XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

07 Aprel 2015 - 06:42

Lozanna anlaşması İsraili oyundankənar vəziyyətə saldı – TƏHLİL

lozzanna.jpg

Isveçrənin Lozanna şəhəri həm İran, həm də onunla rəqabət aparan Qərb dövlətləri üçün tarixi bir məkan ola bilər. 13 illik şübhələrə aprelin 2-də bu şəhərdə imzalanmış çərçivə müqaviləsi son qoya bilər. Bu sənəd iyunun 30-da imzalanması nəzərdə tutulan yekun anlaşma üçün açar rolunu oynayır. 1 həftədən artıq idi ki, İran və “altılıq” ölkələri (Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Rusiya, çin + Almaniya) Lozannada danışıqları davam etdirirdi. Danışıqların ağır yükündən yorulmuş bəzi diplomatlar müvəqqəti olaraq Lozannanı tərk etmişdi. Nəhayət, müzakirələrin müsbət sonluqla yekunlaşmasi bütün diplomatları Lozannaya qaytardı və tərəflər məmnuniyyətlə çərçivə anlaşmasını imzaladı.

Şərtlərə görə, İran ölkə ərazisində uranın zənginləşdirilməsi üçün yalnız bir mərkəz saxlaya bilər. Bu məqsədlə Fordodakı nüvə obyekti elmi-tədqiqat mərkəzi rolunu oynayacaq. Əsas işlər Natanzdakı nüvə müsəssisəsində aparılacaq. Tehran uranın zənginləşdirilməsi üçün istifadə olunan sentrifuqlardan yalnız 3/1-ni saxlamalı, zənginləşdirilmiş uranın böyük hissəsini ölkədən kənara çıxarmalı, plutoniumun istehsalından birdəfəlik imtina etməli və nüvə obyektlərinin mütəmadi yoxlanmasına icazə verməlidir. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik – AEBA nüvə proqramının yalnız dinc xarakter daşıdığına nəzarət edəcək. Amerika Birləşmiş Ştatları və Avropa Birliyi ölkələri isə, öz növbəsində, İrana qarşı tətbiq olunmuş sanksiyaları ləğv edəcək. öhdəliklərin ciddiliyi və yekun anlaşmanın perspektivinə İranın Qərb üçün təhlükəli bir dövlətə çevrilməsinin tarixçəsi aydınlıq gətirəcək.

13 illik gərginlik

ötən 13 illik gərginlik göstərir ki, tərəflər arasında ciddi inamsızlıq var. Nə İran ABŞ və Avropa Birliyinə güvənir, nə də Qərb Tehranın səmimiliyinə inanır. Nüvə proqramı ilə bağlı şübhələr 2002-ci ildə – qeydiyyatda olmayan 2 nüvə obyektinin kosmosdan çəkilmiş fotolarının üzə çıxmasından sonra yarandı. Bunlar Natanzda uranın zənginləşdirilməsi üzrə yeraltı zavod və Ərəkdə su ilə işləyən ağır reaktorlar idi. Hər iki müəssisə kifayət qədər həcmdə plutonium istehsal etmək gücündə idi. Qərbdə düşünürdülər ki, zavodların 1984-cü ildən məxfi fəaliyyəti hərbi məqsədlərə xidmət edə bilər. Lakin 2003-cü ilin dekabrında İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi Əli Əkbər Salehi ilə qurumun baş katibi Məhəmməd əl-Baradeyi nüvə silahının yayılmaması ilə bağlı anlaşmaya əlavə protokol imzalamaqla şübhələrə son qoymağa çalışdılar. Bu anlaşma İranın bütün obyektlərində yoxlamalar aparmağa imkan verirdi. 1 il sonra İranla Fransa, Almaniya və Böyük Britaniya arasında uranın zənginləşdirilməsinin dayandırılması barədə razılıq əldə olundu. Prezident Məhəmməd Hatəmi beynəlxalq agentliyin rəhbəri ilə “yol xəritəsi” imzaladı. Lakin 2005-ci ilin avqustunda Tehran avropalı 3-lüklə anlaşmanı pozdu və İsfahandakı nüvə mərkəzində uranın zənginləşdirilməsi prosesini bərpa etmək qərarına gəldi. Avropa Birliyi Tehranı BMT Təhlükəsizlik Şurasına müraciət edəcəyi ilə hədələdi. Mahmud Əhmədinejadın İran prezidenti seçilməsi Qərblə yeni mübahisə və fikir ayrılıqları dövrünü açdı. 2006-cı ilin aprelində Əhmədinejad bəyan etdi ki, İran nüvə nəhəngləri klubuna qoşulur, onun öz Atom Elektrik Stansiyalarını yanacaqla təmin etmək üçün uranı zənginləşdirmək imkanları var. BMT Təhlükəsizlik Şurası zənginləşdirməyə son qoymaq üçün Tehrana aprelin 28-nə qədər vaxt verdi. İran imtina etdi. Həmin ilin dekabrında Təhlükəsizlik Şurası Tehrana texnologiyaların satışını qadağan edən ilk sanksiya paketini yekdilliklə qəbul etdi. çünki İslam dövləti bu texnologiyadan özünün nüvə və raket proqramları üçün istifadə edə bilərdi. Bu üzdən 5 il ərzində antiİran sanksiyaları genişləndirildi.

2010-cu ildə Əhmədinejad uranın 20 faizə qədər zənginləşdirilməsi barədə göstəriş verdi. 2 il sonra AEBA xəbərdarlıq etdi ki, artıq İranın ixtiyarında 100 kq uran var ki, bu da nüvə silahının istehsalı üçün lazım olan yanacağın yarısıdır. Lakin 2013-cü ildə Həsən Ruhaninin prezident seçilməsi problemin diplomatik həllinə imkan yaratdı. Yeni hakimiyyət bəyan etdi ki, İranın heç bir gizli niyyəti yoxdur və bu ölkə dünyaya açıqdır. Sadəcə, Tehranın əsl niyyətinin anlaşılması üçün danışıqlara ehtiyac var. Həmin il noyabrın 24-də İran və 5+1 ölkələri danışıqların bərpası üçün Cenevrədə tarixi anlaşma imzaladı. Amma son 2 ildə tərəflər dəfələrlə bir araya gəlsə də, müzakirələr hər dəfə nəticəsiz başa çatıb.

İran diplomatiyasının qələbəsi

Əvvəlki 13 il ərzində yaşanan gərginliyi nəzərə alsaq, hazırkı anlaşmanı İran diplomatiyasının uğuru kimi qiymətləndirmək olar. ötən danışıqlarda İslam Respublikasından bütün nüvə müəssisələrinin bağlanması tələb olunurdusa, indi İranın sülh məqsədlərilə enerji əldə etmək hüququ tanınır. Fransanın xarici işlər naziri Loran Fabius deyir: “İran heç bir halda nüvə silahına can atmayacaq. Müzakirələr məhz bu kontekstdə gedir. Anlaşmanın predmetinə gəlincə… biz dinc atoma “hə” deyirik, hərbi məqsədlər və atom silahına isə “yox”. İran prezidenti Həsən Ruhani də hesab edir ki, Lozanna danışıqları İran diplomatiyasının qələbəsidir: “Dünənə qədər deyirdilər ki, bizim proqramımız region və dünya üçün təhlükədir. İndi hamı etiraf edir ki, İran torpağında uranın zənginləşdirilməsi heç kimə təhlükə törətmir”.

Doğrudan da, Tehranın itirəcəyi heç nə yoxdur. Şərtlərin detalları İslam Respublikasını tamamilə qane edir. İran yalnız zənginləşdirdiyi uranın 2/3-ni güzəştə gedir ki, bunun da tam ləğvi üçün Tehrana 10 il vaxt verilib. Qarşılığında İrana qarşı bütün sanksiyalar iyunun 30-da imzalanacaq anlaşmadan sonra birdəfəlik aradan qaldırılacaq. Hesablamalara görə, təkcə 2011-2013-cü illərdə neft sanksiyaları İrana 80 milyard dollar ziyan vurub. Bu ölkənin xaricdəki bank hesablarında təxminən 100 milyard dollar vəsaiti dondurulub. Bu pulların yenidən İrana qayıtması ölkə iqtisadiyyatını dirçəldəcək, xalqın hakimiyyətdən narazılığı üçün elə bir əsas qalmayacaq. Düzdür, iranlılar üçün dövlətçilik maraqları hər şeydən üstündür. Elə buna görədir ki, İran sakinləri dünya dövlətlərindən gələn təzyiqlərə görə hakimiyyəti qınamır və ya dövlətin siyasətinə tənqidi yanaşmalarını məhdud çevrədən kənara çıxarmır. Yoxsa inqilabı inqilabla əvəzləmək iranlılar, xüsusən də tələbə və gənclər üçün çətin bir vəzifə deyil. Tarix göstərir ki, bu ölkədə tələbə hərəkatlarının sonluğu mütləq inqilablara aparır.

Sanksiyaların aradan qaldırılması İranın hərbi gücünü də artıracaq. Artıq heç bir ölkə İslam Respublikasının Rusiya, çin və ya Qərb dövlətlərinin özündən belə silah alışına mane ola bilməyəcək. Məsələn, Rusiyanın İrana söz verdiyi, lakin sanksiyalar üzündən icrasını dayandırdığı S-300 raketləri artıq qapıdadır.

Sanksiyalarin aradan qaldırılması, İranın AB və
ABŞ ilə münasibətlərini normallaşdırması həm də Tehrana Yaxın Şərq məsələlərində daha fəal rol oynamağa imkan verəcək. Düzdür, İran onsuz da İraq, Suriya, Livan, Yəmən, Bəhreyndə baş verənlərə birbaşa təsir göstərir. Lakin onun indiyə qədər danışıqlar prosesinin iştirakçısı kimi bu və ya digər regional münaqişələrin həllində rəsmi rolu qəbul olunmayıb. Lozannadakı uğurların sayəsində indi vəziyyəti dəyişmək mümkündür. Əlbəttə, İranın diplomatik qələbəsi ərəb ölkələrinə, ilk növbədə hazırda Yəmənə qarşı hərbi əməliyyat aparan Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, BƏƏ və Bəhreynin xoşuna gəlməyəcək. Görünür, buna görədir ki, ABŞ prezidenti Barak Obama sözügedən ölkələrin liderlərini məsləhətləşmə üçün Kemp-Deviddəki iqamətgahına çağırıb. Yəqin ki, o, ərəb şeyxlərindən ABŞ-a görə İrana qarşı daha mülayim siyasət yürütməyi tələb edəcək.

ABŞ və AB-nin maraqları

İstər Birləşmiş Ştatlar, istərsə də Avropa ölkələrinin İranla münasibətlərin normallaşmasında öz maraqları var. İstər siyasi, istər iqtisadi, istərsə də regional məsələlərdə Tehranla əməkdaşlıq Qərb ölkələrinə əlavə fayda əldə etmək imkanı verir. Digər region dövləti olan Türkiyənin ipə-sapa yatmamısı, AKP hakimiyyətinin bır sıra məsələlərdə Qərbin əleyhinə çıxması, məsələn, Rusiya və çinlə yaxınlaşma, regional layihələrdə onların maraqlarının nəzərə alınmaması ABŞ və Avropa ölkələrinin Yaxın Şərqdə yeni müttəfiq axtarışını labüd edir. Neft və qazla zəngin olan İranla əməkdaşlıq Qərbə daha faydalıdır, nəinki Türkiyə.

Avropa dövlətlərinə İranla münasibətlərin normallaşması həm də ona görə lazımdır ki, Rusiyadan neft və qaz asılılığına son qoyulsun. İndi Rusiya Qərb üçün İrandan daha təhlükəlidir. Hətta Tehran nüvə silahı yaratmaq arsuzunu yaşatsa belə. İranla münasibətlərin normallaşması Rusiyanın qaz və neftinə olan tələbatını azaldacaq ki, bu da sanksiyalardan sonra Rusiya iqtisadiyyatının tənəzzülünü sürətləndirəcək. Dünya siyasətində, bir qayda olaraq, ABŞ-ın siyasətinə qarşı çıxan Rusiyanı məhv etməyin yeganə yolu onun iqtisadiyyatını çökdürməkdir ki, bunun üçün də ən təsirli variantlardan biri Moskvadan qaz və neft asılılığına son qoya biləcək yeni tərəfdaşın tapılmasıdır. Yeri gəlmişkən, artıq Tehran ABŞ və Avropa ölkələrinin özünün sənaye və neft sahələrinə sərmayə qoyması barədə düşünür. Neft nazirliyinin neft müqavilələri üzrə təftiş komitəsinin rəhbəri Mehdi Hüseyni bildirib ki, tezliklə Amerika və Avropa şirkətləri İranda müxtəlif sənaye layihələrinə kapital qoya biləcək. Onun sözlərinə görə, bu ilin sentyabrında İran Londonda xarici investorlar üçün yeni neft müqavilələri şərtlərinin təqdimatını keçirəcək. ötən əsrin ortalarından İran neftinə əli çatmayan ABŞ niyə də belə fürsətdən istifadə etməsin? Necə deyərlər, Tehran çərçivə anlaşmasına sadiq qalması üçün okeanın o tayına və köhnə qitəyə yağlı tikə vəd edir.

Rusiyanın marağı

Yuxarıda qeyd etmişdik ki, İrana qarşı sanksiyaların aradan qaldırılması Qərbə Rusiya iqtisadiyyatını çökdürmək üçün lazımdır. Amma yəqin ki, Tehran və Moskvanın nüvə anlaşmasına nail olunacağı halda Qərbə adekvat bir gizli anlaşması var. Yoxsa Moskva İranla anlaşmanın sonda özünə zərbə vuracağını bilə-bilə yekun razılaşmanın baş tutmasına can yandırmazdı. üstəlik, yeni şərtlərdə Rusiya İranla ticari-iqtisadi və hərbi-texniki əməkdaşlığı daha sürətlə inkişaf etdirəcək. Hazırda Moskva ilə Tehran arasında yaxın gələcəyə hesablanmış potensial müqavilələrin dəyəri 20 milyard dollar qiymətləndirilir. Yaxın zamanlarda Rusiya İranda iri infrastruktur layihələrin reallaşdırılmasında, “Buşəhr-2” Atom Elektrik Stansiyasının tikilməsində, satışı sanksiyalarla qadağan olunmuş silahların qanuni olaraq alqı-satqısında iştirak edə bilər. Digər tərəfdən, Tehranın beynəlxalq təcriddən qurtulması Rusiyanın Əfqanıstan və Yaxın Şərqdə təhlükəsizlik məsələsində İranla oxşar maraqdan çıxış etməsinə imkan verəcək.

İsrail oyundankənar vəziyyətdə

Göründüyü kimi, İranın nüvə probleminin həlli danışıqlarda iştirak edən bütün tərəfləri qane edir. Bu müqaviləyə qarşı çıxan dövlətlərdən isə İsrail yeganə tərəfdir ki, hər zaman İranla anlaşmanın əleyhinə çıxıb. Vaxt itirmədən Vaşinqtona yollanan baş nazir Benyamin Netanyahu konqresdə İsrailpərəst vəkillər qarşısında deyib: “Belə anlaşma İranın silaha yolunu bağlamayacaq, əksinə, açacaq. Bu, Yaxın Şərqdə nüvə silahına sahib olmaq üçün yarışmaya gətirib çıxaracaq və dəhşətli müharibənin alovlanma risqini artıracaq”. İsrail rəhbərliyi bəyan edir ki, bir neçə ildən sonra, anlaşmaya uyğun olaraq, İranın nüvə proqramına məhdudiyyətlər aradan qaldırılacaq və bu da İsraili məhv etməklə hədələyən Tehrana böyük güc əldə etməyə imkan verəcək. Yəhudi baş nazir bildirib ki, guya Vaşinqton Tehranla çərçivə razılaşmasına imza atmaqla Yaxın Şərqdəki geosiyasi vəziyyəti nəzərə almayıb. “İranla razılaşma təkcə İsraili təhlükə altına qoymur” deyən Netanyahu bölgədə sürətlə silahlanmanın qaçılmaz olacağını iddia edib. O, hiylə diplomatiyasına əl ataraq bölgə dövlətlərinin də “kürkünə birə salıb”. Netanyahu qeyd edib ki, İran şiə dövlətidir və İslam Respublikasının 1 ilə nüvə silahına sahib olma ehtimalları sünni ölkələrini hərəkətə keçirəcək və onlar da tezliklə kütləvi qırğın silahı əldə etməyə çalışacaq. Məsələnin təkcə İsraillə bitmədiyini deyən Netanyahu bununla da Yaxın Şərqdə yeni siyasi oyunların ssenarisinin yazıldığına xəbərdarlıq etmiş olub.

Əlbəttə, İsrail bu anlaşmanın baş tutmaması üçün əlindən gələn hər şeyi edəcək. Təl-Əviv Amerika rəhbərliyinə təzyiqlərdən tutmuş Avropa dövlətlərinin mövqelərinin dəyişməsi və hətta İran hakimiyyətinin fikirlərinin dəyişməsinə qədər bütün vasitələrdən istifadə edəcək. Lakin İranla anlaşmanın bütün tərəfləri qane etdəyini nəzərə alsaq, İsrailin xəbərdarlıqlarına vasitəçi dövlətlər məhəl qoymayacaq. Hazırda Təl-Əviv oyundankənar vəziyyətdədir. İlk dəfədir ki, ABŞ və Avropa ölkələrinin rəhbərləri İsrail baş nazirinin bəyanatlarını qulaqardına vurur və ilk dəfədir ki, yəhudi dövlətinin lideri özünü tənha hiss edir. Yəqin ki, Netanyahu “altılıq” ölkələrinin onun tələblərinə məhəl qoymayacağını nəzərə aldığından, iyunun 30-da imzalanacaq anlaşmaya özünün şərtini diqtə etmək niyyətindədir. Yəhudi baş nazir tələb edir ki, İranla yekun anlaşma imzalanarsa, sənədə mütləq İslam Respublikasının İsraili bir dövlət kimi tanıması şərti də əlavə olunsun.

Liderlərin ehtiyatlı davranışı

“5+1” dövlətlərinin mövqeyindəki dəyişiklik iranlıların qələbəsi hesab olunsa da, çərçivə anlaşmasının imzalanması hələ nüvə probleminin birdəfəlik həlli demək deyil. Bunu həm Birləşmiş Ştatlar prezidenti, həm də İranın Xarici Işlər nazirinin bəyanatından aydın hiss etmək olar. Barak Obama bildirir ki, hələ təhlükəsizlik barədə danışmaq çox tezdir: “çərçivə sazişindən sonra görüləcək ç
ox işlər var. Razılaşmanın şərtlərinə iyulun 1-dək tam əməl edilməsə, danışıqların şərti pozulacaq”.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də özünə əl yeri qoyur. O bildirib ki, İranın nüvə proqramı varlığını qoruyacaq: “Amma onlar desə ki, “biz yenidən sanksiya tətbiq edirik”, onda biz də üzərimizə düşən öhdəliklərdən imtina edəcəyik. Bu dəqiq şərt kimi qeyd olunub. Bizimlə müzakirə aparan tərəflər öhdəliklərini pozsa, biz də eyni addımı atacağıq”. Bəs İranla “altılıq” ölkələri arasında yekun anlaşmaya mane olan nədir? Yenə tarixə nəzər salsaq görərik ki, əsas əngəl Birləşmiş Ştatlarla İran arasında 36 ildir qarşılıqlı inamın olmamasındadır. 1979-cu il İslam İnqilabından bu yana İran ABŞ-ın əsas düşmənləri sırasındadır. Yalnız son 19 ayda Obama administrasiyası İranın hazırkı rəhbərliyinin bəyanatlarına qulaq asmağa başlayıb. Ağ Ev Tehranla yeni era açmağa həvəsli olsa da, o hələ ki, İslam Respublikasının səmimiliyinə inanmır. üstəlik, hər iki tərəfdən danışıqlarda iştirak edən diplomatlar ultra-mühafizəçilərin təzyiqləri altındadır. Obama administrasiyasına təzyiq göstərənlər arasında əsas qüvvə yenə İsraildir. Hər halda, yekun anlaşmaya qədər olan 75 gün ərzində daşlar yerinə oturacaq. Bütün tərəflər istəklərinə nail olmaq üçün hər gün yeni oyun oynayacaqlar. (Bakı-Xəbər)




Yuxarı Əvvələ Ana Səhifə