XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

01 Aprel 2015 - 06:20

Bayılda evindən didərgin salınan 10 ailə fəryad edir – REPORTAJ

“28 ildən artıqdır ki, Səbail rayonu, 6-cı mədən, Arif İsmayılov küçəsində tikdiyimiz 500 kvadrat metrlik evdə 48 nəfərlik ailə üzvlərimlə birgə yaşayırıq. Ailəmiz böyükdür, 10 övladım və 36 nəvəm var. övladlarım ümumi həyətdə, ancaq giriş-çıxışı ayrı-ayrı olan mənzillərdə yaşayırlar”.

Bu sözləri Strateq.az-a 68 yaşlı Havaxanım Həsənova deyib.

“Yaşamağa qoymurlar”

Həsənovlar ailəsi ədalətli kompensasiya tələb edir. Onların sözlərinə görə, təzminatın verilməsində ədalətli bölgü aparılmır. Bəzi mülklərə kvadratına görə 1000 manat, bəzilərinə 1200 manat, hətta bir neçə evə 1500 manatdan kompensasiya ödənilib: Bizə isə kvadratına 800 manatdan pul ödəyirlər. Bununla razı deyilik. Niyə ayrı-seçkilik edirlər? Verilən kompensasiya ilə 10 ailə necə məskunlaşsın? Onların ödəmək istədikləri pulla Bakıda heç yerdə bu qədər insana mənzil almaq mümkün deyil. ölkə başçısına, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərova müraciət etmişik. Bizim problemimizi diqqətdə saxlamağı və həll etməyi xahiş edirik”.

Ehtiyatda olan zabit, mənzil İlqar Əliyevin sözlərinə görə, 13 il, 6 ay Azərbaycana qulluq edib:

“Vətənin dar günündə ac-susuz xidmət etdik. Qaranlıqda yaşadıq ki, insanlarımız ağ günə çıxsın. İndi də qaranlıqda yaşayırıq. Bizə pul vermədən, köçürmədən qazı kəsirlər, işıqları söndürürlər. Azyaşlı uşağım xəstədi, aparatla yaşayır. Heç nəyə baxmadan bizi incidirlər. Mənə 300 manat təqaüd verilir. O vaxt bu pulu verəndə xahiş etdim ki, əvəzinə mənzil verin. Səsim eşidilmədi. Birtəhər özümüzə yuva qurmuşuq. İndi yaşamağa qoymurlar”.

Şikayətçilər bildirirlər ki, hüquqi cəhətdən heç bir qanuna əməl olunmur. Onlara nə bildiriş verilib, nə də Qiymətləndirmə Komissiyasının qərarı var. üç mənzilin üzərinə şərti olaraq 174, 178 və 179 işarələri qoyulub. Bu da sözügedən ünvanda yaşayan o biri 7 ailənin qanunsuz şəkildə mənzilindən məhrum olunması deməkdir.

“Qanuna riayət olunmur”

Sakinlərin hüquqlarını qoruyan “İnamla hüquq” MMC-nin direktoru, hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun fikrincə, məhkəmə qərarı olmadan söküntü işləri aparıla bilməz. Hüquq müdafiəçisi bu prosesdə heç bir qanuni prosedura riayət olunmadığını deyir: “Heç bir sənəd təqdim olunmayıb. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclaslarında çıxışında qanunsuz tikililərə də kompensasiya ödənildiyini və bu məbləğin hər kavadrat metrə görə 1500 manat olduğunu deyib. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsində göstərilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmçinin, Mülkü Məcəllənin 180.4-cü maddəsində isə göstərilir ki, bu cür tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər”.

İcra nümayəndəsi qanunsuz söküntünün olmadığını deyir

Söküntü işlərində adı hallanan icra hakimiyyətinin nümayəndəsi Qurban İsmayılov isə mətbuata açıqlamasında heç bir qanunsuz söküntünün aparılmadığını deyib:

“Bu evlər qeyri-qanuni tikilib. Buna baxmayaraq, dövlət onlara pul verir. Mənzillərə baxış keçirilir və ekspertlər tərəfindən qiymətləndirilir. Burada bizim iştirakımız yoxdur. Sadəcə, hər bir evin öz qiyməti var. Hər evin tavanı, döşəməsinə qədər hesablanır, pul ödənilir. Dövlət əhəmiyyətli işlər üçün burada söküntü aparırıq. Heç kəsə qarşı qeyri-obyektiv yanaşma yoxdur”.

https://www.youtube.com/watch?v=Md8gySat5MI&feature=youtu.be

https://www.youtube.com/watch?v=jKsm5jn5Eco&feature=youtu.be

Ramin,

Strateq.az