XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 December 2016 - 23:46

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu

2005-ci ildə qəbul edilmiş “İnformasiya əldə etmək haqqında” qanun KİV-in informasiya əldə etməsi üçün əlavə imkanlar yaradır. Belə ki, qanuna əsasən, Azərbaycanda informasiyanın əldə olunması azaddır və hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. İnformasiya sahibinə müraciət edən hər kəs sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. İnformasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu təmin etməyə borcludur.

“İnformasiya əldə etmək haqqında” qanun informasiyanın əldə olunmasının sorğu əsasında təmin edilməsini də tənzimləyir. Qanun informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi; poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı məlumat almaq imkanlarını yaradır. Qanuna görə, informasiya sorğusu ən qısa müddətdə, 7 iş günündən gec olmayaraq icra edilir. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. İnformasiya ilə tanış olduqda, onu öz texniki imkanlarından istifadə edərək surətini çıxardıqda, habelə texniki kömək göstərilməyən digər hallarda sorğuçu informasiyanın əldə olunmasına görə haqq ödəmir. İctimai informasiyaların əldə edilməsinə görə ödəniş tələb olunmur.

Qanuna görə, informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş informasiyaları açıqlamalıdır. İctimai informasiyalar İnternet informasiya ehtiyatlarında açıqlanmalıdır. Qanunun tələbinə görə, informasiya sahibi ictimai informasiyanı elə üsulla açıqlamalıdır ki, bu informasiya ehtiyacı olan hər kəsə mümkün qədər tez çatsın.

 

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu bu link vasitəsilə yükləyə bilərsiniz

 

 

http://www.e-qanun.az/framework/11142

 

 

 

 

«Korrupsiyaya qarşı mübarizə haqqında»Azərbaycan Respublikasının Qanunu

 

Korrupsiyaya qarşı mübarizə haqqında respublika qanunvericiliyinin əsasını Milli Məclis tərəfindən 13 yanvar 2004-cü ildə qəbul edilmiş «Korrupsiyaya qarşı mübarizə haqqında»Azərbaycan Respublikasının Qanunu təşkil edir. Həmin qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir. Bunlarla yanaşı qanun həmçinin dövlət orqanlarına əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır.

 

«Korrupsiyaya qarşı mübarizə haqqında»Azərbaycan Respublikasının Qanunulink vasitəsilə yükləyə bilərsiniz

 

http://www.e-qanun.az/framework/5809