XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

09 Aprel 2015 - 08:09

Rusiyanın Avropa strategiyası – AB parçalanmalıdır

Ac Yunanıstan qılınca çapır

“Rusiya Avropa Birliyini parçalamaq istəyir”. Bunu Litvanın xarici işlər naziri Linas Linkeviçus deyib. Yunanıstanın Baş naziri Aleksis çiprasın Moskva ziyarətini şərh edən Linas Linkeviçus deyib ki, bu səfərdə məqsəd Rusiyanın Avropa Birliyinə tətbiq etdiyi qida embarqosunun Yunanıstana şamil olunmamasını təmin etməkdir. Hər ölkənin öz mənfəətlərinə uyğun siyasət yürütdüyünü bildirən Litvanın baş diplomatı, buna baxmayaraq, Yunanıstana AB və NATO üzvü olduğunu da xatırladıb və onu siyasi öhdəliklərinə əməl etməyə çağırıb.

Litvanın baş diplomatı bu səfəri yalnız qida embarqosuyla əlaqələndirsə də, zənnimizcə, səfərin daha dərin məqsədləri var.

Əslində, Yunanıstanla AB arasında, uzun müddətdir ki, soyuq küləklər əsir. Ağır iqtisadi böhran keçirən bu ölkə bütün səylərinə baxmayaraq, ittifaq ölkələrindən maliyyə yardımı ala bilmir. İqtisadi böhrandan istifadə edib hakimiyyətə gələn sol görüşlü yeni hökumətin müxtəlif yetkililəri dəfələrlə Avropa Birliyindən ayrılacaqları və BRİCS ölkələr birliyinə qoşulacaqları mesajını veriblər.

Hətta ölkənin parlamentinin yadına birdən-birə faşist Almaniyasının İkinci Dünya Savaşında Yunanıstana vurduğu iqtisadi zərərlər düşüb və bunun təzminatını istəyib. Zərəri müəyyənləşdirmək üçün qurulan komissiyanın hesablamalarına görə, bu məbləğ, təxminən, 300 milyard avrodur. Almaniya isə məsələnin müharibədən sonra bağlanan sazişlərlə həll edildiyini, bir daha müzakirə olunmayacağını bildirərək müttəfiqinə qapını göstərib.

Yunanıstanın “küsəyənliyi” digər “uşaqların” da əxlaqını poza bilər

Görünür, ciddiyə alınmadığını düşünən Yunanıstan sözlərinə inandırıcı rəng qatmaq üçün konkret fəaliyyətə keçib. Onun bu “küsəyənliyindən” sonra digər Şərqi Avropa ölkələrinin də eyni addımı atacağı gözlənilir.

Məsələ burasındadır ki, bir çoxu keçmiş Varşava Paktına daxil olan bu ölkələr Avropa Birliyinə üzv olarkən umduqları rahatlığı tapa bilməyib. Qərbi Avropa onların sənayeləşməsini təmin etmədiyi kimi, keçmişdən qalan müəssisələri də amansız rəqabətə tab gətirmədən iflasa uğrayıb.

Zavallı Şərqi Avropa ölkələri çarəsizlikdən gözlərini Rusiyadan Avropaya nəql ediləcək qaza dikmişdi. Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi embarqoyla bu ümidləri də xeyli azaldı. Bəlkə, “yeni sahibləri” ilə “köhnə ağaları” dil tapar, deyib yaxın gələcəyə bəslədikləri ümid də İrana qarşı embarqonun aradan qaldırılmasıyla tamam tükəndi. Belə məlum oldu ki, Avropa bir müddətdən sonra qaz və yanacaq təminatını İrandan alacaq. İran borusunun onlardan keçəcəyi isə qeyri-müəyyəndir. Hər halda çəkiləcəyi gözlənilən bu qaz kəmərinin Aralıq dənizinin sahilləri boyunca Avropaya daşınması iqtisadi cəhətdən daha əlverişlidir. Bu da Bolqarıstan, Macarıstan, Ruminiya, hətta Avstriya kimi dövlətləri tranzit ölkə olmaqdan çıxarır. Məsələyə bu aspektdən yanaşanda AB-nin yeni enerji siyasətinin Şərqi Avropa ölkələrini qane etməməsi ortadadır.

Şərqi Avropa niyə narahatdır?

Qeyd edək ki, bir müddət əvvəl Rusiyaya qarşı embarqo siyasətini kəskin dillə tənqid edən bu ölkələr rəsmi Brusselə öz gileylərini çatdırmış və kompensasiya tələb etmişdirlər. Bir neçə ay bundan öncə “Cənub axını” layihəsinin ləğv edilməsinə münasibət bildirən Avstiyanın trans-milli enerji şirkəti – OMV-nin sədri Gerard Roisin dilə gətirdiyi bəzi fikirlər Avropa Birliyində çatların artıq çoxdan yaranmasını sübut edir. Cənab Rois öz çıxışında bunları demişdir: “Avropanın Rusiya qazına ehtiyacı var və bu məsələdə özünü görməzliyə vurmaq AB-yə heç nə qazandırmır. Avropa Birliyi heç bir anlamı olmayan yeni qanunlar qəbul etməklə reallıqdan uzaq addımlar atır. Məsələ Avropaya verilən qazla, onun nəqlinin bir-birindən ayrılması olmamalıdır. Məsələ bu olmalıdır ki, kim bu projeyə kapital yatırır”.

Məlumat üçün bildirmək yerinə düşərdi ki, Rusiyanın “Cənub axını” layihəsini ləğv etməsinin səbəbi Avropa Birliyinin qəbul etdiyi yeni qanuni aktlarla əlaqəlidir. Bu qanuna görə, enerji mənbəyinin sahibi həm də onu nəql edən tərəf ola bilməz. Doğrudan da, əsaslandırılması çətin olan bu qanun, əslində, Rusiyaya qarşı hazırlanmışdı və həmin qanunu əldə rəhbər tutan AB Bolqarıstanı Rusiyanın qaz nəqli üçün nəzərdə tutulan projedən geri çəkilməyə çağırmışdı. Bolqarıstan da yarıkönül buna getməyə razı olmuşdu. Bundan da bərk qəzəblənən rəsmi Moskva “Cənub axını” lahiyəsindən imtina edərək, Türkiyəylə 1997-də bağladığı “Mavi axın” layihəsinə yönələcəyini açıqlamış və rəsmi Ankaradan buna dəstək gəlmişdi. Putin Türkiyəyə səfər edib Ərdoğanla görüşmüşdü. Bütün bu hadisələrdən sonra Bolqarıstandan tutmuş Macarıstana qədər bütün tranzit ölkələr AB-yə qarşı üsyan bayrağı qaldırmışdı.

Göz yaşına inanmayan Moskva “dost xəyanəti”ni də bağışlamır

İnsafən, Rusiya “Cənub axını” layihəsini ləğv edərək Bolqarıstanın timsalında keşmiş “qardaşlarına” “qulaqburması” verməkdə haqsız da deyil. Nədən ki, “Cənub axını” layihəsi onun iqtisadi maraqlarından çox, siyasi maraqlarına xidmət edirdi. Halbuki “Mavi axın” kimi daha sərfəli lahiyə vardı və Rusiya öz qazını Avropaya daşıyacaq bu xətti inşa etmək üçün, nə az, nə çox, düz 10 milyard dollar az xərc çəkərdi.

Sırf keçmiş “qardaşlar”ının könlü xoş olsun deyə bu sərfəli projeni bir kənara atıb “Cənub axını”na investisiya qoymaq istəyən rəsmi Moskva indi əsl sürprizlə qarşılaşmışdı. Avropa Birliyinin göstərdiyi “konfet”ə aldanan keçmiş “kiçik qardaşlar” birdən-birə ondan üz döndərməyə başlamışdı. Halbuki onların yemək payının böyük qismi yenə Rusiyanın ümidinə qalmışdı. Təbii ki, belə vəziyyətdə göz yaşlarına inanmayan Moskvanın “qulaqburması” da ağır olmalıydı.

üstəlik, neftin qiymətlərinin aşağı düşməsiylə Rusiya da iqtisadi böhran keçirir. Bu cür ağır vəziyyətdə 10 milyard dollar da kiçik görünən pul deyildi. “Cənub axını” proyektinin tək Qaradəniz üzərindən çəkiləcək hissəsi 22 milyard dollara başa gələcə
kdi. “Mavi Axın” xəttiylə bu kəmərin Türkiyə üzərindən çəkiləcəyi təqdirdə isə məsafə hardasa 2100 km. qısalacaq, nəticədə həm layihə daha tez başa gələcək, həm də yuxarıda da qeyd edildiyi kimi, 10 milyard dollara qənaət ediləcəkdi. Bu mənada Bolqarıstan və digər Şərqi Avropa ölkələrinin “xəyanəti”, əslində, Rusiyanın da işinə yarayırdı.

Yunanıstanın dərdi tək qida dərdi deyil

Maraqlıdır ki, istər “Mavi axın”, istər TANAP, istərsə də İrandan Avropaya daşınması nəzərdə tutulan xətlərin hamısı Yunanıstandan keçəcək.Yunanıstanla Rusiya arasında yaranan isti münasibətin bir səbəbi də burada axtarılmalı və yunan baş nazirin bir müddət əvvəl BRİCS ölkələriylə əməkdaşlığa gedəcəyindən danışması heç də əsassız şantaj olaraq görünməməlidir. Gerçəkdən də yunan milli maraqları BRİCS ölkələrindən olan Rusiya və İran ilə əməkdaşlığı zəruri hala gətirir.

Vəziyyətin bu cür kəskin dəyişilməsi bir zamanlar sovet blokunda olmuş Şərqi Avropa ölkələrinə daha çox zərər vurur və onların öz “xəyanətlərindən” peşmanlıq duyması təsadüfi sayılmamalıdır. Verilən məlumata görə, yalnız “Cənub axını” projesinin inşasından belə bu ölkələr nə az, nə çox, 2.5 milyard dollar itirdilər. Bir də qaz tranzitindən itirdiklərini hesaba qatsaq, onların indiki iqtisadi böhran zamanında nə qədər ziyana düşməsi tam çılpaqlığıyla ortaya çıxır.

Rusiya niyə nüvə sazişinə müsbət baxdı?

İlk baxışdan, İran qazının Avropaya daşınmasınn yolunu açan nüvə sazişi Rusiyaya qarşı həyata keçirilən bir layihə təsiri bağışlayırdı. Buna baxmayaraq, BMT Təhlükəsizlik Şurasının üzvü kimi Rusiya da bu sazişin bağlanmasına etiraz etmədi. Sözsüz ki, durum beyinlərdə müəyyən suallara yol açır: Əcəba, nədən Rusiya bir müddətdən sonra öz əleyhinə çevriləcək bu hadisəyə, ən azı, laqeyd qaldı?

Fikrimcə, bunun başlıca səbəbi İran qaz nəqlinin tam istifadəyə verilməsinə qədər qazanılan fürsətlərlə bağlıdır. Belə ki, hələ heç bir alt yapısı (infrastrukturu) hazır olmayan bu lahiyənin reallaşması üçün xeyli zamana ehtiyac var. Bu zaman ərzində isə Rusiya həm öz qazına duyulan ehtiyacdan yararlanaraq “Mavi axın” proyektini həyata keçirə biləcək, həm də Avropaya qaz nəqli planlarında bütün diqqətləri bu coğrafiyaya yönəldəcək. Nəticədə özünə “xəyanət etmiş” Şərqi Avropa ölkələrinin qulağı daha yaxşı burulacaq və onlar Rusiyadan daha asılı vəziyyətə düşəcəklər.

Görünür, Litva xarici işlər naziri, həqiqətən, haqlıdır. Rusiyanın Şərqi Avropa ölkələriylə bağlı siyasəti və iqtisadi böhran keçirən Yunanıstanı öz tərəfinə çəkməsi səbəbsiz deyil. Məqsəd doğrudan da AB-ni dağıtmaq, SSRİ-nin “Yenidənqurma” islahatları nəticəsində itirdiyi Şərqi Avropa ölkələrini yenidən öz qucağına almaqdır. Hətta, sələfindən fərqli olaraq, inidiki Rusiyanın qucağına alacağı ölkələrin sayı belə arta bilər. Nədən ki, Türkiyə və Yunanıstan da Rusiya qazından asılı olacaq – ən azı, İran qazı tam gücüylə Avropaya axana qədər.

Bu axın baş tutduqdan sonra isə Molla demişkən, “Ya xan ölər, ya eşşək”.

Heydər Oğuz