Mərənd və Culfa şəhərlərinin tam ortasındakı Ələki düzünə yaxın Ardıc Dağının ətəyində yer almış Daş Hərzən kəndi keçmiş tariximizin neçə minillik yadigarlarını sinəsində saxlayan yurd yerlərimizdəndir. Şifahi və yazılı tariximizdə Araz çayının hər iki tərəfində hazırda mənşəcə Daş Hərzəndən köçmə olan xeyli kəndlərin və tayfaların yerləşdiyi qeydə alınmışdir.
Beləliklə, Təbriz və Naxçıvan şəhərlərinin arasındakı geniş ərazidə ən böyük əhali qrupunu özünə aid edə bilən tək tarixi kənd Qədim Daş Hərzən kəndidir.
Kəndin tarixi hələlik tam olaraq işıq üzü görməsə də, yeradlarına və tarixi izlərə etimologiya və arxeologiya baxış açısından göz atdığımız zaman, inanılmaz tarixi faktlarla qarşı-qarşıya qalacağıq.
Bu yazıda qısa da olsa, Daş Hərzən kəndinin və xalqının tarixi ilə əlaqəli bir neçə önəmli mövzüya yer verəcəyik.
Kafir gölü və Ardıc Dağının ətəyində Daş Hərzən bağları
Daş Hərzən sözünün kökü və anlamı
İki bölümdən yaranmış bu mürəkkəb kəlmənin hər iki bölməsini də ayrı-ayrı açıqlayacağıq:
DAŞ sözünün anlamı: əski forması “taş” olan bu söz iki başlıca anlam ifadə etməkdədir. Birinci anlamda “qaya” və “sərt daş”mənasını, ikinci anlamda isə “eşik”, “uzaq”, “dış”mənasını çatdırır. Bu mənada işlənən “daş”sözü “iç”sözünün əksi, tərsi anlamını ifadə edir. Hərzən kəndində bunların ikisi də gerçək ola bilər. çünki bu kənd gerçəkdən də qeyri-adi və böyük qayalarla doludur və həm də qədim Ələki kəndinin eşiyində yer almaqdadır.
Dərvişbəy daşı
Hərzən sözünün anlamı və kökü
Bu kəndin adı rəsmi dövlət dairələrində və tarixi yazılı sənədlərdə “Hərzənd” kimi qələmə alınsada, bugünkü xalq dilində “Hərzən” kimi işlənməkdədir. Hərzənd sözü ilə Madların yeddi tayfasından biri olan Arizant tayfasının arasındakı isim bənzərliyi olduqca maraqlıdır.Urartu tarixində də Arzan vəya Ərzən sözünə rast gəlinməsi bu adın qədimliyini sübut etməkdədir.
Daş Hərzəndə ən qədim xalqların izləri
Daş Hərzəndə bir çox yer adı bu bölgədə yaşanan neçə minillik tarixin dərinliyini göstərməkdədir. Bu yer adlarına baxdığımız zaman, onlarda Urartu və Urartu öncəsi yaşayan xalqların kültürünün ən başlıca yeri aldığını görürük. Kəş, Şuhnini, Sordaxunu, Əməşüini, Henəbuni, Sitəxuni, çağalaben və bir çox yer adı urartuluların və daha öncəki xalqların mirası olaraq bugünədək varlıqlarını sürdürə bilmişlər.
Əski Türk xalqlarından qalan yer adları da olduqca boldur: Cəb, Canqu daşı, Hörəmə, çılqın, üçüləm, Yallı ışığı, Qurdağut, Sultan Poyraz,Qaratəgin (Qərəteyin deyilir), Dəlikli Daş, Görnək və s.
Kəş və qıraqdakı Yavər Məscidi
Son zamanlarda Talış bölgəsindən köçüb gələn Türkcə və Tat dilini eyni halda danışa bilən, sonralar isə yalnız Türkcə danışan tayfaların da izini yer adlarımızda görmək mümkündür: Şetəpir (“şetə” sözü tat dilində “əyri”deməkdir), Sərəçeşmə (“Bulaq başı”) və s.
Şetəpir
Yer adlarımız təsdiqləyir ki, moğollar da bir zamanlar burada qısa olaraq yaşamış və sonra ya köçmüş, ya da əriyib itmişlər.
Tarixi abidələr
Daş Hərzən kəndinin, hardasa, tam yaxınlığında iyirmidən artıq tarixi qala və karvansaranın görünməsi bu kəndin qədim zamanlardakı strateji əhəmiyyətini göstərir. Ələki qalası (Bu qala Aşur yazılı qaynaqlarına görə, bu bölgədəki Manna hakimi olan Alakunun düzəldib Urartu kralı Ulussunaya ithaf etdiyi 22 qaladan biridir),
Ələki qalası
Ələki Karvansarası (Karvansara adı ilə deyilsə də, tarixi araşdırmalar onun Sasanilərə aid saray olduğunu sübuta yetirib), Gilindiz Qalası,Sənsarud Qalası,Göhər sinəsi,Kürd qalası, çərəkdəmir,Ayran qalası və bir çox başqa qalalar, təəssüf ki, tarix araşdırıcıları və arxeoloqların gözündən iraq məhv olub getməkdədirlər.
Ələki karvansarasının divarındakı işarələr
Daş Hərzən kəndindən ayrılan kəndlər
Araz çayının güney trəfində, İran topraqlarında bir çox kənd həmin Daş Hərzən kəndindən köçən tayfaların əli ilə qurulub. Bunların ən önəmlisi Aşağı Böbrə, Yuxarı Böbrə, Zal, Miyab, Mizab, Gəlinqəyə, Pırsaq, Ayrandibi, Qərətəpə, Yam, Piri, çay Hərzən, Kürrab kəndləridir. Bunun yanında bir çox kənddə də hərzənlilər çoxluq təşkil edərək, yaşamaqdadırlar. Araz çayının yuxarı tərəfində də eyni şərait görünsə də, təssüflər olsun ki, dəqiq məlumat toplamaq imkanı hələlik ələ düşməyibdir.
Daş Hərzən və çağdaş tariximizdəki hadisələr
Bugün, bəlkə də ən zəif günlərini yaşayan Daş Hərzən çağdaş tarixi hadisələrimizdə ən fəal şəkildə iştirak edib. Ruslarla savaşan Abbas Mirzənin ordusunda qəhrəmanlıq göstərən Qasım Abbas Mirzənin əlindən “Yavərlik medalyonu” almış və bu qəhrəmanlıqlarına qarşılıq olaraq yeddi para Daş Hərzəndən ayrılma kənd xanlıqdan qurtarılmışdır.
“Cilov savaşı” olaraq adlanan və ermənilərin vəhşicəsinə saldırısını durdurmaq üçün yaranan cəbhəyə də fəallıqla qatılan hərzənlilər neçə şəhid veriblər, bu savaş bitdikdən sonra isə şəhidlərini Kərbəlaya – İmam Hüseynin yanına daşıyıb orada dəfn etmişlər.
Rza Xan və Pəhləvi hakimiyyətinə qarşı baş verən üsyanlarda da Daş Hərzəndən qatılanlar çox olub. Bunu da xatırlatmalıyıq ki, hərzənlilərdə toplumda üz verən hadisələrə qarşı bu fəal iştirakçılıq bugünə qədər davam etməkdədir…
Əkbər Qədimi Ətiq,
İran İslam Respublikasından xüsusi olaraq Strateq.az saytı üçün