XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

14 Aprel 2015 - 13:42

Prezident oliqarxlara savaş açır- ilk sınaqdan yalnız Kəmaləddin Heydərov çıxıb

Azərbaycan iqtisadiyyatında neftin qiymətinin sürətlə aşağı düşməsiylə başlayan böhran hökuməti ciddi və sərt tədbirlərə əl atmağa, qısa müddətdə vəziyyətdən çıxmağa imkan verən proqramların qəbuluna vadar edib. Artıq hakimiyyətin ən üst qatında mövcud vəziyyətdən yeganə çıxış yolunun son illərdə “kölgə iqtisadiyyatı” hesabına sürətlə varlanmış oliqarxiyanın imkanlarından istifadənin olduğu qənaətinə gəliblər.

Bu haqda Strateq.az-a məlumat verən hakimiyyətə yaxın mənbənin sözlərinə görə, prosesi müvəffəqiyyətlə aparmaq üçün xüsusən Vergilər Nazirliyinin, həmçinin güc strukturlarının üzərinə xüsusi missiya qoyulub: “Vergilər Nazirliyinə tapşırılıb ki, kimliyinə – hansı oliqarxın, nazirin, yaxud şöhrətli soyadın himayəsində olmasına baxmayaraq, indiyədək fəaliyyətlərinə göz yumulmuş bütün iri biznes strukturları yaranacaq büdcə kəsirinin aradan qalıdırılması işinə cəlb edilsin. Vergilər nazirinə ən üst səviyyədə tapşırıq verilib ki, Prezidentdən başqa heç kimi dinləməsin. Əgər nazir Fazil Məmmədov və ya işçiləri öz marağı naminə kimisə bu prosesdən yayındırarsa, o özü daha sərt şəkildə cəzalandırılacaq”.

Mənbənin iddiasına görə, bu günlərdə Azərbaycanın ərzaq bazarında əsas monopolist şirkət olan “Azərsun Holdinq”-dən Vergilər Nazirliyinin 50 milyon manat alması və Avropa Oyunları xərclərinin bir hissəsinin bu holdinqin üzərinə qoyulması xəbərinin yayılması da sözügedən tədbirlər planının bir hissəsidir: “Bu şirkətin Azərbaycanda və Azərbaycandan kənarda hansı imkanlara sahib olması, hansı səviyyədə himayə olunması bəllidir. Bu, cəmiyyətə, o cümlədən oliqarxlara bir mesaj idi ki, əgər Vergilər Nazirliyi “Azərsun-Holdinq”i cəzalandırırsa və onun üzərinə hansısa xərcələri yerinə yetirmək tapşırığı qoyulursa, deməli, heç kim istisna təşkil edə, kənarda qala bilməz… Dərman monopoliyasının kimlərdə olduğu bəllidir və ona da Prezident səviyyəsində sərt təpkinin göstərilməsi elə-belə deyil… Bildiyimə görə, hələlik yalnız arxasında Kəmaləddin Heydərovun durduğu “Gilan Holdinq”ə daxil olan şirkətlər daha çox ödəniş ediblər. Kəmaləddin Heydərov çox zirək tərpənib – tapşırığın Prezidentdən gəldiyini bilərək, dərhal himayəsində olanlara göstəriş verib ki, Vergilər Nazirliyinə hər hansı problem yaratmadan, tələb edilən məbləğləri ödəsinlər. üstəlik, Avropa Oyunlarının yaxşı keçirilməsi üçün də ortaya daha ciddi məbləğ atan yalnız o olub. Hazırda ölkə rəhbərliyinin gözləntisi odur ki, digər oliqarxlar da ortaya “Heydərov nümunəsi” qoysunlar …”.

Mənbənin dediyinə görə, bu prosesdə hələlik açıq şəkildə müqavimət göstərənlər olmasa da, “sınaqdan çıxmayan”, hakimiyyətin “qara siyahı”sına düşən oliqarxlar da var və çox böyük ehtimalla, Avropa Oyunları başa çatdıqdan sonra onlarla hüquq-mühafizə orqanları haqq-hesab çəkəcək: “Artıq bu gün “Nurgün Motors”un qapıları möhürlənib. Məsələnin mətbuata sızması “Nurgün-Motors”un müqaviməti kimi də dəyərləndirilə bilər. Görünür, məbləğdə razılaşma olmayıb. çox güman ki, sonda onlar da Vergilər Nazirliyinin tələb etdiyi məbləği verəcəklər. Əks-halda, onlara çox pis aqibət yaşadacaqlar”.

Mənbənin dediyinə görə, “sınaqdan çıxmayan oliqarxlar” siyahısında isə Nəqliyyat naziri Ziya Məmmədovun adı ön sırada gəlir: “çünki uzun illərdir büdcəni soran əsas şirkətlərin bir hissəsi Ziya Məmmədova yaxınlığı ilə seçilənlərdir. Ancaq Kəmaləddin Heydərovun göstərdiyi səxavətə müqabil Ziya Məmmədovun xəsis davranışı siyasi hakimiyyəti heç açımır, daha da qəzəbləndirir”.

Mənbənin sözlərinə görə, may ayının axırınadək Vergilər Nazirliyi hesabatını yekunlaşdırmalıdır, Avropa Oyunlarını keçirdikdən sonra isə dövrəyə güc strukturları girəcək: “Avropa Oyunlarının necə keçirilməsi oliqarxiya üçün ciddi testdir: hakimiyyət bu işdə kimin canıyananlıq etdiyini, kimin də başını girələdiyini artıq müəyyənləşdirib, bəzilərini də ciddi nəzarətdə saxlayır. Güc strukturları tam şəkildə hərəkətə keçmək hazırlığına gətiriliblər. Kim sabotaja əl atacaqsa və ya rəhbərliyin göstərişlərini yerinə yetirməkdə lənglik göstərəcəksə, anındaca zərərsizləşdiriləcək. Parlament seçkilərindən sonra isə çox başlar gedəcək. çünki hakimiyyətdə düşünürlər ki, bir çoxlarının qazancı məhz bu hakimiyyətin illərlə yaratdığı imtiyazlar hesabına olub. İndi – hakimiyyətin çətin vaxtında həmin adamlar ortaya çıxmayacaqsa, deməli, onları bəsləmək yox, “kəsmək” zamanı çatıb…”.

Mənbə parlament seçkilərindən sonra həm də gömrük və vergi sistemində köklü dəyişikliklərin aparılmasına, xüsusən də monopoliyanın aradan qaldırılmasına da ən üst səviyyədə qərar verildiyini vurğulayıb.

Sərxan

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə