SƏFTƏR RƏHİMLİ
Mülki və ya şəxsi hüquqlar kimi tanınan insan hüquqları müəyyən bir tarixi inkişaf yolu keçmiş və fərqli dövlətlərdə müxtəlif vaxtlarda bərqərar olmağa başlamışdır. İnsan hüquqlarının yaranma vaxtını (“insan hüquqları nəsli”) həyat fəaliyyətinin sferasına – şəxsi (mülki), siyasi, iqtisadi, sosial və mədəni hüquq və azadlıqlara görə fərqləndirilir.
Ədəbiyyatda insan hüquqları ideyasının mənşəyi antik mikena (e.ə. II minilliyə), indus, konfutsilik, şumer (sümər) – babil və digər qədim mədəniyyətlərə bağlansa da, həmin ideya müasir insan hüquqları ilə kəskin fərqlərə malik olmuşdur.
Müasir dövrdə insan hüquqlarının hüquq ədəbiyyatında müxtəlif təsnifatlarına rast gəlinməkdədir. Bunlardan biri də insan hüquq və azadlıqlarının məzmununa görə fərqləndirilməsidir.
Bu halda 4 qrup – siyasi, şəxsi, sosial-iqtisadi və soisal-mədəni hüquqlar qeyd edilir.
Yaranma tarixi hüquqların təsnifatında da əhəmiyyətli rol oynamışdır. İlk öncə, böyük bir qismi mütləq əhəmiyyət kəsb edən insan hüquq və azadlıqları – birinci nəsil insan hüquqları təsbit edilmiş, demokratik ölkələrin təcrübə və qanunvericiliyində konkretləşdirilərək, bəşəri dəyərlər kimi tanınmışdır.
Ədəbiyyatda və qanunvericilikdə, o cümlədən beynəlxalq hüquqda mülki hüquq kimi ifadə edilən bu hüquqlar əslində şəxsi hüquqlardır. Birinci nəsil hüquqlar kimi tanınan bu hüquqlara fikir, vicdan və din azadlığı, qanun qarşısında bərabərlik , ədalətli məhkəmə baxışı hüququ, yaşamaq, azadlıq və şəxsiyyətin təhlükəsizliyi, hakimiyyətin təşkili və idarəetmədə iştirak etmək və d. şəxsi hüquqlar aid edilir.
Azərbaycan hüquq ədəbiyyatında bu hüquqların adlandırılması ilə bağlı müxtəlif terminlərdən istifadə edilməkdədir. Əksər halda beynəlxalq hüquqa uyğun olaraq, “mülki” termindən istifadə edilir. Lakin yanlış olaraq “vətəndaş” terminindən də geniş istifadə edilməkdədir. Həm də bir çox hallarda Müllki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın (1966) adı səhvən Vətəndaş və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt kimi tərcümə edilir.
Məsələ ondadır ki, “vətəndaş” termini Paktda ifadə edilən və “hər kəs” üçün nəzərdə tutulan şəxsi hüquqlardan fərqli olaraq “yalnız bu və ya digər dövlətlə hüquqi əlaqəyə malik olan” vətəndaşlar üçün nəzərdə tutulan hüquq kimi başa düşülməlidir ki, bu da Paktın məqsədinə uyğun deyil. Pakta ingilis dilində ifadə edilən “civil right”, rus dilində "гражданские право" bəzən səhvən azərbaycan dilində "mülki hüquq" kimi yanlış tərcüməyə əsas vermişdir.
Hesab edirik ki, Paktın adında və Preambulasında ingilis dilində ifadə edilən "civil" termini “personaliti” termini kimi qəbul edilməlidir. Bu “civil” termininin bəzi dillərdə, məsələn, “гражданскйе” (mülki) kimi yanlış hərfi tərcüməsini də aradan qaldırmış olar.
Şəxsi hüquq və azadlıqların hüquqi təminatları konstitusiyada ifadə edilsə də, onun daha əhəmiyyətli tənzimlənməsi cinayət, cinayət prosessual qanunvericiliklə təsbit edilir. Bir halda şəxsi digər şəxslərin cinayətkar hərəkətlərindən qorumaq üzrə normalar nəzərdə tutulursa, başqa bir halda isə fərdi hakimiyyət orqanlarının və vəzifəli şəxslərin özbaşınalığından qorumaq nəzərdə tutulur.
İfadə etdiyimiz hüquqların təsnifatını aparan qərb hüquq elmi mülki (şəxsi) hüquqların pozitivləşdirilməsini Avropa burjua inqilabları ilə əlaqələndirir. Bu zaman Böyük Azadlıqlar Xartiyasından (1215) başlayaraq, Habeas korpus (1678), Hüquqlar Haqqında Bill (1689), ABŞ-ın müstəqillik Bəyannaməsi (1776), Fransanın Vətəndaş və insan hüquqları Bəyannaməsi (1789) və digər aktlara istinad edilir. Lakin bu hüquqlar üçün müəyyən edilmiş “təbii hüquq” başlanğıcı dini mənbələrə dayanır.
Ədəbiyyatda qeyd edildiyi kimi, hər cür sivilizasiyanın əsası və fonu, şübhəsiz ki, dindir və “bütün sivilizasiya dini başlanğıca əsaslanır”. İnsan hüquqlarının müqəddəsliyi (ayrılmazlığı, toxunulmazlığı və pozulmazlığı ) İbrahimi dinlərlə – iudaizm, xristanlıq və islamla meydana gəlmişdir.
Müasir Qərb demokratiyasının və insan hüquqlarının formalaşmasında əhəmiyyətli rol oynamış ABŞ-ın "Müstəqillik Bəyannaməsi" də insan hüquqlarının mənşəyi ilə bağlı İlahi ünvana istinad edir. Orada qeyd edilir: “Biz elə aşkar həqiqətə əsaslanırıq ki, bütün insanlar bərabər yaradılıb və Yaradan tərəfindən onlara müəyyən ayrılmaz hüquqlar verilib, bunların sırasına həyat, azadlıq, xoşbəxtliyə can atmaq hüquqları aiddir. Bu hüquqıların təmin edilməsi üçün insanlar tərəfindən qanuni səlahiyyətlərini onların razılığı ilə həyata keçirən dövlətlər yaradılır”.
Etik-fəlsəfi və bəzən də insanın həqiqi mahiyyətinə uyğun gəlməyən adət və rituallara əsaslanan indus, konfutsianlıqdan fərqli olaraq, İbrahimi sivilzasiyada hüquqi tənzimetmənin çərçivəsi dinlə müəyyən edilir və həyatı fərdiləşdirilərək, şəxsiyyətin statusuna hüquqi sistemi ilə xüsusi yer verilir, onun xarici dünyaya fəal münasibəti üçün qaydalar müəyyən edir.
Dinin insan hüquqlarının əhəmiyyətinin əsasında dinin insanı qiymətləndirmə səviyyəsi dayanır. İctimai proseslərin normal mövcud olduğu zamanlarda onlar biri digərini tamamlayıb. Dini əsasların pozulması mənəvi dəyərlərin dağılmasına gətirib çıxarıb. İnsan həyatı uğrunda dinin mübarizəsi onun mənəvi aləminin dəyərinin təsdiqidir. Dinin insan hüqüqları ilə qarşılıqlı əlaqəsi hər bir sivilzasiyada fərqli olub. Əgər ilkin yəhudi dinində Allahla münasibət problemi kollektiv təfəkkürün hökmran prinsipini əks etdirən “Allah-insan” kimi qoyulmuşdursa, o zaman həyatın ictimai formlarının differensasiyası və fərdin bu sistemdə ayrılması ilə həmin ideya dindarın şəxsi mükafatlandırılması ideyası, şəxsi əvəz və qurtuluş ideyası şəklini aldı.
Təhrif olunan yəhudi dinindəki milli, etnik ayrı-seçkilik xristianlıqla aradan qaldırılır. Xristianlıq təhrif edilən yəhudi dininin milli məhdudiyyətinə üstün gəlir. Xristianlığa görə şəxsi azadlıq və insanın nisbi fərdiyyətçilik ideyası da, kateqoriya olmaqla onun hər hansı bir sistemdən, o cümlədən siyasi hakimiyyət sistemindən asılı olmadığını əsaslandırır və onun müstəqilliyini təmin edir. Lakin orta əsrlərin teoloji dünyagörüşü kilsə ehkamlarına çevrilməklə monarx hakimiyyətinə xidmət etməyə başlayır. Burjua inqilabları isə bu əsasları dağıtmaqla yeni hüquqi sistemi təsis etməyə başlayır. Yeni formalaşmaqda olan dünyagörüşdə ilahi qanunun yerini onun əsaslarında insan hüquqları, kilsənin yerini isə dövlət alır. Hər iki dindəki təhriflər ilkin orta əsrlərdə yeni bir dinin – islamın meydana gəlməsinə səbəb olur.
Yeni dinin əsas məqsədi bərabərlik, qardaşlıq, ədalət, siyasi sistemdə məşvərətli idarə etmənin və şəxsi hüquqları təmin etmək təşkil edirdi. İslam dini insanın azadlığını Allahın möcudluğu ilə şərtləndirir. İslamın insan hüquqları üçün özəlliyi ondan ibarətdir ki, burada ilahi inanc, dini baxışlar, hüquq və mənəviyyat normaları bir mədəniyyət formasında bir-birilə qırılmaz vahid bir sistemdə təzahür edir.
İslam insan həyatının bütün tərəflərini, o cümlədən dövlət-hakimiyyət konsepsiyasını və təcrübəsini son detallarına qədər tənzimlənməni nəzərdə tutur. İslam dinin, mənəviyyat və hüququn sintezi kimi meydana gəlməklə daha dinamik xarakter kəsb edir. Müsəlman inancına görə hüquq normalarının göstərişi yeganə zəruri düşüncə tərzinə riayət etməkdir.
İnsan hüquqlarının müqəddəsliyi baxımından islam siyasi hakimiyyəti təmsil edən hər hansı bir şəxsi baxışı qəbul etmir. Yalnız islam hüququnun avtoritetləri hüquqi təfsir etmək səlahiyyətinə malikdirlər ki, bu da “inzibati hakimiyyətin insan hüquqlarına müdaxiləsini önləməyə yönəlmişdir” desək, yanılmarıq.
İslam, qərb hüquq fəlsəfəsindən fərqli olaraq, “təbii hüquq” konsepsiyasını yalnız Allaha bağlayır. İslamda insan hüquqlarının mənbəyinin Allah olduğu göstərilməsi “hər kəsin toxunulmaz, pozulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır” konsepsiyasını əsaslandırır. Bu konsepsiya siyasi hakimiyyətin insan hüquqlarına müdaxiləsinin qarşısını almağa yönəlib. Quranda deyilir: “Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz?” (Bəqərə:2/44). Bu ayə vəzifə sahiblərinə məsul olduqlarının haqlarına riayət etməyi nəzərdə tutur. Çünki bir insanın haqlarını əldə etməsi həmin mövzuda məsul olan digər insanların öz vəzifələrini layiqincə yerinə yetirməsindən asılıdır. Buna bağlı olaraq da, vəzifə məsuliyyətinin fərqində olan cəmiyyətlərdə insan haqları təbii olaraq təmin edilmiş olacaqdır.
İnsan hüquqlarının ilahi mənbəyi İnsan Hüquqlarının Ümumi İslam Bəyannaməsində, onun Preambulasında da ifadə edilib. Deyilir ki, "… insan hüquqlarının İlahi mənbədən olduğunu nəzərə alaraq, bu hüquqlar hakimiyyət, assembleyalar və d. institutlar tərəfindən nə məhdudaşdırıla, nə ləğv edilə, nə də pozula bilməz, həmçinin onlardan imtina edilə bilməz…".
Yenə də Bəyannamənin Preambulasında hakimiyyətin fəaliyyətinin qanun çərçivəsi ilə məhdudlaşmasına istinad edilir. İslamın əsas mənbəyi Quran inam, əxlaq kimi mövzuları əhatə etsə də, onun əsas hədəfi insan hüququdur. İnsanın yaradılanların ən şərəflisi və hörmətli olması (İsra:17/70), insanı yaradarkən Allahın ona “öz ruhundan” bir cövhər verməsi (Hicr:15/29; Şəcd:32/9; Sad:38/72) və onu yer üzündə özünün xəlifəsi təyin etməsi (Bəqərə:2/30; Ənam:6/165; Yunus:10/14;Fatir: 35/39) ilə insana geniş haqlar verilmişdir.
Quranda yer alan insan haqlarının ən mühümü insanın yaşama haqqıdır. Buna görə də insan haqları Allah tərəfindən yaradılması baxımından müqəddəs və toxunulmazdır. Təhrif edilmiş iudazimin etnik məhdudiyyətini aradan qaldıran xristianlığı daha da inkişaf etdirməklə İslam din, irq, millət qəbilə kimi fərqlilikləri əsas almadan insan mərkəzli ictimai-siyasi sistemi nəzərdə tutur.
İslamda din, vicdan azadlığı, ədalətli mühakimə, şərəf və ləyaqətlə bağlı məsələlər müasir hüquq sistemlərinə ciddi formada təsir etmişdir. Mülki və siyasi hüquqlar sahəsində beynəlxalq müqavilələr üçün örnək qismində Quranın bir çox müddəalarına istinad edilə bilər.
Din və vicdan azadlığı Quranın yüksək qiymətləndirdiyi, digər insan haqlarının əsasını təşkil edən və onların təminatçısı olan bir insan haqqıdır. Din və vicdan azadlığı, insanın inancını azad yaşamaq haqqı “Dində məcburiyyət yoxdur” ayəsi (Bəqərə:2/256) heç bir cəmiyyət və fərdin başqasının inancına təzyiq göstərməməsi prinsipi gətirmişdir. İnsanlar öz inanclarını ifadə etmə və heç bir maneə ilə qarşılaşmadan öz dinini yaşama haqqına sahibdir. Heç bir inancı seçmək istəməyənlərə verilən inancsızlıq azadlığı da yenə Quranın təminatı altındadır (Kəf:18/29). Mühakimə (Nisa:16/90-92;Ənam 6/152), namus və şərəfin qorunması (Nur:24/4-5) və bu kimi digər insan haqları da Quranda öz əksini tapmışdır.
İslamda mülki (şəxsi) və siyasi hüquqların ayrılmazlığı, toxunulmazlığı bir də onunla təsdiqlənir ki, siyasi hakimiyyətin əsasını formalaşdıran suverenlik də Allaha məxsusdur. Bu halda yer üzündə siyasi hakimiyyət icma tərəfindən həyata keçirilir ki, onun da qanunvericilik funksiyasi Quran və Sünnə ilə tənzimlənməyən məsələlərlə məhdudlaşır. Başqa sözlə, Quranda ifadə edilən şəxsi hüquqlar “təbii hüquqlar” konsepsiyasina tabe etdirilib.
Belə bir nəticə nəyə əsas verir? Əgər bu və ya digər insan hüquqları ayrılmazlıq kontekstinə malikdirsə, onun hüquqi təminat sistemi də həmin kontekstə uyğun qurulmalıdır. Təəssüf ki, demokratik siyasi sistemli dövlətlər istisna olmaqla, şəxsi və siyasi hüquqların təminat sistemində ciddi problemlər mövcuddur. Problemlər həm dövlətdaxili, həm də beynəlxalq mexanizmlərlə bağlıdır. İfadə etdiyimiz insan hüquqları standartları maddi hüquqi anlamda tanınsa da, onların institusional təminat mexanizmi özünün qeyri-səmərələliyi ilə diqqətini cəlb edir. Bu da onu göstərir ki, müvafiq dövlətlər insan hüquqları üzrə qəbul etdikləri öhdəliklərinə qeyri-ciddi münasibət bəsləyirlər. Xüsusən də, islam sistemli dövlətlər (məsələn, İran, Tunis, Əlcəzair, Mərakeş, Qətər, Küveyt, Sudan, Pakistan, Suriya, Bəhreyn, BƏƏ və s.) islamı dövlət dini və ya şəriəti qanunvericiliyin mənbəsi kimi bəyan etsə də, Qurana istinad edən konstitusiya normaları milli təhlükəsizliyin qorunması bəhanəsilə hakimiyyətin müxtəlif xarakterli aktları ilə üstələnməkdədir. İnsan hüquqlari üzrə beynəlxalq müqavilələrə də ən çox qeyd-şərt edən bu dövlətlərdir.
Quranda ifadə olunan əxlaqi qaydaların təminatında, o cümlədən bəyan edilən insani dəyərlərin gözlənilməsində ciddi problemlər var. Bir çox müsəlman ölkələrində (Suriyada, Liviyada, Misirdə, Bəhreyndə və s.) yaxın vaxtlara kimi ümumtanınmış haqlar gözlənilməmiş, idarəçilik sistemində Qurana əsaslanan konstitusiyalar təmin edilməmişdir. Bu ölkələrin konstitusiya hüququndakı əsas problem Avropa hüququndakı “konstitusiya normasının ali hüquqi qüvvəyə malik olmasının“ digər aktlarla üstələnməsi (məsələn, Bəhreyndə 1974-cü il təhlükəsizlik haqqında Dövlət aktı ilə istənilən şəxsin məhkəmə aktı olmadan uzun müddət tutulması) ilə şəxslərin mülki-siyasi hüquqlarının pozulması ehtimalının yüksək olmasıdır.
Digər problem isə qərb mədəniyyətinin yüksək idarəçilik dəyərlərinin, o cümlədən hakimiyyətin üfüqi bölgüsünün qəbul edilməməsi ilə izah edilir. Bu dəyərlər öz növbəsində cəmiyyətin ümumi, ali hüquqi qüvvəyə malik konstitusiyası ilə təsbit edilməkdədir. Şərq mədəniyyətlərində, o cümlədən islamda, konfutsianlıqda, induizmdə, buddizmdə, hətta provaslav xristianlıqda ifadə etdiyimiz qərb dəyərləri uzun müddət qəbul edilməmiş və fərqli istiqamətlərdə yorumlanmaqdadır. Fərdin hüquqlarına əsaslanan qərb demokratiyasından fərqli olaraq, şərq, həmçinin müsəlman ölkələri qrup hüquqlarını ehtiva etməkdədir. Bu zaman qrup maraqları fərqli maraqlar üzərində üstünlüyə malik olmaqla, konkret şəxsin hüquq və azadlıqları cəmiyyət qarşısında onun öhdəliklərinə tabe etdirilir. Qərb üçün xarakterik olan hüquqi dəyərlər müsəlman ölkələrində avtoritetlərin (ağsaqqalların) baxışları ilə əvəzlənməkdədir. Daha təhlükəli məqam isə yerli adət-ənənənin dövlətin müəyyən etdiyi formal qaydalardan yüksəkdə durmasıdır.
Bununla bərabər, siyasi hakimiyyət şəxsi və siyasi hüquqlara əsas olan dini əxlaqı, hüququ özünə tabe etdirmişdir. İfadə etdiyimiz hal vaxtilə, daha doğrusu, Avropa burjua inqilablarına qədər qərb üçün də xarakterik olmuşdur. Bir çox hallarda tədricən dinin dövlət tərəfindən siyasi hakimiyyət xidmətçisinə çevrilməsi “dövlət dini mərkəzləri öz ağuşuna alması ilə onu boğmuş oldu" və özü mənəvi baxımdan düşməklə, kilsənin də düşməsinə səbəb oldu.
Müasir insan hüquqları konsepsiyası formalaşdırılmış dini dəyərləri siyasi hakimiyyət vasitəsinə çevirməmək üçün din-dövlət münasibətində (məsələn, Fransa və Turkiyədə olduğu kimi) məcburedici sekulyarizm prinsipi və ya (Almaniya, İngiltərə, Skandinaviya ölkələrindəki kimi) zəif dinin təşkilatlanma modeli tətbiq edilə bilər.
Müasir dövrdə mülki (şəxsi) və siyasi hüquqların müdafiəsinin əsas problemlərindən biri də hakimiyyətin bölgüsünün təmin edilməməsidir. Bəzən bu prinsip qanunvericiliklə təsbit edilsə də, faktiki olaraq, ona riayət edilmir. Bu hal əsasən çox az istisna ilə postsovet dövlətləri üçün, şərq ölkələri üçün (məsələn, Çin və s. kimi), bir qism Latın Amerikası dövlətləri, o cümlədən dinin hüquq sisteminin əsasını formalaşdiran dövlətlər üçün xarakterikdir.
Müasir dövrdə mülki (şəxsi) və siyasi hüquqların təsbit edildiyi ilkin mənbələrin hüquqi təbiətindən bəhs edərkən qeyd etməliyik ki, bu mənbələr məcburi hüquqi öhdəlikdən başqa, həm də mənəvi-əxlaqi dəyərləri ifadə etsələr də, bir çox dövlətlərdə onların təminat sistemi hakimiyyət maraqlarına tabe etdirilmişdir. Şəxsi və siyasi hüquqların mütləq və mənəvi etik xarakteri dövlətləri bu sahədə qəbul edilmiş hüquq normaları üzrə öhdəlikli edir. Bu hüquqların gözlənilməsi üçün onların “tanınması” məsələsinin qoyulması belə, öz-özlüyündə dövlətin sosial funksiyasının yerinə yetirilməməsi anlamı kəsb edir.