Sağlamlıq imkanları məhdud şəxslər özlərinin çəkildiyi video-çarx vasitəsilə düşüncələri barədə cəmiyyətə mesaj veriblər. Onlar, həmçinin “Məni cəmiyyətim necə görür?” – sualına cavab verən ismarışlar yazıblar.
Bu fəaliyyətlər Almaniyanın “MitOst” Assosiasiyasının dəstəyi və “Konstitutsiya” Araşdırmalar Fondunun təşkilatçılığı ilə həyata keçirilən “İnkişaf Zamanı” proqramı çərçivəsində icra olunan “İçimizdəki Səs” layihəsi çərçivəsində gerçəkləşib. “İçimizdəki səsi hər kəs duysun!” – layihənin çağırış şüarıdır.
Layihənin məqsədi sağlamlıq imkanı məhdud şəxslərin üzləşdikləri problemləri bir cümlədən ibarət ismarışlar, fotoşəkillər və video-çarx vasitəsilə cəmiyyətin diqqətinə çatdırmaqdır.
Layihə çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 50 nəfərlə görüş keçirilib. Bu görüşdə sağlamlıq imkanı məhdud şəxslərin qarşılaşdıqları çətinliklərin səbəbləri, onların problemin həlli yolunda düşüncələri, yaşadıqları sosial mühitin həyat şəraitinə uyğunluğu və layihənin mümkün sosial təsirləri haqqında müzakirələr aparılıb.
Müzakirə iştirakçıları özlərinin rol oynadıqları sosial video-çarxda da çəkiliblər. Eyni zamanda onlar “Məni cəmiyyətim necə görür?” sualına cavab verən ismarışlar yazıblar. Bu sosial video-çarx, ismarışlar, şəkillər sərgi formatında Bakı, Mingəçevirdə, Yevlaxda nümayiş etdirilib.
Layihə çərçivəsində hazırlanan video-çarx:
Strateq.az