XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

24 May 2017 - 19:40

Azərbaycanda ictimai iştirakçılıqla bağlı vəziyyət və problemlər müzakirə edilib

 

Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması “İctimai İştirakçılıq. Yerli qərarların qəbulunda vətəndaş iştirakçılığı” mövzusunda dəyirmi masa keçirib.  Dəyirmi masada  qərarların qəbulu prosesində vətəndaş  cəmiyyətinin iştirak imkanları, bununla əlaqədar mövcud qanunvericilik və praktika ilə əlaqədar  məsələlər müzakirə olunub.

Tədbir Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi  “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı üzrə VƏHML eksperti Sahib Məmmədovla  bağlanmış müqavilə əsasında həyata keçirilən “İctimai İştirakçılıq. Mövcud vəziyyətin öyrənilməsi və yeni təşəbbüslərin dəstəklənməsi” adlı sifariş çərçivəsində baş tutub.

Dəyirmi masada Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev “Azərbaycan Respublikasında Qərarların qəbul edilmə prosesində vətəndaş  cəmiyyətinin iştirak imkanları” mövzusunda məruzə ilə çıxış edib. 

Ə.Nuriyev vətəndaş cəmiyyətinin qərarların qəbulu, dövlət orqanları ilə əməkdaşlıq və dialoqun təmin edilməsi mexanizmləri barədə məlumat verib.  Bu sahədə qanunvericiliyi şərh edib və vətəndaş cəmiyyətinin bu imkanlardan hansı formada yararlandığı barədə fikirlərini bölüşüb.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, ekspert Sahib Məmmədov ictimai iştirakçılıqla əlaqədar qanunvericilik və onun tətbiqi praktikası ilə bağlı Monitorinq hesabatını təqdim edib.

S.Məmmədov qeyd edib ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əksəriyyəti vətəndaş cəmiyyətinin onların qəbul etdiyi qərarların hazırlanmasında və həyata keçirilməsində iştirakında maraqlı deyillər:  “Bu baxımdan əksəriyyət mərkəzi və yerli icra hakimiyyəti orqanları qanunvericilikdə nəzərdə tutulan ictimai iştirakçılıq formalarının heç birindən, o cümlədən İctimi Şura mexanizmindən istifadə etmirlər. İctimai iştirakçılıq mexanizmlərini yalnız formal olaraq deyil, həm də real olaraq tətbiq edən dövlət orqanlarının mövcudluğu onu göstərir ki, əslində ictimai iştirakçılıq prosesinin real olaraq tətbiqi üçün hüquqi əsaslarla yanaşı, siyasi iradə də mövcuddur. Sadəcə “aşağılar” onun tətbiqində maraqlı deyil və prosesə mane olurlar”.

S.Məmmədov İctimai Şuraların fəaliyyəti ilə bağlı da qənaətləri açıqlayıb. Qeyd edib ki, bütün hallarda İctimai Şuranı seçən orqanların proseslərə qeyri-rəsmi müdaxiləsi baş verir: "Qanunun tətbiqinə başlanmasından 3 il keçməsinə baxmayaraq, əksər mərkəzi və yerli icra hakimiyyəti orqanlarında İctimai Şuralar yaradılmamışdır".

S.Məmmədov  tövsiyələri də təqdim edib. Qeyd olunub ki, “İctimai iştirakçılıq Haqqında” Qanunda İctimai Şuraların formalaşdırılması mexanizmləri ilə bağlı nəzərdə tutulan qaydalar dəyişdirilməli, ictimi iştirakçılıq formalarının tətbiqi ilə bağlı əlavə tədbirlər görülməlidir.

Müzakirələr zamanı Platforma üzvləri Sabit Bağırov, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Mirvari Qəhrəmanlı, Elxan Şükürlü, Rauf Zeyni, İsrail İsgəndərov, Əhməd Abbasbəyli, Niyaməddin Orduxanlı, Ümud Rəhimoğlu, Hafiz Həsənov, Səadət Bənənyarlı, Vasif Mövsümov vətəndaş iştirakçılığının təmin olunması ilə bağlı meydana çıxan problemlər, çətinlikləri vurğulayıblar. Bu sahədə vəziyyətin qənaətbəxş olmaması vurğulanıb. Eyni zamanda ictimai iştirakçılıqla bağlı problemlərin həlli ilə əlaqədar təkliflər səsləndirilib. Platformanın bu istiqamətdə əlavə tədbirlər görməsi üçün səy göstəməsinin vacibliyi qeyd olunub və bununla əlaqədar müvafiq tövsiyələr verilib. Qərara alınıb ki, Platformanın təşəbbüsü ilə bu mövzuda bütün maraqlı tərəflərin iştirakı ilə konfrans təşkil olunsun.

Verilən tövsiyələr nəzərə alınmaqla monitorinq hesabatı və tövsiyələr hazırlanaraq maraqlı tərəflərə təqdim ediləcəkdir.