XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

13 Dekabr 2016 - 12:25

Açıq Hökumətin Təşviqi üzrə yeniMilli Fəaliyyət Planının icrası nə vəd edir?

Loqo-Aciq-Hokumet

"Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi maraqlı layihənin icrasına başlayıb. ““Açıq Hökumətə vətəndaş dəstəyi”  layihəsinin məqsədi “Açıq Hökumət” ideyasının təbliği, Açıq Hökumət Təşəbbüsləri (AHT)  istiqamətində tədbirlərin daha səmərli həyata keçirilməsinə ictimai dəstək verilməsidir. Layihə fəaliyyətlərindən biri kimi “Açıq Hökumət” ideyası, AHT-nin Azərbaycanda tətbiqi və bununla əlaqədar həyata keçirilən tədbirlər barədə analitik materiallar, müsahibələr, ekspert rəylərinin  dərc olunması nəzərdə tutulub. Layihə çərçivəsində hazırlanan "Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planının icrası nə vəd edir?" adlı məqalə Strateq.az  oxucularına təqdim olunur. 

***

Azərbaycan 2011-ci ildə “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə qoşulub. Məqsəd şəffaflığın artırılması və "Açıq Hökumət" sahəsində fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və ən yaxşı praktikanın formalaşmasıdır.

Hökumət “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə qoşulmaqla “Açıq Hökumət”in təşviqi və şəffaflığın artırılması ilə əlaqədar öz fəaliyyətini təkmilləşdirmək, bu sahədə aparılan təcrübə mübadiləsinə töhfə vermək və beynəlxalq səylərə qoşulmaq niyyətini bildirib.

Ümumiyyətlə, Açıq Hökumət Təşəbbüsünün (AHT) mahiyyəti ondan ibarətdir ki, dövlət özü şəffaflığı təmin etməklə vətəndaş iştirakçılığını stimullaşdırmağa çalışır. İnternet texnologiyaların sürətli inkişafı vətəndaşların dövlət orqanlarının fəaliyyəti ilə bağlı hər şeyi bilmək hüququnun tam dolğunluğu ilə reallaşdırılması üçün çox geniş imkanlar açır. Bu zaman “bilgili vətəndaş hakimiyyət və dövlət orqanlarının daha yaxşı işləməsində maraqlı olmaqla, kömək etməyə çalışacaq” yanaşması əsas götürülür. İnformasiya açıqlığını təmin etməklə dövlət vətəndaşların da bilgili olmasını təmin edir, daha çox məlumat almaq imkanı olanda isə vətəndaş iştirakçılığı geniş vüsət alır.

Geniş vətəndaş iştirakçılığı isə hakimiyyət və dövlət orqanlarının daha yaxşı işləməsini, cəmiyyətlə effektiv əks-əlaqəni təmin edir, yanlışların zamanında aşkarlanması, aradan qaldırılmasına yardım göstərir. Dövlət tərəfindən elə mexanizmlər yaradılır ki, vətəndaşlar dövlət orqanlarının fəaliyyətində nəinki, səhvləri aşkarlaya bilsinlər, eyni zamanda onların həllində, optimal qərarların qəbulunda iştirak edə bilsinlər. Bununla dövlət etimad mühiti yaradır və sadə vətəndaşların idarəetməyə cəlb edilməsiylə miqyaslı vəzifələrin həllini optimallaşdırır.

Funksiyaların və məsuliyyətin bir hissəsini cəmiyyətlə bölüşməklə ümumi maraqların təmin olunması üçün birgə (cəmiyyət-dövlət) idarəetmə modeli tətbiq olunur. Sovet təcrübəsindən fərqli olaraq bu modeldə “ictimai iştirakçlıq” anlayışı fərqli mahiyyət kəsb edir. Dövlət və fəal vətəndaşlar idarəetmə prosesinin iştirakçılarına çevrilirlər. Eyni zamanda könüllü proqramları, məqsədli maliyyəşdirmə ilə dövlət bu prosesin məzmununu və kontekstini müəyyən edə bilir.

Azərbaycan “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə qoşulduqdan sonra “2012-2015-ci illərdə Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı” Azərbaycan Prezidentinin 5 sentyabr 2012-ci il tarixli fərmanı ilə təsdiqlənib. Milli Fəaliyyət Planının əsas prinsip və dəyərləri dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təkmilləşdirilməsi, ictimai iştirakçılığın genişləndirilməsi və yeni sosial texnologiyaların tətbiqi kimi bəyan olunmuşdu.

Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı 9 əsas tematik öhdəlik qrupundan ümumilikdə, 43 əsas və köməkçi fəaliyyət növlərindən ibarət idi. Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə Komissiyası tərəfindən aparılan 2012-2013-cü illәr üzrə aparılan qiymətləndirməyə əsasən dövlət orqanları tərәfindən Fәaliyyət Planında nәzərdə tutulan fəaliyyətlərin 64%-i icra edilmişdir. Ümumi olaraq Komissiya tərəfindәn aparılan qiymətlәndirmənin nәticəsinə əsasәn isə Fәaliyyәt Planında 2014-ci il üçün nəzәrdə tutulan tәdbirlәrin dövlәt qurumları tərəfindәn tam icra vәziyyәti 76% müәyyәn edilib.

27 aprel 2016-cı il tarixdə AR Prezidentinin müvafiq sərəncamı ilə  növbəti, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. Plan 11 istiqamət üzrə qruplaşdırılmış 58 tədbiri əhatə edir.

Milli Fəaliyyət Planının təsdiqlənməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti sərəncamının 5-ci  bəndində tövsiyyə olunub ki, tədbirlərin həyata keçirilməsinə, dəyərləndirilməsi prosesinə vətəndaş cəmiyyəti institutları cəlb olunsun. Eyni zamanda "Açıq Hökumət Tərəfdaşlığı"nın əsas prinsiplərindən biridə Fəaliyyət Planının icrasının vətəndaş cəmiyyətinin cəlb edilməsidir. Açıq HökumətinTəşviqi üzrə vətəndaş cəmiyyəti Platformasının formalaşdırılması üçün imkan yaradılması çox vacibdir.

Ekspertlər qeyd edirlər ki, yeni plan çox böyük potensiala malikdir. Bu planın icrası islahatlar proqramının aktuallığını təmin etməyə kömək edəcək, vətəndaşlar, vətəndaş cəmiyyəti üçün yeni imkanlar açacaq. Xüsusən, şəffaflıq, məlumatlara əlçatanlıq, dövlət rəsmilərinin gəlir (əmlak) ilə bağlı məlumatların ictimailəşdirilməsi, vətətəndaşların idarəetməyə cəlb olunması istiqamətində yeni irəliləyişlər əldə etməyə imkan verəcək.

Bu Planın uğurla icrası xeyli dərəcədə vətəndaş cəmiyyətinin fəal mövqe tutmasından da asılı olacaq. Vətəndaş cəmiyyəti institutlarının islahatları gündəlikdə saxlaması, müvafiq dövlət qurumlarını müstəqil dəyərləndirmə ilə  təmin etməsi və AHT təşəbbüsləri üçün vacib olan ictimai etimad mühitinin yaradılmasına yardım göstərməsi çox mühümdür. 

Strateq.az