XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

21 Aprel 2015 - 12:41

Banklar batacaq, əhali müflisləşəcək – bəs dövlət nə edəcək?

alov-1.jpg

Hökumətin xalq qarşısında sınaq dörü başlanır

Bizi qarşıda nə gözləyir: Avropa Oyunlarından sonra hökumətin antiböhran tədbirləri olacaqmı? Olacaqsa, nədən ibarət olacaq?

Media resurslarının analizi göstərir ki, bu suallar ətrafında baş verən hadisələr indi cəmiyyətin gündəmindən bütün başqa olayları sıxışdırıb çıxarıb. İlin birinci rübündə manatın ucuzlaşması, bahalaşma, iş yerlərinin bağlanması, maaşların azalması ölkədə ciddi əndişə yaradıb. Proqnozların, demək olar ki, hamısı mənfiyə doğrudur, cəmiyyətə ötürülən bu yöndə mesajlar bədbinliyi, ümidsizliyi daha da artırır.

Belə vəziyyətdə isə Maliyyə naziri Samir Şərifov dünən büdcəyə yenidən baxılmayacağını açıqladı. Amma investisiya layihələrinə yenidən baxıldığını, bəzilərinin növbəti ilə saxlanıldığını dedi. Nazirin parlamentin təsdiqlədiyi, prezidentin imzaladığı dövlət büdcəsində baş verən əhəmiyyətli dəyişiklərin müzakirəyə ehtiyacı olmadığını söyləməsi təəccüb doğurur. Söhbət bir neçə milyard manatlıq dəyişiklikdən gedirsə, hökmən parlamentin razılığı olmalıdır, hansı layihələrin ertələndiyi barədə ictimaiyyət məlumatlandırılmalıdır.

Eyni zamanda, Samir Şərifov bununla bərabər, büdcənin səmərəli şəkildə, problemsiz icra olunacağını da elan edib.

İlin birinci rübünün yekunları ilə maliyyə nazirinin nikbin proqnozları üst-üstə düşmür. Elə Maliyyə Nazirliyinin yaydığı məlumata görə, 3 ayda büdcə xərcləri proqnozdan 251 milyon manat kəsirlə icra olunub. Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi öhdəliklərini yerinə yetirib, neft satışından isə ümumilikdə 1.6 milyard dollar həcmində vasait daxil olub. Dövlət Neft Fondunun 3 ayda büdcəyə transferti 2 milyard manatdan bir az artıq həyata keçirilib. Beləliklə, manatın ucuzlaşmasına rəğmən, Fondun ehtiyatlarından 400 milyon manat civarında əlavə vəsait xərclənib.

Samir Şərifovun açıqlaması və birinci rübün yekunlarının təhlili onu göstərir ki, qarşıdakı aylarda dövlət investisiyası heasbına icra olunan layihələrin təxirə salınması işsizliyin səviyyəsini kəskin artıracaq. Paytaxtda və regionlarda müxtəlif dövlət qurumlarının həyata keçirdiyi infrastruktur layihələri ilin əvvəlindən dayanıb, minlərlə insan gəlir yerindən məhrum olub. Paytaxtda yalnız Avropa Oyunlarına hazırlıq çərçivəsində təmir-tikinti, abadlıq işləri həyata keçirilir. Yaxın bir ayda yekunlaşacaq bu layihələrdə çalışanların da işsiz qalmaq ehtimalı yüksəkdir.

Paralel olaraq, neft sənayesində və başqa dövlət qurumlarında, şirkətlərdə ixtisarların aparılması ixtisaslı işsizlər ordusunun sıralarını daha da genişləndirir. Eyni zamanda, xidmət, tikinti, ticarət sektorunda gəlirlərin azalması ixtisarlara rəvac verir. İşsizliyin səviyyəsinin kəskin şəkildə artması bilavasitə ölkədə həyat səviyyəsinin aşağı düşməsinə, iqtisadi fəallığın azalmasına gətirib çıxarır.

Sadalanan problem iqtsadi böhranın məngənəsində çırpınan ölkədə vətəndaşların yeganə qayğısı deyil. Dolların bahalaşması bütün sahələrdə qiymət artımına rəvac verməklə bərabər, əhalinin böyük bir qisminin əlavə öhdəliklərinin yarnmasına səbəb olub. Mərkəzi Bankın məlumatına görə, banklara kredit borcu olan vətəndaşların ümumi sayı 2.3 miyon nəfərə yaxındır. Bu rəqəmin, təxminən, yarısını dollarla kredit götürənlər təşkil edir ki, indi onlar bu gün 33 faiz, yaxın gəlcəkdə isə daha böyük həcmdə banklara əlavə vasait qaytarmalıdırlar. Gəlirləin azaldığı, kəskin qiymət artımı fonunda bankların qarşısında öhdəliyin astronomik səviyyədə artması vətəndaşların müflisləşməsinə gətirib çıxarır. Dolların məzənnəsi ilə bağlı yaranana müzakirələrə mayın 7-də Konstitusiya Məhkəməsi aydınlıq gətirəcək. Amma yüksək məhkəmə instansiyasının vətəndaşların xeyirinə qərar verib borc öhdəliklərinin dolların əvvəki məzənnəsi ilə hesablanmasına qərar verəcəyi inandırıcı deyil. Bu, məmur-oliqarxiyasının nəzarət etdiyi bank sektoruna ağır zərbə olar. Əgər dövlət bankların zərərini kompensasiya edərsə, o halda vətəndaşların lehinə qərar verilə bilər. Təəssüf ki, dövlət bu məsələdə təşəbbüskar görünmür. Ona görə də Konstitusiya Məhkəməsinin hüquqi vəziyyəti bankların xeyrinə dəyərləndirib kredit alanları çətin durumda qoyacağı şübhə doğurmur.

Məhkəmənin mübahsilərə şərh verməsi həm də növbəti devalvasiyaya hazırlıq məqsədi daşıya bilər. Ekspertlərin proqonozlarına görə, yaxın aylarda dolların 1.5 manata qədər bahalaşması realdır. Mərkəzi Bank ehtiyatlarının sürətlə azalmasının qarşısını iknci devalvasiyaya getməklə ala bilər. Bu zaman bank-vətəndaş mübahislərinin kəskin şəkil alacağı qaçılmazdır, hüquqi anlaşılmazlıq isə situasiyanı daha da qəlizləşdirə bilər.

Daha bir problem banklara əmanət yatırmış vətəndaşları gözləyir. Rəsmi məumatlara görə dollarla yatırılan əmanətlərin həcmi 60 faizdən çox artıb, dollarlaşma prosesi sürətlə davam edir, əhali vəsaitlərini qorumaq üçün ABŞ valyutasına müraciət edir. Banklar bu həcmdə dollarla əmanət qəbul etməklə bərabər, vətəndaşlar qarşısında öhdəlik götürürlər. İldə, minimum, 9-13 fazilə əmanətçilərə fazi ödənməlidir. Bankların bu vəsaiti haradan qazanıb ödəyəcəyi sualı maraq doğurur. Böhran Azərbaycan iqtisadiyatının bütün sahələrinə mənfi təsir göstərib, indi banka müraciət edib biznesini genişləndirmək istəyən sahibkarların sayı çox azdır. Banklar krediti ancaq dollarla təklif edir, indiki situasiyada kreditlə dollar almaq ancaq çarəsiz vətəndaşın ağlına gəlir. Belə müqavilələr isə problemli kreditlərin həcmini artırmaqdan başqa bir işə yaramır. Elə banklar da yalnız etibarlı müştərilərlə işləməyə üstünlük verirlər, əvvəlki kütləvi kreditləşməni isə dayandırıblar. Beləliklə, bankların depozitlər üzrə öhdəliklərini yerinə yetirməsində ciddi problemlərin yaranacağı gözlənilir. Bəzi kommersiya təşkilatları xarci maliyyə qurumlarından və əhalidən cəlb etdikləri vəsaitin fazini qaytarmaq iqtidarında olmayacaq. Bu da maliyyə sektorunda növbəti iflas, gərginlik vəd edir.

Bölgələrdə əahlinin sosial durumu daha ağırdır və qarşıdaki aylarda çətinliklər birmənalı şəkildə artacaq. Əvvala, regionlarda işsizlik problemi həmişə mövcud olub, son proseslər onun miqyasını daha da artırıb. Eyni zamanda, Rusiyadan qazanılıb göndərilən vəsaitlərin həcmində də kəskin azalma var. Kənardan gələn 3-5 milyard dollar Azərbaycanda ümumi pul dövriyyəsində və iqtisadi fəallığın artmasında, əhalinin sosial rifahının təmin olunmasında müstəsna yer tutur. Yüz minlərlə ailə dövlətin dəstəyi olmadan yaşaya bilirdi ki, indi onların sosial durumu hədsiz ağırdır. Rusiyadan daha əvvəlki həcmdə pul gəlmir, bölgələrdə isə dolanmaq üçün şərait yoxdur. Kənd təsərrüfatı gəlirsiz sahəyə çevrilib, emal müəssisələri yox dərəcəsindədir, daxili bazarın mo
nopoliyanın cənginə verilməsi bütün növ məşğuliyyətləri rentabelsiz hala gətirib. Dövlətdən maaş, pensiya almayan ailələrin çoxu indi aclıq çəkir. İstehlak mallarının kəskin bahalaşması, gəlir mənbələrinin qapanması vətəndaşları çıxılmaz vəziyyətdə qoyub. Bu şəraitdə insanlar dövlətdən dəstək gözləyirlər, amma bütün rəsmi açıqlamalarda hər şeyin yaxşı olması barədə bəyanatlar verilir.

Buna rəğmən, cəmiyyətdə gözlənti var ki, Avropa Oyunlarından sonra hökumət ölkədəki sosial partlayış həddinə gəlmiş durumu tənzimləmək üçün addımlar atacaq. Bu addımların nədən ibarət olacağı barədə abstrakt təsvvürlər var. çünki hər hansı dövlət rəsmisi, kiçik də olsa, islahatların istiqamətini anons etməyib.

Güman etmək olar ki, hökumət strukur islahatlarından başlayacaq, bir neçə dövlət qurumu ləğv olunacaq və ya birləşdiriləcək. Paralel olaraq, qiymət artımını şərtləndirən monopoliyanın, qanunsuz haqq yığımının səviyyəsini azaldacaq. Manatın növbəti devalvasiyası baş verərəsə, hökumət buna getməyə məcbur olacaq. çünki əhali idxal inflyasiyasının növbəti dalğasını qaldırmaq iqtidarında deyil. ölkədə xaos yarana bilər. Aqrar sektora real dəstək çox vacib olsa da, bu istiqamətdə dəstək veriləcəyini gözləməyə dəyməz. çünki bankların durumu ürəkaçan deyil, eyni zamanda hökumət bu istiqamətdə büdcəyə dəyişilik etməyəcyini açıqlayıb.

Nəticə olaraq, onu qeyd edək ki, böhran dövrü həm də hökumətin xalq qarşısında sınaq dövrüdür. İşini itirmiş, biznesi bağlanmış, bankların köləsinə çevrilmiş hər bir vətəndaş ağır günündə dövlətdən haqlı olaraq dəstək gözləyir. Azərbaycanda, təəssüf ki, bir çox dövlət qurumları vətəndaşın yanında olmaq əvəzinə, əlinə dəyənək alıb, ondan pul tələb edir. Bu dəhştli hal vətəndaşın təkcə hökumətə deyil, dövlətə inamını sarsdır. Mürəkkəb geosiyası hadisələrin cərəyan etdiyi, Azərbaycana qarşı real təhlükələrin mövcud olduğu dövrdə vətəndaş-dövlət birliyinə çox ciddi ehtiyac var. Hökumətin bu sarsılmaz birliyi əldə etmək üçün şansı hələ var…

Tuqay Kərimli

Strateq.az