Yalçın İMANOV,
Azərbaycan Vəkillər Kollegiyasını üzvü
Həmişə getdiyim poçtda iki qadın dalaşırdı. Ümumiyyətlə, qadınların dalaşmağı maraqlı prosesdi. Həmişə heyrətlə izləmişəm. Saçyoldunu, yaddaşım məni aldatmırsa, axırıncı dəfə kənddə görmüşəm – uzaq 90-nın əvvəllərində. Bu, heç dalaşma da deyil. Sözlü mübahisə, bəlkə də. Böyür-böyürə, müştərilərə xidmət masasının arxasında əyləşmiş iki qadın, dimdik irəli baxa-baxa sözlə dava eləyirdilər. Biri o birinə “aferist” deyir. O birisi hövsələdən çıxır. “Mənəm aferist?! Mənəm?!” – bu, qıraqdan sualdan daha çox, ətrafdakıların diqqətini ağır təhqir olunmasına çəkmək, ya da məsum olmasına inandırmaq təsiri bağışlayırdı. O biri daha soyuqqanlı, təmkinli aparırdı özünü. Bir müddət susdular, amma bu sükut çox az çəkdi, mübahisə vaxtı gərginlikdən “rəqibin” söylədiklərinə tutarlı cavab verə bilməyən tərəf, dərhal yeni söz tapdı, dava yenidən alovlandı, qızışdı…Böyür-böyürə oturub, dimdik irəli baxan iki qadının kədərli davası…
Kasıb adamların davası da kədərli olur…
***
Təxminən, bir 5 il əvvəl bir nəfəri müdafiə eləyirdim. Həbs olunana qədər nazirliklərdən birinin rayon şöbəsində müdir müavini işləmişdi. Sonra Korrupsiya İdarəsi 200 manata görə ilişdirmişdi. Həmin vaxtlar ölkədə xırda-xuruş korrupsiyayla mübarizənin vüsət aldığı dövrüydü. Adama Cinayət Məcəlləsinin 2 ağır maddəsiylə ittiham irəli sürmüşdülər – 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda, yeri gəlmişkən, bu ağır nəticə nəydi, hələ də anlaya bilmirəm) və 311.1 – rüşvət alma.
Keçmiş rəis müavininin təcridxanada əhvalı çox enmişdi, dayanmadan siqaret çəkir, bu işin axırının necə olacağıyla bağlı bir-birini təkrarlayan suallar verirdi. Hər görüşdə, müdafiə prosesindən daha çox onun əhvalının normallaşdırılmasıyla məşğul olurdum. Hərçənd bunun elə bir fayda verdiyinə o qədər də əmin deyildim. Gözlənilməz həbs onda dərin şok yaratmışdı, tez-tez kədərlə gülümsünürdü, “bu nədi ey, adamı toyuq kimi qandallayıb kletkaya atıblar” deyirdi. İstintaq dövründə Korrupsiyayla dirəşmənin heç bir xeyri olmadı, iş elə həmin maddələrlə də rayonların birindəki ağır cinayətlər məhkəməsinə göndərildi. Məhkəməsinə çıxa bilmədim, yol uzaq, adamın gedib-gəlmə, xidmət haqqı və s. qarşılamağa da elə bir maddi imkanı yox. Sonralar eşitdim ki, hökm oxunub: 6 il 6 ay. 200 manata görə bu, çox böyük cəzaydı, sözsüz ki.
Bugünlərdə tanımadığım bir nömrədən zəng gəldi. Səsindən dərhal tanıdım. Oydu. Bir neçə gün olar azadlığa çıxdığını, görüşmək istədiyini söylədi. Görüşdük. Ordan-burdan söhbət və birdən qayıtdı ki, “yaxşı ki, həbs olundum, bütün o çirkabdan, haramdan, ağa qara, qaraya ağ deməkdən bezmişdim, üstəlik də bu sistemin mahiyyətini gördüm…”.
Təxminən 5 ilə yaxın həbs dövründən bir damcı da peşmançılıq yoxuydu səsində, duruşunda.
Təbii ki, bu transformasiya, həbsinin ilk aylarını çox ağır keçirən, sonradan layiq olmadığı ağır cəzanı şükranlıqla qəbul edən adamın düşüncə çevrilişi uğurlu cəza siyasətinin nəticəsi deyildi.
***
Fransız kinorejissor və ssenaristi Robert Bressonun filmlərində maraqlı bir xətt var (Bu filmlərlə tanışlığa görə əziz Aygün Aslanlıya təşəkkür). Ayrı-ayrı və çox sadə həyat lövhələri bütöv götürəndə qəribə şəkildə mürəkkəb, anlaşılmaz bir tabloya çevrilir; ağır mənəvi problemlər və bundan amansız ekzistensial çıxış variasiyaları. Böyük həqiqətlərin sadə həyat hadisələrində gizlənməsi.
İndi düşünürəm: o böyür-böyürə oturub, dimdik irəli baxa-baxa bir-birini qıran o iki yaşlı və kasıb qadının və haqq etmədiyi təxminən 5 illik həbsxana məhrumiyyətinə sevinən orta yaşlı bir kişinin əhvalatıyla Tanrı biz öləri bəndələrinə hansı həqiqətləri pıçıldamaq istəyir?
Yoxsa, ümumiyyətlə, bu dünyada həyatı anlamaq vakansiyası deyə bir şey yoxdu?!…