XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 April 2015 - 14:10

İran səfiri: “Qafqazdakı qonşularımızın təhlükəsizliyi İranın təhlükəsizliyidir” – MÜSAHİBƏ

1.JPG

İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin: “İsrail və Amerikanın bəzi radikal qrupları nüvə danışıqlarının nəticəsiz qalmasını istəyirdilər”.

Tehranla “Altılıq ölkələri” arasında İranın nüvə proqramının tənzimlənməsi ilə bağlı çərçivə razılaşmanın əldə olunması hazırda dünyada qüvvələr nisbətini, geosiyasi konfiqurasiyasını dəyişəcək qlobal əhəmiyyətli hadisə sayılmaqdadır. Bir neçə gündür İranın Qərb ölkələri ilə bu anlaşması müxtəlif aspektlərdən şərh edilir, dəyərləndirilir. İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin “Strateq.az” saytına müsahibəsində baş verənlərə rəsmi Tehranın baxışını açıqlayıb.

– Cənab Səfir, Tehranla “Altılıq ölkələri” arasında İranın nüvə proqramının tənzimlənməsi ilə bağlı çərçivə razılaşmanın əldə olunması bütün dünyada böyük rezonans yaratdı. Əksəriyyət bunu qarşılıqlı faydalı saziş kimi dəyərləndirsələr də, razlaşmanı İranın geri çəkilməsi kimi qiymətləndirənlər də oldu. Sizin şərhinizi eşitmək istərdik…

– Novruz bayramı günlərində ölkəmizin bacarıqlı diplomatları “5+1 ölkələri” ilə apardıqları intensiv müzakirələrdə İslam inqilabının prinsiplərinə sadiq qalaraq və siyasi təcrübələrindən bəhrələnərk, böyük İran xalqının qəti hüququnu müdafiə etdilər. ölkəmizin xarici işlər naziri Məhəmmədcavad Zərifin başçılıq etdiyi İranın nümayəndə heyəti sonuncu diplomatik müzakirələrdə manevr imkanlarından istifadə edərək, super gücləri inandıra bildilər ki, təzyiq və sanksiyalarla İran xalqını təslim edə bilməzlər. Nəticədə, nəinki uranın zənginləşdirilməsi, Nətənzdə beş mindən çox, Fordoda isə mindən çox sentrifuqanın öz fəaliyyətinə davam etməsi ilə razılaşdılar, hələ üstəlik razılığa gəldilər ki, razılaşma qüvvəyə minən gündən etibarən, BMT TŞ-nın İrana qarşı tətbiq etdiyi bütün sanksiyalar ləğv olunsun. Bunun özü İran üçün böyük diplomatik nailiyyətdir.

– 30 iyuna qədər bu razılaşmanın detalları dəqiqləşməli və texniki əlavələr işlənməlidi. Amma artıq İsrail və Vaşinqtonda bu sazişin əleyhinə çıxanlar geniş kampaniyaya başlayıblar. Necə düşünürsünüz, bu Sazişin əleyhinə olanlar İrana və “Altılıq ölkələri”nə son nöqtəni qoymağa mane ola bilməyəcəklər ki?

İsrail və Amerikanın bəzi radikal qrupları İranın “5+1 ölkələri” ilə apardığı nüvə danışıqlarının nəticəsiz qalmasını istəyirdilər. Fikrimizcə, əgər “5+1 ölkələri”ndə İranla əldə olunacaq razılaşmanın nəticələrinə əməl etmək üçün siyasi iradə olsa, İsrail buna mane ola bilməyəcək.

– “Altılıq ölkələri” ilə anlaşma İranın Qərb ölkələri ilə əməkdaşlığının da yolunu açır. Tehranın bu istiqamətdə hansı planları var?

Bizim bu gün də ABŞ istisna olmaqla, digər Qərb ölkələri ilə münasibətlərimiz var və hər iki tərəfin mənafeyinə xidmət edəcək bu razılaşmanın icrası ilə bu münasibətlər siyasi və iqtisadi sahələrdə daha da möhkənlənəcək.

– Cənab səfir, ekspertlər İranla Qərb ölkələrinin anlaşmasının region üçün əhəmiyyətini xüsusi vurğulayırlar. Sizin bu məsələdə fikrinizi öyrənmək istərdik…

Aydındır ki, İranın nüvə danışıqlarında uğur əldə etməsi və sanksiyaların aradan qaldırılması region və qonşu ölkələrin də xeyrinə olacaqdır. çünki İranın hazırkı dövlətinin siyasəti qonşularla dost münasibətlər qurmaqdır. Bizim Fars körfəzi, Orta Asiya və Qafqaz regionunda olan qonşularımızın təhlükəsizliyi İranın təhlükəsizliyidir. Bu gün İran terrorizmə və radikal qruplara qarşı mübarizə aparan regionun yeganə təhlükəsiz və sabit ölkəsidir. Düşünürəm ki, bu razılaşma İranla qonşu ölkələr arasında iqtisadi münasibətlərin və təhlükəsizlik sahəsində əməkdaşlığın artmasına səbəb olacaq.

– Bəs bundan sonra İsraillə münasibətlər hansı məcrada davam edəcək? Tehranda bununla bağlı nə düşünürlər?

– İran İsrailin varlığını rəsmən tanımır və bu siyasət davam edəcək.

– Yəməndə baş verənlərdə də İranı günahlandırırlar. Husilərin Tehran tərəfindən dəstəkləndiyi açıq şəkildə vurğulanır….Yəmən hadisələri fonunda Tehranla Ankara arasında “söz savaşı”nın şahidi olduq. Türkiyə ekspertləri açıq şəkildə söyləyir ki, Hüsi hərəkatının Tehran tərəfindən müdafiə olunması bölgədə mövcud nizamı pozur, Körfəzdə böyük müharibəyə səbəb ola bilər və bu baxımdan, Tehran daha məsuliyyətli olmalıdır. Rəsmi Tehranın bu məsələlərlə bağlı rəyi bizimçün çox maraqlıdır…

İranın xarici siyasət prinsiplərindən biri də başqa ölkələrin daxili işlərinə qarışmamaqdır. Biz Yəmənin daxili işlərinə heç bir müdaxilə etmirik və tamamilə aydındır ki, bu gün Yəmənə hərbi müdaxilə edənlər bu ölkənin daxili işlərinə qarışırlar.

Laçın SƏMLA

2.JPG