Yalçın İMANOV, vəkil
Küçə itlərinə gecələr fikir vermisiz?! Gündüzdəkindən bir başqa, tühaf olurlar. Tək-tək, yaxud da kiçik qruplarda başlarını sallayıb, küçə işığında aşkar görünən yaş dolu, adamdan rəhm diləyən kədərli gözlərində donmuş yazıqlıq ifadəsi harasa gedirlər – evinə tələsən adamlar kimi.
Bu mənzərə bəzən elə duruxdurur və çaşdırır ki, hərdən istəyirsən, gecənin bir aləmində qaçıb onlardan birinin qabağını kəsib hara getdiyini, niyə getdiyini, getdiyi ünvanda onu kim(lər)in, nə(lər)yin gözlədiyini sorğu-sual edəsən! Ən azı, maraq naminə.
…İnsan faciələrinin bol və rəngarəng olduğu, talelərin qara qəpik qiymətinə satılıb, qurban verildiyi ölkədə küçə itlərinin sonsuz gecə kədərini düşünmək bəlkə də mənasız məşğuliyyətdir və kiməsə saxta humanizm təsiri bağışlaya bilər. Amma insanları xoşbəxt ola bilməyən, xoşbəxt edə bilməyən ölkələrin heyvanları da, hətta itləri də bir özgə, fərqli bədbəxt olur…
***
Kiçik ideyaların böyük qurbanları… Yaxud böyük ideyaların kiçik qurbanları. Azərbaycanlının süd verməyən inəyi kəsmək şüuru. Ortalıqda qurbanlıq(lar) varsa, ideyanın böyük, ya kiçikliyi hansısa əhəmiyyət daşıyırmı? Və bu fonda xüsusən qurbanverənlərin irrasional və davamlı xoşbəxt olmaq inadı və israrı insan təbiətinin heyrətamiz mürəkkəbliyi və təzadı barədə maraqlı tədqiqat materialıdır. Bütün bu böyük, amma yalançı hay-küyün və dingiş vurnuxmanın stixiyasında isə qurban verilmiş, gecə itləri kimi taleyin ümidinə buraxılmış, hansı ünvana getdiyi məlum olmayan insan obrazları gecə qatarlarındakı işıq seli sayaq ötüb keçir, yanıb-sönür, sozalıb, yoxa çıxır…
…Böyük qurbanların cəmiyyətə böyük təmizlənmə, durulma gətirməsi ideyası uymadır, uydurmadır. Ona qalsaydı, ölkəmiz çoxdan çiçək qoxuyurdu: gül bülbülü, bülbül də dönüb gülü çağırırdı. Bu qədər qurbanlara rəgmən ortam bir az da çirkləndi və çoxdan gözlənilən katarsis baş vermədi. Nə üçün? Təmizlənmənin “qurbansızlıq” dayanacağı yoxdurmu?
***
…Fellininin “Yol”unda Celsominayla Mattonun dialoqu…Heç nəyə lazım olmayan daş Tanrının yaradılış planında hansısa niyyətə xidmət edir və mütləq nəyəsə lazımdır. Əks halda, yəni, o daş nəyəsə lazım deyilsə və hansısa niyyətə xidmət etmirsə, onda bu danyada hər şey və hamı lazımsız və mənasızdır. Bir şeyin varlığı, digərlərinin də varlığını və əhəmiyyətini müəyyən edir, şərtləndirir. İtləri demirəm – o heç, bizlərdən it düşünən olmaz, amma qonşunun, qohumun, dostun, tanışın, hətta heç tanımadığın birinin belə, heç nəyə yaramasa, heç bir gərəyə cavab verməsə belə, heç nə hesab edildiyi, qurban verildiyi cəmiyyətlərdə hamı və hər kəs heç nə olur, harmoniya itir.
…Gecənin tən yarısında qarşılaşmış, ancaq müxtəlif istiqamətlərdə yollanan Azərbaycan insanıyla iti arasında ortaq tale oxşarlığı və həyat qisməti var…
Onların hər ikisinin bulanıq ömür məcarasının altyazısında – titrlərində rahatca “qurban getdi…” yazıla bilər.