XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

08 Aprel 2015 - 07:30

Avropa İttifaqı-Azərbaycan: anlaşmaya bir addım…- Təhlil

zaur_shekil.jpgZaur İbrahimli

Avropa Şərq siyasətini dəyişir

Ukrayna hadisələri və Rusiyanın postsovet məkanında yeni təşəbbüsləri Avropa İttifaqını özünün şərq qonşuları ilə münasibətlərini yenidən nəzərdən keçirməyə vadar edib. Avropa İttifaqı rəsmilərinin açıqlamaları artıq bununla bağlı qəti qərarın qəbul olunduğunu söyləməyə əsas verir. Ukraynanın Şərq Tərəfaşlığı Proqramı çərçivəsində Avropa İttifaqı (Aİ) ilə Assosaitiv Saziş imzalaması ətrafında baş verənlərdən dərhal sonra Brüsseldə və Aİ ölkələrinin paytaxtlarında bununa bağlı bəyanatlar səslənirdi və ekspert müzakirələri açılmışdı. Ukrayna böhranın dərinləşməsi və Rusiyanın aqresiv addımları Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələri (Ukrayna, Belarusiya, Moldova, Azərbaycan, Gürcüstan və Ermənistan) öz xarici siyasətlərinə ciddi korrektələrə sövq etdi. Belarusiya və Ermənistanın Avrasiya İttifaqına üzv olması isə ümumiyyətlə, Şərq Tərəfaşlığı Proqramının indiki forma və məzmunda qalmasının nə dərəcədə düzgün olması ilə bağlı müzakirələrə yol açdı.

2015-ci il başlayandan bəri, Aİ rəsmiləri və üzv ölkələrin rəhbərləri səviyyəsində Şərq Tərəfaşlığı Proqramına sadiqliklə bağlı bəyanatlar səslənir. Bu ilin yanvar ayından Aİ-yə sədrlik edən Litva rəhbərliyi tərəfindən belə açıqlamalar verilib. Bununla belə, artıq bütün maraqlı tərəflərə aydındır ki, Şərq Tərəfaşlığı Proqramı format olunmalı və proqrama üzv ölkələrlə bağlı yeni, hər ölkənin özünəməxsus prioritetlərini əks etdirən əməkdaşlıq formaları tapılmalıdır. Artıq Gürcüstan, Ukrayna, Moldova Aİ ilə Assosiativ Saziş imzalayıb, Ermənistan və Belarusiya Avrasiya İttifaqına üzv olub. Azərbyacan isə balanslaşdırılmış siyasətə və maraqların tarazlanmasına üstünlük verirlər.

Avropa İttifaqının yanlışları

Lakin artıq indi o da aydındır ki, hətta Assosiativ Saziş imzalayanlar və imzalamayanlar bölgüsü də çox ümumidir və bu yanaşma da özünü doğrultmayacaq. Aİ üçün ənənəvi vahid yanaşma siyasəti daha rahatdır və Brüsseldə bu bölgü əsasında iki istiqamətdə yenidən ümumiləşmiş siyasət yürüdülməsini çox istəyərdilər. Ancaq bu yanaşma artıq fiaskoya uğrayıb. Son 10 il göstərdi ki, postsovet ölkələrinin oxşar olduğu qədər fərqli cəhətləri, maraq və prioritetləri, ən əsası isə ehtiyacları var. Aİ artıq bunu görməməzlikdən gələ bilməz.

Digər tərəfdən, son 10 ildə Aİ yalnız bu ölkələrin elitası ilə işləməyə üstünlük verdi, cəmiyyətlərin Avropaya inteqrasiyası istiqamətində ciddi təşəbbüslər olmadı və irəliləyişlər əldə edilmədi. Brüssel bürokratları üçün inteqrasiya prosesi daha çox sxematik təsəvvür olunurdu, mədəni və mental fərqliliklər, bunların ümumi ab-havaya, prosesə təsiri imkanları düzgün dəyərləndirilmədi. Eyni zamanda, Aİ-nin Brüsselli daha çox yol göstərən, direktivlər verən, Şərq Tərəfdaşlığı Proqramı ölkələrini isə icraçı tərəf kimi görmələri indi ciddi problemlər yaradır. Gerçəklik isə Aİ-dən real tərəfdaşlıq səyləri tələb edirdi. İstər Qarabağ nizamlanmasında, istər Ukrayna hadisələri zamanı müşahidə olunan bir çox məqamlar, proqrama daxil edilən ölkələrə münasibətdə tez-tez müşahidə olunan ayrıseçkilik, gec-tez, Brüsselin şərq siyasətində hansı problemlərin olduğunu üzə çıxarmalıydı. Ukrayna hadisələri isə göstərdi ki, şərq qonşularındakı problemlər Aİ üçün çox ciddi təhdidlər yarada bilər və Avropa göründüyü qədər də təhlükəsiz vəziyyətdə deyil. Brüsseldən Şərqə sırf avropalı gözü ilə baxmaq və dəyərləndirmək yanlşdır…

Aİ – Azərbaycanla anlaşacaq…

Bu il may ayının 21-22-də Şərq Tərəfdaşlığı Proqramının Riqa sammiti ərəfəsində, nəhayət ki, Aİ-nin şərq qonşuları ilə bağlı siyasətində dəyişikliklərə bağlı qərarların qəbul olunacağı gözlənilir. Bu istiqamətdə addımların müzakirəsi ilə bağlı mart ayından bəri, rəsmi danışıqlara start verilib. Riqada bir dəfə xarici işlər nazirlərinin qeyri-rəsmi müzakirələri aparılıb. Proqrama daxil olan ölkələrdə danışıqları isə Aİ-inin Qonşuluq və Genişlənmə və üzrə Komissarı Yoxannes Xan aparır. Bundan əvvəl o, yanvar ayında bölgəyə səfər etmişdi.

Yoxannes Xan yenidən Bakıdadır və ehtimal etmək olar ki, Aİ-nin yeni təşəbbüslərinin Bakıda son müzakirəsini aparacaq. Bundan əvvəlki açıqlamalarında, bu il Yerevanda Avronest Parlament Assambleyasının toplantısında o, açıq şəkildə vurğulamışdı ki, Aİ Şərq Tərəfdaşlıq Proqramı ölkələrinə diferensial yanaşma tətbiq etməlidir.

Aİ-nin bu yeni yanaşması Bakının son illər rəhbər tutduğu siyasətlə ümumi şəkildə üst-üstə düşür. Artıq 2005-ci ildən Azərbaycan bəyan edir ki, Aİ şərq qonşuları ilə ümumi formatda yox, diferensial formada ikitərəfli əlaqələri inkişaf etdirməlidir. Bu zaman ən müxtəlif amillər nəzərə alınmalı və həyata keçirilməsi real olan təşəbbüslərə üstünlük verilməlidir. Bakı iqtisadiyyat və energetika, təhlükəsizlik məsələlərini prioritet kimi irəli sürüb. Uzun müddət Brüsseldə Bakının bu arqumentləri qulaq ardına vurulsa da, Azərbaycana münasibətdə təmkinli siyasət yürüdülüb.

İndiki məqamda isə Bakının önə çəkdiyi prioritetlər əsas götürülməklə, ikitərəfli münasibətlərin yenidən nəzərdən keçiriləcəyini əminliklə söyləmək olar. Şübhəsiz ki, şərq qonşularına münasibətdə Brüssel yenə ümumi prinsipləri və hədəfləri saxlayacaq. Söhbət demokratik islahatlar, insan hüquq və azadlıqlarının müdafiəsi, iqtisadiyyatın liberallaşdırılması, azad ticarət imkanlarının genişləndirilməsi, mədəni əlaqələrin möhkəmləndirilməsindən gedir. Bununla belə, prioritet kimi iqtisadiyyat, energetika və mədəni əməkdaşlığın gücləndirilməsi istiqamətləri üzərində dayanılacaq. Riqa sammitində də bu istiqamətdə qərarların qəbul olunacağını gözləyə bilərik.

Zaur İbrahimli

Strateq.az