XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

14 Aprel 2015 - 06:31

Qazzəlilərin qorxulu “oyuncağı”- “qarışqa yuvaları”

Misir Prezidenti Əbdülfəttah əs-Sisi hüquq tarixində hələ bənzərinə rastlanmayacaq fərmana imza atıb. Qanun dəyərində olan bu sənədə görə, Qazzədən Misirə qeyri-qanuni tunel çəkmək qadağan olunur.

“Burda nə var ki?” – deməyin. Fərmanın qeyri-adiliyi onun nəyisə yasaqlamasında deyil, veriləcək cəzanın xeyli ağır olmasındadır. Akta görə, tunellə bağlı ağla gələn bütün əməllərin hamısının yalnız bir cəzası var-ömürlük həbs. Yəni tuneli qazan da, ordan keçən də, hətta bu barədə məlumatı olub, hüquq-mühafizə orqanlarına xəbər verməyən də eyni cəzaya-ömürlük həbsə məhkum ediləcək.

Sual oluna bilər: Müasir Misir “firon”unu bu qədər qəzəbləndirən tunel ölkə əhalisi üçün hansı təhlükəni daşıyır? Və nədən cənab Sisi tuneldən belə vahiməyə düşür?

Desəm, inanmayacaqsınız. Müasir “firon”un yuxusunu ərşə çəkən tunellərin Misir xalqının təhlükəsizliyinə heç bir isti-soyuğu yoxdur. Əksinə, bu tunellər eyni millətin iki dövləti arasında mövcud olan yeganə əlaqə vasitəsidir.

Onillərlə İsrail mühasirəsində yaşayan Qazzə əhli üçün kiçik nəfəslik xarakteri daşıyan bu tunellər həmin coğrafiyaya gündəlik tələbat malları daşıyır. Zavallı qazzəlilər unundan tutmuş dərmanına, maşından yanacağına qədər hər şeyi bu tunellərdən keçirir. Tunellər 350 kvadrat metr sahəyə yığılmış 1.5 milyonluq insan kütləsinin yeganə ümid yeridir. İndisə bu ümid yeri də bağlanır.

Maraqlıdır ki, bundan təxminən bir ay öncə İsrailin Baş naziri Binyamin Netanyahu da seçkiqabağı təbliğat mitinqində seçicilərinə yaxın zamanlarda Fələstin adlı siyasi varlığın mövcud olmayacağı müjdəsini verir, hətta öz strateji müttəfiqi olan ABŞ-ın belə qınağı ilə qarşılaşırdı. ABŞ lideri Barak Obama Netanyahunu Fələstin siyasi iradəsini tanımağa, uzun zamandan bəri fələstinlilərə qarşı davam edən sionist zülmündən geri çəkilməyə çağırırdı. Netanyahu isə “Nuh deyir, peyğəmbər demirdi”. Hər kəs ərəb ölkələrindən də eyni həssasiyyəti gözlərkən, Misir “firon”undan birdən-birə hamıya barmaq dişlədəcək fərman gəldi. Həm də bu sərtlikdə, bu ciddilikdə.

İnsafən, Fələstin xalqının fəlakətinə imza atan ərəb lideri, təkcə, Sisi də deyil. Digər qardaş ölkələrinin başçıları da ağalarının könlü xoş olsun deyə, “kiçik qardaş”larını “kötəkləməyə” amadədirlər. Hətta onları boş verin, ərəblərin “kiçik qardaşı” Fələstinin dövlət başçısı Mahmud Abbas belə, rəsmən öz himayəsi altında görünən qazzəlilərə ögey münasibətilə seçilir. Bu yaxınlarda Misirdə toplanan ərəb zirvəsində Fələstin lideri Yəməni bombardıman edən “böyük qardaş”larını ağ yuyub qara sərmişdi ki, bəs, onlar “Qərarlılıq Fırtınası” hərbi əməliyyatının eynisini nədən Qazzədə həyata keçirmirlər? Başqa təbirlə desək, Mahmud Abbas “ağaya əziyyət vermədən ərköyün “kiçik qardaş”ımızı, gəlin, özümüz şillə-təpiyin altına salaq” təklifində bulunmuşdu.

“Fərman fironundur, tunel bizimdir”

İsrail qarşısında ərəb liderlərinin bu canfəşanlığının nəticəsi olan “tunel yasası”nın daha önəmli bir səbəbi də var. Dünyanın ən böyük hərbi qüdrətlərindən birinə qarşı əliyalın sayılacaq qədər primitiv silahlarla savaşan qazzəlilər tunellərə sığınıblar. Qazzənin altını “qarışqa yuvası”na çevirən HAMAS silahlılarının bu qaranlıq dünyaya pənah aparması yalnız canlarını qorumaq istəyindən irəli gəlmir. Onlar 1963-cü ildən 1973-cü ilə qədər davam edən Vyetnam müharibəsində yerli əhalinin ABŞ-a qarşı apardığı mübarizəni örnək götürərək İsrail işğalçılığına qarşı tunellərdə savaşırlar. Əsası Məhəmməd Deyf tərəfindən qoyulan bu savaş taktikası günü-gündən daha effektli nəticələr verir.

ötən il Qazzəyə hücum zamanı İsrail ordusunun əsl sürprizlə qarşılaşması bu iddianın ən bariz nümunəsidir. Nədən ki, həmin hərbi əməliyyatda İsrail, öz etiraflarına görə, 64 əsgərini itirdi. HAMAS yetkililəri isə bu sayın xeyli kiçildilmiş olduğunu, ictimai narazılıqdan qorxan rəsmi Tel-əvivin əsl həqiqəti gizlətdiyini bildirir. Hətta həmin rəqəmin əsl həqiqəti ifadə etdiyini nəzərə alsaq belə, bu, 2009-cu il statistikasından 6 dəfə çox itki deməkdir.

İsrailin eyni xarakterli iki əməliyyat nəticəsində bu qədər fərqli itki verməsi, təbii ki, səbəbsiz deyil. Bu, HAMAS-ın hərbi qanadının rəhbəri Məhəmməd Deyfin tunel taktikasını artıq İsrailin sərhədləri daxilinə qədər böyütməsinin nəticəsidir. HAMAS indi yalnız Qazzəylə kifayətlənmir, öz “qarışqa yuvası”nı Tel-əvivə doğru irəlilədir. Yer üzünü nəzarət altında saxlamağı bacaran İsrail isə yer altında baş verənləri izləmək imkanına malik deyil və qarışqa yuva”larının ağzından raketlər atılandan sonra xəbər tutub onları dağıda bilir. Dağıdılan isə yalnız “yuva ağızları” olur. Daha sonra həmin “yuva”ların bir başqa yerdə “ağız”ları açılır və kustar üsullarla istehsal olunmuş raketləri atmağa hazır duruma gətirilir.

HAMAS-ın “qarşıqa yuvaları” İsrail üçün hələlik ciddi təhlükə əxz etməyə bilər. Fəqət bir müddətdən sonra tunellərin əsl kabusa çevrilməyəcəyini söyləmək də mümkün deyil. Nədən ki, ABŞ 1973-cü ildə Vyetnamda qarşılaşdığı bu kabusun sayəsində ağ bayraq qaldırıb ölkədən qaçmışdı. 10 il davam edən bu “qarışqa-fil” müharibəsində “fil”in yenilgisini şərtləndirən statistika isə olduqca qorxuncdur. Məlumata görə, həmin müharibədə ABŞ 60 mindən artıq əsgərini itirmişdi.

Göründüyü kimi, 50 yaşlı Məhəmməd Deyfinin əlində getdikcə gücünü artıran strateji silahı var və onun adı tuneldir. Belə çıxır ki, İsrail ərəblərin “kiçik qardaş”ının əlindəki bu təhlükəli oyuncağı böyük qardaşlara aldırtmaq istəyir.

Heydər Oğuz




Yuxarı Əvvələ Ana Səhifə