XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

16 Aprel 2015 - 06:43

İran uğrunda Qərb-Rusiya savaşı – Putin S-300-lərini Tehrana satmağa başladı

Gələcəkdə İranın kimə daha yaxın olacağı mərhələsinə start verildi

İrana münasibətdə silah embarqosunun hələ götürülməməsinə baxmayaraq, Rusiya prezidenti Vladimir Putin Tehrana S-300 ZRK satmağa imkan verən sərəncam imzalayıb.

Kremlin mətbuat xidmətinin açıqlamasında qeyd olunur: “Sərəncam RF-nın dövlət bayrağı altında Rusiya ərazisindən dəniz və hava gəmiləri vasitəsilə İrana S-300 zenit raket sistemlərini daşıyıb ölkədən kənarda təhvil verməklə ölkə ərazisində bu silahların nəqli yerdəyişməsi barədə yasağı ləğv edir”.

İranla Rusiya 800 milyon dollar dəyərli S-300 ZRS kompleksinin satışı barədə müqaviləni 2007-ci ildə imzalayıb. Lakin BMT-nin İrana qarşı tətbiq etdiyi beynəlxalq sanksiyalar üzündən Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyev İrana S-300 tədarükünü dayandırdı. İran Müdafiə Nazirliyi buna cavab olaraq Cenevrə münsiflər məhkəməsində Rusiyaya qarşı dörd milyard dollarlıq iddia qaldırdı.

İranın, təxminən, səkkiz il əvvəl sifariş etdiyi və o vaxtdan əldə edə bilmədiyi S-300 kompleksi Tehran-Moskva münasibətlərində başlıca maneə idi. İranın BMT TŞ-nın qətnamələri çərçivəsində bu silahları əldə edə bilməyəcəyinə əmin olan Moskva isə əvəzində daha az sərfəli olan “Antey-2500” sistemlərini təklif etdi. İrana raket tədarükü üçün yol açan hadisə aprelin 2-də Lozannada İranla “5+1” ölkələrinin İranın nüvə proqramı üzrə bağladığı saziş oldu.

Putinin gözlənilmədən imzaladığı sərəncam alyansların formalaşmasının gedişində gələcəkdə İranın kimə daha yaxın olacağını aydınlaşdıracaq yeni mərhələnin başlanğıcından xəbər verir. Buna görə də Moskvanın S-300 barədə sərəncam imzalamaqla atdığı addımı onun Tehranla dostluqda Qərbi qabaqlamaq cəhdi kimi başa düşmək lazımdır.

Bir tərəfdən, S-300-ün tədarükünə yasağın götürülməsi Rusiya üçün beynəlxalq rəqabət şəraitində qabaqlayıcı manevrdr. Digər tərəfdən, Moskvanın bu cür qərarı İranın daxili siyasətinə münasibətdə onda yaranmış neqativ qavramın düzəlişinə yönəlib. S-300-ün tədarükünə yasağın götürülməsi, çox güman ki, antiiran sanksiyalarının qüvvədə olduğu müddətdə İran-Rusiya münasibətlərində ən önəmli hadisədir.

Bu dönəmdə Moskvanın qəbul etdiyi bəzi qərarlar Tehranda hiddətlə qarşılanmış, İranda məyusluq doğurmuşdu. Belə ki İran rəhbərliyi Rusiyanın İrana və Qərbə münasibətdə ikiüzlü siyasətindən narazılıq ifadə etmişdi. 2005-ci ildə Əhmədinecadın seçilməsindən sonra İran mühafizəkarları Rusiyaya inansalar da, BMT-nin İrana qarşı bütün qətnamələrinin Moskvanın bəyənməsi tədricən ona olan bütün inamı zəiflətdi. Rusiyanın BMT-dəki qərəzli mövqeyindən başqa Buşəhrdəki AES üçün yanacaq tədarükünün daim ləngiməsi də İran rəhbərliyində hiddət doğururdu. İranla Rusiyanın əleyhdarları güman edirlər ki, Moskva Qərbin İrana mənfi münasibətindən istifadə edir və Tehranla bağl problemlərin həllində onun tərəfini saxlamağa hazırlaşmır.

Bundan başqa, Moskva BMT-nin İrana qarşı saksiyalarına imza atmaqla bərabər İranın daxili siyasətində mühafizəkarları dəstəklədiyi faktına da diqqət yetirmək lazımdır. Əhmədinecadın dönəmində diskussiya ustası Ruhaninin və kölgə lideri Rəfsəncaninin bəlağətindən ruhlanan islahatçılar Rusiyanı mühafizəkarlara yardımda ittiham edirdilər. İslahat tərəfdarlarından biri və “Yaşıllar hərəkatı”nın lideri Mehdi Kərrubi 2009-cu ildə iddia edirdi ki, İran ölkədə alovnamış etiraz mitinqlərinin öhdəsindən gəlmək durumunda deyildi və mitinqlər Rusiya təhlükəsizlik qüvvələrinin köməyi ilə yatırdıldı. Kərrubinin bu fikri yürüşçülərin sıralarında əks-səda doğurdu, etirazçıların yürüşləri isə “Rusiyaya ölüm!” şüarı ilə müşayiət olundu.

Beləliklə, indiki hadisələr ona işarə edir ki, İran-Rusiya diplomatik münasibətlərində son dərəcə səmərəli bir dövr müşahidə edirik. Qeyd etmək lazımdır ki, Rusiyanın İrana S-300 tədarükü yasağını aradan qaldırdığını açıqladığı gün İranın altı rəsmisi Moskvada idi. Rusiyanın qəbul etdiyi bu qərarı İranın səmimiyyətlə salamlaması isə göstərir ki, İran gələcəkdə Moskva ilə Qərb arasında balans arayacaq.

Rusiya bu qayda ilə Tehranın inamını qaytarıb İranla Qərbin əməkdaşlıq sərhədlərinin təyin edilməsində fəal rol oynamağa cəhd edəcək. Lakin Tehranın Qərblə münasibətlərinin bərpası Rusiyanı olduqca çətin vəziyyətdə qoya bilər. Bu günə kimi Moskvanın maraqlarına ziyan vurmamağa çalışan İran Qərblə münasibətləri inkişaf etdirəcəksə, bu onun Orta Asiya və Qafqazdakı siyasətində dəyişikliklərə gətirib çıxarda bilər. Hadisələrin bu cür inkişafı isə İran-Rusiya münasibətlərinin gələcəkdə pozulmasına qədər xeyli müxtəlif ehtimalları ehtiva edir.

Cəmaləddin Taşken

Ankara Strategiya İnstitutu (Тürkiyə)