XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

19 Aprel 2015 - 20:28

Azərbaycanda oliqarxiyanın demontajı necə baş verəcək? – Analiz

ölkədə oliqarxiyanın dominantlığından milli burjuaziyanın önə çıxdığı sistemə keçid prosesi sürətlənir; bu prosesin rəvan gedəcəyini proqnozlaşdırmağa əsas verən xeyli amillər var

Oliqarxiya ilə burjuaziyanın fəqri

Oliqarxiya yalnız zahirdən, sahibkarlıq yolu ilə pul qazanmaqla burjuaziyaya oxşayır. Amma onlar arasında çox ciddi fərqlər var. Olqarxiya daha çox bu və digər yolla əldə etdiyi güzəştlər, imtiyazlar hesabına biznes qurur. Bu baxımdan, oliqarxiya üçün “hamı qanun qarşısında bərabərdir”, yaxud “qanunlar hamı üçün bərabər imkanlar yaradır” prinsipləri arzuolunmazdır. Oliqarxiya, burjuaziyadan fərqli olaraq, qanunların verdiyi imkanları yox, ona tanınan imtiyaz və güzəştlərini çox indakarlıqla qorumağa çalışır. Oliqarxiyanın öz imtiyaz və güzəştlərini qorumaqda kompomisə getmək istəməməsi onu bütün cəmiyyətlə üz-üzə qoyur.

Bu məsələdə burjuaziya daha çevikdir və son anda heç vaxt cəmiyyətlə total qarşıdurma ssenariləri seçilmir.

Burjuaziya üçün qanunlar tərəfindən qorunan imkanlar daha vacibdir. Hətta bu imkanların məhdudlaşması zərurəti yarandıqda və cəmiyyət tərəfindən önə çəkildikdə belə, burjuaziya komromiss variantlarla optimal qərarların qəbuluna çalışır. Burjuaziya üçün bütün hallarda cəmiyyətin, dövlətin verdiyi və legitimləşdirdiyi leqal imkanlar daha vacidbir.

Eyni zamanada, cəmiyyət üçün də istehsalın, ticarətin inkişafını təmin edə biləcək və dövlətin müəyyənləşdirdiyi sosial öhdəliklərə əməl edəcək qədər gəlir əldə etmək imkanları qalan burjuaziya çox vacibdir.

Bir çox ölkələrin təcrübəsi marksizmi inkar edərək göstərdi ki, proletariat üçün “burjuaziyanın qəbir qazanı olmaq” əlverişli deyil. Əslində, marksizmin iddia etdiyi kimi, proletariatın tarixi missiyası bu deyil. Proletariatın tarixi missiyası burjuaziya ilə elə bir kompromisin tapılmasıdır ki, hər iki tərəfin maraqları bu və ya digər dərəcədə təmin olunsun…

Tarixi inkişafın müəyyən zaman kəsiyində, iqtisadi-sosial, mədəni-siyasi amillərin elə kombinasiyası yaranır ki, oliqarxiyanın meydana gəlməsi qaçılmaz olur. Oliqarxiya cəmiyyətin iradəsindən kənar yaranır və müəyyən müddət üçün onun varlığını obyektiv amillər diktə edir. Xüsusən, oliqarxiya fenomeni müstəqilliyini yeni əldə etmiş ölkələr üçün xarakterik olur. SSRİ-nin dağılması ilə bir ictimai-siyasi quruluşdan digərinə keçən postsovet ölkələrində də oliqarxiya fenomeni ən müxtəlif formada təzahür edir. Bunun səbəbləri barədə çox uzun müzakirələr açmaq olar, lakin oliqarxiya fenomeni ilə bağlı araşdırmalarda bütün tədqiqatçılar o fikirlə razılaşırlar ki, oliqarxiyanın meydana gəlməsində obyektiv amillər əsas rol oynayır. Xüsusən təbii ehtiyatlarla zəngin ölkələrdə oliqarxiyanın yaranması üçün daha çox münbit şərait olur.

Oliqarxiyanın demontajının və siyasi iradənin tədbirləri

Oliqarxiyanın bu və ya digər formasının yarandığı ölkələr üçün tarixi inkişafın müəyyən mərhələsində oliqarxiyanın dominatlığından milli burjuaziyanın önə çıxıdğı sistemə keçid əsas vəzifə kimi qarşıda durur. Ukraynanın təcrübəsi, ölkədəki inqilablar praktikası göstərdi ki, bu keçidi təmin etmək güman edildiyi qədər asan və sadə deyil, cəmiyyətin istəyi də hər şeyi həll etmir. ölkə üçün böyük sarsıntılar yaratmadan bu keçidin təmin olunması üçün mütləq və mütləq obyektiv amillər olmalıdır. Bu amillərin yaratdığı imkanlardan maksimum ehtiyatla faydalanmağı bacaran siyasi iradənin və bu iradənin daşıyıcısı sayılan institutun olması çox vacibdir. Eyni zamanda, oliqarxiyanın müqavimət imkanlarının məhdudlaşdırılması üçün tədbirlər görülməli, cəmiyyət buna hazırlanmalıdir.

Neftin qiymətinin aşağı düşməsi və bundan qaynaqlanan proseslər Azərbaycanda bir müddət əvvəl əsası qoyulan oliqarxiyanın demontajı işlərinin sürətləndirilməsi zərurətini yaradıb. Azərbayacanda bu prosesin rəvan gedəcəyini proqnozlaşdırmağa əsas verən amillər var:

  • Azərbaycanda oliqarxiya Rusiya, Ukrayna, Ermənistan və s. kimi keçmiş sovet ölkələrindəkindən fərqli olaraq, siyasi iradəni üstələməyib: siyasi nəzarətdən çıxa bilməyib.
  • Oliqarxiya üçün hər zaman veto-oyunçu var: bu, Azərbaycan Respublikasının Prezidentidir.
  • Oliqarxiyanın xaricdən dəstəklənməsinə heç zaman imkan verilməyib: bu, siyasi iradənin ən böyük uğurudur.
  • Oliqarxiya hazırkı siyasi iradənin hakimiyyətə gəlməsində ciddi rol oynamayıb.
  • Siyasi iradə Azərbaycan Prezidenti şəxsində çox böyük ictimai etimada malikdir.
  • Siyasi iradənin oliqarxiyanın nəzarətində olmayan siyasi komandası var və bu komanda artıq neçə illərdir ki, hətta kritik məqamlarda belə, sadiqliyini və peşəkarlığını nümayiş etdirib.
  • Asayişin qorunması üçün yalnız siyasi iradəyə sadiq və öz vəzifəsinin öhdəsindən kifayət qədər ustalıqla gələn hüquq-mühafizə orqanları sistemi var: oliqarxiyanın bu sistemə nüfuz etmək cəhdləri indiyə qədər uğursuz olub…

Bu amillərin sayını artırmaq və daha dərin təhlil etmək olar. Lakin bu, əsas amillərdir və onlar oliqarxiyanın demontajını indiki zamanda cəmiyyət üçün fundamental sabitlik prioriteti çərçivəsində rəvan şəkildə hazırlamağa və uğurla başa çatdırmağa imkan verir.

Siyasi iradənin müttəfiqi olmağa çalışan oliqarxlar

Oliqarxiyanın sabitlik prioriteti çərçivəsində demontajını təmin etmək üçün digər mühüm amil isə oliqarxiyanın bir sıra təmsilçilərinin bu prosesin iştirakçısına çevrilmək arzusu və hazır olmasıdır. Cəmiyyətə verilən siqnallar, davranışlar, siyasi iradənin təşəbbüslərinin tam şəkildə dəstəklənməsi bunu deməyə əsas verir. Oliqarxiyanın bəzi təmsilçiləri başa düşürlər ki, milli burjuaziyanın önə çıxdığı sistemin qurulması obyektiv zərurətdir. Bu amil çox önəmlidir və rəvan keçid prosesinin ən vacib komponentlərindən birinə çevrilə bilər. Oliqarxiyanın
bu nümayəndələri islahatlar dönəmində siyasi iradənin tam sədaqətli müttəfiqi kimi çıxış etməyin, məsuliyyəti bölüşməyin, sabitliyin qorunmasının, qeyri-neft sektorunun inkişafına tam gücü ilə töhfə verməyin cəmiyyət və dövlət üçün əhəmiyyətini anlayırlar.

Oliqarxiyanın müqaviməti və sonun başlanğıcı

Milli burjuaziyanın önə çıxdığı sistemin qurulması prosesinə müqavimət təşəbbüsləri də nəzərdən qaçmır və cəmiyyət, siyasi iradə bunun fərqindədir. Sırf öz mənfəətini düşünən oliqarx və monopolistlər müxtəlif sferalarda imtiyazlarını saxlamaq və fürsətdən faydalanaraq daha çox qazanmaq üçün cəmiyyətdə tarazlığı saxlamağa yönəlik təşəbbüsləri boykot edirlər. Manatın dollara nisbətdə ucuzlaşması fonunda 10 gün belə mənfəətlərinin azalmasına dözə bilməyənlər yuxarıda qeyd etdiyimiz “oliqarxiyanın öz imtiyaz və güzəştlərini qorumaqda kompomisə getmək istəməməsi” prinsipinin təzahürünün bariz nümunəsi oldu. Lakin qısa müddətdən sonra bu müqavimətə son qoyuldu və hamının öz yerini tanıması üçün tədbirlər görüldü.

Dərhal adekvat sərt reaksiya, ən yüksək səviyyədə və titullu şəxslərin cəzalandırılması, cəmiyyətə verilən mesajlar göstərdi ki, siyasi iradə oliqarxlarla hər hansı kompomissi rədd edib və islahatlar kursunda qətidir. İslahatların təmkinlə, ehtiyatla aparılması, astagəllik müşahidə olunması isə obyektiv səbəblərlə bağlıdır: siyasi iradə üçün prosesin sabitlik prioriteti çərçivəsində aparılması, oliqarxiyanın özünün demontaja hazırlanması və əldə olan resurslarla islahatların dəstəklənməsinə nail olmaq populizmdən çox vacibdir.

Cəmiyyətdən gələn siqnallar isə deməyə əsas verir ki, siyasi iradənin addımları başa düşülür və dəstəklənir. Manatın ucuzlaşması fonunda baş verənlər göstərdi ki, cəmiyyət üçün siyasi iradənin qarant olduğu sabitlik, ölkənin ətrafda baş verən böyük sarsıntılardan kənar saxlanılması hər şeydən öncə gəlir. Cəmiyyət siyasi iradəni düzgün hesab etdiyi formada və zaman çərçivəsində oliqarxiyanın demontajına yönəlik addımlarını da dəstəkləməyə hazırdır.

Zaur İbrahimli

Strateq.az