XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 May 2015 - 04:12

Qətlə yetirilən qızın oxuduğu 58 saylı məktəbin direktoru həbsdə olub (ÖZƏL)

ulduzxan.jpg

Məlum olduğu kimi, Bakıda 17 yaşlı məktəbli qız qətlə yetirilib. Bildirilir ki, qızı öldürən Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov hadisəni qısqanclıq üzündən törədib. Belə ki, Aytac Babayevanı sevən İzzət Hüseynov məhəbbətinin qarşılığını ala bilməyib. Qız dayısı oğluna ərə gedəcəyini bildirib. Oğlan isə buna icazə verməyəcəyini deyib. “Ya mənim olmalısan, ya da torpağın” deyən oğlan qızı qətlə yetirib. Faktla bağlı cinayət işi başlanıb. Hazırda istintaq aparılır.

Xatırladaq ki, Xətai rayonunda 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olan Aytac Nazim qızı Babayeva Bəhruz Nuriyev küçəsi 81 ünvanında vəhşicəsinə qətlə yetirilib. Onun kürəyindən 8 bıçaq zərbəsi vurulub.

Bu qətl hadisəsində diqqət çəkən əsas məqamlardan biri qətlə yetirilən Aytac Babayevanın məktəbli olmasıdır. Strateq.az apardığı araşdırma nəticəsində məlum olub ki, qətlə yetirilən qızın oxuduğu 58 saylı məktəb heç də yaxşı reputasiyaya malik deyil.

Strateq.az-a məlum olub ki, məktəbin direktoru Ulduzxan Abdullayev bir neçə il bundan əvvəl Xətai rayonunda başqa bir məktəbin direktoru işləyərkən, həbs edilib. O, bir müddət həbsdə qaldıqdan sonra azadlığa çıxmağa nail olub. Daha sonra Əhmədova Günel adlı bir xanımın işə götürülməsilə bağlı alınan pulla əlaqədar Ulduzxan müəllimin başı bərk qalmaqal çəkib. Müəyyən məbləğdə pulun müqabilində işə düzəldilən Günel bir müddət sonra naməlum səbəbdən işdən uzaqlaşdırılıb. Günelin valideynləri isə məktəbin direktoru qarşısında iki tələb qoyub: ya verilən pul geri qaytarılsın, ya da qızları işlə təmin olunsun! Vəziyyətin gərginləşdiyini görən direktor ailənin pulunu artıqlaması ilə qaytarmağa məcbur qalıb…

Bildirilir ki, sözügedən məktəbdə nizam-intizamın və tədrisin səviyyəsi də olduqca aşağı həddədir: yuxarı sinif şagirdlərinin böyük əksəriyyəti məktəb rəhbərliyi ilə gəldiyi razılaşma müqabilində, “aylığa” buraxılırlar. Maraqlıdır ki, qətl hadisəsinin törədildiyi vaxt dərs saatına təsadüf edir. Yəqin ki, bu detal da istintaqçıların diqqətindən yayınmayacaq…

***

58 saylı məktəbin direktoru Ulduzxan Abdullayev isə Strateq.az-a açıqlamasında özü və məktəbin reputasiyası haqda deyilənlərlə razılaşmayıb. O bildirib ki, həbsdə olması xəbəri doğru deyil və onun barəsində hər hansı məhkəmə hökmü də olmayıb: “Biz hazırda yas içərisindəyik. Bu faciə hamımızı sarsıdıb. Ancaq deməliyəm ki, heç kim şərdən, böhtandan sığortalanmayıb və kiminsə barəsində söylənilənlərin aydınlaşdırılması üçün hansısa dövlət qurumuna getməsi də həbs olunmaq anlamına gəlməməlidir. Mənim barəmdə də hər hansı məhkəmə hökmü yoxdur. Ola bilsin, məni istəməyən kimlərsə hansısa xırda bir məsələni şişirdib sizə yanlış məlumat veriblər. Ancaq bunlar doğru deyil… Məktəbimizin reputasiyası haqda söylənənlər də yanlışdır. Ali məktəbə qəbul olanların siyahısına baxsanız, bunu görərsiniz. ötən illərdə bizim məktəbi bitirmiş xeyli məzun yüksək balla müxtəlif ali məktəblərə qəbul olunublar”.

Ulduzxan Abdullayev 11-ci sinif şagirdi Aytac Babayevanın da tədris müddətində deyil, dərsdən sonrakı vaxtda qətlə yetirildiyini bildirib: “çox yaxşı oxuyan şagird idi. Onun itkisi hamımızı sarsıdıb. Ancaq bu hadisə dərs saatlarında olmayıb”.

Strateq.az