XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

09 Aprel 2017 - 15:55

Regionlarda elektron xidmətlərə maraq artır

Region sakinlərinin respublikamızda göstərilən elektron xidmətlərlə bağlı maarifləndirilməsi üçün növbəti tədbirlэк  Bərdədə və Ağdamda keçirilib.

Müzakirələri giriş sözü ilə açan Regional İnsan Hüquqları və Media Mərkəzinin eksperti Xalid Kazımov bildirib ki, tədbirlərin  keçirilməsində əsas məqsəd elektron xidmətlərlə bağlı rayon sakinlərinin məlumatlılığının artırılmasıdır: "Həmçinin, elektron xidmətlərdən  istifadə etmək ehtiyacı olan insanlara texniki yardımın göstərilməsinə çalışırıq. Proqram çərçivəsində əhalinin elektron xidmətlər və onlardan istifadə ilə bağlı məlumatlılığını artırmaq üçün təbliğat materialları da hazırlanıb. Bukletdə “Elektron hökumət” portalı, dövlət qurumları və ictimai xidmətləri yerinə yetirən digər qurumlar tərəfindən göstərilən elektron xidmətlərlə bağlı məlumat toplanıb. Eyni zamanda bukletdə əhalinin www.e-gov.az portalının imkanlarından necə istifadə etməklə bağlı məlumat verilib. Əhalinin elektron xidmətlər və onlardan istifadə ilə bağlı məlumatlılığını artırmaq üçün iki televiziya verilişi də hazırlanaraq yayımlanıb. Bu gün burada elektron xidmətlərdən istifadə imkanları ilə bağlı əlavə məlumat ala biləcəksiniz”.

Hər iki tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin ekspertləri Günay Hüseynova və  Elvin Cəfərov da çıxış ediblər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin eksperti Günay Hüseynova iştirakçılara  elektron xidmətlərin üstünlükləri, "Elektron hökumət" portalı ilə bağlı məlumat verib: “Elektron hökumət” – müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları  tərəfindən vətəndaşlara, sahibkarlara və dövlət qulluqçularına “vahid pəncərə” prinsipi əsasında  elektron xidmətlərin göstərilməsinə şərait yaradan sistemdir. “Elektron hökumət”  vasitəsi ilə hər bir vətəndaş dövlət təşkilatları və ictimai xidmət göstərən digər qurumlar tərəfindən təqdim edilən xidmətlərə asanlıqla çatmaq imkanlarına malikdir. “Elektron hökumət” portalında 89 qurumun, o cümlədən 41 dövlət təşkilatının 433 elektron xidməti mövcuddur”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin əməkdaşı Elvin Cəfərov iştirakçılara “Elektron hökumət” portalında qeydiyyatdan keçmək üçün mövcud olan 4 autentifikasiya  (tanıma, identikləşdirmə) vasitəsi  ilə bağlı məlumat verib: “Hazırda portalda qeydiyyatdan keçmək üçün 4 autentifikasiya  (tanıma, identikləşdirmə) vasitəsi  təqdim edilir. İstifadəçi ona rahat olan həmin vasitələrdən birini seçməklə portala giriş edə bilər. Bunlar  “E-imza” kartı, “E-Gov” mobil identifikası vasitəsi, “Elektron hökumət” portalı tərəfindən vətəndaşa verilən kod/parol və “Asan imza”dır. “Elektron hökumət” portalı  vasitəsi ilə əksər dövlət qurumları öz xidmətlərini təqdim edirlər. Hazırda ən çox istifadə edilən xidmətlər  sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi xidmətlərdir. Portalda, həmçinin arayışların elektron qaydada verilməsi imkanı yaradılıb ki, buna da maraq böyükdür”.

“Elektron hökumət” portalında qeydiyyat və portal  vasitəsi ilə göstərilən elektron xidmətlərdən istifadə ilə bağlı iştirakçılara əyani məlumat verilib. İştirakçılar elektron qaydada əldə edilməsi mümkün olan arayışlarla bağlı təcrübi məlumat alıblar. Fəal iştirakçılara  «Elektron hökumət» portalından istifadə üçün istifadəçi adı və şifrə verilib.

Qeyd edək ki, Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını  həyata keçirir. Bu tədbir də Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin eksperti ilə Avrasiya Əməkdaşlıq Fondu  arasında bağlanmış "Elektron xidmətlərdən istifadədə region sakinlərinə  köməkliklərin göstərilməsi" adlı xidmət çərçivəsində icra edilir.

Strateq.az