahiyyətlərindən istifadə edərək, hüququ müəyyən etmək funksiyasına malik olur. Hakimiyyət hüquqları müəyyən edir və bu, onun demokratik səlahiyyətlərinə aid olur.
Hüquqların müdafiəsi, dövlətin və hakimiyyətin həm vətəndaşlar tərəfindən, həm də hakimiyyətin özü tərəfindən qorunması hüquqları meydana gəlmiş olur. Hakimiyyət öz səlahiyyətlərinin, ona verilmiş hüquqların müdafiəsi məqsədilə özünü qorumaq hüquqlarına malik olur.
Demokratiya insan mənliyini yaradır və bu kriteriya ilə insan cəmiyyətdə, ümumən həyatda özünü təsdiq etmiş olur.
Demokratiyanın tərifi:
– forma və məzmunca xalqın hakimiyyətidir və hakimiyyətlə olan münasibətlərinin məğzidir;
– hakimiyyətin formalaşdırılması kriteriyasıdır;
– ümumi məfhumdur və bütün siyasi münasibətlərin formalaşması üçün universal bölücü, paylayıcı kriteriyadır;
– xalqın özünü siyasi baxımdan dərk etməsidir;
– xalqın mədəni (yaradıcı və qurucu) əxlaqının, tərbiyəsinin əsasıdır;
– ictimaiyyətlə dövlət arasındakı münasibətlərin ümumi əsasını formalaşdıran kriteriyadır;
– siyasi təşkilatlanma kriteriyasıdır və dəyəridir;
– normayaradıcı kriteriyadır;
– norma tətbiqedici kriteriyadır;
– idarəçilik, nəzarət və müşahidə kriteriyasıdır;
– dövlətlə xalqı bağlayan və mədəni bütövlük kriteriyasıdır;
– siyasi sistem və mexanizm yaradan vasitədir;
– demokratiya siyasi düşüncə kriteriyasıdır;
– demokratiya siyasi və hüquqi status kriteriyasıdır;
– demokratiya dövlət-fərd, fərd-dövlət bağlılığı və harmonik vəhdət kriteriyasıdır;
– demokratiya fərdin hüquq və siyasət, eləcə də mədəniyyət kriteriyasıdır-demokratiya mədəni akt olaraq dövlət və cəmiyyəti, hakimiyyəti yaratmaq və hakimiyyətdə təmsil olunmaq üçün haqlar müəyyən edir.