XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

13 İyun 2017 - 17:28

Əliməmməd Nuriyev:“Vergilər Nazirliyi ilə müzakirələrdə konkret nəticələr əldə olundu”

“Açıq Hökumət Platformasının təşəbbüsü ilə Vergilər Nazirliyində vətəndaş cəmiyyəti ilə keçirilən görüş çox əhəmiyyətli və məhsuldar oldu.  Üç saata yaxın davam edən müzakirələrdə vətəndaş cəmiyyətini narahat edən bütün problemlər qaldırıldı, çoxsaylı suallar verildi. Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva və digər vəzifəli şəxslər öz fikirlərini  bölüşdülər, sualları cavablandırdılar”.

Bu barədə Açıq Hökumət Platformasının saytına açıqlamasında Platformanın koordinatoru Əliməmməd Nuriyev bildirib.

Ə.Nuriyev qeyd edib ki,  bu görüş hər iki tərəf üçün çox faydalı olub:

“Qeyd edim ki, Vergilər Nazirliyi Açıq Hökumət Platformasında təmsil olunur. Yəni Platforma olaraq öz fikirlərimizi hər zaman Vergilər Nazirliyinin diqqətinə çatdırmaq, eyni zamanda onların da öz  rəylərini bizimlə bölüşmək imkanı var. Amma bu görüş o baxımdan çox faydalı oldu ki, ekspert müzakirələri formatında keçirildi. Vergilər Nazirliyi vergi orqanlarında aparılmış islahatlar və Vergi Məcəlləsində edilmiş dəyişikliklər barədə vətəndaş cəmiyyətinin mövqeyi,  fikirləri və təkliflərini öyrəndi. Vətəndaş cəmiyyəti isə Vergilər Nazirliyinin baxışı, yanaşması, mövqeyi və arqumentləri ilə tanış olub.

Ən vacibi mövcud problemlərin həlli yolları ilə bağlı hər iki tərəfdən tövsiyyə və təkliflər səsləndirilib. Dünya təcrübəsinə istinad etməklə,  fikir mübadiləsi aparılıb. Bir çox məsələlər, xüsusən bizes mühitinin yaxşılaşdırılması, şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizə ilə əlaqədar aparılan işlərlə bağlı ortaq baxış və yanaşma ifadə edilib.

Platforma üzvləri və QHT təmsilçiləri öz iradlarını açıq şəkildə bildiriblər. Açıq və məhsuldar fikir mübadiləsi üçün məhz ekspert müzakirələri daha optimaldır. Bu format həm problemlərin həlli yollarının axtarılması, daha peşəkar yanaşmanın ön plana çıxarılmasına imkan verir”.

Platformanın koordinatoru bu müzakirələr zamanı konkret nəticələrin əldə olunduğunu da vurğulayıb:

“İlk növbədə vergi qanunvericiliyi ilə bağlı nəzərdə tutulan dəyişikliklərin geniş ictimai müzakirələrdən keçməsinin vacibliyi barədə ortaq fikirə gəldik.  Bu məsələlərdə Platforma ilə Vergilər Nazirliyinin əməkdaşlıq etməsi barədə ilkin razılıq əldə etdik. Qərara alındı ki, qrant müqavilələri üzrə ayrılan vəsaitlərin ƏDV-dən azad olması ilə bağlı qanunvericiliyin izahının Vergilər Nazirliyinin müvafiq məktubu ilə ifadə olunması üçün Platforma adından müraciət olunsun. Eyni zamanda Vergilər Nazirliyi ilə belə tədbirlərin keçirilməsinin davamlı olması, belə görüşlərin işlək əməkdaşlıq formtına çevrilməsi barədə razılaşdıq. 

Ən başlıcası vətəndaş cəmiyyəti ilə Vergilər Nazirliyi arasında vasitəçilərsiz,  birbaşa kommunikasiya yarandı. Bu isə məhsuldar əməkdaşlığın başlıca şərtidir və hər iki tərəfə daim fikir mübadiləsində, təmasda olmağa imkan yaradır. Bu isə şübhəsiz Açıq Hökumət təşəbbüslərinin əsas komponentindən biridir. Biz də bu görüşün təşkili ilə bağlı makisimum səviyyədə açıqlıq və şəffaflığa, vətəndaş cəmiyyətinin geniş spektrinin əhatə olunmasına çalışdıq. Feysbuk sosial şəbəkəsində elan verdik, sulları topladıq. E-mail vaisitəsilə də sulları topladıq. Düşünürəm ki, bu çox yaxşı təcrübə oldu və gələcəkdə tərəfimizdən daha geniş tətbiq olunmalıdır”.

Ə.Nuriyev əlavə edib ki, bu formatda görüşlərin digər dövlət qurumları ilə də keçirilməsi planlaşdırılır.

Strateq.az