XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

06 İyun 2017 - 12:04

Birləşmək hüququ- Ekspert rəyi

Birləşmək hüququ insan hüquqları və əsas azadlıqlarına dair beynəlxalq sənədlərdə adətən assosiasiyalar azadlığı kimi təsbit olunur. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 20-ci maddəsində birləşmək hüququ assosiasiyalar azadlığı kimi dinc toplantılar hüququ ilə birlikdə nəzərdə tutulur. Həmin maddəyə əsasən hər bir şəxs dinc yığıncaqlar və assosiasiyalar azadlığı hüququna malikdir. Heç bir şəxs hər hansı bir assosiasiyaya qoşulmağa məcbur edilə bilməz.

“Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın  22-ci maddəsində nəzərdə tutulur ki, hər bir insan, öz mənafelərini müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və belə təşkilatlar yaratmaq hüququ da daxil olmaqla, başqaları ilə birlikdə assosiasiyalar qurmaq azadlığına malikdir. Bu hüquqdan istifadəyə, qanuna müvafiq surətdə qoyulan və demokratik cəmiyyətdə dövlətin və ya ictimaiyyətin təhlükəsizliyi, ictimai asayiş, əhalinin sağlamlığı və mənəviyyatının və yaxud başqa şəxslərin hüquq və azadlıqlarının qorunması mənafeləri üçün zəruri olan məhdudiyyətlərdən başqa heç bir məhdudiyyət qoyula bilməz. Hazırkı maddə silahlı qüvvələrin və polisin tərkibinə daxil olan şəxslərin bu hüquqdan istifadə etmələrinə qanuni məhdudiyyətlər qoyulmasına əngəl törətmir. Hazırkı maddənin heç bir müddəası Beynəlxalq Əmək Təşkilatının assosiasiyalar azadlığı və təşkilat hüququnun müdafiəsi ilə bağlı 1948-ci il Konvensiyasında iştirak edən dövlətlərə, həmin Konvensiyada nəzərdə tutulan təminatlara ziyan vuran qanunvericilik aktları qəbul etmək və ya qanunu bu təminatlara ziyan vuran tərzdə tətbiq etmək hüququ vermir.

“İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 11-ci maddəsində təsbit olunur ki, hər kə­sin … öz ma­raq­la­rı­nı mü­da­fiə et­mək üçün həm­kar­lar it­ti­faq­la­rı ya­rat­maq və on­la­ra qo­şul­maq hü­qu­qu da da­xil ol­maq­la baş­qa­la­rı ilə bir­ləş­mək azad­lı­ğı hü­qu­qu var. Bu hü­quq­la­rın hə­ya­ta ke­çi­ril­mə­si­nə mil­li təh­lü­kə­siz­lik və ic­ti­mai asa­yiş ma­raq­la­rı na­mi­nə, iğ­ti­şa­şın və ci­na­yə­tin qar­şı­sı­nı al­maq üçün, sağ­lam­lı­ğın və mə­nə­viy­ya­tın mü­ha­fi­zə­si üçün və ya di­gər şəxs­lə­rin hü­quq və azad­lıq­la­rı­nın mü­da­fi­ə­si üçün qa­nun­la nə­zər­də tu­tul­muş və de­mok­ra­tik cə­miy­yət­də zə­ru­ri olan­lar­dan baş­qa heç bir məh­du­diy­yət­lər qo­yu­la bil­məz. Bu mad­də si­lah­lı qüv­və­lər, po­lis və ya in­zi­ba­ti döv­lət or­qan­la­rı üzv­lə­ri­nin be­lə hü­quq­la­rı­nın hə­ya­ta ke­çi­ril­mə­si­nə qa­nu­ni məh­du­diy­yət­lər qo­yul­ma­sı­na ma­ne ol­mur.

Azərbaycan Respublikasının qanunvericiliyində birləşmək hüququnun təminatları

Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsində vətəndaşların birləşmək hüququ təsbit olunmuşdur. Həmin maddədə nəzərdə tutulur ki, “Hər kəsin başqaları ilə birləşmək hüququ vardır. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqları və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. Heç kəs hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı bir hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər qadağandır. Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər”.

Qeyd etmək lazımdır ki, birləşmək hüququ haqqında Azərbaycan Konstitusiyasının müddəaları beynəlxalq hüquq normalarına tamamilə uyğundur.

Birləşmək hüququnun həyata keçirilməsi əsasən “Həmkarlar ittifaqları haqqında” Qanun, “Siyasi partiyalar haqqında” Qanun, “Qeyri-hökumət təşkilatlarları (ictimai birliklər və fondlar) haqqında” Qanunla tənzimlənir. Birləşmək hüququnun müəyyən aspektləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Vergi Məcəlləsi, “Qrant haqqında” Qanun, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun, “Könüllü fəaliyyət haqqında” Qanun və digər qanun və normativ-hüquqi sənədlərlə  də tənzimlənir.

Qüvvədə olan qanunvericilik birləşmək hüququnun həyata keçirilməsinin 3 əsas formasını fərqləndirir:

1) siyasi partiya;

2) həmkarlar ittifaqı;

3) qeyri-hökumət təşkilatı (ictimai birlik və fond).

Qanunvericiliyə əsasən siyasi partiya, həmkarlar ittifaqı və fond yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilər. İctimai birliyin fəaliyyəti üçün isə dövlət qeydiyyatı məcburi şərt kimi nəzərdə tutulmur. Yəni ictimai birlik müvafiq icra hakimiyyəti orqanına yazılı bildiriş təqdim etməklə dövlət qeydiyyatına alınmadan da fəaliyyət göstərə bilər. Dövlət qeydiyyatına alınmadan imtina edildikdə, məhkəməyə şikayət vermək olar.

Bütövlükdə birləşmək azadlığı ilə əlaqədar məsələlər, xüsusən də QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericilik müvafiq məsələlərə dair beynəlxalq standartlara uyğundur və birləşmək azadlığı sahəsində qabaqcıl Avropa təcrübəsini özündə əks etdirmişdir.

Avropanın ən yaxşı təcrübəsinə əsaslanaraq deyə bilərik ki, birləşmək azadlığı sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi bir neçə mütərəqqi müddəaları ilə səciyyələnir:

  1. Birləşmək azadlığı konstitusiya səviyyəsində təmin edilir;
  2. Qeydiyyatsız qeyri-hökumət təşkilatının fəaliyyəti qadağan edilmir və bunun üçün fiziki və ya hüquqi şəxslərin məsuliyyəti nəzərdə tutulur;
  3. QHT-nin yerli təsisçilərinə dair çox liberal tələblər mövcuddur (fondun təsisçisi cəmi 1 nəfər, ictimai birliyin təsisçisi isə 2 nəfər ola bilər);
  4. İctimai birliyinin dövlət qeydiyyatı üçün tələb olunan dövlət rüsümu minimaldır və cəmi 11 azn təşkil edir;
  5. QHT-lərin dövlət tərəfindən maliyyələşməsi üçün konkret orqanlar yaradılıb və fəaliyyət göstərir.

Bununla yanaşı birləşmək azadlığı sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin ayrı-ayrı müddəaları müxtəlif beynəlxalq təşkilatlar tərəfindən təhlil edilib və müəyyən tövsiyyələr irəli sürülüb. Burda xüsusi olaraq Qeyri-kommersiya hüququ üzrə beynəlxalq Mərkəz və Avropa Şurasının Venesiya Komissiyasının hazırladığı rəyləri qeyd etmək olar. Eyni zamanda, Azərbaycan Respublikasının QHT qanunvericiliyində olan nöqsanlarla əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi də öz qərarlarında fikir bildirmişdir.

Təbiəti mühafizə cəmiyyəti Azərbaycana qarşı işində Avropa Məhkəməsi Azərbaycanın QHT qanunvericiliyindəki aşağıdakı çatışmazlıqları vurğulayıb:

1) Məcburi ləğvetmənin tətbiq edildiyi hallar dəqiq müəyyən edilməyib;

2) QHT-lər haqqında Qanunun “məqsədlərinə zidd” fəaliyyətlə məşğul olan birliklərə qarşı alternativ sanksiyalar yoxdur;

3) Ədliyyə Nazirliyinin birliklərin daxili idarəçiliyinə və fəaliyyətinə müdaxilə etmək səlahiyyətinin hüdudlarını və dərəcəsini, yaxud konkret olaraq Nazirlik tərəfindən təftişlərin aparılması proseduru ilə və ya aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq üçün ictimai birliklərə verilən müddətlə bağlı minimum təminatları tənzimləyən təfsilatlı normalar yoxdur.

Qeyd edilən iradlar əsasında, 2014-cü ildə qanunvericiliyə müvafiq dəyişiklik edilmiş və alternativ sanksiya kimi təşkilatın “fəaliyyətin müvəqqəti dayandırılması” qanuna daxil edilmişdir. Yəni, il ərzində nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair iki xəbərdarlıq almış təşkilat artıq məcburi ləğv etmə ilə üzləşməyəcək, sadəcə olaraq onun fəaliyyəti müvəqqəti dayandırılacaq. Bu təşkilata imkan verir ki, çatışmazlıq aradan qaldırıldıqdan sonra yenidən fəaliyyət göstərsin.

 

Siyasi partiyaların və QHT-lərin dövlət tərəfindən maliyyələşməsi: Azərbaycan modeli

 

Qüvvədə olan qanunvericiliyə əsasən digər mənbələrlə yanaşı, siyasi partiyaların və QHT-lərin dövlət tərəfindən maliyyələşməsi imkanı nəzərdə tutulmuşdur. Siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi parlament seçkilərinin nəticələri əsas götürülməklə həyata keçirilir. Belə ki, “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə əsasən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Həmin vəsait dövlət büdcəsində ayrıca sətirlə göstərilir.

Dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.

Siyasi partiyalar Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə siyasi partiyalar bloku tərkibində iştirak etdikdə, dövlət büdcəsindən ayrılan vəsait hər bir siyasi partiyaya ayrıca verilir. Dövlət büdcəsindən ayrılan vəsait müvafiq icra hakimiyyəti orqanı tərəfindən rüblər üzrə bərabər hissələrlə siyasi partiyanın bank hesabına köçürülür. Siyasi partiyalar dövlət büdcəsindən ayrılan vəsaitdən imtina etdikdə həmin vəsait dövlət büdcəsinə qaytarılır.

QHT-lərə gəldikdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət müxtəlif mexanizmlər vasitəsilə QHT-ləri maliyyələşdirmək səlahiyyətinə malikdir. Müstəqillikdən sonrakı dövrdə Azərbaycanda QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi üçün bir sıra mexanizmlər yaradılmışdır.

2007-ci ildə Azərbaycan Hökuməti yerli qeyri-hökumət təşkilatlarına dəstək olmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra “QHT Şurası” adlandırılacaq) yaratdı.

QHT Şurası QHT-lər, hökumət və bütövlükdə cəmiyyət arasında vacib və faydalı vasitəçi rolunu oynayır.

QHT Şurası çalışdığı müddət ərzində bir neçə mərhələdən ibarəd şəffaf və səmərəli qrant ərizələrinin qiymətləndirilməsi sistemini yaratmışdır. QHT Şurasının qrant müsabiqəsi adətən layihə təkliflərinin təqdim olunması tarixindən bir ay əvvəl elan olunur və burada müsabiqənin qaydaları ətraflı şəkildə göstərilir. Burada müsabiqədən kənarda qalmış təşkilatlar üçün apelyasiya imkanı da nəzərdə tutulmuşdur. Layihələrin qiymətləndirilməsi isə yerli və beynəlxalq müstəqil ekspertlər tərəfindən həyata keçirilir.

2013-cü ilin mayından etibarən, QHT Şurası, ABŞ və Avropada yerləşən QHT-ləri də maliyyələşdirir və bununla da Azərbaycanın kənarlarında maraqlı layihələrin realizə olmasına köməklik edir.

Gənclər siyasəti haqqında Qanun hökumətə bu qanunda təsvir olunmuş məqsədləri və tədbirləri həyata keçirmək üçün QHT-ləri maliyyələşdirməyə icazə verir və belə proqramları icra etmək üçün lazım olan maliyyə vəsaiti Gənclər və İdman Nazirliyinin büdcəsindən ayrılır. Bu proqramların hansı təşkilatlara veriləcəyinə dair qərar müsabiqə yolu ilə qəbul olunur.

Digər bir mexanizm, Prezident yanında Gənclər Fondu 2012-ci ilin iyun ayında fəaliyyətə başlayıb və əsas istiqamətlərində biri fəal gəncləri və gənclər təşkilatlarını dəstəkləməkdir. 2012-ci ildə QHT-lərin sosial xidmətlərin göstərilməsi üçün zəmin yaradılmışdır. Sosial Xidmət haqqında  Qanun dövlət qurumlarının sosial xidməti büdcə vəsaiti hesabına QHT-lərdən satın almasına icazə verir. 30 dekabr 2012-ci il tarixində Nazirlər Kabineti iki qərar qəbul etmişdir. Bunlardan biri “Dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli və tam ödənişli şərtlərlə sosial xidmətin göstərilməsi Qaydası”, digəri isə “Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fıziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydası” (bundan sonra Sosial Xidmətlər üzrə Dövlət Sifarişləri haqqında Qayda) haqqında idi. Sosial Xidmətlər üzrə Dövlət Sifarişləri haqqında Qayda ilə bərabər “sosial xidmət sahəsində sifariş üzrə müqavilə nümunəsi” də təqdim edilmişdir. Sosial Xidmətlər üzrə Dövlət Sifarişləri haqqında Qayda sosial xidmət sahəsində dövlət sifarişlərinin büdcəsinin formalaşdırılması, müsabiqənin keçirilməsi üçün komissiyaların təşkili qaydaları, bu komissiyalarda üzvlük, QHT-lərin müsabiqələrdə iştirakı,  nəzarət və cavabdehlik kimi məsələləri əhatə edir.

2012-ci il noyabrın 29-da Prezidentin imzaladığı digər fərmana əsasən, Sosial Xidmət haqqında Qanunun icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır. 

Sosial Xidmətlər üzrə Dövlət Sifarişləri haqqında Qaydaya əsasən, sosial xidmətlər üzrə dövlət sifarişləri podratçılara müsabiqə əsasında ƏƏSMN, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarında yaradılan “tender komissiyaları” tərəfindən veriləcəkdir.

2013-cü il yanvarın 9-da Azərbaycanda ilk dəfə olaraq, dövlət Sosial xidmət haqqında Qanunu icra etmək məqsədilə  hüquqi və fiziki şəxslərlə yanaşı, qeyri-hökumət təşkilatlarından da (QHT) sosial xidmətlərin satın alınması üçün dövlət büdcəsindən 2 milyon manat ayırmışdır.

Qanunvericiliyi edilən son dəyişikliklər imkan verir ki, geniş ceşiddə dövlət orqanları donor qismində çıxış etsinlər.

 

Birləşmək azadlığının təminatlarının təkmilləşdirilməsi sahəsində tövsiyyələr

 

Birləşmək azadlığı sahəsində geniş qanunvericilik bazasının olmasına baxmayaraq, QHT sektorunun inkişaf etməsi üçün bir sıra məsələlərin qanunvericilikdə tənzimlənməsi arzu olunandır:

1. QHT-lərin qeydiyyatı mümkün qədər sadələşdirilməlidir. Kommersiya qurumlarının qeydiyyatı 2-3 iş günü çəkdiyi halda, qeyri-kommersiya qurumlarının qeydiyyatı yaxşı halda bir neçə ay çəkir. Bu problemə görə Azərbaycan Respublikası Avropa Məhkəməsində artıq bir neçə iş uduzub.

2. Ölkədaxili maliyyə mənbələrinin yetərli olmadığından QHT-lərin xarici maliyyə mənbələrinə çıxışı proseduru sadələşdirilməlidir.

3. QHT-lərin reyestr məlumatlarının yenilənməsi və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın alınması elektron qaydada həll edilməlidir.

4. QHT sektorunun inkişafı üçün müəyyən vergi güzəştləri nəzərdə tutulmalıdır.

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını  həyata keçirir və bu məqalənin hazırlanması və dərc edilməsi də həmin layihə çərçivəsindədir. Layihənin icrası isə Azərbaycan “Free Person” İnsan Hüquqlarını Müdafiə İB-nin eksperti Qadir İbrahimli ilə Avrasiya Əməkdaşlıq Fondu  arasında bağlanmış “Demokratiya və insan hüquqlarının onlayn təşviqi”  adlı xidmət çərçivəsində həyata keçirilir.

Məhəmməd Quluzadə

    İCNL- Azərbaycan üzrə sabiq nümayəndəsi

   “MG” konsaltinq şirkətinin rəhbəri

Strateq.az