XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

13 Aprel 2015 - 11:45

Ruslar və onların eybəcər məntiqi – analiz

İranın Sənaya gündə 14 dəfə enən sərnişin təyyarələrində husilərə silah çatdırır

Tale bəzən sürprizlər gətirir. Rusiya prezidenti Vladimir Putin gözlənilmədən “Hizbullah” terrorçularının lideri Həsən Nəsrullahdan heç nəyi ilə yaxşı görünmədi. Həm o, həm də bu biri silahsız adamları öldürməyə davam edir və budur, dördüncü ildir, milyonlarla suriyalının iradəsinə etinasız yanaşır. Eyni zamanda, nəyin yaxşı, nəyin pis olması barədə mühakimə yürütməyə haqlı olduqlarını düşünərək bizə sülh həlli imkanı barədə mühazirələr oxuyurlar. Lakin Səudiyyənin xarici işlər naziri, şahzadə Səud əl-Feysəl ərəb dövlətlərinin Liqasında çıxış edib Rusiyanın ikiüzlülüyünə layiqli cavab verdi: “Sən özün problemin tərkib hissəsi olarkən onun həllinin tərkib hissəsi ola bilməzsən”.

Rusiyanın siyasəti getdikcə beynəlxalq hüquq normalarından uzaqlaşır. Moskva ümumi normalara zidd olan öz qanunları ilə yaşayır. O, Ukraynanın bir hissəsini ilhaq edib, Suriyada legitimliyini itirimiş rejimi dəstəkləyir və sülh həlli axtarışı təklifi altında Yəməni hərc-mərclik girdabına batırmaqda husilərə fürsət vermək istəyir. “Hizbullah”ın Suriyadakı batalyonları da elə buna can atır. Bütün bunlar Putin və onun administrasiyasının beynəlxalq məsələlərdə eybəcər məntiqi rəhbər tutmasından danışmağa imkan verir.

Rusiya istəyir ki, Yəmən üçün də Suriyadakı kimi “həll” tapılsın, yəni xarici dövlətlərin (Ruisya və İran) dəstəyi ilə bu ölkədə oyuncaq qeyri-legitim rejim yaradılsın. “Əlahəzrət” cənab Putin Yəmən böhranında sülh həllindən necə danışa bilər? ölkə, prezidenti və baş naziri həbs etmiş, ordu da daxil olmaqla dövlətin bütün institutlarını buraxmış yaraqlıların girovuna çevrilib. Bununla belə, husilər onlara silah və hərbi texnika çatdıran İrandan hərbi dəstək almağı davam etdirirlər. Bütün bunlar İranın Sənaya gündə 14 dəfə enən sərnişin təyyarələri ilə çatdırılır. Bəşər Əsəd rejimini dəstəkləyən Moskva və Tehran tərəfindən eynilə belə bir sxem Suriyada istifadə edilmişdi.

Putinə və onun ölkəsinə elə gəlmir ki, böhranın sülh yolu ilə həllini təbliğ etməzdən öncə Suriya rejiminin öz xalqını öldürdüyü silahla təchiz etməyi dayandırmaq daha məntiqli olardı?!

Nə zamansa böyük dövlət sayılmış Rusiyanın Yəmənə münasibətdə özünü nə qədər xaincəsinə apardığını anlamaq üçün xarici işlər nazirinin müavini və RF prezidentinin Yaxın Şərqdəki özəl təmsilçisi Mixail Boqdanovun RİA NOVOSTİ-yə müsahibəsini oxumaq kifayətdir. Yüksəkrütbəli diplomat sıradakını bildirib: “Rusiya suveren dövlətlərin daxili işlərinə qarışmağa qarşı çıxış edir. Tərəflərin hər biri gücdən istifadəni dayandırmalı, atəşi, bombardmanı kəsməli, bu və ya digər tərəfə hücumu dayandırmalı və danışıqlar masasının arxasına əyləşməlidir”.

Gəlin, bu təmtəraqlı sözləri və Rusiyanın Suriyadakı, Ukraynadakı gerçək siyasətini tutuşduraq. Dünyanın bütün xalqları artıq Rusiyanın ikili standartından və onun nəzəriyəsinin hər dəfə əməlindən ayrılmasından yorulublar.

İranla Rusiyanın fəaliyyətinin uyğunluğunu hiss etməmək mümkün deyil. Onların əməkdaşlığı Suriyada başlanıb və Yəmən böhranında davam edir. Tehran bölgədə öz maraqlarını izləməklə Rusiyanın dəstəyindən son dərəcə mənfəətdardır.

Moskvaya gəlincə, onun “Qətiyyət tufanı” əməliyyatına münasibəti və Yəməndəki durumla xüsusunda bütün narahatlıqları baş verən hadisələrin İranın nüvə danışıqlarının nəticələrinə təsir edəcəyi əndişəsiylə izah olunur. Moska və Tehran ümumi hədəfi izləyir: Fars körfəzi ölkələrinin bölgədəki təsirini azaltmaq. Beləliklə, Rusiya özü də gözləmədən nüfuz uğrunda sünni dövlətləri ilə mübarizə aparan İranla və onun dəstəklədiyi digər şiə qüvvələri ilə müttəfiqlikdə göründü.

Rusiya Yaxın Şərqdə çəki və nüfuza malik olan və bölgənin bütün dövlətlərinin onun rəyi ilə hesablaşacağı dünya dövləti olmağa çalışır. Lakin bu dövlətlərlə qarşıdurması və İranla sıx əməkdaşlığı bildirir ki, əməkdaşlıq ediləsi və güvəniləsi dövlət ola bilməz. Ən azı, Fars körfəzi ölkələri belə hesab edir.

Salman əd-Dusari (“Asharq Al Awsat”)

qaynaq: inosmi.ru

çevirən – Fərzuq Seyidbəyli