XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

29 Aprel 2015 - 08:19

Azərbaycan Qərbdən niyə üz çevirir?

Qərb özünə acısın

ABŞ-ın «The Huffington Post» qəzeti Azərbaycanın Avropa ilə əlaqələrini gündəmə gətirib və ölkəmizin artıq Qərb dəyərlərindən qopduğunu yazıb. Azadlıq.org-un verdiyi məlumata görə, müəllif Till Brucknerin qələmə aldığı yazıda demokratik islahatlara getməyən Azərbaycanın artıq feodal münasibətlərin hökm sürdüyü Şərq ölkəsinə çevrildiyi bildilir və buna təəssüf edilir: “… Sovet imperiyasının çöküşündən 25 il sonra Avropanın şərq sərhədi siyasi, sosial və mədəni baxımdan aydın çəkildi: bu xətt qərbdə Gürcüstanı şərqdə yerləşən Azərbaycandan ayırır. Əlvida, Azərbaycan. Avropalıların sənin üçün darıxacağını demək düzgün olmazdı; burada çox az adam getdiyindən xəbər tutacaq. Ancaq yenə də ailəni tərk etməyini görmək qüssə yaradır».

Hörmətli Till Brucknerin təəssüfünü anlamaq mümkündür. Həqiqətən, istənilən bir fərdin öz ailədən ayrılması, təkcə onda yox, bütün ailə üzvlərində nigaranlıq yaradır. Fəqət bütün günahların ailədən ayrılan fərddə görülməsi və onu “getdiyindən az adamın xəbər tutacağını” deyərək aşağılamaq da ədalətli deyil. Bəlkə, fərdlərə bu cür yanaşmanın özünün elə ayrılıq səbəbi olduğunu düşünmək və hər kəsin səhvi özündə axtarması daha obyektiv, heç olmasa, ailənin bundan sonrakı bütövlüyünü qorumaq baxımından daha rasional olardı. Məsələ burasındadır ki, Azərbaycanın indiki hala gəlib çıxmasında, başda ABŞ olmaqla, Qərb dünyasının da misilsiz xidmətləri var və bunu görməzlikdən gəlmək ,ilk növbədə, onun özü üçün zərərlidir.

ABŞ-ın dəyişilməz prioritetləri

Qərb unutmamalıdır ki, SSRİ dağıldıqdan sonra imperiyanın digər subyektləri kimi, Azərbaycan da ona yönəlmiş, sivil dünyanın bir parçası olmağa qərar vermişdi. Əvəzində isə ondan ögey münasibət, istismar görmüşdü. Xüsusilə, ABŞ ölkəmizə münasibətdə prioritet məsələ kimi, heç vaxt demokratiya və insan azadlıqlarını əldə rəhbər tutmamışdır. Bunu son 25 ildə ABŞ-ın tez-tez dəyişilən administrasiyalarının söykəndiyi prioritetlərin sıralanmasında da görə bilərik. Həmin dəyişilməz prioritetlər, təxminən, belə olmuşdur.

  1. ölkənin təbii sərvətlərinin istismarı və onun nəqlinin təhlükəsizliyi;
  2. Terrorizmə qarşı mübarizə;
  3. Demokratiya və insan azadlıqları.

ABŞ və Qərb ölkələri hər zaman 3-cü prioritet kimi qəbul etdikləri demokratiya və insan azadlığı məsələsinə barmaqarası baxmış, onu digər 2 hədəfə qurban vermişlər. Hətta ABŞ-ın Azərbaycandakı son səfiri Robert Sekutanın təsnifatında demokratiya və insan hüquqları məsələsi bir pillə daha geriləyərək 4-cü sıraya düşmüşdür. R. Sekutanın ötən ayın 20-sində dilə gətirdiyi təsnifatda ABŞ-n ölkəmizlə bağlı prioritetlərinin sıralanması belədir: “Enerji, iqtisadiyyat, təhlükəsizlik, demokratiya və vətəndaş cəmiyyəti sahələri”. üstündən bir neçə gün keçməmiş supergücün prioritet sıralaması tam tərsinə çevrilmiş, demokratiya və insan azadlığı ön plana çıxmışdır.

İnsafən, bunu «The Huffington Post» qəzetinin müəllifi Till Bruckner cənabları da sözügedən yazısında etiraf edərək buyurur: «Bu ayın (aprelin-H. O.) əvvəlində Avropanın xəritəsi yenidən cızıldı. Bu dəfə baş kartoqraf Putin (Ukrayna), yaxud NATO (Kosovo) deyil, Azərbaycan prezidenti İlham Əliyev idi. İllər boyu coğrafiyaşünaslar baş sındırırdılar ki, Xəzərin sahilindəki kiçik ölkəni xəritənin harasına aid etsinlər: Hələ də Avropaya, yoxsa artıq Orta Asiyaya?».

Nə baş verdi ki, prioritetlər yer dəyişdi?

Sual oluna bilər: Nə baş verdi ki, cəmi 10-15 gün ərzində ABŞ-ın prioritetləri də bu cür kəskin dəyişdi?

İlkin təəssüratlara görə, bu dəyişikliyin əsas səbəbi hüquq müdafiəçiləri İntiqam Əliyev və Rəsul Cəfərova kəsilən ağır həbs cəzası idi. Sözsüz ki, istənilən adamın, xüsusilə də hüquq müdafiəçilərinin ədalətsiz həbsi qınanmalı və onların azadlığa buraxılması bütün insanlığın bir nömrəli vəzifəsinə çevrilməlidir. Fəqət onu da etiraf etmək lazımdır ki, Azərbaycan hakimiyyətinin ölkədə repressiya siyasəti yürütməsinin başlıca səbəbi ABŞ-ın indiyə qədərki prioritetlərindən aldığı cəsarət olub. Əvvəldən həmin siyasət yürüdülməsiydi və beynəlxalq qurumlar bu məsələdə qəti mövqe ortaya qoysaydı, istismar olunan neftə görə demokratiya və insan azadlığı prinsiplərinin tapdalanmasına göz yumulmasaydı, ölkəmiz qısa müddfət ərzində demokratikləşər, sivil dünya ölkələri arasında layiqli yerini tuta bilərdi. Nə yazıq ki, bu, indiyə qədər ABŞ-ın dəstəyiylə hakimiyyətdə qalmış avtoritar rejim tərəfindən əzilən bütün demokratik qüvvələrin ən böyük arzusu olmuş və əslində indi də belə olaraq qalmaqdadır.

Bundan sonra əli dəyənəyə öyrəşmiş rejimin özünü tezliklə islah edəcəyini düşünmək isə sadəlövhlükdür. Və hardasa, onu başa düşmək də olar. Nədən ki, Azərbaycan hakimiyyəti ABŞ və Qərb ölkələrinin xeyir-dualarıyla öz xalqı üzərində despotizm quran və ölkənin bütün var-dövlətini mənimsəyən Yaxın Şərq diktaturalarının başına daha sonra nələr gəldiyini görür, bizim ölkəmizdə də eyni oyunların oynandığından şübhələnir. Zira “demokratiya” qurbanı olan həmin ölkələrdə də bütün milli sərvətlər qanunsuz yolla bir neçə nəfərin əlində cəmləşir, daha sonra onlar fiziki və ya siyasi olaraq sıradan çıxarıldıqdan sonra millətin sərvətləri it-bata düşür, ölkələr vətəndaş müharibəsinin poliqonuna çevrilirdilər. Həmin qurbanların bir də nə zaman dirçələcəyinə isə ümid yoxdur.

Bir vaxtlar faşizm də rəvacdaydı

Yaxın Şərqdə və Ukraynada baş verənləri, təkcə Azərbaycan hakimiyyəti yox, həm də istənilən siyasi hərəkatlarda baş aktyor rolunu oynayan xalq nümayəndələri görür, Qərbin təlqin etdiyi demokratiyanın əslində müstəmləkəçilik zülmü, qan-qada gətirdiyini düşünür və ondan, istər-istəməz, uzaq durmağa çalışırlar. Azərbaycanın Qərbdən uzaqlaşmasının əsas səbəbi də xalqın Qərb dəyərlərinə etibar etməməsidir. Əks halda, onun ciddi istəyi qarşısında nə qədər despotik idarəçilik metodlarına yönəlirsə yönəlsin, hakimiyyətin geri çəkilməmək şansı olmazdı. Nə yazıq ki, ətrafındakı “gözüçıxmış qardaşlarını” görən Azərbaycan xalqı Qər
bə meylli demokratik qüvvələrə də lazımi dəstəyi vermir, rejim dəyişikliyindən sonra daha betər vəziyyətə düşmək istəmir.
Bu mənada, ABŞ və Qərb dövlətləri ondan ayrılmağımıza görə bizə yox, özlərinə acımalıdırlar.

Bu gün heç kim demokratiyanın bütün dünyada rəvacda olduğuyla qürurlanmasın. Bir zamanlar faşizmə də bir sıra dövlətlər ideal nəzəriyyə kimi baxır və İtaliyanı, Almaniyanı örnək alaraq qanunvericiliklərini, həyat tərzlərini, dövlət şəkillərini ona uyğunlaşdırırdılar. Daha sonra bu siyasi təmayülün dünya xalqlarına gətirdiyi qan-qada onun gerçək üzünü ortaya qoydu və dünyanın ona qarşı birgə mübarizəsini şərtləndirdi. Eyni sözləri kommunizm nağıllarıyla öz gerçək üzünü gizlədən sovet ideologiyası haqqında da demək olar. Bu günün şirin nağılı olan demokratiya və insan azadlıqları prinsipləri də getdikcə eyni taleyə doğru sürüklənir. Avropa da məhz bunun dərdini çəkməlidir.

Şərqə nə olub ki?

«The Huffington Post» müəllifi bizi Şərq dünyasına yuvarlanmaqda təhdid edərkən də yanılır. Təkcə ona görə yox ki, zaman keçdikcə dünyanın cazibə mərkəzi Qərbdən Şərqə keçir və Azərbaycanın bu prosesdən qazanıb- qazanmayacağını indidən demək olmaz. Həm də ona görə ki, “demokratiyanın meyvəsini dadmaq üçün mütləq qərbli və ya avropalı olmalısan” tezisi də yanlışdır. Bu gün öz demokratik dəyərləri və iqtisadi böyüməsi ilə Qərbi çoxdan geridə buraxan Cənubi Koreya, Yaponiya kimi şərq ölkələri var. İndenoziya, Türkiyə də getdikcə inkişaf edən və böyüyən ölkələr sırasındadır. Onlar AB-nin bir çox üzvləriylə müqayisəolunmaz dərəcədə azad, sərbəst və rifah içindədirlər. Şərqin ən zalim dövləti Şimali Koreya belə Qərbin strateji müttəfiqi sayılan Səudiyyə Ərəbistanı, Qətər, Küveyt kimi dövlətlərdən daha az demokratik deyil.

Dolayısıyla, Azərbaycan Şərqə yuvarlansa belə, demokratik islahatlar keçirib bir çox Qərb dövlətlərinə örnək olmaq potensialını hələ itirməyib. Və ümidvaram ki, bu potensialını tez bir zamanda reallaşdıracaq da. çünki başqa çarəsi də yoxdur. İqtisadi və siyasi tələbatlar bizi mütləq demokratik islahatlara aparacaq. Zərurət qarşısında qalan siyasi iradə Qərbin ölkəmizi dağıtmaq üçün yaratdığı indiki siyasi-iqtisadi gələnəklərdən imtina edəcək, azad rəqabətə dayanan iqtisadiyyatını formalaşdıracaq, başda Avropa və ABŞ-la xəyanətkar əlaqələrdə günahlandırdığı dustaqlarını azadlığa buraxacaq, onların yeni siyasi təmayülə meyllənməsinə şərait yaradacaq. Beləcə, yeni keçid mərhələsinə qədəm qoyan ölkəmizdə həqiqi milli həmrəylik bərpa ediləcək. Siyasi dustaqlardan boşalan yerlərə isə monopolistləri, dövlət əmlakını talayanları, korrupsionerləri, rüşvətxor məmurları dolduracaq. Əks halda bu “yumşaq qarın”la Qərbdə qalsaq -Qərbin, Şərqə yuvarlansaq -Şərqin yeminə çevriləcəyik. Və bizə lağla “əlvida!” deyən Qərbə haqq qazandıracağıq.

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə