Mərkəzi Bankın rəhbəri valyuta siyasətinin kökündən dəyişdiriləcəyi barədə bəyanat verib. Məlumata görə, İqtisadi Siyasət Komitəsinin bugünkü iclasında çıxış edən baş bankir bilrdirib ki, gələcəkdə manatın kursu tamamilə sərəst buraxıla bilər. E. Rüstəmov həmçinin geniş ictimaiyyət üçün o qədər də aydın olmayan “üzən məzənnə”dən danışıb. “üzən məzənnə” nə deməkdir və manatın kursunun sərbəst buraxılması nəylə nəticələnə bilər?
Strateq.az-ın suallarını cavablandıran İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, həqiqətən də MB sədrinin qeyd etdiyi kimi Azərbaycanda tam üzən məzənnə sisteminə keçid hələlik qeyri-mümkündür: “çünki son illərdə ölkədə aparılan iqtisadi siyasət milli valyutamızı birmənalı şəkildə neftdən asılı vəziyyətə salıb. Yəni, manatın adekvatı kimi, xarici valyuta 90%-dən artıq neft satışından əldə olunur. Qeyri-neft sektorunun ixrac potensialı isə göz qabağındadır. İldə 1.5-2 milyard manatlıq məhsul ixrac edib əvəzində ölkəyə xarici valyuta gətirməklə milli valyutanın dəyərini qorumaq mümkün deyil”.
Hazırkı situasiyada manatın məzənnəsi bazarın diqtəsinə buraxılarsa, bunun 35-40%-lik yeni devalvasiya ilə nəticələnə biləcəyinə diqqət çəkən ekspert sonrakı proseslərin neftin dünya bazarındakı qiymətindən asılı olacağını qeyd edib: “Təbii ki, neft qiymətlərinin tənzimlənməsi və yaxud müəyyənləşdirilməsi Azərbaycanın iradəsindən kənarda baş verdiyindən, bu, ona gətirib çıxaracaq ki, manatın məzənnəsi də Londan birjasındakı dalğalanmalara görə dəyişiləcək. Bu isə, təbii ki, kəskin məzənnə oynamasına və nəticədə yerli biznesi, dövlətin fiskal siyasətini, maliyyə bazarlarını daimi kəskin təzyiq altında saxlayacaq. Başqa sözlə, əslində MB sədrinin bu günkü etirafı ölkə iqtisadiyatının resurs asılılığının nə dərəcədə yüksək olmasını bir daha sübut edir”.
Geniş ictimaiyyət üçün o qədər də aydın olmayan “üzən məzənnə siyasəti” termininə aydınlıq gətirən Rəşad Həsənov bildirdi ki, bu siyasətə əsasən, milli valyutanın dəyəri Mərkəzi Bankın deyil, maliyyə bazarlarında tələb-təklifin diqtəsi fonunda formalaşır: “Məsələn, tutaq ki, neftin bahalaşması ölkəyə daha çox dollar axınına səbəb olub. Daxili bazarlarda dollar bolluğu onun dəyərinin ucuzlaşdırıb və adekvat olaraq da manatın məzənnəsini bahalaşdırıb. Bunun ən bariz əks nümunəsi Azərbaycanda Novruz bayramı ərəfəsində yaşandı. Belə ki, MB-ın 9 gün işləməməsi və xarici valyuta satmaması ölkədə dollar qıtlığını artırdı və onun faktiki məzənnəsi qanunvericiliyin imkan verdiyi ən yüksək həddə dayandı. Əminliklə deyə bilərik ki, əgər valyuta dəyişmə məntəqələri MB 2%-lik marja tələbindən çəkinməsəydi, ABŞ dolları 1.1 manatdan baha satılardı. İndiki halda isə ölkədə manatın məzənnəsi MB, dolayısı ilə dövlət tərəfindən tənzimlənir və proses MB-ın lazım gəldiyində bazarda valyuta satması (intervensiya) yaxud da sterilizasiya etməsi (dolların bazardan çəkilməsi) kimi müdaxilə ilə mümkün olur”.
O ki qaldı MB-ın tam “üzən məzənnə siyasəti”nə hazırlaşmasına, Rəşad Həsənova görə, hələ ki, bunun simptomları görünmür: “Yaxın illərdə və hazırkı iqtisadi potensial üzərində MB-ın tam üzən məzənnə siyasətinə keçməsi manatın intiharı və maliyyə bazarlarının iflası kimi də dəyərləndirilə bilər ki, böyük ehtimalla, hökumət bu riskə getməyəcək”.
Digər bir ekspert, İqtisadi Təhlil İnstitutunun sədri Məhəmməd Talıblı da ölkə iqtisadiyyatının yaxın perspektivindən xeyli nigarandır. MB-ın devalvasiya siyasətindən sonra nəinki monetar sahədə, həmçinin iqtisadiyyatın müxtəlif sektorlarında geriləmələrin müşahidə olunduğunu deyən ekspertə görə, bu vəziyyət vətəndaşların gözləntilərinə cavab vermir: “Sadə vətəndaşlarımız düşünürdü ki, devalvasiya yalnız maliyyə sahəsindəki təsirlərlə yekunlaşacaq. Amma bir aylıq zaman kəsiyində belə, sektorlararası vəziyyətdə ciddi geriləmə əlamətləri hiss olundu. O cümlədən istehlak malları bazarında da”.
Demək olar ki, bazar infratstrukturunu təşkil edən bütün elementlər üzrə ən yaxşı halda isə süstlük yarandığını deyən Məhəmməd Taıblı inzibati yollarla qiymətlərin qaldırılmasının qarşısının almaqla bu tendensiyanı hətta bir neçə ay belə davam etdirməyin mümkün olmayacağına inanır: “çünki sahibkarların “stokları” qurtarır və istehlak malları üçün yeni partiyalar idxal etməlidir. Məzənnə fərqindən 33 faiz itirdiyi üçün isə sahibkar konvertasiyadakı itkini ya cibindən ödəməli, ya da malını baha qiymətlə satmalıdır. Ona görə də qiymətlərin artması qaçılmaz olacaq. Bu, eyni zamanda inflyasiyadoğrucu amilləri də fəallaşdıracaq”.
E. Rüstəmovun manatla bağlı optimist proqnozlarını bölüşməyən ekspertin fikrincə, ən optimal və ağrısız hədd 1 dolların 90 qəpik olması idi: “Buna iqtisadiyyat dözə bilərdi. Əks halda bu məzənnə həddi ilə iqtisadiyyatımızda bir neçə istiqamətdə itkilər baş verəcək. Detallara varmadan, demək istəyirəm ki, bu siyasət makroiqtisadi göstəricilərimizin daha da pisləşməsinə gətirib çıxaracaq. Ona görə də MB preventiv tədbirlər və sivil tənzimləmə metodlarından istifadə etməlidir”.
Heydər Oğuz