XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

01 Aprel 2015 - 20:19

İstanbuldakı terrorda “Bəşər Əsəd barmağı”?!

İstanbulda iki gün ərzində bir-birinin davamı kimi ortaya çıxan iki terror hadisəsi baş verdi. ötən gün prokuror Mehmet Salim Kirazın ölümüylə nəticələnən ilk hadisədən sonra bu gün İstanbul polis idarəsinə edilən basqında da eyni təşkilatın adı çəkilir – “Devrimçi Xalq Qurtuluş Partiyası-Cəhbəsi” (“DXQPC”). Sual oluna bilər: təşkilat hadisələri törədərkən, qarşısına hansı məqsədi qoymuşdu və buna nail oldumu? Ən əsası, hadisələrin arxasında kim var?

Sirr deyil ki, bu cür dövlət idarələrinə qarşı törədilən terror hadisəsində, ilk növbədə, daxili faktorlardan daha çox, xarici izlər axtarılır. Şübhəsiz ki, məlum hadisələrin arxasında dayanan gücün təsbiti üçün də öncə təşkilatın xarici bağlantıları araşdırılmalıdır.

“DXQPC”-nin xarici ayaqlarına nəzər salanda, bir sıra ölkələrin adına rast gəlinir. Bəzi liderləri Yunanıstan, Belçika, İtaliya kimi Qərb ölkələrində yaşayan “DXQPC”-nin son zamanlar Suriyada Bəşər Əsəd ordusuyla yanaşı döyüşdüyü barədə xəbərlər var. Təşkilat yetkililəri bunu inkar etməyə çalışsalar da, ortadakı bəzi danılmaz faktlar bu versiyanın inandırıcılığını artırır. üstəlik, 1994-cü ildə qurulan təşkilatın marksist-leninçi nəzəriyyə əsasında formalaşdığı və silahlı üsyanla hakimiyyəti çevirmək istədiyi bilinir. Əsəd rejiminin “BƏƏS” partiyası tərəfindən idarə olunduğunu və bu partiyanın sosialist təməllərə söykəndiyini nəzərə alsaq, “DXQPC”-nin ideoloji cəhətdən də Suriya rejiminə yaxın olduğunu görə bilərik.

Əsəd rejiminin Türkiyəyə qarşı hansısa terror təşkilatını silahlandırması fikri də təəccüblü qarşılanmamalıdır. Məlum olduğu kimi, indi Bəşər Əsəd rejiminə qarşı çıxan əsas qüvvə Türkiyə hakimiyyətidir. Türkiyə prezidenti cənab Ərdoğan, demək olar ki, son dövrlər bütün çıxışlarında Suriya məsələsini gündəmə gətirir, Bəşər Əsədi devirmək üçün bütün dünya dövlətlərini bu ölkəyə hərbi müdaxiləyə çağırır. Bu da, istər-istəməz, rəsmi Dəməşqdə narazılıqla qarşılanır. Bəşər Əsəd dəfələrlə üstüörtülü şəkildə Türkiyəni bu mövqeyinə görə təhdid edib, onun bədəl ödəyəcəyini bildirib. Odur ki, bir-birinin ardınca baş verən bu hadisələrdə Suriyanın barmağının olması ehtimalı daha inandırıcı görünür.

Ən qorxulusu isə terror hadisələrinin davamlı ola biləcəyi və onun bir sıra dövlətlər tərəfindən dəstəklənəcəyi ehtimalıdır. İki gün ərzində yaşananların intensivliyi zəncirvari terror planının uzunmüddətli və sistemli şəkildə hazırlanmasından xəbər verir və bu məsələdə Rusiyanın, İranın, hətta İsrailin belə, rəsmi Dəməşqi dəstəkləyəcəyi gözləniləndir. Əsas məqsəd isə bəllidir: Yaxın Şərqdə bir çox başları ağrıdan Türkiyəni içdən qarışdırmaq, diqqəti öz daxilinə yönəltməyə məcbur etmək və onu öz mövqeyindən çəkindirməkdir.

Heydər Oğuz

Strateq.az