XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

01 May 2015 - 06:18

Aralıq dənizində geopolitik savaş güclənir

çin və Rusiya Aralıq dənizində birgə hərbi təlim keçirəcək. Bu məlumatı çinin Müdafiə Nazirliyi yayıb. Məlumata görə, mayın ortalarında keçirilməsi planlaşdırılan təlimdə çinin öz hərbi təyyarə gəmisini nümayiş etdirəcəyi də gözlənilir. Hər iki dövlətin Aralıq dənizində sərhədləri olmamasına baxmayaraq, keçiriləcək təlimin adı xeyli maraqlıdır: “2015-Müştərək Dəniz” hərbi təlimi. Sual oluna bilər-Rusiya və çin öz sərhədlərindən uzaqda yerləşən Aralıq dənizində nə axtarır?

Zənnimcə, bu suala cavab vermək üçün həmin dənizin geostrateji önəminə ötəri bir nəzərə salmaq kifayətdir.

Məlumdur ki, Aralıq dənizi dünyanın ən strateji məkanı sayılır. Əksər Avropa ölkələrinin dünyaya açılan qapısı olan bu dəniz həm də qlobal ticarətin və enerji daşıyıcılarının keçdiyi əsas məkanlardandır. Hər il bu dənizdə yüktutumu 100 tondan artıq, ən azı, 200 000 yük gəmisi dünyanın üç qitəsi arasında gedib gəlməkdə, qlobal iqtisadiyyatın çarxını çevirməkdədir. ümumiyyətlə götürəndə dünyanın dəniz ticarətinin 3/1-i Aralığın ümidinə qalıb. Xüsusilə isə Avropa ticarətinin 40, Müstəqil Dövlətlər Birliyinin idxalatının 50, ixracatının isə 60%-i bu dənizin payına düşür. MDB-nin əslində Rusiya olduğunu nəzərə alsaq şimal qonşumuzun Aralıq dənizində nə axtardığı qismən aydın olar.

Ticarət baxımından mühüm strateji önəmə sahib olan Aralıq dənizi neft və qaz nəqlində də önəmli rola malikdir. Avropa sənayəsinin çarxları bu dəniz vasitəsilə nəql edilən karbohidragen məhsullar hesabına dönür. üstəlik, dənizinin şərq hissəsi də ciddi karbohidrogen ehtiyatları ilə zəngindir. ABŞ-ın Geoloji Araşdırma Mərkəzinin hesabatına görə, Şərqi Aralıq dənizinin karbohidragen ehtiyatı Avropanın təxminən 30 illik qaz ehtiyacını ödəyə biləcək həcmdədir və bu sərvətin qiyməti trilyon dollarlarla ölçülür. Sözsüz ki, bunca zənginliyə dünya dövləti olmaq istəyən heç bir güc laqeyd qala bilməz.

Məhz bu geopolitik və iqtisadi önəminə görə, Aralıq dənizinə tarixən dünya dövləti olmağın açarı kimi baxılıb, ona sahiblik dünyaya sahiblik hesab olunub. Vaxtilə Roma imperatorluğunun “Mare Nosrtrum” (bizim dəniz) adlandırdığı Aralıq dənizi 15-ci əsrdən 19-cu əsrin ortalarına qədər hardasa 400 il Osmanlıların hegemonluğu altında bulunmuş, Avropadakı sənaye inqilabından sonra bütün dünyanın diqqətini özünə çəkmişdir. Sənaye inqilabıyla Birinci və İkinci Dünya Savaşlarının əsas hədəfi halına gələn bu məkan “bizim dəniz” olmaqdan çıxmış, “müştərək dəniz”ə çevrilmişdir. 1945-ci ildən sonra əsasən ABŞ və SSRİ arasında bölüşdürülən dəniz SSRİ-nin dağılmasıyla dünyanın yeganə super gücünün hegemonluğu altına girmişdir. Rusiya bir də imperialist iddialarının əsas hədəfi olan bu dənizə bir neçə il bundan əvvəl geri qayıtmışdır. Bu o zaman baş vermişdir ki, ABŞ Bəşər Əsəd rejimini devirməyə qalxmış və Rusiya da bunu öz maraqlarına yönəlmiş təhdid kimi qəbul etmişdir. Məsələyə bu baxımdan yanaşanda hərbi təlimin adının nə mənaya gəldiyi və nə mesaj içərdiyi aydın olur. Sanki, hərbi təlimin icraçıları ABŞ-a Aralığın çoxdan “Mare Nosrtrum” olmadığını xatırlatmaq niyyətindədirlər.

Digər tərəfdən, son zamanlar Yaxın Şərqdə bölüşüm savaşlarının qızışması sözü gedən dənizinin geostrateji önəmini də artırıb. çarpışan maraqların Yaxın Şərqi silahlandırılmasında bu dənizin mühüm rol oynadığı nəzərə alınmalıdır.

Bu qədər önəmə sahib dənizdə hərbi təlimlər keçirməyə hazırlaşan iki dövlətin əsgəri özəlliyi də diqqətə şayandır. ABŞ-dan sonra dünyanın ən böyük hərbi qüdrəti çinə aid olduğu kimi, üçüncü böyük güc isə Rusiyadır. Hər iki dövlət də ABŞ-ın Yaxın Şərq və Şərqi Avropada yayılmaçılıq siyasətinin özlərinə qarşı yönəldiyindən ehtiyatlanır. Bunca dolaşıq bir məqamda Rusiyayla çinin sözü gedən hərbi təlimə hazırlaşması ABŞ-a verilmiş müttəfiqlik mesajı kimi də dərk oluna bilər.

Belə görünür ki, Rusiya öz sələfi SSRİ-dən qalan Aralıq dənizinə sahiblik potensialını çinlə bölüşməyə qərar verib. Əslində onun başqa yolu da yoxdur. Nədən ki, SSRİ-nin Aralıq dənizində boşaltdığı yeri ABŞ öz 6-cı donanmasının gücünə güc qatmaqla doldurur. Bu donanmanın gücünü təsəvvür etmək üçün onun, sadəcə, heyətinə nəzər salmaq kifayətdir. Məlumatlara görə, donanmada 40 gəmi, 175 hərbi təyyarə, 21 min hərbçi yer alır. ABŞ-ın ən böyük təyyarə gəmisi “USS Enterprise” də bu donanmaya aiddir. Digər tərəfdən super gücün Qırmızı dənizdəki hərbi qüvvəsi də zaman-zaman 6-ci donanmaya qatılır.

Belə vəziyyətdə Rusiyanın Aralıq dənizindəki gücü 6-ci donanma qarşısında xeyli zəif görünür. Rəsmi Moskva bu zəifliyini öz geostrateji haqqını çinlə paylaşmaqla kompensasiya etmək istəyir. çinin “2015-Müştərək Dəniz” hərbi təlimi çərçivəsində “Liaoning” adlı təyyarə gəmisini Aralıq dənizinə göndərməsi ABŞ-ın “USS Enterprise”-nə alternativ güc ortaya çıxarması kimi də düşünə bilər.

Heydər Oğuz

Strateq.az