XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

11 Aprel 2015 - 06:23

ABŞ imperializmini çökdürəcək Çin layihəsi

Türkiyə çinin rəhbərliyi altında qurulan Asiya İnfrastruktur və İnvestisiya Bankının (AİİB) qurucu üzvlüyünə seçilib. Bununla da həmin bankın üzvlərinin sayı 38-ə çatıb. Yaxın və Orta Asiya ölkələrinin əksəriyyətinin təmsil olunduğu bu bank Avropanın ən zəngin dövlətlərinin də diqqətini cəlb edib və Almaniya, Fransa kimi ölkələr onun üzvlüyünə qəbul olunublar. Bir neçə gün ərzində İngiltərənin də üzvlüyə qəbul ediləcəyi gözlənilir. Beləcə, 2015-ci ilin sonlarında fəaliyyətə başlayacağı güman olunan AİİB-nin qlobal iqtisadi nizamda əsl inqilab yaradacağı, dünyanın super gücü sayılan ABŞ-ın ən önəmli silahını əlindən alacağı gözlənilir.

Əslində ABŞ hakimiyyəti də bunun fərqindədir. O, sadəcə, əlindən gələn bütün rıçaqlarını işə salmasına baxmayaraq yeni finansal qurumun yaranmasının qarşını ala bilmədi. Bir müddət əvvəl Avustraliyanın AİİB-yə üzvlük üçün müraciət etməsini Barak Obama zor-bəlayla dayandırmağa nail olsa da, özünün ən yaxın müttəfiqi sayılan İngiltərənin gözlənilmədən eyni addımı atması rəsmi Vaşinqtonun bütün planlarını alt-üst etdi. Londonun bu dönəkliyindən sonra Lüksemburq, İtaliya, Almaniya, Fransa, İsveçrə kimi Avropa ölkələri salınan bu izlə yollarına davam etdilər. Obamanın israrlı telefon zəngindən yaxasını qurtaran Avustraliya da “palaza bürünüb ellə süründü”.

Maraqlıdır ki, ABŞ-ın Yaxın Şərqdəki kukla müttəfiqləri də “asi”lərə qoşuldu. Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt, İordaniya kimi ərəb ölkələri artıq AİİB-nin üzvlərindəndir. Hətta super gücün özü belə bu prosesin qarşısının alınmazlığını görüb əvvəlki siyasətindən vaz keçənə oxşayır. Barak Obamanın rəsmi təmsilçisi sifətiylə çinə səfər edən Ağ Evin baş xəzinədarı Cek Lev rəsmi Pekindəki yetkililərlə görüşdən sonra ABŞ-ın bu banka qoşulmaq istədiyini acizanə bir tərzdə dilə gətirdi. Bu, həmin Cek Levdir ki, cəmi bir neçə ay bundan əvvəl daş atıb başını tutur, Ağ Evin müttəfiqlərinə AİİB-yə qoşulmaq istiqamətində addım atmamışdan qabaq bir oturub iki düşünməyi məsləhət görür və deyirdi: “Amerikanın beynəlxalq təsir gücü və etibarı Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna alternativ olaraq yaradılan və müttəfiqlərimizin də qoşulduğu bir qurum tərəfindən ciddi şəkildə sarsılmaqdadır”.

Az qala göz yaşları içərisində Pekinə yollanan cənab Cekin orda tamamilə başqa bəyanatlarla çıxış etməsi ABŞ-ın acı aqibətiylə artıq barışdığını sübut edir. Amma deyəsən, onun Asiya mərkəzli yeni dünya düzənində yer almaq şansı da tükənir.

Nədən ki, indiyə qədər AİİB-yə heç bir rəsmi müraciət etməyən Vaşinqtonun bu arzusunun gözündə qalacağı güman olunur. Əvvəla, rəsmi müraciət etmək üçün zaman daralır. 4 gündən sonra, yəni 15 Aprel 2015-ci il tarixində bütün qurucu üzvləri müəyyənləşən Bankın bundan sonra müraciət qapıları bağlanacaq və o, bu ilin axırında rəsmən fəaliyyətə başlayacaq. İkinicisi ona görə ki, AİİB elə ABŞ-ın finansal gücünü başqa qitələrdən sıxışdırıb çıxarmaq üçün yaranıb və böyük ölçüdə buna nail olub da. İndi xeyli güclənən qurumun öz əsas rəqibini bünyəsinə alacağına inanmaq xeyli sadəlövhlük olardı. üzvlük üçün ilk müraciət edənlərdən olan İngiltərənin belə AİİB-in qurucu subyekti olaraq hələ rəsmən təsdiqlənməməsi əslində onun ABŞ-ın “Troya atı” olması ehtimalı ilə bağlıdır. “Troya atı”nın varlığından şübhə edilən bir gücə qapıları açmaq ənənəsi isə, təbii ki, minillik diplomatiya tarixinə malik çinə xas olan xüsusiyyətlərdən deyil.

Sözsüz ki, ABŞ-ı bu qədər əndişəyə salan ciddi səbəblər var. Başlıca səbəb AİİB-nin, Cek Lev cənablarının dediyi kimi, Dünya Bankına və Beynəlxaq Valyuta Fonduna qarşı yaradılmasıdır. Nəzərə alsaq ki, hədəf seçilən hər iki qurum dünyanın ən varlı ailəsi Rotşildlərə məxsusdur və bu ailənin maliyyə gücünün 500 trilyon dollardan artır olduğu güman edilir, ortaya istər-istəməz belə bir sual çıxır – çin hansı gücüylə iki dəfə dünya müharibəsini mailiyyələşdirən bir qüdrətə qarşı hərəkət edir?

Rəsmi Pekini bu qədər cəsarətli addım atmağa təşviq edən önəmli səbəb getdikcə Qərb kapitalist təfəkkürünün dünya iqtisadi tələblərinə cavab verməməsi və çinin ucuz mal siyasətiylə super gücləri geridə buraxmasıdır. Məlum olduğu kimi, daha keyfiyyətli və baha mal istehsal etmək yarışına girən Qərb iqtisadiyyatı ötən əsrin sonralarından etibarən, doymuş bazar sindromu ilə qarşılaşdı. Zira kütləvi istehsal ilə dünyanın bahalı mal istehlakçılarını tam təmin edə bildi. Nəticədə istehsalı dayandırmaq zərurəti yarandı. Bu isə Qərb ölkələrini bürüyəcək kütləvi ixtişaşlara gətirib çıxara bilərdi. İstahsal müəssisələrinin işə davam etməsi naminə istehlakçıların alıcılıq alnayışları və tələbatı dəyişdirilməliydi.

Beləcə, istehlakçı marağını cəlb etmək naminə hər il dəyişdirilən yeni modellərin təqdim olunması siyasətinə üstünlük verildi. Bu isə çinin işinə yaradı. O səbəbdən ki, çin daha ucuz mal istehsal edir və bu malların istifadə ömrü yeni modellərin ortaya çıxmasına qədər davam gətirirdi. Hər il yeni model dəyişməyə alışdırılan istehlakçılar isə daha ucuz mal almağı büdcələrinə uyğun hesab etməy başladılar. Yəni, məşhur bir iqtisadçının “mən ucuz mala pul verəcək qədər varlı deyiləm” fikirləri tarixə qovuşmuş oldu. Bununla da çinin ulduzu parladı.

üstəlik, Qərbin bahalı mallarını almaq üçün dünya bazarında istehlakçıların da iqtisadi durumu yaxşılaşmalı idi. Bunun üçün də yeni bazarların (istehlakçı ölkələrin) infrastrukturunun yenidən formalaşmasına və bu məqsədlə böyük həcmli kreditlər verilməsinə ehtiyac duyulurdu. Dünya dövlətlərini kapitalla təmin edən ABŞ mərkəzli Dünya Bankı və Beynəlxalq Valyuta Fondlarının şərtləri isə istehlakçı ölkələri zənginləşdirməyə yox, kasıblaşdırmağa sürükləyirdi. Nədən ki, bu finans mərkəzləri ikinci və üçüncü dünya dövlətlərini sənayələşdirməyə yox, təbii qaynaqlarını satmağa təşviq edirdi. Təbii qaynaqlar isə get-gedə tükənir, ən əsası isə bu ölkələri dağıdıb yenidən quran ABŞ hərbi sənayəsi də pul qazanmaq istəyirdi. Əl-qərəz, istehlakçı ölkələr yıxılıb dağıldıqca, dünya enerjisinə sahiblik uğrunda qlobal müharibələr davam etdikcə insanlar daha artıq kasıblaşır və çin mallarına möhtac vəziyyətə gətirilirdi. Nəticədə, Qərb sənayesi durğunluq dövrünə qədər qoyarkən, Orta Şərqin ən böyük böyük sənaye öl
kəsi hər il iqtisadi böyümə gücünü artırırdı.

Qərb imperializminin bu yeni müstəmləkəçilik siyasəti barədə məşhur rus iqtisadiyyatçısı Nikita Kriçevski deyir: “Qərb ölkələrinin strategiyası inkişaf etməkdə olan ölkələrə yalnız xammal çıxarmaq və onu dünya bazarına satmaq imkanı verir. Bunun əvəzində isə onlar inkişaf etmiş ölkələrdən çox yüksək qiymətə sənaye məhsulları alırlar. Vaşinqton müqaviləsinin 1989-cu ildə ictimaiyyətə elan olunmasından sonra bu yanaşma inkişaf etmiş ölkələrin yeni iqtisadi dininə çevrildi”.

Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun professoru olan Nitika Kriçevskinin bu gözəl təsbiti AİİB-nin yaranmasını şərtləndirən ən vacib amillərdən birinə çevrildi. Getdikcə kasıblaşan və öz sənaye müəssisələrini qura bilməyən ikinci dünya dövlətləri bir araya gəlib BRİCS ittifaqını meydana gətirdi. Brazilya, Rusiya, Hindistan, çin və Cənubi Afrika Respublikasının bərabər yaratdığı ittifaq ötən il Asiya İnfrastruktur və İnvestisiya Bankını qurmağa qərar verdi. Bankın adından da göründüyü kimi, qurumun əsas vəzifəsi geridə qalmış ölkələrdə infrastruktur layihələrinə investisiya yatırmaq idi.

Təklif çindən gəlmişdi və rəsmi Pekin bankın kapital rezervlərinin yarısını öz boynuna götürürdü. Bu iş üçün 50 milyard dollarından keçəcəyini açıqlayan çinin təklifi bütün ittifaq üzvləri tərəfindən böyük sevinclə qarşılandı. Rusiya və Brazilya da hər biri banka 16 milyard dollar yatıracağını açıqladılar. ABŞ-ın hərbi, neft və maliyyə siyasəti nəticəsində inkişaf etməkdən məhrum olan dünya bazarlarında varlı alıcılarını itirən Avrora dövlətləri də bu təşəbbüsə dirçələn bazar ümidiylə baxdı və beləcə, AİİB-nin təsisi üçün heç bir əngəl qalmadı.

İndi Dünya Bankı və BFV ya öz ənənəvi siyasətindən vaz keçərək finansal xarakterində əsaslı islahatlar aparmalı, ya da məğlubiyyətlə barışmalıdır. Rifah toplumuna çevrilən, işçi qüvvəsinin xeyli bahalı olduğu ABŞ-ın bu islahatlara duruş gətirməsi isə xeyli çətin olacaq. Zira real iqtisadi sektordan daha çox, maliyyə transferləriylə pul qazanan super güc bunun üçün işçilərinin maaşını azaltmalı və daha ədalətli şərtlər altında dünyanın digər sənaye ölkələriylə rəqabətə girməlidir. Görünən budur ki, ənənəvi rəqiblərinə yeni bazarlarda, ən azı, coğrafi baxımdan uduzan ABŞ iqtisadiyyatının işi xeyli müşkülləşəcək və o, İkinci Dünya Müharibəsindən öncə olduğu kimi, yenə öz qınına çəkilməyə məhkum ediləcək.

Qısası, çin 500 trilyonluq sərmayəsi olan Ronşild ailəsini onunla müqayisədə olduqca cüzi görünən kapital sayəsində sarsıtmağı bacardı. Verilən məlumatlara görə, AİİB layihəsini gündəmə gətirən rəsmi Pekinin başlıca məqsədlərindən biri büdcəsində toplanan 3-4 trilyonluq artıq kapitalı dövriyyəyə gətirmək idi. Hardasa 200 dəfə zəif bir güclə onun həyata keçirdiyi AİİB lahiyəsinə yatırılacaq 100 milyard dollarlıq sərmayə isə bu məqsəd üçün heç də cüzi miqdar sayıla bilməz. Məlumat üçün qeyd edək ki, AİİB-nin rəqabət edəcəyi Beynəlxalq Valyuta Fondu, 2014-cü ilin statistikasına görə, cəmi-cümlətani 75 milyard dollar kredit ayırıb. Dünya Bankının isə bu məqsədlə ayırdığı miqdar 65 milyard dollardır. Ayrı-ayrılıqda hər iki qurumdan daha çox pul rezervinə sahib AİİB-yə qoşulan dövlətlərin sayı artıqca onun büdcəsinin daha da qabaracağı gözlənilir.

Dünyanın yeni ümidinə çevrilən bu quruma əski sovet ölkələri də ciddi maraq göstərir. Bankın qurucu üzvləri arasında 16 milyard dollarlıq hissəsi olacağı gözlənən Rusiya ilə yanaşı özbəkistan, Qazaxıstan, Tacikistan və Qırqızıstanın da adı çəkilir. Onlar da yəqin ki, bu banka müəyyən qədər vəsait yatırdıqdan sonra ölkələrinin infrastrutkur layihələrinə ciddi miqdarda investisiya qoya biləcəklər.

Azərbaycan isə hələ 8 milyard xərcləyəcəyi güman olunan saxta Avropa Oyunlarına hazırlaşır. Nə deyim arıq? Görünür, bizim üçün “sağlamlığın rəhni” ac qarnımızdan daha vacibdir.

Heydər Oğuz