XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 İyun 2017 - 15:24

Ən əsas vəzifə vətəndaş cəmiyyətinin inkişafına nail olmaqdır

Hazırda Azərbaycan cəmiyyətində vəziyyətindən gileylənməyən sıravi vətəndaş tapmaq çox çətindir. Cəmiyyətin bütün təbəqələri müxtəlif problemlərin bitib-tükənmədiyini açıq şəkildə olmasa da, bu və ya digər formada ifadə edir. Çünki bu gün ölkədə cərəyan edən proseslər nə standart elmi nəzəriyyələrə, nə də normal məntiqə sığır. İnsan haqları ilə bağlı məsələlər cəmiyyətin düşüncəsinə daha çox hakim kəsilir. Son illər ərzində Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının bütün təzyiqlərə rəğmən yaşamaq hüququ əldə etdiyi də göz önündədir. Məhz vətəndaş cəmiyyətinin mövcud olması qarşıdurmaları səngidir.

Bu gün Azərbaycan vətəndaşlarının müasir şüur səviyyəsi ölkədə tam demokratik cəmiyyət qurmağa imkan vermir. Cəmiyyət özü hələlik tolerantlığı həzm edə bilmir. Demokratiya anlayışı, insan haqları, fikir müxtəlifliyi çoxları üçün ona dəxili olmayam məsələ kimi qiymətləndirilir. İnsanlar elementar hüquqları uğrunda mübarizə aparmaq istəmirlər. Bu gün Azərbaycanda vətəndaşlıqdan danışmaq dəbdədir. Amma söhbət daha çox ritorik “vətənpərvərlik”dən gedir. Vətəndaş cəmiyyətinin başlıca atributları isə unudulur. Bu prosesin bizi hara aparıb çıxaracağını təsəvvür edirikmi? Hazırkı mənzərəni diqqətlə müşahidə etdikdə yeni dövrə keçid Avropa fəlsəfəsinin “insan insanın canavarıdır” nəzəriyyəsini xatırlamamaq mümkün deyil.

Azərbaycanda demokratik təsisatların zəifləməsi, vətəndaş cəmiyyəti institutlarının passivliyi və liberal düşüncənin beyinlərdən silinməsi cəmiyyəti “qurdlar vadisinə” çevirir. Bu vadidə isə hər kəs hər kəsin düşmənidir.

Vətəndaş cəmiyyəti quruculuğunda ABŞ və digər inkişaf etmiş Qərb ölkələrinin təcrübəsindən bəhrələnmək olar. Yaranmış vəziyyət üçün kimin – başçının, siyasi sistemin, yaxud hamının birlikdə və hər kəsin ayrılıqda daha çox məsuliyyət daşıması vacibdir? Yaxud bu cür düşüncələrə dayanaraq, yalnız siyasi qüvvəyə qarşı mübarizə aparmaq və yeni eranın başlandığını elan etməklə ədalət və firavanlığa çatmaq mümkündürmü? Demokratiya nəzəriyyəsi bu suala birmənalı cavab verir. Yəni, sistem insanları formalaşdırmır, əksinə, onların mənəviyyatı, düşüncə tərzi, qarşılıqlı münasibətləri, istehsal üsulu, siyasi sistemi və hökmdarın tipini müəyyənləşdirir.

Dövlət – forma, cəmiyyət isə məzmundur. Səhvə yol verdiyimiz daha bir məqama diqqət yetirsək, görərik ki, demokratiyanı qurmağın mümkünsüzlüyü məhz “bizim səyimiz olmadan” anlayışı ilə bağlıdır. Eyni zamanda, demokratik ölkə hökumət fərmanları ilə idarə olunmur, onu “mülki cəmiyyət” idarə edir, daha dəqiq desək, o, öz-özünə idarə olunur. Son olaraq, azadlıq məfhumunu bir daha xatırlatmaq yerinə düşər: “Azadlıq – insanın fərdi muxtariyyatı, seçmək hüququ, daha yaxşı həyat səviyyəsini təmin edən, yetkin, effektli cəmiyyət üçün inkişaf yolunun seçilməsi deməkdir. Odur ki, mövcud problemlərimizdə məhz özümüzü müqəssir bilməliyik”…

Bu gün Azərbaycanın qarşısında duran başlıca vəzifə liberal dəyərlərin tətbiq edilməsi, hakimiyyətin bölünməsi və onun qollarının müstəqil olması, ən əsası isə vətəndaş cəmiyyətinin inkişafına nail olmaqdır. Sağçı partiyalar kapitalın, solçular isə zəhmətkeşlərin təşkilatlanmış qruplarının dəstəyini qazana bilməyiblər. Orta təbəqə təcrid olunmuş vəziyyətdədir.

Meydanda öz kreslolarını yüksək gəlir mənbəyinə çevirən bir qrup məmur və etiraz ovqatından yararlanıb hakimiyyətə can atan şöhrətpərəst autsayderləri birləşdirən müxalifət partiyaları var. Liberal dəyərlərin rəsmi şəkildə tanınmasına baxmayaraq, insanların şüurunda ideoloji qarışıqlıq müşahidə olunur. Dövlət müstəqilliyinin bərpası və kommunist totalitarizminin dağılması ilə bağlı ilkin şişirdilmiş, hətta eyforiya səviyyəsinə qaldırılmış gözləntilər dərin məyusluq və apatiya ilə əvəzlənib. Çoxları üçün sovet dövrünün cüzi bolluğu və nisbi ictimai nizam-intizamı ideallaşıb. Bu gün Azərbaycanda kəmiyyət göstəriciləri önə çəkilib. Elə hey deyirik ki, ölkə yüksək iqtisadi artım tempinə malikdir.

Əslinə qalsa, iqtisadi artımla inkişaf məsələsinin özü çox ziddiyyətlidir. Bizdə keçid dövrünün uzanmasının əsas səbəblərindən biri leninçi təfəkkürün beyinlərdə qalmasıdır. İqtisadi-siyasi və mədəni sahələr bir-biri ilə hər zaman bağlaşır və bunlar arasında heç zaman tarazlıq pozula bilməz. Üç sahə eyni vaxtda inkişaf etməlidir.

Azərbaycan digər postsovet ölkələrindən, məsələn, Rusiyadan fərqli olaraq, mədəni baxımdan çox geridə qalmış vəziyyətdə idi və bunun fəsadları özünü göstərir. Leninçilik bir ideologiya olaraq iqtisadi və siyasi təfəkkürümüzə nə qədər təsir etmişdisə, milli mentalitet deyilən qəribə təfəkkür də bizi mədəni inkişafdan saxlayırdı. Ona görə də bizim əsas prioritetimiz inkişafa nail olmaqdır. Bunun üçün tək leninçi təfəkkürün yox, həm də bayağı millətçiliyin aradan qalxmasına da çalışmalıyıq…

Azər RƏŞİDOĞLU

“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını  həyata keçirir və bu məqalənin hazırlanması və dərc edilməsi də həmin layihə çərçivəsindədir. Layihənin icrası isə Azərbaycan “Free Person” İnsan Hüquqlarını Müdafiə İB-nin eksperti Qadir İbrahimli ilə Avrasiya Əməkdaşlıq Fondu  arasında bağlanmış “Demokratiya və insan hüquqlarının onlayn təşviqi”  adlı xidmət çərçivəsində həyata keçirilir.