XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 April 2015 - 10:15

Generalın “vurulması” üçün ötürülən xəbər yalan çıxdı – RƏSMİ AÇIQLAMA

serif esedulayev.jpg

Baş Prokurorluq Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin bıçaqladığı şəxsin ölməsi barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

“Strateq.az” bildirir ki, qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, Tamerlan Əsədullayevin bıçaqla xəsarət yetirdiyi şəxs xəstəxanada müvafiq müalicə aldıqdan sonra evə buraxılıb: “Onun ölməsi barədə bəzi KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Qeyd edək ki, bu gün jurnalist Eynulla Fətullayevin rəhbəri olduğu virtualaz.org saytına istinadən bir sıra internet resurslarda T. Əsədullayevin bıçaq xəsarəti yetirdiyi şəxsin ölməsi barədə məlumat yayılıb. Eyni məlumatı tirajlayan Qafqazinfo.az saytı isə general Şərif Əsədullayevin yaxın vaxtlarda işdən uzaqlaşdırılacağını yazıb.

“Strateq.az”-n mötəbər mənbələrdən əldə etdiyi informasiyada bildirlir ki, hakimiyyət daxilində müəyyən dairələr məlum cinayət hadisəsindən istifadə edərək generalın “vurulmasına” çalışırlar. Bu gün mətbuata sızdırılan həmin dezinformasiya da həmin məqsədə xidmət edir.

Xatırladaq ki, aprelin 10-da Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoranların birində dava – dalaş baş verib, bir nəfər bıçaqlanıb.

Həmin faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. T. Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.

Bu barədə ilk xəbəri “Strateq.az” saytı yayıb. Həmin məlumatda deyilirdi ki, general Şərif Əsədullayev özü oğlunu polisə təhvil verib və israrla onun cəzalandırılmasını istəyib.