XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

03 Aprel 2015 - 10:34

Ali Məhkəmə sədrliyi uğrunda savaş başladı – Son qərarısa Prezident verəcək!

Azərbaycan hökuməti, nəhayət ki, çoxdan gözləniləni etməyə – ölkədə əksər problemlərin həllində açar rolunu oynayacaq ədalətli məhkəmə sisteminin formalaşdırılması yönündə ciddi addımlar atmağa qərar verib. Bu haqda hakimiyyətə yaxın dairələrdən Strateq.az-a daxil olan məlumatda bildirilir ki, aprelin 19-da səlahiyyət müddəti başa çatan Ali Məhkəmə sədri Ramiz Rzayevin vəzifəsinə təsdiqlənməməsi ilə başlayacaq bu proses məhkəmə sistemində çoxsaylı və fundamental dəyişikliklərlə müşayiət olunacaq.

“Azərbaycan hakimiyyəti yaxşı anlayır ki, tezliklə ölkədə ciddi islahatların həyata keçirilməsinə başlamasa, bu, çox yaxın gələcəkdə daxildəki vəziyyəti qarışdırmaq istəyən xarici qüvvələr üçün seçkiqabağı münbit şərait yarada bilər. Ona görə də hakimiyyətin ən yuxarı eşelonunda qərar verilib ki, Bakıda keçiriləcək Avropa Oyunlarından sonra ölkənin iqtisadi-maliyyə sektorunda, xüsusən də bank, gömrük və vergi sistemində daha çox əhalinin maraqlarının təmin olunmasına yönəlik əsaslı islahatlar aparılsın. Ancaq bütün bu islahatlara başlamaq üçünsə, öncə çox problemlərə açar rolunu oynayacaq hakimiyyət qolunda – məhkəmə sistemində mühüm dəyişikliklər həyata keçirilməli, ədalətli məhkəmə sisteminin formalaşdırılması görüntüsü yaradılmalıdır. Bu, ona görə lazımdır ki, büsbütün çirkab içərisində olan və iqtisadi maraqlarına zərər gəlməməsi üçün əlaltdan islahatları sabotaj edə biləcək oliqarxiya sistemini hüquqi yolla neytrallaşdırmaq imkanı olsun”, – deyən mənbənin sözlərinə görə, Ali Məhkəmə rəhbərliyinə oliqarxlardan asılı olmayan yeni və ədalətli bir simanın gətirilməsi məhkəmə sistemində kök atmış dərin korrupsiya və rüşvət mexanizmini çökdürmək, hakimiyyətin son illər ərzində hədsiz dərəcədə ləkəli imicə malik bu qanadında əhəmiyyətli dəyişikliklər etmək üçün ölkənin siyasi rəhbərliyinə ciddi imkanlar yaradır.

Onu da qeyd edək ki, dünən ölkənin bəzi xəbər saytlarında Ali Məhkəmənin sədri postuna Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevin gətirilməsi üçün təqdimat verildiyi və hətta onun yaxın dostlarının və qohumlarının indidən şadyanalıq etdiyi xəbəri yayılsa da, Strateq.az-ın mənbəsi hələlik bu posta kimin təyin olunacağı ilə bağlı hər hansı razılaşmanın olmadığını, ancaq müxtəlif qruplaşmalar arasında ciddi rəqabətin getdiyini bildirir: “Bu çox mühüm post uğrunda hazırda bir neçə nüfuzlu şəxs, oliqarxik qruplaşmalar gərgin mübarizə aparırlar. Bildiyimə görə, əsas namizədlərdən biri İman Nağıyevdirsə, o biri də Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin rəhbəri Əli Hüseynlidir. Hətta Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynovun da gətirilməsinin tərəfdarları var. Kifayət qədər savadlı, təmiz reputasiyaya malik və üstəlik, ökədən məhkəmə islhatları tələb edən Qərb institutlarında da peşəkar hüquqçu kadrlar kimi qəbul edilən Əli Hüseynli və Lətif Hüseynovla müqayisədə İman Nağıyev yeni dəyişikliklər üçün heç münasib fiqur deyil. çünki İman Nağıyevin imici hədsiz dərəcə korlanıb: onun sədrliyi dönəmində Bakı Apellyasiya Məhkəməsi sifarişli və qanunsuz hökmlərin çıxarıldığı, adı hədsiz dərəcədə ləkələnmiş bir quruma çevrilib. Əgər Ramiz Rzayevi dəyişməkdə məqsəd məhkəmə sisteminin nüfuzunu qaldırmaqdırsa, bu proses İman Nağıyev tipli fiqurlarla aparıla bilməz. Ancaq şübhəsiz ki, İman Nağıyevi hakimiyyət içərisində çox nüfuzlu məmurlar, hətta oliqarxlar müdafiə edir və onun ölkə rəhbərliyinə müsbət təqdimatının verilməsi mümkündür. Buna baxmayaraq, son və qəti sözü cənab Prezident deyəcək və bu bir həqiqətdir ki, o, belə situasiyalarda əvvəlcədən özünü irəli atan, şadyanalıq edən çoxlarını gözlənilməz qərarları ilə məyus edib. Böyük ehtimalla, İman Nağıyev də belə məyuslar sırasına qoşulanlardan olacaq”.

Mənbə onu da bildirib ki, mümkün variantlardan biri də adı namizədlər kimi hallandırılanların deyil, heç kimin gözləmədiyi və yalnız prezidentin özünə bağlı bir şəxsin Ali Məhkəmə sədri postuna gətirilməsidir: “Həm Ali, həm Konstitutsiya Məhkəməsində, həmçinin Milli Məclis strukturlarında bir neçə belə hüquqçu var. Bir də gördünüz ki, cənab Prezident Ali Məhkəmə sədrliyinə onlardan birini təqdim etdi. Mətbuatda kimin hansı posta gətiriləcəyi ilə bağlı yazılanlara baxmayın, heç kim Prezidentin seçimlərinə müdaxilə edə bilməz və o, sonda kimin adı üzərində duracaqsa, son gülən də o olacaq”.

Strateq.az