XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 October 2016 - 04:37

Humanizm prinsipləri və xeyriyyəçilik fəaliyyətinin əsasları –Alim baxışı

elshen-2

Elşən NƏSİBOV

Siyatşünas alim

 

“Humanizm prinsipləri və xeyriyyəçilik fəaliyyətinin əsasları” adlı məqaləni ömrünü yaxşılıqlara həsr etmiş, kasıblar içərisində yaşamış və onlara əl tutmuş, humanist insan Tereza Ananın "Müqəddəs Ruhu"na ithaf edirəm! Tereza Ana (əsil adı Aqnes Qınça Boyaçı -1910 – 1997-ci illər arasında ömür sürüb) Hindistanın Kəlküttə şəhərində yoxsullar içərisində yaşayıb və bütün dünyada xeyriyyəçiliklə məşğul olub. Xeyriyyəçilik dahi insanlara xas olan əməldir. Dahi şəxslər öz əməlləri ilə dünyada ənənə qoyurlar.

 

Humanizm nədir?

Hər bir canlı kimi, insan da fərdi və kollektiv surətdə kainata, təbiətə və fövqəltəbiətə  bağlıdır. İnsanlar bioloji baxımdan və ruhən universal keyfiyyətlərdə və  fərqli əsaslarda doğulurlar. Taraz ruhlu insanlar zəngin elementlərin daşıyıcısıdırlar. Tarazlıq da müxtəlif səviyyələrdə, dərəcələrdə olmaqla, bir-birindən fərqlənir. Onlarda olan taraz ruh daxili aləmlərini xarici aləmləri ilə vəhdətləşdirir, harmoniyalaşdırır və  aləmləri simmetrik edir. Daxili dünyaları  taraz olan insanlar ətraf aləmlərini də taraz görmək istəyirlər. Bu xarakter zövqü yaradır, estetik ruhu tamamlayır və özünüdərkə xidmət edir.  Humanizm əməlləri ilə insanlar rahatlaşırlar, həyatdan, ətraf aləmdən doyurlar.  Buradan da daxili və xarici aləm arasında  rəngarəngliklərin simmetriyası və enerji ilə dolu olan vəhdətləşməsi baş verir. Zövq və həzz məsələsində (humanist adam öz baxışlarından və əməllərindən mənən  həzz ala bilir) estetika meydana gəlir. Humanist adamların incə zövqlü, gözəl duyumlu baxışları və nəcib qəlbli duyğuları  meydana gəlmiş olur.

Humanist xarakterli insanlar daha çox dəyərləri qoruyucu ruhda olurlar. Özlərindən də dəyərlər ixrac edirlər. Humanizm həm də ziyalılığın əlamətidir. Bu xarakter bir fövqdür, mərtəbələri yumşaqlıqlarla dolu olan uca zirvədir,  ali mədəniyyət məqamıdır. Buna görə də münasibətlərin yumşaqlığı, təbii estetikliyi ilə səciyyələnir. Humanizm kövrək qəlbin ifasıdır. Buna görə də rəhm hisslərini özündə daşıyır.

Humanizm həm də Ulu Tanrı qarşısında vəzifənin yerinə yetirilməsi kimi dərk olunan cəhətlərin, elementlərin məcmusudur. Humanizm insani məsuliyyət məsələsidir. Humanizm müdriklik zirvəsinin özüdür və xeyirxah əməllərin əsas qaydaları cəmidir. Humanizm bütün xeyirxah əməllərin, düşüncələrin ümumiləşmiş və məxsusiləşmiş ifadəsidir.

Humanizm insanların bir-birilərinə, özlərinə, ətraf aləmə və təbiətə, cəmiyyətə, dövlətə olan mərhəmət hisslərinin konsepsiyasıdır. Humanizmin xarakterik xüsusiyyətlərinə insanların əliaçıqlıq, qəlb yumşaqlığı kimi elementləri aid olunur. Humanizm zəngin enerjili ruhun tərkib elementlərinin vəhdət məcmusudur. Humanizm dini-fəlsəfi düşüncələrin konseptual əsaslarını özündə ehtiva edir və dini tövsiyələrin əsaslarını meydana gətirir. Ali zirvədə dini tövsiyələrlə fəlsəfi düşüncələri, fəlsəfi məntiqi dərrakəni birləşdirir. 

Humanizm müdrikliyin tərkib elementləridir. İnsanlarda xeyirxah amalları yaradan və xeyirxah əməllərə sövq edən faktordur. Humanizm xeyirxah istəklərin və məqsədlərin məğzini ifadə edir. Bu xətt də insanların həyati məzmununu ifadə edir. Humanizm insanların canlı dəyərli varlıqlar kimi mənasını ifadə edir. Humanizm həmçinin  püxtələşmiş (burada müdriklik zirvəsinə yüksəlmə nəzərdə tutulur) insanın dəyərli xarakterini yaradan daxili hissələrdir, hisslərin məcmusudur. Humanist baxışlı, humanist qəlbli insanlarda səbr, dözüm mühüm şərtdir. Sabit və baza etibarilə dəyişməz pozitiv xarakter humanist təbiətli insanların məğzini təşkil edir.

Humanizm duyğuları xarici aləmin təsirlərinə qarşı meydana gəlir. Xarici aləmdə baş verən pozuntular məhz humanizmin meydana gəlməsini şərtləndirir. Bu halda humanist insanlarda reaksiyalar, qıcıqlar oyanır ki, bu qıcıqlar da pozulmuş vəziyyətlərin bərpasına, ədalətin bərpasına doğru onları cəlb edir. Humanist insanın daxilində oyanan xeyriyyəçilik missiyası hissləri, düşüncələri  də  ətrafa qarşı müsbət reaksiyaların əsasıdır. 

Humanizm prinsipləri insanlığa xidmət etməyin yollarını özündə əks etdirən konseptual elementlərdən ibarətdir. Humanizm prinsipləri münasibətlərdə insanlara olan diqqət və hörmət norma və qaydalarını yaradır. Humanizm prinsiplərindən hüquq və əxlaq norma və qaydaları meydana gəlir.  Humanizm ruh zənginliyini özündə ehtiva edir. İnsanlarda maddi dünya üzərində köklənmənin qarşısını alır. Mənəvi aləmə insanları sövq edir. Buradan da maddi vəsaitlərin ətraf üzrə bölünməsi prinsiplərini ortaya qoyur. Humanizm ona məxsus olanlarda (yüksək dərəcəsi olanlarda) öz nəfslərinə hakim olmanı şərtləndirir. İnsanları pisliklərdən, xain əməllərdən uzaqlaşdırır. Nəfsə hakim olmaq, maddi dünyanı sərhədləmək, mənəviyyatı genişləndirmək kimi müsbət addımları doğurur. Humanist insanlarda kamillik zirvəsi onları başqalarına müxtəlif şəraitlərdə və şərtlərdə köməyə səsləyir.

Humanizm şəxsi mənafeni ictimai mənaefeyə vəhdətləşdirən və bu baxımdan da universallaşdırıcı bir prinsipdir. Humanizmin tərkib hissələri insani dəyərləri böyüdən, şaxələndirən və yuxarıdan aşağı və əksinə doğru insanları nəzərə alan bir prinsipdir.

Humanizm insanlığın mərkəzi hissidir. Humanizm siqnalları, zərrəcikləri insanlarda yumşalma meydana gətirir. Təbii ki, hər bir insanda humanizm mövcuddur, bağışlama var. Lakin bu hisslər hər bir insanda eyni dərəcədə ola bilmir. İnsanların  bəziləri zalımlığa, qəddarlığa, zülmə və digər pis hisslərə  və əməllərə meyil edirlər.

Humanizm həm də əməldir. Hər bir əməlin əvəzi olur. Humanizm hissləri onu daşıyan insanlarda dəyərləri yaradır. Maddi vasitələr üzərində gözün toxluğu həmin maddi vəsaitlərin, vasitələrin başqalarına paylanmasını şərtləndirir. 

Humanizm hissləri ilhama, vəhyə bağlı ola bilir. Humanizm daxili tarazlığı təmin edən və bol enerji ilə xarakterizə olunan hissdir. Humanizm hissi komplekslidir və tərkibi zəngin olan xeyirxahlıq hisslərindən ibartətdir.

Humanizm prinsipləri və xeyriyyəçilik fəaliyyəti şərtləndiricidir. Bir-birini üzvü sürətdə tamamlayıcıdır. Xeyriyyəçilik fəaliyyəti humanizm hisslərinin reallaşması ilə həyata keçir. Humanizm xeyriyyəçilik fəaliyyətini reallaşdırır. Bu hiss  xeyriyyəçiliyin qayəsini, məğzini təşkil edir.

İnsan cəmiyyətə, dövlətə, ailəyə dəyərlər verən bir varlıqdır. İnsan qabiliyyəti və istedadı dəyərlər cəmindən ibarət olan mücərrəd bir müstəvidir.

Humanizm bəşəri hissləri özündə daşıyan və konseptual məzmun kəsb edən dəyərlərdir. Dəyərlərdən meydana gələn kompleksiyadır. 

Humanizm mərhəmət və rəhm hissinin vəhdətindən meydana gəlir. Humanizm insanlığın əsil simasıdır. İnsanlığın ali zirvəsinin ifadəçisidir. Humanizmdə olan müsbət təmayüllər, meyillər, elementlər humanizmi möhkəmlədir və insanın şəxsiyyətini artırır. Bəşəri duyğuların daşıyıcıları ətraf aləmdə də öz kamillik zirvələri ilə böyük nüfuz əldə edirlər. Humanizm insanları ali mərtəbələrə ucaldır və Allaha daha yaxın edir. Buna görə də onlar özlərini öz xarakterləri ilə ucaldırlar, böyüdürlər və qoruyurlar.

Xeyriyyəçilik fəaliyyəti də məhz humanizm hisslərindən doğan və humanizm hisslərindən reallaşan bir fəaliyyətdir.

Humanizm hisslərinin mərkəzində insan dayanır və kimliyindən, sosial statusundan asılı olmayaraq, bu anlayışa görə  insan alidir. Humanizm hissləri, insani duyğular həyat üçün yaşayış qaydası olan humanizm prinsiplərini formalaşdırır.  

Humanizm prinsiplərinə aiddir:

Bu hisslər ali  insan xarakterini meydana gətirir. 

– rəhm və mərhəmət hissləri və prinsipləri – ətrafa qarşı bağışlamaq və güzəştə getmək hissləri ilə yaşamaq; 

– gərgin anlarda bağışlama hisslərinin tətbiqi – orta, barışdırıcı mövqe tutmaq;

– hörmət və qayğı hissləri-ətrafa diqqətin göstərilməsi, bütün insanlara öz yaşlarına uyğun hörmət olunması;

– sülh və əmin-amanlıq hissləri-müharibələrdən və münaqişələrdən, kəskin mübahisələrdən çəkinmək əməlləri;

– maddi resursları bölmək və paylamaq – var dövlətin insanlar arasında taraz paylanması qaydaları ilə yaşamaq;

– ətrafa qarşı pisliklərdən çəkinmək qaydaları;

– dəyərləri yaratmaq və dəyərli elementlərdən istifadə etməklə qurmaq, tikmək qaydaları ilə yaşamaq və s.

Humanizm  düşüncə və fikirləri dəyərlərdən ibarətdir. Düşüncələr dəyərli addımların reallaşmasına zəmin yaradır və təkan verir. Humanizm baxışları onu daşıyan şəxslərdə daxili bir narahatlıq oyadır. Daxilən gəlmiş, toplanmış enerjinin xaricə ixracı üçün hərəkətəgətirici siqnallar meydana gəlir. Eyni zamanda humanizm dəyərləri ilə yaşayan şəxslər öz enerjilərini xeyriyyəçiliklə, faydalar verən hərəkətləri etməklə toplayırlar. Xeyriyyəçilik fəaliyyəti insanlarda rahatlıq oyadır. Bütün mənfiliklərdən uzaqlaşdırır. Bu baxımdan da tərbiyəvi və əxlaqi bir hissdir.

Humanist insanlar öz ruhlarının göy üzünə bağlılığını dərk edərək, belə düşüncələri özlərində daşıyaraq, yer üzündə xeyirxah əməlləri həyata keçirməyi özlərinə borc hesab edirlər. Bununla da ruh aləmi ilə maddi aləm arasında üzvü bağlılıq yaradırlar və ruh aləminin maddi aləm üzərində hakim olmasını sübuta yetirmiş olurlar. Xeyriyyəçilik bir vəzifə olaraq ruh aləmi qarşısında yerinə yetirilən borc kimi humanist insanların xislətinə hopmuş olur. 

Humanizm hissləri və bu hisslərin reallaşması onu daşıyanlarda şəxsiyyətlilik amilini meydana gətirir. Şəxsiyyətin statusu üçün humanzm təkmilləşdirici, enerjiverici, tarazlayıcı dəyər rolunu oynayır. Humanist baxışlı insanlar cəmiyyətin xeyirxah adamı  adına layiq görülürlər. Onlar bu addan ilhamlanaraq öz xeyrixah əməllərini daha da genişləndirməyə can atırlar. Humanizm xeyirxah əməllərin ideyasına çevrilir.

Humanizm hissləri onu daşıyanlarda “çörəyimi bölmək”, Ulu Tanrının bəxş etdiyi sərvətləri bölmək  kimi insani  fikirləri, düşüncələri meydana gətirir. Onlar öz ruhlarını Allaha bağlayaraq, arxayın şəkildə əməllərini yerinə yetirirlər. Allaha olan inam, Allahın göndərdiyi nemətlərin bölüşməsinin zəruriliyi və Allahın əvəz verəcəyi fikirləri ilə yaşamaq onların təbii xislətinə aiddir. 

Humanizm varlığın – maddi və mənəvi varlığın – bölüşməsi ideyalarını  yaradır. Humanizm təkcə  ünvan üzrə maddi yardımın  göstərilməsini yox, eləcə də mənəvi dəstəyi, mənəvi aləmi bölüşməni də özündə ehtiva edir. Bu baxımdan da mənəvi xeyriyyəçilik fəaliyyəti də formalaşmış olur. Mənəvi dəstək və ehtiyacı olanların istiqamətləndirilməsi nəticə etibarilə  onların özlərinə və cəmiyyətə faydalar   gətirir. Məsələn, bir alimin, həkimin, digər ziyalının ruhlandırılması məhz nəticə etibarilə maddi-mənəvi yardım fəaliyyətinin şəbəkələnməsini şərtləndirir. Alim, həkim, digər mütəxəssis  yetişdirmək özü elə xeyriyyəçilik fəaliyyətinin şəbəkələndirilməsini şərtləndirir. Xeyriyyəçilik fəaliyyətinin nəticəsi başqa xeyirli əməllərin edilməsinə rəvac vermiş olur.  Bir şəxsin mənəvi zənginləşməsində iştirak etmək, eləcə də istedadına dəstək vermək, məhz  həmin şəxsə edilən mənəvi və maddi yardımlardan ibarət olmuş olur. Faydalı əməllərə yönəltmənin özü də nəticələr etibarilə xeyriyyəçiliyin və humanistliyin əsasını təşkil edir. Humanizm faydaları özü ilə yeni dəyərləri yaradır.

Müharibələrin, münaqişələrin və digər gərginliklərin, fəlakətlərin qarşısının alınması, önləyici tədbirlərin görülməsi və bu yöndə vasitəçilik fəaliyyətinin özü də məhz humanitar aktların tərkibini təşkil edir. Humanizm məkanları bu baxımdan sülh, sabitlik, əmin-amanlıq və dinc yanaşı yaşamaq məkanlarıdır.

İnsanın humanist qəlbi ona amalları uğrunda yol getməyə təkan verir. Humanist əməllər yolunu daşyanlar inanırlar ki, onların əməlləri Allah tərəfindən yüksək qiymətləndirilir və müxtəlif zamanlarda əvəzi ödənilir. Humanizm enerjisi insana ruh verir və bu ruh insanı öz əməllərini yerinə yetirməyə sövq edir.

Humanizm hissləri fərdi, sosial, ictimai və siyasi müstəvidə humanitar fəaliyyətin meydana gəlməsini şərtləndirir. Humanitar fəaliyyət ehtiyacı yarananlara  maddi yardımları və digər zəruri ləvazimatları yardım  göstərməkdən ibarət olur.  Humanizm prinsipləri cəmiyyətdə, dövlətdə, ailədə, məişətdə tətbiq olunur. Fərd humanizm əməlləri ilə məşğul olur, humanitar aktlar həyata keçirir. Humanitart aktlar dövlət tərəfindən, hökumət təşkilatları və qeyri-hökumət təşkilatları (fondlar, cəmiyyətlər, digər  kommersiya və qeyri-kommersiya qurumları,  bununla belə, diasporalar və lobbilər,  eyni zamanda  dini icmalar, dini cərəyanlar   və s.)  tərəfindən yerinə yetirilir. Xeyriyyəçilik fəaliyyəti özündə messenatlıq və filantropluq fəaliyyətini ehtiva edir.

Humanitar və xeyriyyəçilik fəaliyyətinin tərkibi olur. Bu tərkib əməli sahələrə ayırır və strukturlaşdırır.

Humanitar yardımların tərkib vasitələri, vəsaitləri  bunlar ola bilir:

-maliyyə vəsaitləri;

-qiymətli metallar;

-ərzaq vasitələri;

-tibb ləvazimatlar;

-tibbi preparatlar;

-tibbi avadanlqlar;

-tibbi nəqliyyat vasitələri;

-insan həyatı üçün lazımi olan orqanlar;

-ev, mənzil  və digər  sığınacaqlar;

-ev, mənzil əşyaları, məişət cihazları və avadanlıqları;

-məktəb ləvazimatları;

-geyimlər;

-xəstəxana və hospislər;

-sığınacaqlar, daladanacaqlar və yataqxanalar;

-müvəqqəti evlər;

-nəqliyyat vasitələri;

-təsərrüfat sahələri;

-obyektlər və torpaq sahələri;

-iş yerləri;

-müalicə vasitələri və obyektləri-pansionatlarla, istirahət məkanları ilə təminat;

-mədəniyyət vasitələri, məsələn, musiqi alətləri;

-incəsənət nümunələri və vasitələri-rəssamlar,  üçün ləvazimatlar;

-inşaat-tikinti materialları;

-istehsal materialları, xammal və avadanlıqlar;

-insan həyatı üçün zəruri olan digər maddi vəsaitlər

 

Humanitar fəaliyyətin əsasları və xidmətlər nələrdən ibarətdir:

 

– ilk növbədə ehtiyacı olanların müəyyən olunması, aşakara çıxarılması, seçilməsi və onların ehtiyacları istiqamətində maliyyə və digər vəsaitlərlə təminat;

– orta məktəb və ali məktəblərdə oxuyan və ehtiyacı olan şəxslərə (tələbələrə)  maliyyə yardımı göstərilməsi – aylıq, rüblük, illik təqaüdlərin verilməsi, mükafatların təqdim olunması,  geyimlərlə təminat;  məktəb ləvazimatları ilə təchizat-əşyalar, informasiya texnologiyaları və kampuslarla təminatın həyata keçirilməsi;

– imkanları məhdud olan müəllimlərə, professorlara, tədqiqatçılara, digər yazarlara maliyyə yardımının, nəşriyyat yardımının göstərilməsi;

– dəyərli əsərlərin çap etdirilməsi və yayımlanması xidmətlərinin göstərilməsi və işlərin maliyyələşdirilməsi;

– müalicəyə  ehtiyacı olan, lakin imkanları olmayan və yaxud da imkanları məhdud olan şəxslərə humanitar-maliyyə yardımının göstərilməsi və tibbi ləvazimatlarla  və həkimlə təminat;

– ailələrdə xəstələrə yardımın və qayğının göstərilməsi;

– yaşlı insanlara xidmətlərin göstərilməsi;

– kimsəziz uşaqların himayəyə götürülməsi;

– qəyyumluq fəaliyyəti;

– müharibə, münaqişə zamanı, silahlı müharibələr əsnasında  gərginlikdə olan və yaşayış yerini itirmiş şəxslərə, ailələrə yaşayış təminatını həyata keçirmək;

– təbii fəlakətlər zamanı öz yaşayış yerini itirmiş şəxslərin,  ailələrin lazımi vəsaitlərlə təmin olunması;

– müharibə və təbii fəlakət zonalarında tibbi xidmətlərin göstərilməsi-xəstəxanalar və həkim təminatının həyata keçirilməsi; tibbi ləvazimatların çatdırılması və yardım kimi təqdim olunması;

– müharibə və təbii fəlakət zonalarında əhaliyə yardım məqsədilə “yumşaq sərhədlər rejimi”nin tətbiq olunması-bu fəaliyyət öhdəliyi və vəzifəsi dövlətlərə aid olur;

– insan hüquqlarının qorunması naminə tranzit kimi ərazidən istifadəyə icazə verilməsi və müvafiq kömək göstərilməsi;

– uşaqların savadsızlığını aradan qaldırmaq məqsədilə elm, təhsil və tədris köməyinin göstərilməsi. Ehtiyacı olan şagirdlərin geyimlə təchiz olunması;

 – kütləvi epidemiyanın yayılmasının qarşısını almaq üçün əraziyə tibbi və maddi yardımların göstərilməsi;

– kasıbçılıqdan əziyyət çəkən ölkələrə maddi yardımların göstərilməsi;

– terrora, məişət və ictimai  cinayətkarlığa  məruz qalan şəxslərə müdafiə köməyinin göstərilməsi,  hüquqi yardımın edilməsi;

– soyqırımların qarşısının alınması;

– ətraf mühitin flora və fauna tərkibinin qorunması üçün maliyyə və digər yardımların göstərilməsi;

– ekoloji gərginliyin aradan qaldırılması üçün maliyyə dəstəyinin və müvafiq avadanlıqların  göstərilməsi;

– yaşıl təbiətin qorunması uğrunda mübarizə;

– məhbus hüquqlarının qorunması uğrunda mübarizə;

– cəmiyyətin və insanlığın rifahı, insanlığın qorunması və gələcək inkişafı üçün təbliğat məqsədilə  dəyərli sözlərin bildirilməsi, kitab, məqalə və digər bilik vasitələrinin yazılması və yayılması;

– insanlığın inkişafı və qorunması üçün biliklərin təqdim olunması, təbliği və təşviqi. Xeyriyyəçilik mövzusunda mühazirələrin söylənilməsi;

– xeyriyyəçiliyi, insanlığı nəzərdə tutan biliklər sisteminin formalaşdırıması və bu sahədə əməli tədbirlərin görülməsi;

– gələcək nəslin sağlamlığı naminə uşaqlara qarşı humanist mövqedən çıxış etmək və uşaq hüquqlarını qorumaq. Uşaqların himayəsini təşkil etmək;

– hamilə qadınların və azyaşlı uşağı olan ana hüquqlarının müdafiəsi;

– qadınların məişət zorakılığına qarşı tədbirlərin həyata keçirilməsi;

– aztəminatlı qadınlara maddi yardımların göstərilməsi;

– qadın əməyindən səmərəli istifadə olunma və qadınların ağır fiziki işlərdən uzaq tutulması və digər humanitar fəaliyyət xidmətləri.

 

Humanizmin subyektləri və xeyriyyəçilik fəaliyyətini həyata keçirənlər

 

Dünya, insan həyatı, cəmiyyətlər günü-gündən inkişaf edir. Həyatı asanlaşdıran vasitələr istehsal olunur. Təbii ki, hər kəs, hər tərəf  bu vəsaitlərlə öz zamanında təchiz və təmin oluna bilmir. Bu baxımdan da qeyri-tarazlıqlar yaranır, ehtiyaclar, tələbatlar meydana gəlir. Xeyriyyəçilik fəaliyyətinin əsas məqsədi yaranan ehtiyacların ödənilməsini, tələbatlarını yerinə yetirilməsini təmin etməkdən ibarət. Xeyriyyəçilik fəaliyyədi dünyada, regionda, ölkdə sabitliyə, əmin-amanlığa, sülhə xidmət edir. Cəmiyyət axarında olan kəskin disharmonik vəziyyətlərin qarşısını alır. Bərabər və ədalətli inkişafa xidmət edir.

Humanizmin əsas tərəfi, subyekti  insandır. Digər canlılarda da instinkt (az əql) formasında bu hisslər, hərəkətlər  ola bilər. Bir çox hallarda bir heyvan digərinə dəyməz, əksinə, kömək edər. İnsanlar fərdi və kollektiv formada humanizm hisslərini icra edirlər, əmələ çevirirlər.  Bu baxımdan ayrı-ayrı fərdlər, o cümlədən kollektiv qruplar, dövlət, hökumət və qeyri-hökumət tərəfləri humanizm subyektləridir və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olurlar.  Xeyriyyəçilik fəaliyyəti nəcib əməllərdən ibarət olur.

Xeyriyyəçilik fəaliyyəti özlüyündə tarazlayıcı məzmunlu tənzimləmə, bu baxımdan razısalma, yüksəltmə, əltutma, yoxolmanın qarşısını almaq fəaliyyətidir. Xeyriyyəçilik varlıq fəaliyyətidir. Xeyriyyəçilik fəaliyyəti insanlarda həsrət hisslərinin qarşısını alır. Onlarda razılıq, həyata nikbin baxmaq hisslərini, düşüncələrini yaradır.

Xeyriyyəçilik fəaliyyəti həqiqi, daxildən gələn və mənəvi aləmə xidmət edən əsaslarla olur. Lakin elə də hallar var ki, yalnız onu edənin məşhurluq niyyətlərinə xidmət edir. Şəxs xeyriyyəçilik əməllərini vasitəyə çevirir. Məşhurluq naminə, nümayişkəranə edilən xeyriyyəçilik əməlləri müvəqqəti xarakter kəsb edir və  şəxsin nüfuzunun aşağı düşməsinə yönəlir. Bu baxımdan da əsil  xeyriyyəçilik fəaliyyəti ciddi məzmunludur. Eyni zamanda ətraf üçün qapalıdır.  Xeyriyyəçilik obyektinin nüfuzunu qorumaq da əsas məqsəddir, yüksək əxlaqi hərəkətdir.

Xeyriyyəçilik fəaliyyəti şəbəkə, sistemli və pərakəndə formasındadır. Sistemli fəaliyyə ümumilikdə elementlər toplusunun şərtləndirici inkişafını zəruri edir. Fərdlər həm pərakəndə, həm də sistemli qaydada həyata keçən xeyriyyəçilik fəaliyyətini təşkil edirlər və bu fəaliyyət onların hunanizm məzmunlu  hisslərini daha da dərinləşdirir, ruhən Allaha yaxınlaşdırır. 

Dövlət özü bir humanist qurumdur. İctimai formasiyanın mahiyyətində yaxşılıq, kömək və yardım dayanır.  Bu, onun ideal məzmununu ifadə edir.  Dövlət nisbi və şərti tarazlıqla öz siyasətini reallaşdırır. Dövlət praktiki olaraq ideal məzmununda olan real işləri həyata keçirərkən xeyriyyəçi bir quruma çevrilir. İdeal məzmun bağışlamanı, maddi yardımları əhatə edən və mərkəzində insan mənəviyyatını əsas tutan dəyərlər kompleksidir.  Dövlətin himayəçilik siyasəti, əhalinin az təminatlı ailələlərinə olan qayğısı onun humanitar məzmununu ortaya qoyur. Dövlət həm daxildə, həm də xaricdə maddi yardımlar siyasətini icra edir. Bu siyasət fərdi olaraq, ayrı-ayrı şəxslərə, eləcə də müəyyən qruplara yönəldilir.

Dövlətin xeyriyyəçilik obyekti inkişafdan geri qalan sahələr və maddi və maliyyə ehtiyaclarına sahib olan şəxslərdir.  Eləcə də dövlər xüsusi istedadı və qabiliyyəti olan şəxslərə stimulvericilik məqsədilə maliyyə yardımı göstərir. Həmin şəxslərin istedadlarının reallaşmasını təmin edir.  Dövlət bu addımla ehtiyacı olan tərəflərə, sahələrə təkan verir. Dövlət qeyri-hökumət təşkilatlarına da maliyyə yardımı edir. Dövlət cəmiyyətin tamamlayıcı və şərtləndirici inkişafını əsas məqsəd kimi qarşıya qoyur.  Dövlət xeyriyyəçilik üçün öz maliyyə vəsaitlərindən istifadə edir, eləcə də ictimai ianələr, kommersiya təşkilatlarından və ayrı-ayrı imkanlı şəxslərdən vəsaitlər qəbul edir, fondlar yaradır. Dövlətin xeyriyyəçilik fəaliyyəti tarazlığın formalaşmasına yönəlir və tarazlığın genişlənməsini  təmin edir.  Sabitlik məhz tarazlıqdan meydana gəlir. Dövlət adından xeyriyyəçilik fəaliyyətini hökumət təşkilatları və hökumət qurumları həyata keçirirlər. Dövlət xeyriyyəçilik fəaliyyəti ilə özünün humanitar məzmununu üzərə çıxarmış olur və status qazanır. Dövlət xeyriyyəçilik fəaliyyəti sahəsində qanunvericilik akları da qəbul edir.

Qeyri-hökumət təşkilatları da xeyriyyəçilik fəaliyyətini həyata keçirə bilirlər. Müəyyən biznes qurumları, pul qazanan, maliyyə əməliyyatları həyata keçirən   təşkilatlar, eləcə də qeyri-kommersiya təşkilatları da müvafiq fəaliyyət növünü tətbiq edirlər. Kommersiya təşkilatları (transmilli korporasiyalar, holdinqlər, firma və şirkətlər, səhmdar cəmiyyətlər, banklar, istehsal və xidmət sahələri, ümumilikdə bütün maliyyə büdcəsi və gəlirləri olan təşkilatlar) özlərinin xalis gəlirlərinin, mənfəət gəlirlərinin bir qismini xeyriyyəçilik fəaliyyətinə ayırırlar. Onlar təqaüdlər və mükafatlar verirlər, yollar çəkirlər, su və digər infrastuktur  xətləri salırlar, məktəb və xəstəxanalar inşa edirlər,  onları avadanlıqlarla təchiz edirlər, ibadət mərkəzləri tikirlər və təmir edirlər, xəstəxanalara vəsait və ləvazimat, avadanlıq yardımı göstərirlər, təmir işləri aparırlar, xəstələrin müalicəsi məqsədilə pullar ayırırlar və digər sosial layihələr həyata keçirirlər.

Qeyri-kommersiya təşkilatları da fondlar (ianə fondları)  yaradırlar. Onlar maliyyət təşkilatlarından və ayrı-ayrı şəxslərdən, messenatlardan vəsaitlər toplayırlar. Qeyri-kommersiya təşkilatları ictimai təşkilatlar olaraq öz nizamnamələrində və əsasnamələrində xeyriyyəçilik  missiyasının əsaslrını əks etdirirlər. Xeyriyəçilik missiyasının obyektini və subyektini müəyyən edirlər. Dini qurumlar da qeyri-kommersiya təşkilatları olaraq müəyyən xeyriyyə fəaliyyəti ilə məşğul olurlar. Dini qurumlar da ianələr və nəzirlər  toplayırlar və aidiyyatı ünvana yönəldirlər. Bu fəaliyyəti dinin buyruğu hesab edirlər.

Ayrı-ayrılıqda fərdi xeyriyyəçilik fəaliyyəti də mövcud olur. Bu fəaliyyət ardıcıl sistemli və qeyri-sistemli, seçmə ilə həyata keçirirlir. Humanizm qəlbli insanlar öz missiyalarını yerinə yetirmək məqsədilə ya fərdi imkanlardan istifadə edərək, özləri bu işləri həyata keçirirlər, ya da ayrı-ayrı qeyri-kommersiya təşkilatlarına qoşularaq xeyirxah missiyalarını yerinə yetirirlər. Onlar qeyri-kommersiya qurumlarının fəaliyyətlərinin genişlənməsində yaxından iştirak edirlər.

Xeyriyyəçilik fəaliyyətini həyata keçirən subyektlər bunlardır:

– dövlət və onun hakimiyyəti;

– dövlətin ayrı-ayrı qurumları-mərkəzi,  ixtisaslaşmış, yerli orqanları; xarici ölkələrdə olan diplomatik qurumları;

– qeyri-hökumət qurumları, o cümlədən təşkilatlar: cəmiyyətlər, birliklər, icmalar, lobbi birlikləri, diasporalar;

– maliyyə fondları,

– dindarlar və dini qurumlar, dini icmalar, dini konqreqasiyalar (kilsə icmaları birləşmələri), ruhanilər;

– cəmiyyətin maariflənməsinə xidmət edən yazıçılar, jurnalistlər, publisistlər;

– öz biliyini əvəzi ödənilmədən təqdim edən şəxslər-lektorlar, professorlar;

– əvəzi ödənilmədən tamaşalar, konsertlər, digər tədbirlər  təqdim edən mədəniyyət adamları;

– əvəzi ödənilmədən sərgilərdə əsərlər nümayiş etdirən incəsənət adamları;

– ödənişsiz yarışlarda iştirak edən idmançılar;

– əvəzi ödənilmədən efir hazırlayan radio və televiziyalar və onların işçiləri;

– əvəzi ödənilmədən təmizlik işləri aparan abadlıq işçiləri;

– əvəzi ödənilmədən müalicə aparan həkimlər;

– yaşıllığı, heyvanat aləmini qoruyan ekoloqlar və digər şəxslər.