XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 April 2015 - 04:39

Turançılıq bir ideya kimi tükənibmi?
Turançılıq bir ideya kimi tükənibmi?

İnsanların problemlərə münasibəti müxtəlif olur. Böyük əksəriyyət ondan qaçmağa cəhd edir. çox az adam tapılır ki, hətta ilk baxışda şəxsən ona aid olmayan problemi belə özününkü kimi qəbul edə bilsin…
Bu mənada indi yaşdığımız problemlər, qayğılar çox xarakterikdir. Müşahidəçi sarıdan kasadlıq yaşamırıq, hamının diqqəti Türkiyədə və onun ətrafında cərəyan edən proseslərdədir. Amma nə qədər təəccüblü olsa da, çox az adamı bu problemlər həqiqətən də narahat edir…
Düzdür, deyə bilərlər ki, siz narahat olub nəyə nail olmusunuz? Təəssüf ki, acı da olsa, bu sözlərdə həqiqət var- çoxumuzun əli heç yerə çatmır…
Amma yenə də cəhd edirik. Bizimki sözdür, əgər bircə nəfər belə bu sözü eşidirsə, oxuyursa, bunu da özümüz üçün uğur hesab edirik…
İndi bəhs edəcəyimiz məsələyə-türkçülüyə və turanşılığa əvvəldən münasibətimiz bir qədər fərqli olub, amma heç vaxt inkar səviyyəsində olmayıb. Etiraf edirk ki, daha çox liberal dəyərlərə üstünlük verən adamıq… Amma türkçülüyün və turançılığın möhtəşəm simalarına həmişə diqqət və hərmətlə yanaşmışıq…
Bilirsiniz, əsas nədir? Cəmiyyətdə bütün siyasi spektlər təmsil olunmalıdır. Bəli, görəndə ki, kimsə solçuluq edir və ya milli dəyərlərin qabarmasına cəhd edir və yaxud da ki, Güney Azərbaycan problemindən danışır, onda bir az rahat olursan…
Amma bunlar olmayanda sən özün başlayırsan onların da əvəzinə danışmağa. Bu isə ona bənzəyir ki, bir musuqi aləti bütün orkestrin əvəzinə çalır…
çox maralıdır ki, bizim milli müstəqillik proseslərimiz daha çox türkçülüyün və Güney Azərbaycanın problemləri üzərində qurulmuşdu. Biz liberallar bu cərgədə çox sıxılırdıq, hətta o vaxtkı AXC-də türkçülərin və millətçilərin çox güclü pressinqini də hiss edirdik…
Amma sonra nə oldusa, bu düşərgə tamam zəifləyib sıradan çıxdı. Yox, belə demək istəmirəm ki, biz liberallar güclüyük, qətiyyən belə deyil, əksər siyasi spektr necədirsə, elə biz də o vəziyyətdəyik, amma azacıq, çox azacıq digərlərindən fəalıq…
Qeyd etdiyim spektrin problemini mən həm də lider problemilə izah edərdim- bu düşərgədə liderlik iddiasında olan çox olsa da, həlledici an yetişəndə heç kim tapılmadı. Ona görə də başçısız və lidersiz qalmış düşərgə faktiki olaraq dağılmağa başladı. Ən əsası isə o, özünü bir siyasi dərnək kimi də qorumağa müvəffəq olmadı…
Ona görə də indi belə bir problem yaranıb- hazırda türkçülərin, millətçilərin etirazına, bəyanatlarına ehtiyac var, amma onlar yoxdur… Düzdür, hakimiyyət təmsilçiləri qənaətbəxş açıqlamalar, bəyanatlar verirlər. Amma bunu tamam kafi hesab etmək də düz olmazdı…
Elə bu səbəbdən də belə hesab edirik ki, turançılıq, türkçülük və millətçilik düşərgəsinə özünü aid edənlərin bir dirçəlməsinə ehtiyac var. ötən dəfələrdə o qədər yazmışıq ki, bu məsələlərdən, bir daha təkrar etmək istəmirik…
Amma o fikirdəyik ki, biz liberallar da sözümüzün “duz”unu bir az artırsaq elə də pis olmaz. Bütün diqqəti yönəltmişik sosial problemlərə. Amma burada iki nüans var.
Biirincisi, ruslar deyir ki, insan təkcə çörəklə tox olmur. İkincisi, şükür ki, indi ölkədə acından ölən yoxdur. Adam içində olanda görürsən ki, bizim sosial və iqtisadi məzmunlu fikirlərimiz cəmiyyətdə o qədər də maraq doğurmur…
Elə bizim üçün də müəyyən qədər türkçülük, turançılıq və Güney Azərbaycan problemlərinə tərəf üz tutmaq pis olmazdı.
Açığı, Güney Azərbaycan problemi şəxsən bəndənizi çox, olduqca çox narahat edir- bu mövzuda demək olar ki, heç kim danışmır, amma bir vaxt əsl yarış idi…
Mən hələ turançılığı demirəm, onu dilə gətirəndə adama bir az bir təhər baxırlar- az qala soruşurlar ki, xəstələnib eləməmisən ki? Amma nədən belə olmalıdır?
Bəlkə bizə elə həqiqətən də belə gəlir ki, bütün hədəflərə çatmışıq? Əslində nə etmişik? İki-üç bina tikmişik! Qarabağ problemini həll etməmişik! ölkədə layiqli, demokratik siyasi-iqtisadi sistem bərqərar edə bilməmişik!.. İnsanlarımız ac deyil, amma onlar firavan da yaşamırlar. İşsizlik böyükdür və cəmiyyətdə tamam ideyasızlaşma və ideoloji aşınma gedir- hakimiyyət bütün siyasi ideyaları budayaraq cəmiyyətə özünün partiya-firqə “ideologiya”sını sırımağa cəhd etdi, amma heç nə alınmadı və gələcəkdə də alınmayacaq. Ən azı ona görə ki, bu millətin daha böyük amalları olub. Bəzən onlar arxa plana keçir, amma heç vaxt tamam da unudulmur…
Ola bilsin ki, deyəcəklər ki, Ukrayna ilə Rusiyanın timsalında slavyançılığın dəhşətli qürubu müşahidə olunduğu bir vaxt heç turançılıqdan, türkçülükdən və Güneydən danışmağın yeridirmi?..
Əslində yeridir. Niyəsini özünüz də yaxşı bilirsiniz. Ukrayna ilə Rusiya münasibətlərini zamana uyğun qura bilmədilər. Ona görə də böhran, müharibə yaşadılar…
Bir vaxt biz türk dövlətlərinin əməkdaşlığını regional əməkdaşlıq kimi təqdim etmişdik. Amma indi bunun bir az da dərinləşmiş dərkinə ehtiyac var…
Başa düşürük, müəyyən ideyalarla bağlı həm də məyusluq duyulur. Amma bu, hansı ideya ilə bağlı yoxdur? Turançılıq və Güney problemini bir tərəfə qoyun və bircə anlığa demokratiyaya və bazar iqtisadiyyatına nəzər salaq…
İstədiyimiz demokratik dövləti qura bilmişikmi? Bilməmişik. Həqiqətən ürək açan bazar iqtisadiyyatı bərqərar etməyə müvəffəq olmuşuqmu? Olmamışıq!..
Bəs niyə belə olur? Suala mən də çox adi bir sualla cavab verəcəm: bəylər, siz doğrudanmı, düşünürdünüz ki, hər şey belə tez başa gələcək?..