XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2016 - 13:43

Prezidentin Lələtəpədən böyük güclərə və Ermənistana verdiyi ismarıclar… –Ekspertdən şərh

leletepe-4

"Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli əvvəlkitək dalana dirənib. Böyük dövlətlər yenə passiv mövqe tutublar, həmsədrlər isə Azərbaycana az qala “paket həll” təklif edirlər, yəni Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldıması bölgənin status müzakirələri ilə paralel getməlidir. Bu, heç bir halda Azərbaycanın maraqlarına cavab vermir. Bu şəraitdə hərbi ritorika istər-istəməz artmalıdır".

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlrinə görə, Azərbaycan prezidenti İlham Əliyevin noyabrın 12-də cəbhə bölgəsinə səfəri də məhz hərbi ritorikanın ön plana keçə biləcəyinə işarədir. Belə ki, dövlət başçısının Füzuli rayonuna səfəri zamanı bu ilin aprel ayında işğalçılardan geri alınan Lələtəpəyə gedib, hərbçilər qarşısında çıxış etməsinin simvolik əhəmiyyəti olub:

"Birincisi, İlham Əliyev Lələtəpəyə getməklə rəsmi İrəvanın təxribatlarına cavab vermiş oldu. Məsələ burasındadır ki, son vaxtlar Ermənistan rəsmiləri və generalları cəbhə bölgəsindəki Talış kəndinə getməklə bir növü Azərbaycana açıq verirdilər ki, “bu kənd bizim nəzarətimizdədir”. İlham Əliyev isə Lələtəpəyə gedərək strateji yüksəklikdən düşmən mövqelərinə baxış keçirməklə Talış və ətraf kəndlərin istənilən an işğaldan azad oluna biləcəyinə eyham vurdu.

İkincisi, İlham Əliyevin səfərə hərbi geyimdə çıxmasının özü Ermənistana mesaj idi. Başqa sözlə “elə bilməyin ki, aprel döyüşləri təkrarlanmaya bilməz”. Danışıqlar uzanır, ortada isə konkret nəticə yoxdur. Aydındır ki, Ermənistan rəsmiləri, ekspertləri və sadə vətəndaşları hazırda İlham Əliyevin Lələtəpəyə gəlişi və orda verdiyi açıqlamalar üzərində baş sındırırlar, rəsmi Bakının hansı taktikaya üstünlük verəcəyini anlamağa çalışırlar.

Üçüncüsü, vücud dili vasitəsilə verdiyi ismarıclardan başqa İlham Əliyevin Lələtəpədə konkret açıqlamaları da var idi ki, onları kifayət qədər sərt qiymətləndirmək mümkündür. Bir daha xatırladıldı ki, Azərbaycan hərbi potensialını artırmaqda, yeni növ silahlar almaqda davam edəcək. Rəsmi Bakı bu prosesi dayandırmaq fikrində deyil. Ermənistanı Rusiyadan aldığı “İsgəndər” raketləri xilas etməyəcək.

Çünki Ermənistanın hər aldığı uzaq mənzilli raketə Azərbaycan beşqat cavab verəcək, haradan mümkündür eyni tipli raketlər alacaq. Ermənistanda yanlış olaraq düşünürlər ki, əgər onlarda “İsgəndər” raketləri varsa, Azərbaycan ordusu işğal altındakı torpaqları aza olunması əməliyyatına risq etməyəcək. Əksinə, prezidentin “Şuşa və Xankəndi də Azərbaycandır” sözləri isə ona dəlalət edir ki, söhbət yalnız Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibliyindən getmir, sıralamada Dağlıq Qarabağın özü də var.

Dördüncüsü, İlham Əliyevin Lələtəpədə verdiyi ən əhəmiyytli mesajlardan biri bu oldu: “Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin”. İlham Əliyev bu cümləsində Rusiya-Ermənistan hərbi ittifaqını nəzərdə tutub. Yəni dövlət başçısı demək istəyib ki, Ermənistan hakimiyyəti və cəmiyyəti elə bilməsin ki, Rusiya-Ermənistan hərbi itifaqına və ya birgə hərbi qoşun birlikləri yaradılmasına görə Azərbaycan işğal altındakı torpaqların güc yolu ilə həllinə girişə bilməz.

Əlbəttə, Kreml Azərbaycanın Ermənistan üzərində hərbi üstünlük qazanmasını istəmir. Ancaq orası da var ki, Rusiya Dağlıq Qarabağ və ətraf rayonları Azərbaycanın ərazisi sayır. Demək, Rusiya digər ölkələr kimi, Azərbaycanın bu torpaqlardakı hüququnu tanıyır. Yox, əgər Rusiya hərbi birləşmələi işğalçı ilə birgə Azərbaycana qarşı hər hansı təxribat həyata keçirərlərsə, müharibə total xarakter daşıyacaq ki, bu, heç Rusiyanın da maraqlarına cavab vermir".