XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

24 Aprel 2015 - 10:44

“Ukrayna faciəsi” Azərbaycana münasibətdə Qərbə niyə dərs olmadı? – Təhlil

Azərbaycana gələndə işləməyən beynəlxalq hüquq və Bakının qiymət verilməyən fədakarlığı haqqında

Ukrayna-Rusiya müharibəsi beynəxalq münasibətlər sisteminə ciddi zərbə vurdu. Qlobal miqyasda hərbi-siyasi gərginlik beynəlxaq hüquq, təhlükəsizlik, onlara dayanan dövlətlərin ərazi bütövlüyü, suverenliyi prinsipini tapdaladı. Dünyanın bir hissəsi yenidən nüvə silahına sahib olan dövlətlərin savaş meydanına çevrildi.

Rusiyanın əvvəl Gürcüstana, sonra Ukraynaya hərbi ekspansiyası, Qərbin, xüsusən NATO-nun ona qeyri-adekvat reaksiyası postosvet ölkələri üçün də yeni situasiya yaratdı. Adı çəkilən hər iki ölkə həm ikitərəfli, həm də beynəlxaq təşkilatlarda Qərblə ciddi əməkdaşlıq edir. Bu ölkələrdə vaxtilə hakimiyyətə gəlmiş qüvvələr NATO-nun beynəxalq təhlükəsizlik çətiri olduğunu, Rusiyanın hərbi-siyasi, iqtisadi təzyiqlərindən qorunmağın ən yaxşı yolunu hərbi ittifaqa inteqrasiyada gördüklərini bəyan edirdilər. Amma regionda cərəyan edən proseslərin gedişi göstərdi ki, Rusiya amilini, Kremlin postsovet məkanında maraqlarını gözardı etmək real təhlükə mənbəyinə çevrilir. Keçmiş SSRİ məkanında Rusiyanın maraqlarını prioritet elan edən Putin administrasiyası bu istiqamətdə davamlı strategiya həyata keçirir. Bura regionda vaxtı ilə yaradılmış münaqişələrin idarə olunması və onlardan müstəqil dövlətlərə təzyiq kimi istifadə etmək, Qərbin genişlənmək proqramlarını və iqtisadi layihələrini əngəlləmək, mümkün olduqca hər bir ölkədə rusların hərbi kontingentini yerləşdirməkdən ibarətdir.

Rusiya həm Gürcüstanda, həm də Ukraynada açıq şəkildə göstərdi ki, maraqlarını qorumaq üçün hər şeyə hazırdır – hətta ölkəyə 250 milyard dollar zərər vurmuş sanksiyalara da. Qərbin reaksiyasından isə aydın oldu ki, Rusiyaya effektiv zərbə vurmaq iqtidarında deyil. çünki burada ABŞ-la Avropa İttifaqının siyasi-iqtisadi maraqları ciddi şəkildə toqquşur. Avropa enerjiyə olan tələbatının, təxminən, 40 fazini Ukraynadan keçən kəmərlərlə Rusiyadan alır, üstəlik, 140 milyon istehlakçısı olan bu bazar Qərb şirkətlərinə hər il milyardlarla dollar qazandırır. Xüsusən, iqtisadi baxımdan zəif olan Şərqi Avropa ölkələri Rusiyadan çox asılıdırlar. Onları Rusiyaya qarşı sanksiyalara qoşmaq məhrumiyyətlərə düçaretmədir. çox keçmədi ki, həmin ölkələr iqtisadi böhranın məngənəsinə düşdü. İndi Macarıstanda, Rumıniyada, çexiyada, Polşada Rusiyaya qarşı sanksiyaların götürülməsi tələbi getdikcə daha gur səslə ifadə olunur.

Bəs Vaşinqton, Brüssel işğala, itisadi böhrana məruz qalan ölkələr üçün real nə edib? Ukrayna bu müharibədən ərazsinin bir hissəsini itirib, ölkə iqtisadiyyatı darmadağın olub, 800 min qaçqın, 6 min ölü, on minlərlə yaralı var. Vaşinqonda, Beynəlxalq Valyuta Fondunda isə Kiyevə aşağı faizlərlə uzunmüddətli kredit verməkdən danışırlar. Verilən yardımların böyük əksəriyyəti Ukrayna dövlətinin boğazına salınmış borc ilgəyidir. Hamısı dövlət zəmanəti ilə alınıb, mütləq faizləri ilə birgə qaytarılacaq.

Bəs Ukraynanın ərazi bütövlüyü, suverenliyinin bərpası ilə bağlı Kiyevə hansı dəstək verildi? Real heç nə. Vaşinqton uzun xahiş-minnətdən sonra Avropa ölkələrini Rusiyaya qarşı sanksiyalara razı salıb, bu da müvəqqətdir, “Minsk anlaşması” alayarımçıq yerinə yetirilsə, sanksiyalar dayandırılacaq.

Ukrayna qədər dağıntılara məruz qalmasa da, Gürcüstan da ərazsinin böyük bir hissəsini itirib. Amma bu məsələ heç gündəmdə də deyil, Putini buna görə narahat edən də yoxdur. Nə sanksiya var, nə də real siyasi dəstək.

Rusiya ilə iqtisadi əlaqələri dayandırmağa məcbur edilmiş Şərqi Avropa ölkələrinin zərəri də heç bir şəkildə qarşılanmır. Rusiya bazarlarına mal çıxaran fermerlər, müəssisələr dayanmaq məcburiyyətindədirlər. Rusiyanın bu bölgəyə hərbi ekspansiyası, uzaqbaşı, kəskin bəyanatlardan o tərəfə keçməyəcək. NATO üzvləri Ukraynada, Gürcüstanda olduğu kimi, “Rusiya nüvə dövlətdir, əlimizdən bir şey gəlmir” deyib çiyinlərini çəkəcəklər.

Bu situasiya Rusiyanın qonşusu olan Azərbaycana da ciddi şəkildə təsir göstərir. Rsəmi Bakı Xəzərin karbohidrogen ehtiyatlarını Qərb bazarlarına çıxarmaq üçün mühüm beynəlxaq layihələrə təşəbbüs edir: Cənub Qaz Dəhlizi, onun mühüm hissəsi olan TANAP kəmərinin reallaşdırılmasına artıq start verilib. Bu layihələr Ukraynadakı müharibədən sonra daha da aktuallaşan Avropanın enerji təhlükəsizliyinin mühüm elementi olsa da, Brüsselin adekvat dəstəyi hiss olunmur.

Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında bunu açıq şəkildə dedi və Qrəb tərəfdaşlarının hərəkətsizliyindən narazılığını bildirdi. TANAP konsorsiumunun istirakçıları ilə Bakıda keçirilən işçi müzakirələrdən, habelə Türkiyə rəhbərliyi ilə aparılan danışıqlardan sonra layihənin icrasında canlanma yarandı.

Rəsmi Bakı Qərb üçün mühüm əhəmiyyət kəsb edən layihələrin təşəbbüskarı olmaqla, böyük risklər alsa da, Qərbdə bu fədəkarlıq gözardı edilir. Rusiyanı neytrallaşdırmaq, yaxud razı salmaq Azərbaycan rəhbərliyinin öz öhdəsinə buraxılır.

Belə bir şəraitdə rəsmi Bakı Qarabağ probleminin həlli isitqamətində aparılan danışıqlarda dönüş yaratmağa çalışır. Yeni geosiyasi reallıqların ortaya çıxardığı fürsətləri dəyərləndirir.

Bu reallıqlar nədən ibarətdir?

Əvvala, Krımın ilhaqı və Şərqi Ukraynada baş alıb gedən separatizim ərazi bütövlüyü, suverenlik prinsipinin nə qədər toxunulmaz olduğunu bir daha təsdiqlədi. Qərb hər iki prinsipin vacibliyini Rusiya rəhbərliyinin diqqətinə çatdırır. Rəsmi Bakı fürsətdən isitfadə edib eyni yanaşmanın Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsinə cəlb etməyə çalışır. Bütün beynəlxaq təşkilatlarda “ikili standartlar” məsələsi qaldırılır. Beynəlxaq hüquq birmənalı şəkildə Azərbaycanın tərəfindədir, eyni zamanda Ukraynada olduğu kimi, Qarabağ probleminin yaradıcısı bilavasitə Rusiyadır. Amma Qərb riyakarlığı burada da özünü göstərir: Rusiyadan Ukraynanın ərazi bütövlüyünə , suverenliyinə hörmət tələb olunur. Qarabağ məsələsində Moskva sülhyaradıcı missiyanın əsas üzvüdür. Bir-birinə sanksiya tətbiq edən, hərbi ritorika ilə danışan super güclər hələ də Qarabağ probleminin həllində vasitəçi qismində istirak edirlər. Təbii ki, maraqları diametral ziddiyyətlər təkil edən güclər problemin həllinə nail ola bilməzlər. Məqsəd hazırkı status-kvonu saxlayıb daha əlverişli vəziyyəti gözləməkdir.

Əlbəttə, bu imitasiya 21 illik zaman fasiləsindən sonra Azərbaycan üçün dözülməz hal almağa başlayıb. Müdafiə Naziryinin rəhbərliyində aparılan dəyişikliklərdən sonra rəsmi Bakı həm diplomatik, həm hüquqi, həm də hərbi üstünlüyündən aktiv təzyiq siyasətinə
start verib.
Ordunun hərbi manevrləri, düşmənin diversiya əməliyyatlarının əks-həmlə ilə qarşılanması və erməni ordusunun çoxsaylı itkilər verməsi bundan xəbər verir. Qeyd edək ki, cəbhədəki itkilər Ermənistan cəmiyyətini də hərəkətə gətirib. ölkədə siyasi rejimə qarşı etirazlar getdikcə artır.

Paralel olaraq beynəlxalq təşkilatlarda ikitərfli, çoxtərəfli müzakirələrdə Azərbaycan “Böyük sülh sazişi” üzərində işə başlamağı təklif edir. Əlbəttə, beynəlxalq hüququn Ukraynada bir daha sınaqdan keçmiş tələbləri – ərazi bütövlüyü və suverenlik sazişin əsas prinsipi olmaq şərti ilə.

Yekun olaraq qeyd edək ki, konkret nəticə olmasa da, rəsmi Bakı regionda yaranmış situasiyadan istifadə edib Qarabağ danışıqlarında öz mövqelərini möhkəmləndirə bilib. çatışmayan, paradoksal hal isə Qərbin enerji təhlükəsizliyinə riskləri gözə alıb dəstək verən Azərbaycana haqlı, beynəlxalql hüquqa əsaslanan mövqeyində dəstək verilməməsidir. Görünür, Ukrayna faciəsi Qərbə hələ də dərs olmayıb…

Tuqay Kərimli

Strateq.az