XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2016 - 19:38

Zaman axarında:“Karların dialoqu” - Hitlerin Stalini şəxsən görmək arzusu necə puça çıxdı?

hitler-molotov-yemek

Yetmiş altı il əvvəl baş tutmuş bu görüşdə  əgər razılıq əldə edilsəydi dünyanın taleyi bəlkə də başqa olardı.

Foto: Faşist Almaniyasının füreri Adolf Hitler və SSRİ xarici işlər naziri Molotov. 12 noyabr 1940-cı il. İkinci dünya müharibəsinin ikinci ili… SSRİ xarici işlər nazirinin faşist Almaniyasına səfəri. Hitlerlə birgə müzakirə…

Bu görüşdə Avropanın taleyi müzakirə olunub. Soyuq noyabr günündə böyük nümayəndə heyəti ilə Berlinə gələn SSRİ xarici işlər naziri Molotovun Almaniya ilə bir çox məsələlərdə razılıq əldə edəcəyinə ümidi vardı. Hitler İngiltərəyə qarşı müharibədə SSRİ-ni öz müttəfiqi kimi qazanmaq arzusunda idi.

Tarixə isə bu görüş “karların dialoqu” kimi düşüb.

Görüşdə Hitler dünyanın gələcək geosiyasi xəritəsindən, dağıtmağı planlaşdırdığı Britaniya imperiyasının külü altında yaranacaq yeni xəritədən, Molotov isə “ikinci dərəcəli” məsələ sayılan Finlandiya, Türkiyə, Bolqarıstan və Rumınya barədə danışıb… SSRİ böyük müharibə istəmirdi. Stalinə sərhədlərini möhkəmləndirmək üçün  bu əraziləri təsir dairəsinə almaq lazım  idi. Hitler isə buna diplomatik şəkildə “yox” deyib.

Stalini eyni zamanda Hitlerin irəli sürdüyü “Yeni Avropa” tezisi narahat edirdi. Bu “Yeni Avropada” SSRİ-nin yerinin harada olacağını bilmək, Hitlerin mövqeyini öyrənmək istəyirdi. Fürer isə Baltik dənizi hövzəsində müharibənin başlanmasından ehtiyatlandığını bildirmişdi. 

Görüşdən sonra Molotov Stalinə yazırdı: “Nəticəsiz bir görüş. Fəxr etməli bir şey yoxdur. Hər halda bir məsələ aydın oldu: Biz Hitlerin hazırkı əhvalı ilə tanış olduq”.

SSRİ xarici işlər naziri heç bir sənəd imzalamadan geri qayıdır. Müharibə bir az da yaxınlaşır.  

“Zaman axarında” layihəsində bu görüşdə bəzi stenoqram çıxşıları təqdim edirik:

Hitler: “İngiltərənin süqutundan sonra  Britaniya imperiyası 40 milyon kvadrat-kilometrlik bir nəhəng kütləyə çevriləcək. Parçalanacaq… Onun parçalanması Rusiya üçün Dünya okeanına yol açacaq. Mən bunun üçün SSRİ ilə birgə dünya koalisiyası qurmaq istəyirəm. Əgər bu plan baş tutmasa, o zaman böyük tarixi fürsət əldən çıxacaq. Əgər biz sizinlə çiyin -çiyinə dayanıb xarici qüvvələrə mübarizə aparsaq, o zaman uğurlarımız daha çox olacaq".

Daha sonra Hitler deyir: “Mən təəssüf edirəm ki, indiyə qədər Stalin kimi nəhəng tarixi şəxsiyyətlə görüşmək imkanım olmayıb”.

Molotov: “Sizin görüşünüzün baş tutacağına ümid edirəm…”

Stenoqaram görüşdə iştirak edən Almaniya xarici işlər naziri Ribbentropun nümayəndəsi Paul Şmidt tərəfindən hazırlanıb.

 Görünür, Britaniyanın baş naziri Uinston Çörçill “mən Hitlerə qarşı şeytanla da ittifaq bağlayaram” sözündə haqlı idi…

Xaqani SƏFƏROĞLU

Strateq.az

molotov-hitler-generalari

hitler-molotov