XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

21 İyul 2017 - 13:42

Region sakinlərinin elektron xidmətlərlə bağlı maarifləndirilməsi davam etdiriləcək

"Regionlarda elektron xidmətlərdən istifadədə əhaliyə  köməklik göstərilməsi işi davam etdiriləcək. Məqsəd elektron xidmətlərlə bağlı region sakinlərinin məlumatlılığının artırılması, elektron xidmətlərdən  istifadə etmək ehtiyacı olan insanlara texniki və hüquqi yardımın göstərilməsidir". Bu barədə məlumat verən Regional İnsan Hüquqları və Media Mərkəzinin eksperti Xalid Kazımovun sözlərinə görə, məqsəd elektron xidmətlərlə bağlı region sakinlərinin məlumatlılığının artırılması, elektron xidmətlərdən  istifadə etmək ehtiyacı olan insanlara texniki və hüquqi yardımın göstərilməsidir.

X.Kazımovun sözlərinə görə, xidmətlərdən sentyabrın sonunadək elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən Bərdə, Ağdam, Tərtər və Ağcabədi rayon sakinləri və bu rayonlarda məskunlaşan məcburi köçkünlər istifadə edə biləcək: "Xidmətlərin göstərilməsinə Avrasiya Əməkdaşlıq Fondu maliyyə dəstəyi verir. Əsas məqsədimiz ölkəmizin prioritet elan etdiyi elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə ictimai dəstək üçün regionlarda elektron xidmətlərdən istifadə ilə bağlı məlumatlılığın artırılması və ehtiyacı olan insanlara xidmətdən istifadə imkanlarının yaradılmasıdır. Belə ki, respublikamızda elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində daim iş aparılır. «Elektron hökumət portalı» vasitəsi ilə əhaliyə 450-dən artıq xidmət göstərilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalına hər ay bir neçə yeni elektron xidmət inteqrasiya olunur. Eyni zamanda elektron xidmətlərdən istifadə edənlərin sayı da daim artır. Düşünürük ki, region sakinlərini həm elektron xidmətlərlə bağlı məlumatlandırmaq, həm də birbaşa texniki və hüquqi yardım göstərməklə elektron hökumətdən istifadə edənlərin sayının artmasına yardım edə biləcəyik. Bu ölkəmizdə rüşvətxorluğun, bürokratiyanın aradan qaldırılması, şəffaflığın təmin olunması, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində aparılan işlərə əlavə dəstək olmaqla yanaşı, aztəminatlı ailələrə elektron xidmətlərdən yararlanma imkanı verəcək. İndiyədək Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə Bərdə və Ağdam rayonlarında təşkil olunan 3 xidmət mərkəzində elektron xidmətlərdən istifadədə 210 region sakininə köməklik göstərilib. Bərdə, Ağdam, Mingəçevir, Yevlax, Göygöl və Ağdaş rayonlarında təşkil olunan məlumatlandırma sessiyasında 394 nəfər iştirak edib. "Elektron xidmətlərin vətəndaş üçün əhəmiyyəti" mövzusunda iki televiziya verilişi hazırlanıb və indiyədək həmin verilişlərə 4 mindən artıq baxış olub".

X.Kazımovun sözlərinə görə, növbəti ayda elektron xidmətlərə çıxış imkanı olmayan şəxslərə elektron xidmətlərdən istifadə imkanı yaradılmaqla bərabər maarifləndirmə tədbirləri də həyata keçiriləcək: «İlkin mərhələdə isə region sakinlərinin ölkəmizdə əhaliyə göstərilən elektron xidmətlər və onlardan istifadə ilə bağlı məlumatların toplandığı buklet hazırlanaraq çap edilməsini planlaşdırırıq. Bukletdə, həmçinin əhalinin ödənişsiz texniki yardım ala biləcəkləri ünvanlarla bağlı məlumat da əksini tapacaq. Həmçinin, elektron xidmətlərin əhəmiyyəti, onlardan istifadə ilə bağlı əhalinin məlumatlılığını artırmaq üçün 2 televiziya verilişi, 1 sosial çarx hazırlanaraq yayımlanacaq”.

Qeyd edək ki, Avrasiya Əməkdaşlıq Fondunun missiyası insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və öz həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir. Fond daha çox ölkə üçün prioritet olan istiqamətlərə aid ideya və təkliflərin reallaşdırılmasını müəyyənləşdirir.

Strateq.az